Aprelin 15-də Bakıda Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilib. BRAF region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoqun və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.
AZƏRTAC xəbər verir ki, Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələrinin, həmçinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı Agentliyinin məsul şəxslərinin və media təmsilçilərinin bir araya gəldiyi toplantının əsas mövzusu “Media xidmətlərində uşaqların müdafiəsi” olub.
Forumun açılış mərasimində Audiovizual Şuranın sədri İsmət Səttarov BRAF-ın 11-ci Toplantısının Bakıda keçirilməsinin qürurverici olduğunu bildirərək deyib: “Zəngin mədəniyyətə, tarixə, adət-ənənələrə malik bir çox ölkəni birləşdirən, eyni zamanda, müasir siyasətdə mühüm rol oynayan forumun Bakıda keçirilməsi bizim üçün böyük şərəf və böyük məsuliyyətdir”.
O qeyd edib ki, forum iştirakçısı olan ölkələr arasında bir çox sahədə uğurlu əməkdaşlıqla yanaşı, media əlaqələrinin də genişləndirilməsi vacibdir: “Hesab edirəm ki, forum bizim tənzimləmə sahəsindəki əməkdaşlığımızı gücləndirməyə və onu yeni səviyyəyə çıxarmağa kömək edəcək”.
BRAF-ın Baş katibi Deniz Güçer bu platformanın ümumi baxışa uyğun həllər hazırlamaq üçün böyük bir fürsət olduğunu diqqətə çatdıraraq deyib: “Bu, yalnız üzv ölkələr üçün deyil, eyni zamanda, bütün region və digər ölkələr üçün də son dərəcə əhəmiyyətli bir təşəbbüsdür”.
O bildirib ki, bu platforma yalnız mövcud vəziyyətin qiymətləndirilməsi üçün deyil, həm də gələcək strategiyaların hazırlanması, regional əməkdaşlığın gücləndirilməsi və tənzimləmə proseslərinin daha səmərəli təşkili baxımından mühüm zəmin yaradır. Hər bir görüş zamanı üzv ölkələr bir-birinə ilin xülasəsini təqdim edir, bununla yanaşı, daha güclü əməkdaşlıq üçün ortaq baxışa əsaslanan həll yolları üzərində də işləyirlər.
“Bildiyiniz kimi, əvvəlki toplantımızda yeni konsepsiya qəbul etdik. Bu konsepsiya çərçivəsində üzv ölkələr razılaşdırılmış mövzu üzrə illik təcrübə mübadiləsi aparır. Bu il isə diqqətimizi yayım xidmətlərində uşaqların müdafiəsinə yönəltmişik”, - deyə Deniz Güçer vurğulayıb.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibinin birinci müavini Merve Safa Kavakçı isə forumun uzun müddətdir ki, uğurla fəaliyyət göstərdiyinə və çoxtərəfli əməkdaşlığın inkişafı üçün mühüm imkanlar yaratdığına diqqət çəkib. O bildirib ki, qarşıya çıxan ciddi çətinliklərə baxmayaraq, təşkilat fəaliyyətini uğurla davam etdirir və müvafiq tədbirləri həyata keçirir. Layihələrin ardıcıl şəkildə davam etdirilməsi və genişləndirilməsi daha sıx əməkdaşlığın qurulması baxımından böyük əhəmiyyət daşıyır.
“Biz artıq növbəti vacib addımları atmalıyıq. Bu isə bütün sahələrdə daha güclü əməkdaşlıq deməkdir”, - deyə Merve Safa Kavakçı vurğulayıb.
Daha sonra BRAF-ın 11-ci Toplantısının mövzusu ilə bağlı videoçarx nümayiş olunub.
Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun eksperti Çağlayan Çağlar tədbirin önəmindən bəhs edib. O qeyd edib ki, cəmiyyətlərimizin sağlam informasiya mühitinə çıxışı üçün vətəndaşlara tənqidi düşünmə bacarıqları qazandıran tənzimləyici mexanizmlər son dərəcə vacibdir. BRAF-ın ötən illər ərzində əldə etdiyi uğurlar bu sahədə gələcək istiqamətləri dəqiq şəkildə müəyyənləşdirib.
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə demokratik institutların, o cümlədən medianın formalaşdırılması istiqamətində mühüm addımların atıldığına diqqət çəkib. Onun sözlərinə görə, bu gün Azərbaycanda söz və media azadlığı təmin olunub, hər bir fiziki və ya hüquqi şəxs sərbəst şəkildə media qurumu yarada bilər.
Təqdimatlardan sonra QDİƏT-ə üzv ölkələrdəki mövzu ilə bağlı son inkişaflar və yeniliklər barədə məlumatlar verilib. BRAF-ın 12-ci Toplantısının Albaniyada keçiriləcəyi ilə bağlı qərar qəbul edilib.
Tədbir çərçivəsində Serbiyanın elektron medianın tənzimlənməsi üzrə qurumunun beynəlxalq əlaqələr üzrə koordinatoru Jelena Kolo Jovanovicin moderatorluğu ilə “Uşaqların müdafiəsi sahəsində hüquqi tənzimləmə və onun effektiv icrası” mövzusunda panel sessiya keçirilib.
Panel sessiyada Türkiyənin Radio və Televiziya Üzrə Tənzimləyici Qurumun (RTÜRK) sədr müavini Deniz Güler, Albaniyanın Audiovizual Media İdarəsinin sədri Armela Krasniqi, Yunanıstanın Radio və Televiziya üzrə Milli Şurasının xüsusi elmi işçisi, hüquq üzrə eksperti Theodora Papadaki, Serbiyanın Elektron Media üzrə Tənzimləyici Qurumunun hüquqi məsələlər üzrə direktorunun köməkçisi Saşa Simoviç, Moldovanın Audiovizual Şurası sədrinin müavini Aneta Gonta məruzələrlə çıxış ediblər.
Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın moderatorluğu ilə keçirilən “Uşaqların müdafiəsində media savadlılığının və valideyn nəzarətinin rolu” mövzusunda panel sessiyada isə BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) üzvü Elgün Səfərov, Bolqarıstanın Elektron Media Şurasının baş eksperti İliya Lyutskanov, Gürcüstanın Kommunikasiya üzrə Komissiyasının nümayəndəsi Tinatini Tçatçukaşvili və Rumıniyanın Milli Audiovizual Şurasının üzvü Lucian Dindirica mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Panel sessiyaları çərçivəsində iştirakçılar tərəfindən müzakirələr aparılıb, media sahəsində aktual problemlər, tənzimləmə mexanizmləri, eləcə də beynəlxalq əməkdaşlıq imkanları təhlil olunub.