Avropa İttifaqının şərti sərhəddəki casus missiyası həddini aşmaqdadır
Avropalı casuslar Azərbaycana hücum planı hazırlayırlar. Avropa İttifaqının monitorinq missiyası Ermənistan silahlı qüvvələrinin döyüş postlarından birbaşa Azərbaycan ərazilərini müşahidə edir və müəyyən qeydiyyatlar aparırlar.
Bəli, kadrlardan göründüyü kimi, Aİ missiyasının kamuflajlı casusları əllərindəki durbinləri Ermənistan ordusunun Zəngilan istiqamətindəki döyüş postlarından Azərbaycan ərazisinə doğru yönəldiblər. Eyni zamanda, missiya üzvləri öz aralarında nəyisə fəal müzakirə edirlər. Onlar əllərini uzadaraq Azərbaycan istiqamətində konkret nöqtələri göstərirlər. Aralarında fransalı jandarmların, alman hərbçilərinin də olduğu avropalı kəşfiyyatçıların Ermənistan ordusunun Azərbaycana hücum planını hazırlaması ehtimalını irəli sürənlər də var.
Deməli, əvvəllər dedikləri kimi, onlar artıq şərti sərhəd boyu gəzintiyə çıxıb, sonra hesabatlarda neçə kilometr yol qət etdiklərini yazmaqla, uzaqdan durbinlə Azərbaycan ərazilərinə baxmaqla kifayətlənmirlər. Gəlib sərhədimizin düz tuşunda dayanıblar.
Aİ-nin Ermənistandakı missiyasının mandatı daha iki il müddətinə uzadılandan sonra onun fəaliyyətində müəyyən canlanma yaranıb. Ermənistanda qalma müddətləri 2027-ci il fevralın 19-dək uzadılan müşahidə missiyasına bu dövr üçün 44 milyon avrodan çox büdcə ayrılıb. Həmin vəsaitin bir qisminin “missiya üzvlərinin zəruri hərbi ləvazimat və cihazlarla təminatına” xərclənəcəyi barədə xəbərləri hay mediası manşetə çıxarmışdır.
Diqqətli oxucularımızın yadında olar. Aİ iki il bundan əvvəl şərti sərhədə göndərdiyi missiyasının fəaliyyətinin regionda sülh və sabitliyin dəstəklənməsi səylərinin mühüm tərkib hissəsi olduğunu bəyan etmişdi. Bu ağ yalanı üfürən missiyanın rəhbərliyi məqsədlərinin yerdəki vəziyyəti müşahidə etmək və hesabat vermək, münaqişədən təsirə məruz qalmış ərazilərdə insanların təhlükəsizliyinə töhfə vermək, Ermənistan və Azərbaycan arasında etimad mühitinin yaradılmasına dəstək olmaq imiş.
“Müşahidə etmək”lə casusluq arasında bərabərlik işarəsi qoyan adı mülki missiyanın, sadəcə, durbinlərlə deyil, artıq hərbi ləvazimatla tam komplektləşdirildiyini açıqlamaqdan çəkinmirlər.
Rəsmi Bakı əvvəlki bəyanat və açıqlamalarında bu təxribatçı missiyanın bölgədə vəziyyəti gərginləşdirməyə xidmət etdiyini və “Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğu”nu dəfələrlər vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev cari il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Aİ-nin missiyasının müddətinin uzadılmasının etimadı möhkəmləndirmədiyini, əksinə, sarsıtdığını vurğulayıb: “Bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər”.
Bəli, fransız və alman jandarm və hərbçiləri artıq şərti sərhəddə özlərini mülki müşahidəçi deyil, “döyüş şəraitinə nəzarət edən” döyüşçülər kimi aparmaqla hətta casusluq fəaliyyətlərinin də həddini aşmaqdadırlar.
Bölgədə süni şəkildə gərginlik yaratmağa xidmət edən Aİ missiyası hazırda açıq-aşkar təxribata yol verir Bu başabəla missiya yəqin iki il əvvəl olduğu kimi indi öz hesabatlarında Azərbaycanı Ermənistana təcavüzə hazırlaşmaqda ittiham edir, bölgədə eskalasiya yaratmaq üçün bütün mümkün variantlardan istifadə etməyə, Bakıya təzyiq göstərməyə çalışır. Binokllu kəşfiyyatçıların separatçılara dəstək vermək kimi məkrli niyyətlərinin olduğu da göz qabağındadır. Əks-təqdirdə, onların daha iki il bölgədə qalmalarının nə mənası vardı?
Əgər fransız jandarmları və istefada olan alman hərbçiləri şərti sərhədin bu üzünə “operativ-taktiki” hücum planını müzakirə edirlərsə, buyurub hərəkətə keçə bilərlər. Gəlsinlər! Bu üzdə onların pişvazına “gül-çiçəklə” çıxarıq. İntəhası, unutmasınlar ki, Azərbaycan Ordusu Aİ-nin casusluq fəaliyyətini yerdən və göydən iyirmi dörd saat diqqətlə izləyir və istənilən təxribatı dəf etməyə, torpağımıza dürtülmək istəyənlərin burnunu ovmağa hər an hazırdır.
İ.HƏSƏNQALA
XQ