Hamburq Ticarət Palatasının və Alman İqtisadiyyatının Şərq Komitəsinin birgə təşkilatçılığı ilə Hamburq şəhərində “Yeni marşrutlar, yeni bazarlar. Qlobal Keçid və Orta Dəhliz boyunca potensial bazarlar” mövzusunda konfrans keçirilib.
Tədbirdə 200-dən çox iş adamı, eləcə də Almaniyanın dövlət qurumlarının, aparıcı beyin mərkəzlərinin, media nümayəndələri və xarici diplomatlar iştirak ediblər.
Tədbirin əsas məruzəçisi qismində çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev vurğulayıb ki, son illər Avrasiya qitəsində baş verən hadisələr Orta Dəhlizin əhəmiyyətini daha da qabarıq şəkildə göstərir. Səfir bildirib: “Azərbaycan üçün Orta Dəhliz sadəcə müvəqqəti alternativ və ya ehtiyat planı deyil, regional əlaqəlilik və iqtisadi inteqrasiya baxımından strateji, uzunmüddətli ticarət marşrutudur. Son iyirmi il ərzində Azərbaycan bu dəhlizin infrastrukturuna əhəmiyyətli sərmayələr yatıraraq onu müasir, effektiv və dayanıqlı nəqliyyat mərkəzinə çevirib. Alman şirkətləri üçün imkanlar təkcə nəqliyyat və logistika ilə məhdudlaşmır. Bu dəhliz istehsal mərkəzləri yaratmaq, ixracı artırmaq və bu dinamik marşrut boyunca və onun hüdudlarından kənarda inkişaf edən bazarlara çıxış əldə etmək üçün strateji qapıdır”.
“Limanlar və logistika” adlı panel müzakirədə iştirak edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov tədbir iştirakçılarına Azərbaycanın regional və qlobal nəqliyyat şəbəkəsində tutduğu strateji mövqe, ölkə üzərindən keçən beynəlxalq marşrutlar, o cümlədən Bakı Limanının regional əlaqələrin qurulmasında artan rolu haqqında ətraflı məlumat verib.
“İnfrastrukturun inkişafı: Layihələr və maliyyələşmə” adlı panel müzakirədə iştirak edən Azərbaycanın “Silk Way West Airlines” şirkətinin prezidenti Volfqanq Mayer ölkəmizin hava nəqliyyatı, xüsusilə hava yolu ilə beynəlxalq yük daşımaları sahəsində son illərdə regionun aparıcı dövlətlərindən birinə çevrildiyini qeyd edərək, Orta Dəhlizin inkişafında hava nəqliyyatının perspektivlərindən bəhs edib.
XQ