Ermənilər Ağ evin yeni administrasiyasına yarınmağın yollarını axtarırlar
ABŞ Prezidenti Donald Trampın etimadını qazanmaqla Azərbaycana qarşı təzyiqləri davam etdirməyi hədəfləyən ermənilər bütün vasitələrə əl atırlar. Əvvəlcə bu məqsədlə Nikol Paşinyanın ABŞ-a səfəri təşkil olundu, müxtəlif görüşlər keçirildi. İndi isə məktub kampaniyasına start verilib.
Böyük Kilikiya evinin katolikosu I Aram ABŞ Prezidentinə məktub ünvanlayıb. O, Donald Trampdan Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan və Bakıda məhkəməsi davam edən ermənilərin azad olunmasında kömək göstərməsini xahiş edib. Bölgə ermənilərinin “vətənlərinə qayıtmaları hüququnun” təminatı üçün təkidli davranmağa çağırıb, “təcavüzün qarşısının alınması üçün” Azərbaycana təzyiq göstərilməsi istənilib.
Sonra namə göndərmək növbəsini dörd ABŞ konqresmeni davam etdirib. Konqresmenlər Frank Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadao ABŞ Dövlət katibi Marko Rubioya müraciətlərində Dağlıq Qarabağda (?) etnik təmizləməyə (?) görə Azərbaycanı məsuliyyətə cəlb etməyə çağırıblar.
Ermənipərəst konqresmenlər məktubunda Azərbaycana qarşı “Maqnitski aktı” çərçivəsində sanksiyaların tətbiqini, o cümlədən “Azərbaycan və Türkiyə tərəfindən blokadaya alınmış Ermənistanın ərazi bütövlüyünün qorunmasını” istəyiblər. Məktubda “Bakıda haqsız yerə saxlanılan bütün erməni məhbusların azad edilməsinin, eləcə də Dağlıq Qarabağda erməni mədəni irsinin qorunmasının zəruriliyi” də vurğulanır.
Bundan əlavə, konqresmenlər Tramp Administrasiyasını “Ermənistana sərhədlərini Azərbaycanın davam edən təcavüzündən qorumağa imkan verəcək hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatları ilə təchiz etməklə Ermənistanın təhlükəsizliyini dəstəkləməyə” çağırıblar. Həmçinin qeyd olunur ki, 15 yanvar 2025-ci il tarixli ABŞ–Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Konqresmenlər Rubionu Ermənistana iqtisadi dəstəyi genişləndirməyə və sülhməramlı nüvə enerjisi sahəsində əməkdaşlıq sazişi üzrə danışıqları sürətləndirməyə çağırıblar. Vurğulanır ki, bu sahədə investisiyalar Ermənistana enerji hasilatını şaxələndirməyə və Rusiyanın enerji və ticarətindən asılılıqdan çıxmaq məqsədinə nail olmağa imkan verəcək.
Məktubda deyilir ki, Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülh ciddi cavabdehlik tələb edir və “ermənilərin Dağlıq Qarabağdakı ata-baba yurdlarına kollektiv və təhlükəsiz şəkildə qayıtmasına” əsaslanmalıdır.
Konqresmenlərin ermənipərəst möqeyi məktubda açıq-aydın hiss olunur. Məqsəd 30 ildən çox işğalçılıq siyasəti yürüdən, günahsız insanları qətlə yetirən, hələ də bu kimi ambisiyalarından əl çəkməyən, özlərini məzlum simasında göstərən erməniləri müdafiə etməkdir. Bəs, ABŞ Konqresinin erməni məsələləri üzrə qrupunun rəhbərləri kimlərdir? Onların məqsədləri nədir?
Biz ABŞ Konqresində dəfələrlə Qarabağ ermənilərinin hüquqları, bölgənin erməni mədəni irsinə qarşı təhdidlər, Ermənistana siyasi və iqtisadi yardım göstərilməsi və sair məsələlərin müzakirəsinin aparıldığının şahidi olmuşuq. Ermənipərəst mövqe tutan konqresmen və senatorlar ABŞ-ın sabiq prezidenti C.Baydenin dönəmində, xüsusilə, fəallaşmışdılar. Həmin dövrdə Azərbaycan əleyhinə qəbul olunan qərar və bəyanatlar da ermənipərəst siyasətçilərin “zəhmətinin” məhsuludur. Görünür, onlar ABŞ-da yeni hökumətin seçilməsindən sonra da ağalarının istəklərini həyata keçirilməsinə çalışırlar.
Koqresmenlər David Valadao və Frank Pallonenin adları bizə tanışdır. Onlar bir neçə il bundan əvvəl erməni işğalı altında olan ərazilərə qanunsuz səfərlər etdiklərinə görə adları Azərbaycan XİN tərəfindən “qara siyahı” ya salındı. Bred Şerman da qatı ermənipərəst mövqeyi ilə seçilən konqresmendir. O, ikinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş ermənilərin azad olunması və Azərbaycana təzyiq göstərilməsi üçün sabiq Dövlət katibi Antoni Blinkenə müraciət etmişdi. Həmçinin ABŞ-ın Ermənistanı silahlarla təmin etməsi məsələsini irəli sürmüşdü. Digər konqresmen, hakim Respublikaçılar Partiyasının təmsilçisi Qas Bilirakis yeni olsa da, bu sıraya qoşulmağın ona da dividend gətirəcəyinə ümid edir. Q.Bilirakis Türkiyəni qondarma “erməni soyqırımı”nı inkar etdiyinə, Azərbaycanı isə Qarabağda “etnik təmizləməyə” görə öz aləmində günahlandırır.
Ümumiyyətlə, adlarını çəkdiyimiz bu şəxslər ABŞ-dakı erməni lobbi dairələri, xüsusilə radikal, irqçi təşkilat olan Amerika Erməniləri Milli Komitəsinin maliyyə təsiri altında olduqlarını dəfələrlə öz əməlləri ilə sübut ediblər.
Bununla belə konqresmenlərin müraciətində diqqətçəkən məqam Dövlət katibinə məktub göndərənlərin sayının Bayden administrasiyası dövrü ilə müqayisədə azalmasıdır. Məsələ ondadır ki, dövlət katibinə bənzər müraciət keçən ilin oktyabrında da qeydə alınıb. O zaman Antoni Blinkenə 60-a yaxın konqresmen məktubla müraciət edərək, Bakıya sanksiya tətbiqini istəmişdi. Bunun ardınca çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev konqresmenlərin məktubunun Dövlət Departamentində yazıldığını bildirərək, atılan addımı sərt tənqid etmişdi.
Prezident İlham Əliyev 2024-cü il oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında bildirmişdi: “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi? Heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?”.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, dostu və düşməni vaxtında və yaxından tanımaq lazımdır.
Azər MUSTAFAYEV