Cənubi Qafqaz respublikalarına vətəndaş cəmiyyətləri vasitəsilə, daha dəqiqi, “yumşaq güc”lə təsir rıçaqları tükənmiş “kollektiv Qərb” artıq bu ideoloji-siyasi taktikanın məğlubiyyətə uğradığını qəbul etməyə məcburdur. Bölgədə korporativ maraqlarını yeritməyə çalışan qüvvələr “yardımçı amil” kimi Ermənistan və Gürcüstana əlahiddə “status” verməklə Azərbaycan ayırmaq, onları Avropa İttifaqı adında bir tələyə salmaq variantını da sınaqdan çıxardılar. Gürcüstan bu tələyə düşmədi, amma Ermənistan hələ də xam xəyallarla Avropanın kandarına doğru sürünməkdədir. Onu qarşıda nələrin gözlədiyi ilə bağlı erməni cəmiyyətinin özündə də ciddi şübhələr yaranmaqdadır.
Sadəcə olaraq, indi işğalçı Ermənistanı tərəfdaş Ermənistana çevirməyi bacarmayan, revanşist arzularından əl çəkməyən İrəvan son 30 ildə əkdiyi “məhsulu” yemək məcburiyyətindədir. Hələ 4 il 5 ay bundan əvvəl müharibədə qalib tərəfin – Azərbaycanın əməkdaşlıq, beynəlxalq layihələrdə birgə iştirakla bağlı təklif və çağırışlarına məhəl qoymayan Paşinyan hakimiyyəti indi buraxdığı bu şansın altını çəkməkdədir.
Azərbaycan isə bu müddətdə bir çox ölkələrlə həm regional, həm də transmilli strateji tərəfdaşlıq sazişləri imzaladı. Dünyanı narahat edən qlobal problemlərin müzakirə tribunasını əvəz edən Azərbaycan bu gün nəinki bölgədə, eləcə də beynəlxalq miqyasda söz, nüfuz və güc sahibinə çevrilib. Bütün bunlar Bakıya coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə Avropa arasında ümumi yanaşmaları formalaşdırmağa imkan yaradıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, regionda uzunmüddətli əməkdaşlığa gəldikdə, əgər xəritəyə baxsanız, görə bilərsiniz ki, Azərbaycan burada əsas yer tutur. Bəziləri Azərbaycanın nəinki bu prosesdən, o cümlədən, ümumiyyətlə, prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərir. Lakin birmənalı şəkildə, bu, uğursuz olacaq”.
Forum iştirakçılarından birinin sualını cavablandıran dövlətimizin başçısı bölgədə əməkdaşlıq mühitinin tam formalaşmasını ləngidən proseslərə də toxunaraq qonaqların diqqətinə çatdırdı ki, Ermənistanın bu istiqamətdə destruktiv hərəkətləri Cənubi Qafqaz regionunun daha da inkişaf etmək imkanlarını məhdudlaşdırıb.
“Ermənistan Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi. Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Bu, onların səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər. Bununla əlaqədar onların real müstəqilliyi əngəlləndi. Onlar “böyük bir Ermənistan” xülyası ilə yaşayırdılar”.
Mövcud durumu zərgər dəqiqliyi, praqmatik diplomat səriştəsi ilə xarakterizə edən Prezident İlham Əliyev İrəvana daha böyük uğurlar qazanmaq yolunda “bizim bütün şanslarımız var idi” mesajını verdi. Azərbaycan lideri bu mesajı, ilk növbədə, Ermənistan hakimiyyətinə ünvanlayır və anladır ki, o, “kollektiv Qərb”in bölgə ilə bağlı avantürist ssenarilərinə “maşa” olmaqla özünü nələrdən məhrum edib. Əslində, indi bunu İrəvan isteblişmentində bilməyən yoxdur.
Dövlətimizin başçısı deyib: “Bütün dağıntılara, Azərbaycan xalqının əzabəziyyətlərinə baxmayaraq, belə bir inkişaf baş tutmadı. Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi. Əgər biz Azərbaycan–Gürcüstan münasibətlərinə baxsaq, görə bilərik ki, enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq – bütün bunlar üstünlük gətirir. Əslində, Ermənistan özünü bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilmədi”.
Sual-cavab formatında davam edən ADA Siyasi Forumunda İlham Əliyev Azərbaycanın Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı nəyi gözlədiyini də bir daha dünyaya bəyan etdi: “Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq”.
Dövlət başçımızın bu fikri isə Qərblə Şərq arasında seçim etmək məcburiyyətində qalmış Paşinyan komandası üçün xəbərdarlıq sayılmalıdır: “Amma realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik”.
Yəni, hətta İrəvanın sülhdənqaçma təşəbbüslərinin, Bakının sazişə əlavə şərtlərini yerinə yetirməkdən boyun qaçırmalarının müşahidə edildiyi indiki kritik məqamda belə Azərbaycan lideri Ermənistana şans verdiyini açıqlayır. Bu yaxınlarda təşəbbüslər irəli sürüldüyünü və Ermənistanın mövqeyini gözlədiyini bildirən İlham Əliyev ölkəmizin bu məsələdə mövqeyinin sabit və dəyişməz qaldığını həm ermənilərə, həm də onların arxasında duranlara bir daha xatırlatdı.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
– Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra ayırıcı xətlər daha çox hiss olunmağa başladı. Həmin haypərəst “kollektiv Qərb” Gürcüstanla Ermənistanı qərbyönlü edərək onları Azərbaycana qarşı qoymağa çalışırdı. Ancaq Gürcüstanda sonradan cərəyan edən hadisələr o qüvvələrin bütün istək və planlarının üstündən xətt çəkdi. Baxmayaraq ki, Ermənistan Rusiyanın müttəfiqi olaraq qalır, bu ölkənin hərbi bazalarını hələ də öz ərazisində saxlamaqda davam edir, sərhədlərinin böyük qismi məhz rusiyalı sərhədçilər tərəfindən qorunur, xarici ticarət dövriyyəsinin, demək olar ki, 80 faizi Avrasiya İqtisadi İttifaqının, yəni Rusiyanın payına düşür, bu da yüksələn xətlə gedir, amma Avropa İttifaqı ilə ticarəti azalmaqdadır. Bütün bunlar öz yerində, üstəlik, Ermənistan KTMT-dən çıxmayıb, Aİİ-nin tamhüquqlu üzvüdür, ayırıcı xətləri çəkənlər Hayastanı Qərbə meyilli nümunəvi ölkə kimi təqdim etməyə cəhdlər göstərirlər.
Məsələyə Qərbin ayrı-ayrı dövlətlərinin, institutlarının Gürcüstana təzyiqləri artırması müstəvisindən yanaşsaq, görərik ki, həmin qüvvələr bunu Azərbaycana qarşı təşkil etmək iqtidarında deyillər. Bu səbəbdən “üzlərini turşudub”, ölkəmizə qarşı müxtəlif təbliğat kampaniyaları aparır, dezinformasiya yaymaqla məşğul olurlar. Onların bu təxribatçı fəaliyyətləri uğursuzluğa məhkumdur. Eləcə də Cənubi Qafqaz bölgəsində hansısa ayırıcı xətləri çəkməyə gücləri çatmayacaq. Prezident İlham Əliyev ADA-dakı Siyasi Forumda bunu birmənalı şəkildə bəyan etdi. Bu mesaj lazımi ünvanların qulağına çatmalıdır.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
– Cənubi Qafqazda sülh çoxdan yarana bilərdi. Əgər bölgəyə kənar müdaxilələr olmasaydı. Müəyyən xarici qüvvələr maneçilik etməsəydilər, problemlər törətməsəydilər. Görürük ki, onların bu bölgədə vəziyyəti açıq şəkildə qarışdırmaq niyyətləri var. Eyni zamanda, Gürcüstanı və Ermənistanı Avropaya yaxınlaşdırmaqla, Azərbaycana qarşı addımlar atırlar. Elə davranırlar ki, sanki, otuz il ərzində torpaqlarımızı işğalda saxlayan Ermənistan olmayıb, Azərbaycan qonşusunun ərazisini zəbt edib. Əlbəttə ki, bu, gülünc olduğu qədər də təhlükəli mövqe və yanaşmadır. Belə ikili standarta söykənən haypərəst yanaşmanı sərgiləyən əsas dövlət Fransadır. Bu da təsadüfi deyil. Bildiyimiz kimi, bu ölkədəki erməni lobbisi daim Yelisey sarayına təzyiqlər etməkdədir.
Qərbin Cənubi Qafqazda bu xarakterli addımlara rəvac verməsi heç vaxt davamlı sülhə gətirib çıxara bilməz. Bu bölgədə sülhü Azərbaycan bərpa edib. Rəsmi Bakı bundan sonra da bölgədə sülhün və əmin-amanlığın bərpası istiqamətində mütəmadi şəkildə lazımi addımları atacaq. Çünki Azərbaycan heç kəsdən asılı deyil və bizim xarici siyasətimiz dövlət və milli maraqlarımıza tam cavab verən siyasətdir.
İmran BƏDİRXANLI
XQ