Erməni politoloq Aİ missiyasını alt-üst etdi
Bugünlərdə beş mininci patrul reydi kimi mənasız işi həyata keçirdiyini təntənəli şəkildə qeyd edən Avropa İttifaqının Ermənistandakı EUMA abreviaturalı monitorinq missiyasına qarşı erməni siyasi dairələrində etirazlar səslənməkdədir. Əslində, etirazlar həmişə olub. Ancaq hesab edirik ki, Stenford Universitetinin politologiya doktoru Artur Xaçikyan, belə demək mümkünsə, baltanı lap kökündən vurub. Xaçikyanın konkret nələrdən söz açdığını diqqətə çatdıracağıq. Hələlik isə...
Məlumdur ki, Aİ-nin Azərbaycan–Ermənistan şərti sərhədinin Hayastan tərəfində keşik çəkən mülki müşahidə missiyası 2023-cü ilin yanvarından “iş başındadır”. Təsisatın əvvəlcə iki ay müddətinə fəaliyyət göstərəcəyi bildirilsə də, sonradan vaxt uzadıldı. Uzatmalar 2025-ci ilin fevral ayında da oldu.
O da məlumdur ki, Azərbaycan Aİ missiyasının öz ərazisində fəaliyyətinə razılıq verməyib. Bu prinsipial yanaşma dövlətimizin Cənubi Qafqazda “kənar oyunçu”ların mövcudluğunun yolverilməzliyi xəttindən qaynaqlanıb. Həmçinin, Azərbaycan mövcud müstəvidəki prinsipiallığını Ermənistanla sülh prosesinə də gətirib və bu barədə sonda söz açacaq, bəzi əlaqəli məqamlara aydınlıq gətirəcəyik.
Bəli, Aİ-nin Ermənistandakı missiyası Fransanın Cənubi Qafqazda pozucuculuq siyasətinin, qlobal maraqlar gerçəkləşdirmək niyyətinin cılız alətidir. Təsisatın formalaşmasının ilhamvericisi də rəsmi Paris, daha dəqiq desək, prezident Emmanuel Makrondur. Əminliklə vurğulamaq olar ki, Makronun nəzərində müşahidəçilər Qərbin anti-Rusiya cəbhəsinin əsgərləridir.
Müşahidəçilər Qərbin regionda hərbi plasdarm, özək yaratmaq niyyətinin təmsilçiləri obrazındadırlar. Onlar hələlik silahsızdırlar, ancaq silaha sarılmaları mümkündür. Hər halda, Aİ-nin mülki müşahidə missiyasının gələcəkdə NATO-nun strukturuna çevriləcəyinə dair fikirlərin dolaşması təsadüfi sayıla bilməz. Həm də ona görə ki, əvvəl məhdud saylı missiyanın tərkibi hazırda xeyli genişləndirilib.
Konkret fəaliyyətə gəlincə, bu barədə yazımızın başlanğıcında az-maz söz açdıq. Bir qədər ətraflı məlumat verərək deyək ki, tərkibi peşəkar hərbçilərdən ibarət müşahidəçilərin real işi şərti sərhədin bir başından, o biri başına “pikap” avtomobillərlə yol getməkdir. Missiya öz hesabatında da üzvlərinin neçə kilometr məsafə qət etdiyini açıqlayır, bunu fövqəladə hadisə kimi qiymətləndirir. Üstəlik, təsisatın rəhbəliyi guya, yerlərdə insanlarla görüşlər keçirdiklərini, onların gərginliyini aradan qaldırdıqlarını vurğulayır, hələ bir qədər də irəli gedib sərhədyanı zonalarda dinc, birgəyaşamı təbliğ etdiklərinə dair yalan da tirajlayır.
Gerçəklik budur ki, missiya üzvləri kəşfiyyat işləri reallaşdırırlar. Ermənistan ordusunu Azərbaycan Silahlı Qüvvələrinin yerləşmə mövqeləri ilə bağlı məlumatlandırırlar. Sərhəd xətti boyunca o yan-bu yana getmək, binoklla müşahidələr aparmaq yalnız buna xidmət edir. Əlbəttə, Aİ-nin sözügedən təsisatının Ermənistanı dünyaya qorunmağa ehtiyac duyan məmləkət qiyafəsində göstərmək məramı da “aktualdır”. İrəvana xaricdən gəlmiş diplomatların, ictimai xadimlərin və digər şəxslərin, eləcə də qatı ermənipərəstlərin müşahidəçilərin qərargahına üz tutub orada şəkil çəkdirmələri buna xidmətdir.
***
Görünür, Aİ missiyasını tənqid edən politoloq A.Xaçikyan onun vurğuladığımız istiqamətdəki “faydalı” iş barədə məlumatlı olmadığından, təsisatın heç nəyə yaramadığını vurğulayıb. Hərçənd, tam mümkündür ki, “monitorinqçilərin” tənqidi diqqəti onların fəaliyyətlərinin əsl mahiyyətindən yayındırmaq məqsədi güdür.
Beləliklə, A.Xaçikyan bildirib ki, Aİ-nin mülki müşahidə missiyası üzvlərinin sərhəd xəttində görünmələri ilə restoranlarda vaxt keçirmələri arasında heç bir fərq yoxdur. Onun sözlərinə görə, Avropaya inteqrasiyanın erməni tərəfdarları mütəmadi bəyan ediblər ki, Avropa missiyası sərhəddə sabitliyin möhkəmlənməsinə töhfə verir: “Lakin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazilərini atəşə tutmaqda davam etdiyi bir şəraitdə müşahidəçilər gecəgörmə cihazlarının olmadığını əsas gətirərək susurlar”.
Hesab edirik ki, gecəgörmə cihazlarının yoxluğu məsələsinin gündəmə gəlməsi adi qarşılana bilməz. Deməli, Aİ missiyasının təchizatının möhkəmləndirilməsinə ehtiyacın duyulduğuna dair rəy formalaşdırılır. Ola bilər, Xaçikyan mövcud məqama həssas yanaşmadığından, müşahidəçilərin binokllarının işləmədiyini bildirib həqarət yağdırır və deyir ki, EUMA nəinki eskalasiyanın qarşısını almaq iqtidarında deyil, həm də “Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulması faktlarını qeydə almır”.
Göründüyü kimi, A.Xaçikyan da hadisə və proseslərə münasibətdə tipik erməni baxış bucağını ortaya qoyur. Onun Aİ missiyasını tənqidə məruz qoyma tərzinə belə yanaşma hakim kəsilib. Yada salaq ki, əvvəllər də erməni siyasi dairələrində Ermənistanın Qarabağı itirməsinə, bölgənin ermənisizləşməsinə görə müşahidəçiləri günahlandıranlar tapılırdı. Ümumən, missiya məntiqinin Ermənistan üçün zərərli olduğunu açıqlayanlar da həmçinin. A.Xaçikyan isə bildirir ki, Aİ-nin Ermənistana missiya göndərməkdə əsas məqsədi regionda təhlükəsizliyi təmin etmək deyil. Başlıca məram Avropanın Ermənistana dəstəyi illüziyasını yaratmaq olub.
Politoloq onu da vurğulayıb ki, Aİ-nin real məqsədi Ermənistanı Rusiyadan uzaqlaşdırmaq, başqa heç bir real yardım göstərmədən, loru dildə desək, ölkəni Türkiyənin qucağına atmaqdır. Yəni, Ankaranın təsiri altına salmaq. “Başqa sözlə, söhbət Artsax ssenarisini təkrarlamaq cəhdindən gedir”, - deyən Xaçikyan fikrini yekunlaşdırıb.
Əlbəttə, A.Xaçikyanın “Artsax ssenarisinin təkrarlanması” ifadəsi də tipik erməni qara-qışqırığının təzahürüdür. Görünür, Stenford Universitetində dərs deməklə deyilmiş. Bu politoloq üçün də digər erməni siyasiləri kimi, beynəlxalq hüquq anlayışı yoxdur. Onda özünü çox ağır formada göstərən patoloji xəstəlik var. Elə bir xəstəlik ki, Artsax avantürasını diri saxlamaqla, Qarabağın Azərbaycana məxsusluğunu qəbul etmir.
Əslində, Aİ müşahidəçilərinin fəaliyyətlərinin hansı məqsəd daşımasından və nəyə xidmət etməsindən asılı olmayaraq, sərsəm düşüncə sahiblərinin sözügedən missiyanı pisləmələri təəccüblü sayılmamalıdır. Çünki belələri dünyada hamını erməni varlığına borclu sayır, elə zənn edirlər ki, beynəlxalq aləm hay maraqları naminə çalışmalı, Azərbaycana qarşı sərt tədbirlər görməlidir və sair.
Hər bir halda, A.Xaçikyanın Aİ-nin müşahidə missiyası barədə bildirdiyi mənfi fikirlər erməni cəmiyyəti üçün də siqnal olmalıdır. Əlbəttə, o cəmiyyət Azərbaycanla sülh istəyirsə. Çünki Bakı – İrəvan barış sazişi mətninin Ermənistan rəhbərliyinin çətin razılaşdığı müddəlarından biri də regionda kənar qüvvələrin olmaması ilə bağlıdır. Ermənistan bu müddəanı qəbul edib. Mövcud xüsusda sonda vurğulayacağımızı bildirdiyimiz məqama keçid alaq.
Baş nazir Nikol Paşinyan və komandasının üzvləri bildiriblər ki, Aİ missiyası işini yalnız sülh müqaviləsi imzalandıqdan sonra yekunlaşdıracaq. Nəzərə alsaq ki, erməni iqtidarı barış sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü iki şərti yerinə yetirmək istəmir, deməli, sözügedən missiya da uzaq perspektivə hesablanıb. O perspektivdə Ermənistanı hansı fəlakətlərin gözlədiyini təxmin etmək isə hər ötən gün daha da asanlaşır.
Ə.RÜSTƏMOV
XQ