Səfirliyin çölündə və ...içində

post-img

Söhbət hayların baş nazirinin Vaşinqtonda “qarşılanma tamaşası”nın pərdəarxasından gedir

Əslində, Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında müşahidə etdiyimiz mənzərə bu ölkədə yaşayan milyon yarıma qədər hayın siyasi düşüncəsinin, mövqeyinin, eləcə də İrəvanda əyləşmiş iqtidar komandasına münasibətinin bariz təzahürü sayıla bilər.

Məlum aksiyadan gəldiyimiz qənaəti bəri başdan oxucularla bölüşmək istərdik. Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-a səfərinin ilk günü maraqlı məqamları ilə diqqəti cəlb etdi. Bu məqam ABŞ-dakı erməni lobbisinin, diaspor təşkilatlarının Hayastanın indiki hakimiyyətinə münasibətinin özünü fərqli rakurslarla büruzə verməsidir. Paşinyanın Vaşinqtonda ilk baş çəkdiyi məkan, təbii olaraq, Ermənistanın bu ölkədəki səfirliyidir. Amma baş nazirin maşını səfirliyin binası önünə gələndə onu əvvəlcədən hazırlanmış “sürpriz” gözləyirdi. Bu barədə informasiyanı erməni mediası gen-bol tirajlamaqdadır. Hay mediasının yaydığı xəbərləri müşayiət edən videokadrlardan da göründüyü kimi, baş naziri binanın girişində “Daşnaksütyun” partiyasının gənc fəalları qarşılayıblar. Onlar əllərində “Paşinyan Ermənistanı məhv etdi!”, “Paşinyan erməniləri fəlakətə sürüklədi!”, “Paşinyan uğursuzdur!” kimi şüarlar yazılmış plakatlar tutmuş, bir neçəsini səfirliyin divarından asmışdılar.

Hələ səfərə qədər erməni ictimaiyyətinə belə məlumatlar ötürülürdü ki, Vaşinqtondakı erməni icmasının nümayəndələri fevralın 3-nə planlaşdırılan görüşdən imtina ediblər. Yəni, orada Paşinyanla görüşə gələn olmayacaq. Amma səfirliyin daxilində çəkilmiş ikinci videogörüntüdə zalın tam dolduğunu və oraya toplaşmış imkanlı hayların Paşinyanla mehribancasına, səmimi görüşdüklərini aydın şəkildə izləmək mümkün idi.

* * *

“Ermənistanın özü ən yüksək məqsəddir və Ermənistan Respublikasından yüksək milli məqsəd ola bilməz”. Bu sözləri Vaşinqtonda “Save Armenia” təşkilatının üzvləri ilə görüşdə Nikol Paşinyan bəyan edib. Baş nazirin aparatından “Armenpress”ə verilən məlumata görə, görüş zamanı Paşinyan toplantı iştirakçılarını maraqlandıran bir sıra sualları cavablandırıb. O, hazırda Ermənistanda və onun ətrafında cərəyan edən proseslərə, eləcə də cəmiyyətdəki ideoloji dəyişikliklərə toxunub. Baş nazir “real Ermənistan” ideologiyası, balanslaşdırılmış siyasət, Ermənistanın daxili və xarici çağırışları və onlara cavab vermək üçün hökumətin atmağa hazırlaşdığı addımlar barədə də danışıb.

Çıxışında Ermənistanın indi çox mühüm bir mərhələyə qədəm qoyduğunu, faktiki olaraq yol ayrıcının mərkəzində dayandığını və bu çox mühüm, çətin məqamda ölkəni dəstəkləməyin ən düzgün və faydalı yolunu müəyyən etməyin vacibliyini xüsusi qeyd edib. “Siz, əlbəttə, bilirsiniz ki, bizim region bütövlükdə son dərəcə mürəkkəb və dərin tarixi ziddiyyətlərlə doludur. Bu, təbii ki, müasir dövrdə də öz əksini tapır. Amma düşünürəm ki, biz gələcəyə açıq olmalı, real gündəmə diqqət yetirməliyik. Hesab edirəm ki, ən əsası isə bu istiqamətdə çalışmaqdır”.

Ermənistanın Cənubi Qafqazda sülhün bərqərar olması ABŞ-ın yeni siyasi elitası üçün prioritet olacağına ümid etdiyini deyən Paşinyan auditoriyaya maraqlı ritorik sualla müraciət edib: “Əgər siz məndən indiki məqamda ABŞ-ın Ermənistana dəstəyinin ən effektiv yolunun nədən ibarət olduğunu soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhə nail olmaqla bağlı gündəliyin ABŞ siyasi elitasının prioritetləri siyahısına daxil edilməsi olduqca vacib məsələdir”.

* * *

Nikol Paşinyanın siyasi məntiqə, praqmatik mövqeyə söykənən, eyni zamanda, Cənubi Qafqazdakı mövcud reallığı nəzərə almaqla verdiyi bu bəyanat sağlam düşüncənin məhsulu hesab edilə bilər. Amma onun okeanın o tayındakı həmyerlilərinin böyük qisminin daşnak ideologiyası ilə “qidalandırıldıqlarını” da unutmamalıyıq. “Uzaqdan döyüşü asan təsəvvür edən” amerikalı ermənilərin 44 günlük müharibədəki məğlubiyyəti hələ də həzm edə bilmədikləri, revanşist xəyallarla yaşadıqları bizə məlumdur.

Bu barədə XQ-yə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun sözlərinə görə, ABŞ-da formalaşmış erməni təşkilatları “Daşnaksütyun” partiyasının ideoloji xəttinə uyğun hərəkət edirlər: “ABŞ-dakı erməni təşkilatlarının, demək olar ki, hamısı “Daşnaksütyun”un nəzarəti altındadır. Bu təşkilatlar daim Nikol Paşinyanı tənqid edirlər. Elə Vaşinqtondakı səfirliyin qarşısında etiraz aksiyasını onlar təşkil ediblər. Bu gün Amerikada 1,5 milyon erməni yaşayır. Bu kontingentin təxminən 300 mini SSRİ dağılandan sonra ora köçənlərdir. Məhz bu səbəbdən onlar “Daşnaksütyun”un ideoloji təsiri altına düşməyiblər. Aydın məsələdir ki, həmin görüşün təşkilatçısı Ermənistanın Vaşinqtondakı səfirliyi olub. Həmin salona Paşinyana nisbətən loyal münasibət göstərən lobbi və diaspor nümayəndələrini, təbii olaraq, səfirliyin əməkdaşları cəlb ediblər. Hər halda səfirlik bu mövqedə olan yerli erməniləri bir yerə toplamaq iqtidarındadır.

Əlbəttə ki, Pasinyan özünə qarşı etirazları da nəzərə almalı olacaq. Yəni, o, əleyhdarlarının ABŞ-da da ona qarşı işlədiklərini bilməmiş deyil. Reallıq bundan ibarətdir. Bəli, orada fəaliyyət göstərən erməni təşkilatlarının bir qismi Nikol Paşinyanın siyasətini, mövqeyini dəstəkləyir”.

ABŞ-da yaşayan ermənilər qarşısında çıxışında sülh gündəminə toxunan Nikol Paşinyan İrəvanın bölgədə sabitliyin yaranmasında maraqlı olduğunu bildirib: “Mən hesab edirəm ki, insanların azadlığının təmin edilməsinin ən mühüm və etibarlı vasitəsi möhkəm sülhdür. Çünki münaqişə vəziyyəti insanların bütün mövcud hüquqlarının pozulması üçün ən münasib mühitdir. Məhz buna görə biz hazırda sülh gündəliyinə ciddi diqqət yetiririrk. İnanırıq ki, yalnız davamlı sülh, sabitlik, demokratiya və insan hüquqlarının qorunması bizim bölgəmizdə müvafiq atmosferi yarada bilər”.

* * *

Paşinyanın bundan sonra dediklərini Ağ evin yeni administrasiyasına ünvanladığı ismarıc-tezislər kimi səciyyələndirmək mümkündür. Misal üçün, hayların baş naziri Ermənistanın “demokratiyaya can atdığını, onu daha da dərinləşdirməyə və institusionallaşdırmağa çalışdığını” bəyan edərkən nə qədər səmimi olduğunu ölçməkdən ötrü “diplomatik barometrə” ehtiyac duyulur. Ölkəsinin sabit, kənar güclərin siyasi iradəsindən asılı olmamasının vacibliyindən dəm vuran Paşinyan, sanki, son dörd ildə əyləşməyə çalışdığı stulların sayını itirib. Çıxışında “Ermənistanda demokratiya dönməzdir və onu demokratik yoldan döndərmək istəyən qüvvələr üçün yalnız bir alət var – qeyri-sabitlik” deyərkən, hayların baş naziri doğrudanmı, reallığı nəzərə alırdı, yoxsa, bu, onun sözdən o tərəfə adlamayan növbəti riyakar siyasi bəyanatı idi?

Fikrimizcə, Nikol Paşinyanın ABŞ-dakı erməni lobbisinin nümayəndələri qarşısındakı çıxışının ən yaddaqalan hissəsi Ermənistanda baş verən ideoloji dəyişikliklərlə bağlı dedikləri oldu. “Armenpress”in məlumatına görə, baş nazir erməni icması ilə görüşdə belə deyib: “İndi Ermənistanda və onun ətrafında baş verənlər və bunun niyə baş verdiyi barədə söhbət etmək həmişəkindən daha vacibdir. Bəli, Ermənistan Respublikasında ideoloji dəyişikliklər gedir və bu ideoloji dəyişikliklər, ilk növbədə, hakim komandada baş verir. Demək istəyirəm ki, biz eyni dərəcədə həm köhnə, həm də yeni yaranan ideyaların daşıyıcılarıyıq. Bizdən əvvəl Ermənistan hökuməti fərqli ideologiyaya malik idi, amma biz gəlib onu atıb özümüzünküləri qoymuşuq. Fikrimcə, bütün ermənilər bir ideologiyanı ifadə edirlər. Həm müxalifət, həm vətəndaş, həm də hökumət olaraq, biz bunun daşıyıcılarıyıq”, –deyə Paşinyan bunun necə bir ideologiyaolduğunu izah edib.

Yalnız yeni ideologiyanın Ermənistana mövcudolma şansı verdiyini vurğulayan Paşinyan buna 44 günlük müharibədəki məğlubiyyətdən, bunun üzdə və dərində olan səbəblərini təhlil və analiz edərək gəldiklərini bildirib. Onun sözlərinə görə, bu məğlubiyyətdən sağ çıxan Ermənistan müstəqil, suveren dövlət əldə etmək imkanı qazanıb: “Amma heç istəməzdim ki, bu təhlillərdən bizim şəhidlərimizin ruhu incisin. Mən bu mövqe ilə razılaşmıram. Uzun müddət bu barədə düşündüm və əmin oldum ki, həmin qurbanlar Ermənistanın müstəqilliyi və suverenliyi naminədir”.

* * *

Nəhayət, Paşinyanın çıxışının kulminasiyası sayıla biləcək hissəsi. Baş nazir bəyan edib ki, Ermənistanın həyat qabiliyyəti o zaman mümkün olacaq ki, kənardan kömək və müdaxilə olmadan qonşuları ilə rahat yaşaya bilsin: “Məncə, biz regionumuzda və qonşularımız arasında kənar yardım olmadan yaşayacağımız vəziyyəti yaratmalıyıq. Bu o demək deyil ki, bizim müxtəlif geosiyasi mərkəzlərlə müxtəlif ittifaqlar, tərəfdaşlıqlar olmasın. Söhbət ondan gedir ki, biz bölgəmizdə kənardan kömək və kənar müdaxilə olmadan yaşaya bilməyi qarşımıza məqsəd qoymalıyıq. Ona görə də anlayırıq ki, problemlərimizi həll etmək üçün özümüzü birinci amil kimi dərk etməliyik”.

Ola bilsin ki, Paşinyanın sonuncu tezisi diplomatik üsul, siyasi taktikadır. İrəvan gec, ya tez bu qənaətə gəlib çıxacaq. Cənubi Qafqazın gərgin və kritik bölgəyə çevrilməməsi üçün region dövlətləri əlbir olmalı, öz aralarında əməkdaşlıq etməlidirlər. Bakı bunu dörd ildən çoxdur ən yüksək tribunalardan bəyan edir. Tərəflərin mövcud problemlərə müxtəlif prizmadan yanaşmaları ola bilər. Bu, başadüşüləndir. Məqsəd odur ki, fikir ayrılıqları sonda mübahisələrə, münaqişələrə deyil, konsensusa çevrilsin. Bunun üçün Bakının təklif etdiyi “3+3” platforması ən effektiv siyasi müstəvi sayılmalıdır. Amma bu format Cənubi Qafqazı yenidən münaqişə ocağına çevirmək istəyən beynəlxalq güclərin kefinə soğan doğramaqdadır...

İmran BƏDİRXANLI
XQ



Siyasət