Fransa prezidenti Emmanuel Makron ABŞ-dan gözlədiyi dəstək zəmanətini almadan, yəni Donald Trampın Ukraynadakı müharibə ilə bağlı mövqeyinə yenidən baxmasına nail olmadan Vaşinqtonu tərk etdi. Bu barədə “The Guardian” qəzeti oxucularına heç də xoş olmayan xəbəri çatdırıb. Nəşr xəbərinə onu da əlavə edir ki, Makronun ardınca Vaşinqtona gələcək Böyük Britaniyanın Baş naziri Key Starmer də Ağ evin dəstəyi ilə Ukraynaya 30 min sülhməramlını yerləşdirməyi təklif etməyi planlayıb. Avropanın iki nəhənginin baş nazirləri əmindirlər ki, qitənin qlobal təhlükəsizliyi üçün “ən kritik an” yetişib. Bu məqamda NATO amilinin ön plana keçməsi təbiidir. Fəqət, bu planın həyata keçmək ehtimalı yalnız Moskva və Kiyevin atəşkəslə bağlı razılığa gələcəyi təqdirdə reallaşa bilər.
Aydın məsələdir ki, Fransa və Böyük Britaniya Donald Trampı Avropadan üz döndərməməyə inandırmağa çalışırlar. Yəqin, onları buna “ürəkləndirən” rəsmi Vaşinqtonun Rusiya və Ukrayna ilə bağlı siyasətində korrektələr etməyə hazırlaşdığı barədə gündəmi məşğul edən mövzulardır.
Bəs, Tramp Makronu eşitdimi? Sualın cavabı ABŞ Prezidentinin Ukraynaya dəstək məsələsinin müzakirəsi üçün Ağ evə təşrif buyuran Fransanın dövlət başçısını qarşılamaması faktında gizlənib. Makron üçün həmin qanqaraldıcı anı əks etdirən video-kadrlar sosial şəbəkədə yetərincədir. Görüntülərdə Emmanuel Makronun xidməti avtomobilindən endikdən sonra jurnaistlərə əl yelləyib, tək-tənha Ağ evin qapısından içəri daxil olduğu aydınca öz əksini tapıb. Əslində, bu faktın özü Fransa liderinin Vaşinqtona səfərində ümid etdiyi məqsədə çatmayacağının əyani göstəricisi sayılmalıdır. Ağ evin yeni sahibinin protokola uyğun olaraq Makronu rəsmi qarşılamadan vaz keçməsi həm də diplomatik cəhətdən diqqət çəkən məqamdır. Xarici siyasət kursunun uğursuzluğa uğradığı Fransa Prezidentinin dövlət başçısı kimi diplomatik naşılığını növbəti dəfə özünü büruzə verdi.
Emmanuel Makron buna bənzər vəziyyətlə əvvəllər də rastlaşıb. Diqqətli oxucular 2022-ci il fevralın 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında görüşü xatırlayırlar. Üç il əvvəl iki ölkə liderinin hansı formada görüşməsi və danışıqlar aparması zamanı çəkilən görüntülər uzun müddət dünyanın aparıcı media seqmentlərinin müzakirə predmetinə çevrilmişdi. Müzakirəyə səbəb olan birinci məqam: Putin Makronu əli cibində qarşıladı. İkinci məqam: Rusiya lideri Fransa prezidentini uzun masanın uzaq başında əyləşdirdi. Amma Kremldə Makronun başına gələn macəralar bununla da bitməyib. Beş saatdan çox davam edən “gərgin görüş”dən sonra mətbuat konfransı keçirilib və ardınca Vladimir Putin zalı tərk edir. Amma çıxış qapısının kandarında ayaq saxlayır və şəhadət barmağı ilə Makrona arxasınca gəlməyi işarə edir. Onun fransalı qonağı tələsik qapıya doğru addımlayır və zaldan çıxır. Yəni yenə tək qalan Makron Kremlin sahibinin arxasınca getməli olur.
Bu görüntülər öz yerində, Fransa telekanalları o zaman “uzun masa” mövzusunu əməlli-başlı qabartmışdılar. Misal üçün, “CNews” telekanalı reportajı “Emmanuel Makron–Vladimir Putin görüşü: yaxınlaşmanın uzun masası”, “Huffpost” kanalı “Makron ilə Putin görüşündəki masanı dövr etməyən dəyər” “zastavka”larından istifadə etməklə yayımlamışdılar. “Liberation” qəzeti isə “Makron və Putin – russayağı dialoq” sərlövhəli məqaləsini manşetə çıxarmışdı. Ölkənin müxalifət nümayəndələri Makronun Moskvada təhqir edildiyini açıq şəkildə deyirdilər.
Moskva görüşünün detallarına vararaq onu da qeyd edək ki, görüş zamanı əlin şalvarın cibində olması iki cür izah oluna bilər. Psixoloqların, bədən dili mütəxəssislərinin qənaətlərinə görə, qarşılayan şəxs az sonra nə edəcəyini, necə davranacağını bilmədiyindən, əlini qoymağa yer tapmadığından onu cibində “gizlədir”. Bu hala həmin fərdin özünəinamsızlığı kimi “diaqnoz” qoyulur. İkinci izahat isə bunun tam əksi sayılır: Əli cibə salmaq qarşısındakına meydan oxumaq mənasına gəlir. Yəni həmin hərəkəti, ən azı, hörmətsizlik kimi qəbul etmək lazımdır. Diplomatik etiketə gəldikdə isə rəsmi görüşlərdə, protokol qaydasına uyğun olaraq, dövlət başçıları kresloda yan-yana əyləşir və onların arasında balaca miz qoyulur. Bu qayda söhbət-müzakirənin səmimi mühitdə keçməsini təmin edir. Uzun masa ətrafında isə diplomatik nümayəndələr əyləşirlər və görüş yenə rəsmi xarakter daşıyır.
Üç il bundan əvvəl Moskvadan aşağılanmış durumda, kor-peşman qayıdan Makronun Vaşinqtondan da əli ətəyindən uzun geri dönəcəyi gözlənilən idi. Çünki nəticə əvvəlcədən bəlli olmuşdu...
İ.HƏSƏNQALA
XQ