“Böyük manipulyator”

post-img

Mark ENDEVELD

(əvvəli ötən saylarımızda)

Bu da lap yerinə düşür, çünki Emmanuel Makron 2017-ci ilin fevral ayında Əlcəzairdə səfərdə olanda, ona Malidə və Liviyada vəziyyəti normallaşdırmaq istəyini bildirir. Bu o deməkdir ki, hələ prezidentlik kampaniyasında gələcək prezident Liviya məsələsinə müdaxilə etmək üçün əlaqələr axtarırmış. Çünki 2011-ci ildə Nikola Sarkozi amerikalılarla Liviyaya Qərbin silahlı qüvvələrini yeridəndən bəri orada əsl 224 xaos hökm sürür. O vaxt Qərbin silahlı qüvvələrinin Liviyaya hücumu diktator Müəmmar Qəddafinin süqutu ilə nəticələndi. Daha sonra ölkə parçalandı və bundan da ən çox islamçılar mənfəət götürdülər. Əlcəzair də öz növbəsində Liviyanı odun üstündə olan süd kimi izləyir, ordusunu gizlicə Tunisə göndərir ki, lazım gəlsə, onun bu gənc demokratik qonşusu öz sərhədlərini Liviyadan qoruya bilsin.

2016-cı ilin payızından Yamina Benqiqi Liviya ilə əlaqə qurmaq üçün aktiv fəaliyyətə başlayır. Əslində, o, bu ölkəni heç də yaxşı tanımır. Bəzi həmsöhbətlərinə Yamina özünü Emmanuel Makron üçün işləyən bir adam kimi təqdim edir. Onun tanışlarından biri bizə etiraf etdi ki: “Makronun Əlcəzairə dəvəti onun sayəsində oldu. Yamina hamıya deyirdi ki, Makronun Əlcəzairdə sağ əli özüm olacam. Prezident seçiləndən sonra isə mən Liviyada onun sağ əli olacam...”.

Niyə bu qadın özünə bu qədər arxayındır? Bu gün prodüser heç bir şeyi boynuna almır. Deyir ki, Makronun Əlcəzairə səfərində mənim heç bir rolum olmayıb. Yelisey sarayının müşavirlərindən birinin dediyinə görə, bizim suallarımıza cavab verəndən sonra Yamina tez Bricit Makrona zəng vurub deyib ki, bəs ərin haqqında kitab yazırlar. Bu xəbər Yelisey sarayında hamını panikaya salır və deyilənə görə, prezidentin özünü də “narahat” edir.

Xarici İşlər Nazirliyi oyundankənar vəziyyətdə

Emmanuel Makron prezident seçiləndən sonra xarici vasitəçilər Liviyaya müdaxilə etmək üçün basabas salacaqlar. Ölkənin şərqinə nəzarət edən Liviya Milli Ordusunun baş komandanı marşal Xəlifə Haftara və Misir tərəfindən dəstəklənən Abu Dabiyə xeyli müraciətlər olunacaq. Bu kontekstdə Yamina Benqiqi Brüsseldə “Robert-Şüman İnstitutu Avropa üçün” adlanan, əməli heç kimə dəqiq bəlli olmayan bir qrupun prezidenti olur. Bu qrupu idarə edənlərin arasında Əbdüləziz Buteflikanın yaxın adamı Əlcəzairli Sumeya Abdelatif da var. Bu, sonuncu, əsasən, diplomatik dairələrlə kəşfiyyat dairələri arasında fırlanır. Əslində, “Robert-Şüman İnstitutu Avropa üçün” qrupundan başlıca olaraq Denis Sassu N’Qesso istifadə edir ki, Avropada öz nöqteyi-nəzərini ifadə edə bilsin. Bir sözlə, bu Robert-Şüman İnstitutu Konqo-Brazzavil padşahının əlində güclü bir silahdır.

Bu qəribə qrupun daxilində Yamina Benqiqi Benabderrahman Tayeb adlı bir tanışını “Afrika və Yaxın Şərq üzrə məsləhətçisi” təyin edəcək. Bu adam Makron prezident seçiləndən az sonra onun Afrikadakı xüsusi elçisi olacaq...

Paralel olaraq Tayeb həm də başqa bir qrupun – “Geopolitik Klubu”nun prezidenti kimi də fəaliyyət göstərir. 2017-ci ildə o, dəfələrlə Konqo-Brazzavilə, Tunisə, eləcə də Yaxın Şərqə səfərlər edəcək. Bu səfərlərdə əsas məqsəd, bir vaxtlar Müəmmar Qəddafi tərəfindən yaradılmış Afrika Birliyinin əli ilə Liviyada sülh yaratmaqdır.

Hakimiyyətə gələn gündən prezident Emmanuel Makron Liviyada “sülhməramlı” rol oynamağı arzulayır. Bunun üçün o, çox məxfi şəkildə bir neçə yaxın adamı ilə Yelisey sarayında Afrikanın həyatını dəyişəcək “diplomatik zərbə” hazırlayır. Onun arzusu Liviya böhranının əsas qəhrəmanlarını bir stol arxasına yığmaqdır. Diplomatik planetdə hələ boşluqdur: Amerika Birləşmiş Ştatlarının könüllü olaraq Avropanın və Afrikanın siyasi səhnəsindən çəkilməsi, eləcə də İtaliyanın Tripolini (Livan) dəstəkləməsini dayandırması, əslində, Makronun xeyrinədir. Ona görə də 40 yaşına çatmamış prezident seçilən Emmanuel dan ulduzu kimi parıldayır. Beynəlxalq mətbuat onun prezidentlikdə atdığı ilk addımları yüksək qiymətləndirir. “The New York Times” və “Washington Post” qəzetlərində Makron liberal Donald Trampa rəqib kimi təqdim olunur. Bu təriflərdən vəcdə gələn Makron indi də Afrikaya böyük siyasi bir zərbə vurmağı planlaşdırır. Ancaq burda da yeni dövlət başçısı kampaniyada zamanı olduğu kimi hər şeyi gizlin idarə edir, yəni həmsöhbətlərinin sayını çoxaldır, ancaq heç birinə əsl niyyətini açmır... Makron həmişə başqaları ilə öz arasında divar çəkir. Onun xisləti belədir. Hətta seçki kampaniyası zamanı onun sirlərinin bir hissəsindən xəbərdar olan sadiq xidmətçiləri belə, indinin özündə də Yelisey sarayında onun gizlilik kultunu davam etdirirlər...

Liviya ilə bağlı müəmmalar

2017-ci il iyul ayının axırında Yelisey sarayı Parisdən 12 kilometr aralıda yerləşən La Cel-San-Klou (İvlin) şəhərində Liviya ilə bağlı diplomatik konfrans keçiriləcəyini elan edəndə, Xarici İşlər Nazirliyində panika düşür. İnanılmaz görünsə də, nazirlikdə heç kəsin, hətta Xarici İşlər naziri Jan-İv Le Drianın özünün bu məsələdən xəbəri yoxdur. Düzdür, protokol xatirinə Xarici İşlər naziri bu konferansa dəvət olunur, ancaq nə onun fikrini soruşan olur, nə də ona söz verən. “Mən orda sadəcə olaraq, müqəvva kimi bir şey idim”, – deyə nazir acı-acı bir dostuna şikayət edir. Xarici İşlər Nazirliyinin başqa bir diplomatı təəssüflə etiraf edir ki: “Liviya məsələsində biz ancaq icraçı idik...”. Onları başa düşmək olar. Prezident tərəfindən Xarici İşlər nazirinə qarşı bu saymamazlıq onun ətrafındakı diplomatlara çox pis təsir edir. Ona görə bu konfransdan bir neçə ay sonra diplomatlar Yelisey sarayından acıq çıxmaq üçün hər yerdə səs-küy salırlar ki, bəs, “Liviya məsələsini həll edən Xarici İşlər naziri Le Drian olub!”. Nazirliyin nüfuzlu diplomatları şikayətlənirlər ki, prezident və onun ətrafı onların işinə qarışır və Xarici İşlər Nazirliyi ilə “paralel diplomatiya” aparır.

Afrika biznesi davam edir

Makronun Afrikadakı “diplomatik zərbələri” davam edir. Belə ki, Fransanın dövlət başçısı 2018-ci ilin oktyabrında Beynəlxalq Frankofoniya Təşkilatına (OIF) rəhbərlik etmək üçün Ruandalı Luis Müşikivadonu təklif edir. Qəribə burasındadır ki, Ruanda məktəblərində Fransız dili yox, İngilis dili tədris olunur... Bundan başqa, 2017-ci ildə 98,7 faiz səslə yenidən Ruandanın prezidenti seçilən Pol Kaqam mütəmadi olaraq insan hüquqlarını pozmaqda günahlandırılır.

Makron üçün bütün bunlar o qədər də böyük əhəmiyyət kəsb eləmir. Onu əsas maraqlandıran soyqırımından iyirmi beş il sonra Ruanda ilə münasibətləri sabitləşdirməkdir. Bundan başqa, Fransa prezidenti Afrikanın ingilisdilli ölkələrinin qapılarını Fransız şirkətlərinə açmağa can atır. Xarici İşlər Nazirliyinin təcrübəli bir diplomatı təəssüflə qeyd edir ki: “Makronun Afrika siyasəti yoxdur. Onun Afrika ölkələri ilə bağlı planları sionizm xarakteri daşıyır. Makron və onun ətrafı üçün ancaq bir şey vacibdir – “biznes”. Afrika ölkələrində insan hüquqlarının pozulması onların heç vecinə də deyil”. Diktatorlara da elə lazımdır. (Sinizm əxlaq normalarını, mədəni və mənəvi dəyərləri qətiyyətlə rədd edən, ümumi qəbul edilmiş əxlaq normalarına mənfi və nihilist münasibətdir.)

Makronu Afrikada ancaq “biznes” maraqlandırdığı, onun 2017-ci ilin noyabrında Burkina Fasoda Uaqaduqu universitetinin səkkiz yüz tələbəsi qarşısındakı uzun-uzadı çıxışında daha çox nəzərə çarpır. Nitqinin əvvəlində Fransanın prezidenti iddia edir ki, “Fransanın Afrika siyasəti artıq yoxdur. Mən bura sizə dərs verməyə gəlməmişəm. Afrika ölkələrində azad seçkilər necə təşkil olunmalıdır, konstitusiya necə yazılmalıdır. Bunları sizə Fransa Respublikasının Prezidenti öyrətməli deyil...”.

Çıxışından sonra Fransa prezidenti tələbələrin suallarına cavab verir və cavablarında hətta onlara ata kimi nəsihətlər də verir. Tələbələrdən 229 biri ona Liviyadakı xaosdan sonra gündən-günə artan köləlik haqqında sual verəndə, Makron belə cavab verir: “Onları kölə vəziyyətinə salan kimlərdir? Afrikalıların özləridir də dostum...”.

Başqa bir tələbə qız Burkinada çoxlu Fransız əsgərlərinin olduğunu tənqid edəndə, Makron onun sözünü kəsir: “Siz fransız əsgərlərinin ölkənizdə olmasını ancaq və ancaq alqışlamalısınız!..”. Sonra bu görüşdə kondisionerlə bağlı xoşagəlməz bir hadisə baş verir. Məsələ burasındadır ki, Makronun tələbələrlə görüşü zamanı, prezidentə isti olmasın deyə Fransa səfirliyi zala iki böyük kondisioner gətirib qoşmuşdu. Tələbə qızlardan biri ondan soruşur ki, “siz bu görüşdən gedəndən sonra kondisionerləri də özünüzlə aparacaqsınız, yoxsa onlar bizim üçün qalacaq?”. Bu sualdan sonra Burkina Fasonun prezidenti Kabore nə üçünsə zaldan çıxanda, Fransa prezidenti onun arxasınca baxıb gülür: “Baxın, o, elə kondisioner məsələsini həll etməyə getdi!..”.

Düzdür görüşdən sonra hər iki tərəf iddia edir ki, burda heç bir diplomatik qəza baş verməyib... Makron da RFİ radiosuna verdiyi müsahibəsində bəyan edir ki, “yumor bizim münasibətlərimizin yaxşı olduğuna bir işarədir”.

(ardı var)

Siyasət