Fransa Ermənistanı yeni bəlaya sürükləyir, yoxsa səfir Dekotini sərxoş imiş?
Fransanın ermənipərəst mövqe tutduğu məlumdur. Ölkə əlindən gələn bütün vasitələrlə rəsmi İrəvana dəstək göstərir. Biz buna, həm də ümumən 44 günlük müharibədən sonra Parisin erməni təəssübkeşliyinin əndazədən çıxmasına, bir növ, öyrəncəliyik. Ona görə də Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin sərsəmləmələrinə təəccüblənmədik. Sərsəmləmə deyirik, amma ola bilər diplomat sərxoş imiş. Amma...
Deməli, səfir Dekotini diplomatik fəaliyyət həyata keçirdiyi ölkənin İctimai radiosunun efirindən bildirib ki, Ermənistan 2022-ci ilin Praqa danışıqları zamanı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayıb və bu barədə söylənilənlər yalandır. Onun sözlərinə görə, Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu 1991-ci ilin Alma-Ata Bəyannaməsinə əsasən qəbul edib.
İlk baxışdan düşünülə bilər ki, səfirin bildirdiklərində hansısa fövqəladə məqam yoxdur. Ancaq belə deyil. Çünki Dekotini başqa mətləblərdən də söz açıb. O mətləblərdən ki, onlara nəzərən Fransanın Qarabağ avantürasını saxlamaq niyyətinin mövcudluğunu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının müdafiəsinə qalxdığını demək mümkündür. Hər halda, Fransa kimi ölkəni təmsil edən yüksək ranqlı diplomat hər sözünün nəyə hesablandığını dərk etməlidir. Ona görə Dekotininin açıqlamasına əsasən, rəsmi Parisin aşkar təxribata hazırlaşdığını söyləyə bilərik.
Əvvəla, xatırladaq ki, 2022-ci ilin oktyabrında Praqada Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi, Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə görüşmüşdülər. Görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İlk baxışdan, tanınma özündə Qarabağ kazusunu da birləşdirirdi. Amma şübhələr də qalırdı. 2023-cü ilin yayında Azərbaycan və Ermənistan liderləri Ş.Mişelin vasitəçiliyilə yenidən bir araya gələndə isə N.Paşinyan bu dəfə tam açıq tekstlə Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğuladı. Əlbəttə, bundan əvvəlki və sonrakı proseslərə nəzər salmaq lazımdır.
2022-ci ilin oktyabrından sonra elə düşünülürdü ki, ilin sonuna doğru Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanacaq. Çünki həmin ilin dekabrında tərəflər yenə Ş.Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşməyə razılaşmışdılar. Ancaq qəfildən Fransa prezidenti
E.Makron yerli televiziyaya müsahibəsində Azərbaycanı “işğalçı” adlandırdı. O, həmçinin Rusiyanı müttəfiqi Ermənistanın maraq və mənafelərini satmaqda günahlandırdı. Rusiya indi də bildirir ki, Paşinyanın Praqada səsləndirdiyi fikir Qarabağı Azərbaycana təhvil vermək idi. Yəni Moskva dolayısı ilə bildirir ki, Nikol Ermənistanı satmamaq üçün lazım olan bütün rıçaqları sıradan çıxarıb.
Əlqərəz, Makronun sərsəm bəyanatından sonra N.Paşinyan bəyan etdi ki, Prezident İlham Əliyevlə dekabrdakı görüşə Fransa Prezidenti olmadan qatılmayacaq. Bundan sonra sülh danışıqları pozuldu, Ş.Mişelin vasitəçilik missiyası puça çıxdı. 2023-cü ilin əvvəllərindən etibarən tərəflər arasında gərginlik artdı. Bunu görüb vaxt udmaq istəyən N.Paşinyan Makronsuz görüşlə razılaşdı və həmin ilin mayında reallaşmış üçtərəfli (Prezident İlham Əliyevin, baş nazir Nikol Paşinyanın və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş – red.) sonra haqqında söz açdığımız bəyanatı vermək məcburiyyətində qaldı. Söhbət Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımasından gedir.
Lakin erməni baş nazir sentyabr ayının əvvəlində bildirdi ki, Qarabağın özünün seçkili hakimiyyəti var. Belə çıxdı ki, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının heç bir əhəmiyyəti yoxdur və Azərbaycanın problemi Qarabağdakı separatçı rejimlədir. Bu cür əndazəsiz ifadə və separatçı rejimdə “seçkilər” Azərbaycanın səbr kasasını daşdırdı və ölkəmiz 2023-cü ilin sentyabrında Qarabağda lokal xarakterli antiterror tədbirləri reallaşdırdı. Nəticədə separatçı rejim tarixin arxivinə gömüldü və dövlət suverenliyimizə qovuşduq.
İndi isə 1991-ci ilə qayıdaq. Bəli, həmin ildə imzalanmış Alma-Ata Bəyannaməsi keçmiş müttəfiq respublikaların bir-birinin ərazi bütövlüyünü tanımalarını nəzərdə tuturdu. Ancaq Ermənistan sənədi nəzərə almayaraq, 1991-1993-cü illərdə Azərbaycan torpaqlarına qəsb reallaşdırdı. İşğal otuz ilə yaxın müddətdə davam etdi və səfir Dekotini bunu bilməmiş olmaz.
Ancaq Dekotininin dedikləri Ermənistanın revanşist-şovinist kəsimində və baş nazir N.Paşinyana müxalif dairələrdə kəskin etiraz doğurub. Ona görə ki, onlar səfirin erməni iqtidarının postulatlarını müdafiəsinə qalxdığı qənaətindədirlər. Yada salaq ki, rəsmi İrəvan ümumən Azərbaycanla sülhün 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında qərarlaşması məntiqindən çıxış edir. Yəni, Paşinyan iqtidarı üçün sənəddə Qarabağ mövzusu yox, Ermənistan Respublikasının Sovet Ermənistanının sərhədlərində qalması ritorikası var.
Yada salaq ki, 1988-ci ildə Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan “Miatsum” hərəkatı sonradan mahiyyətini dəyişdi. Erməni başbilənlər “Dağlıq Qarabağ Respublikası” oyununa girişdilər. Beləliklə, “Qarabağ xalqı” deyimi formalaşdı və Qarabağ danışıqlarında separatçı rejimi tərəf kimi prosesə qatmaq cəhdləri qeydə alındı. Əlbəttə, Azərbaycan dövləti buna imkan vermədi.
Sözümüz ondadır ki, Ermənistan üçün 1991-ci ilin Alma-Ata Bəyannaməsi avantürist niyyətlərin gerçəkləşməsi yolunda əngəl olmayıb. Qarabağı Azərbaycan ərazisi kimi tanımaq isə problem yaradar, istər-istəməz danışıqlar fərqli diplomatik məcraya düşərdi. Ona görə, o zaman tanınma baş vermədi. Axı hər bir halda söhbət Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsindən gedirdi. Separatçı rejim və “Qarabağ xalqı” klişeləri bu “məqsəd” naminə, bir növ, tramplin sayılırdı.
Ermənistanın 44 günlük müharibədəki məğlubiyyəti həlledici oldu. N.Paşinyan savaşdan sonra ölkəsinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etdi. Bu deyim həm müharibə məğlubiyyətinə bəraət qazandırmaq idi, həm də Qarabağ avantürasını yeni fazaya daşımaq məqsədi güdürdü.
Nikolun Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını açıq şəkildə bildirməsi də avantüranın davamına hesablanmışdı. Yəni, Paşinyan iqtidarı bölgədəki separatçı rejimi Ermənistandan kənar tutdu ki, mövcud təqdimatın kulminasiya anının nə zaman yaşandığını diqqətə çatdırdıq. Bir daha deyək ki, söhbət erməni baş nazirin 2023-cü ilin sentyabrında Qarabağın özünün seçkili hakimiyyətinin olduğunu deməsindən gedir.
Bəli, başlıca mahiyyət Qarabağın Ermənistana birləşdirilməsi idi. Bunu Rusiyada da çox yaxşı dərk edirlər. Bu barədə söz açdıq. Əlavə edək ki, Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin dəfələrlə bildirib ki, Paşinyan Praqada hər şeyi korladı. O zaman səfir O.Dekotininin fikirlərini necə qarşılayaq? Düşünək ki, Fransa “gerçək mahiyyətə”, yəni Rusiyanın baxış bucağına qayıdır? Ortada işğal faktı, Fransanın ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunda həmsədr kimi təmsilçiliyi, Qarabağ üzrə danışıqlarda iştirak təcrübəsi var. O danışıqlarda ki, işğalı leqallaşdırmaq, onu şüurlara yeritmək, bunun üçün vaxt udmaq məqsədinə söykənmişdi, ədalətin bərpasına yox! Və həmin vaxt Alma-Ata Bəyannaməsi heç yada belə düşmürdü. Daha doğrusu, bu sənədin mövcudluğu erməni qəsbkarlığını dayandırmaq üçün əsas olaraq götürülmürdü. Bir halda ki, Ermənistan Azərbaycan torpaqlarının işğalının dayandırılması ilə bağlı BMT-nin dörd qətnaməsinə əhəmiyyətsiz yanaşırdı, Alma-Ata Bəyannaməsi nə kimi mahiyyət daşıya bilərdi ki?
Deməli, Fransa yaxın keçmişə, yəni Praqaya deyil, nisbətən uzaq keçmişə qayıdırsa, üstəlik səfir Dekotini Paşinyanın Praqada Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bildirərkən, bununla əlaqədar fikirləri xüsusi tonla “yalan” adlandırırsa, belə nəticəyə gəlmək olar ki, rəsmi Paris Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının davamında maraqlıdır.
Birmənalı şəkildə demək olar ki, istər səfir Dekotininin bu açıqlaması, istərsə də ümumən Fransanın tutduğu mövqe ölkənin Cənubi Qafqazda erməni avantürizminin davamında maraqlı olduğunun növbəti sübutudur. İndi Dekotini həmin avantürizmə birbaşa Qarabağ seqmenti qazandırır. Nəzərə alaq ki, onun qənaətimizi təsdiqləyən başqa fikirləri də var. Məsələn, diplomat Qarabağ ermənilərinin bölgəyə qayıtmalarından söz açır. Nəinki söz açır, eyni zamanda, onların 2023-cü ildə ərazini tərk etmələrinə görə beynəlxalq ictimaiyyəti qınayır.
“Dağlıq Qarabağ sakinlərinin öz evlərinə qayıtmalarına gəlincə, bu, hüquqdur. Bu fərziyyə deyil, qanundur. Bu hüquq Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə tanınıb. Bu qərar məcburidir, yəni Azərbaycan onu icra etməyə borcludur”, – deyən O.Dekotininin sözlərinə görə, Fransanın məsələ ilə bağlı mövqeyi son dərəcə aydındır: İlk növbədə, məcburi köçkünlərə və onları qəbul edib yerləşdirən Ermənistana dəstək vermək.
Bəli, ayının min oyunu bir armudun başında imiş. Deməli, Ermənistana dəstək vermək lazımdır ki, Qarabağ avantürası davamını tapsın. Yəni məsələ heç də ermənilərin bölgəyə qayıtmalarının təminatında deyil. Onlar alətdirlər, həmişə də bu ampluada olublar. Əgər Qarabağ ermənilərinin qayıtmaları ilə bağlı gerçək istək olsaydı, bölgəni tərk etmələri həyata keçirilməz, erməni əhali Azərbaycan vətəndaşlığını qəbul edərdi. Ölkəmizin rəhbərliyi bununla razılaşdığını dəfələrlə açıqlamışdı.
Həm Ermənistan rəhbəriliyi, həm də onun xaricdəki havadarları başqa yolu tutdular. Onlar antiterror tədbirlərindən əvvəl Qarabağ erməniləri üçün ayrıca beynəlxalq təminat tələb etdilər. Antiterror tədbirlərindən sonra isə Qarabağa qayıdışın beynəlxalq təminat məsələsini qaldırdılar. Yəni, hər bir halda, avantürizm üçün yaşıl işıq yandırmağa cəhd göstərdilər. Səfir Dekotini də Beynəlxalq Ədalət Məhkəməsinin qərarını məhz bu yöndə interpretasiya edir.
***
Əvvəldə Fransanın Azərbaycana qarşı aşkar təxribata hazırlaşdığını vurğuladıq. Dekotinin bildirdikləri, yəni, 1991-ci ilin Alma-Ata Bəyannaməsinə baş vurması, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə məhəl qoymayan diplomatik tərz seçməsi, eləcə də Qarabağ ermənilərinin qayıdışı məsələsini qabartması təxribat üçün zəmin yaratmaqdan başqa bir şey deyil. Rəsmi Parisin Ermənistanı silahlandırması amilini də nəzərə alsaq, bütün daşların yerinə oturduğunu söyləyə bilərik.
Sonda bir məqamı da vurğulayaq. Əvvəldə bildirdik ki, rəsmi Parisin ermənipərətsliyinə təəccüblənmirik. Bütün bu bildirdiklərimiz fonunda onu da deyək ki, yaxın günlərdə Ermənistan sülh danışıqları kontekstində yeni mikro gündəm uydurub səfir Dekotininin sərsəmləmələrini həmin gündəmə daxil etmək istəsə, yenə təəccüblənmərik. Buna, eləcə də Ermənistanın silahlandırılması fonunda yaşana biləcək proseslərə hazırıq. Qalır qarşı tərəfin atacağımız addımlara hazırkığı. Necə deyərlər, özü yıxılan ağlamamalıdır. Hərçənd, Ermənistan heç özü müstəqil şəkildə yıxıla da bilmir. Dekotinili Fransa onu itələyir. Əlbəttə ki, odun-alovun içinə.
Əvəz CAHANGİROĞLU
XQ