Mark ENDEVELD
(əvvəli qəzetin ötən saylarında)
Ancaq onu demək düzgün olmaz ki, Makron masonlarla oturub durur. Əksinə, onun ətrafında masonların sayı o qədər də çox deyil: Jerard Kollomb, Jan-Pol Delovoy, Jan-İv Lö Drian, Rişard Ferrand, Jak Mezar və Fransua Patriat... Vəssalam. Brijit Makron özü də mason şəbəkələri ilə o qədər də tanış deyil. Heç Yelisey sarayının gələcək baş katibi, texnokrat Aleksi Kohlerin də masonlarla əlaqəsi yoxdur. Düzdür, o hərdən kampaniya üzvlərinə məsləhət görür ki, bütün sektorlarla, ocümlədən ənənələrinə, fəlsəfi ideyalarına vərespublikaya olan dəstəklərinə hörmət etdiyimiz masonlarla da iqtisadi sferanın istənilən sahəsində olduğu kimi əlaqə saxlamaq lazımdır...
Ancaq burda da yenə hər şey birdən-birə sürətlənir. Mason qardaşlarından biri Kamiy Desmulan bütün lojalardakı masonları Emmanuel Makronun kampaniyasını tanıyıb qəbul eləməyə çağırır. Grand Orient lojunda, böyük usta Kristof Habas həmkarlarından birinə etiraf edir ki, o, bütün namizədlər arasında Makrona üstünlük verir. Son prezident seçkilərində bu loja – ənənəvi prinsiplərinə sadiq qalaraq – sağçıların bütün namizədlərini (Marin Lö Pen istisna olmaqla) qəbul etmişdi; ancaq heç birinə üstünlük verməmişdi, hamısına qarşı müəyyən bir neytrallıq qoruyub saxlamışdı.
Lakin 2017-ci ildə Grand Orient lojunun bu ənənəvi prinsipi baş tutmadı. Nəyə görə? Birincisi, daxili qeyri-mütəşəkkilliyə görə (masonlardan biri xüsusilə qeyd edir ki, onların kompüteri hakerlər tərəfindən sındırılmışdı); ikincisi, prokurorluğun respublikaçı namizəd Fiyyonla maraqlanmasından narahat olduqlarına görə; üçüncüsü, başqa bir respublikaçı namizədin (Nikola Düpon-Anyan) açıq-aşkar şəkildə ekstremist-sağçılara rəğbət bəslədiyinə görə!
Bundan başqa, digər masonlar prezidentliyə namizəd Jan-Lük Melanşonun da apardığı “solçu populizm” siyasətindən bərk narahatdırlar. Özü mason, üstəlik, dünyəvilik prinsipinin partizanı olsa da, Melanşonun siyasi ideyaları masonların ürəyincə deyil. Qəribə görünsə də, əsasən, sağçıları özündə birləşdirən respublikaçı mason lojalarında – prezidentliyə başqa bir namizədə – Manuel Vallsa daha çox simpatiya olsa da, masonların çoxu, paradoksal olaraq Emmanuel Makronu dəstəkləməyi üstün tutur. Halbuki Makron, nəinki çıxışlarında dünyəvilik prinsipini o qədər də dəstəkləmir, hətta özünü də dünyəvi saymır. Ona görə də dünyəviliyin partizanı Jan-Lüc Melenşona “islamçı solçu” damğası vurub onu itt iham edən adamların Emmanuel Makronu dəstəkləməyindən heç cürə baş çıxarmaq olmur. Masonların Facebook səhifəsində görürük ki, onlar “populizmi” tənqid etsələr də, nə populist Jan-Lük Melanşonun adını çəkirlər, nə də millətçi Marin Lö Penin. O da maraqlıdır ki, prezident seçkilərinin birinci turundan on gün əvvəl, masonların hamısı “Respublika müraciəti” adı altında çap etdikləri çağırışa imza atırlar. Bu müraciətdən görünür ki, onlar “milli eqoizmdən və milli mənsubiyyət impulslarından”, eləcə də “bu köhnə prinsiplərin keçmişdə vurduğu zərərlərin” yenidən peyda olmasından narahatdırlar. Masonlar həmçinin “irqçiliyə, millətçiliyə və başqa millətlərə olan nifrətə” qarşı etiraz səslərini ucaldırlar. Bu müraciət təbii ki, dolayı yolla Xalq Cəbhəsini (Marin Lö Pen) hədəfə alır. “La Croix” qəzeti vasitəsilə bu müraciətə imza atan masonlardan biri əlavə edir ki:
“Biz təkcə Xalq Cəbhəsini hədəfə almırıq, həmçinin sosial hüquqları azaldan başqa hərəkatları, kənar partiyaları da nəzərdə tuturuq”. Ad çəkilməsə də, aydın görünür ki, bu dəfə də LFİ partiyası (Jan-Lük Melanşonun ekstremist solçu partiyası) açıq şəkildə hədəfdədir. “GO” (Grand Orient) loju belə bir təəssürat yaratdı ki, Makrona səs vermək sanki onların qanındadır”, – deyə bu günlərdə bir mason təəssüflə bizə etiraf etdi. İndi o perioddan söhbət düşəndə, hiss olunur ki, Grand Orient loju, ovaxtkı hərəkətindən xəcalət çəkir. Sən demə, ovaxtlar bəzi Paris lojalarında masonlar işdənsonra şam yeməyinə yığışanda, "Hərəkətdə!" hərəkatına maliyyə yardımı göstərmək üçün pul yığırmışlar... (!)
Kampaniyanın sonuna yaxın, Makron masonlara daha tez-tez göz süzdürür – çıxışlarında hər dəfə “sizin dərəcələriniz (lojda) və keyfi yyətləriniz” ifadəsini təkrarlayır. Seçkilərin ikinci turundakı qələbəsindən sonra verdiyi müsahibələrin birində qeyd edir ki: “Əgər bir qadın və ya bir kişi öz dərəcəsində (lojada) və keyfiyyətində mənim layihələrimdə özünü tapırsa və bu layihələrə qoşulursa, buna ancaq sevinmək lazımdır. Onlar (masonlar) sadəcə olaraq nümayiş etdirirlər ki, mən indiki sistemin qaydalarına əməl etməməkdə, standart yollarla getməməkdə haqlı imişəm...”.
Ancaq Makron prezident seçiləndən bir müddət sonra bəzi masonların başına sanki daş düşür, xüsusilə görəndə ki, Makron onların totemini – 1905-ci ildə qəbul olunan dünyəvilik qanununu bir az “tənzimləmək” istəyir. “GO” (Grand Orient) lojunun masonları üçün bu, Makron tərəfindən elan olunmuş bir müharibədir. Beləliklə, Makron ilə masonlar “boşanır”, özü də düşmən kimi.
“Makron hiss edəndə ki, küləyin səmti dəyişir, tez lojaların nümayəndələrini barışıq üçün Yelisey sarayına dəvət edir. “Ancaq bir neçə həftə sonra prezidentin Petan haqqındakı bəyanatları onun üçün, sözün əsl mənasında, ölümcül oldu”, – deyə mason advokat Emmanuel Pierrat inamla təsdiq edir. Sosialist meylli masonların Makronun kölgəsini qılınclamalarına baxmayaraq, sağçılar şəbəkəsindən olan masonlar, xüsusən də GLNF (Fransanın Böyük Milli Loju) Sarkozinin dövründə olduğu kimi biznes sahəsində, eləcə də Afrikada at oynadırlar.
Baş qərargahın sevinci
Makron şəbəkə adamı kimi təsvir olunmağı sevmir. O özünü heç kimə borcu olmayan, heç kimdən kömək almayan, hər şeyi özü edən, qalxdığı zirvəyə tək, yalnız öz enerjisi ilə, öz iradəsi ilə yetişmiş bir adam kimi təqdim etməyə üstünlük verir. 2016-cı ilin yazında prezident Holland ona xatırladanda ki, “yadından çıxarma ki, sən mənim hesabıma bu səviyyəyə qalxmısan, səni mən nazir eləmişəm”, Makron dodağının altında donquldanmışdı ki, “mən sənin şillə vuranın deyiləm...”. Halbuki prezident kürsüsündə əyləşmək üçün o, komandasındakı adamların çoxundan istifadə etdi. Onun Parisin 15-ci rayonunda, Abbe-Qrult küçəsində yerləşən seçki kampaniyasının qərargahında məvacib alan işçilərdən əlavə, sevimli namizədlərini prezident eləmək üçün gecə-gündüz yorulmadan çalışan, pulsuz-parasız işləyən iki yüzə yaxın könüllü vardı.
Makronçuların dilində onlara “helpers” (köməkçilər) deyirdilər. Gənc tələbə və mütəxəssislərdən ibarət olan bu könüllülərin bəziləri, hətta iş yerlərindən ödənişsiz məzuniyyət götürmüşdülər. Onların sayı o qədər çox idi ki, kampaniyanın rəhbərliyi, baş qərargahın təhlükəsizliyini təmin etmək üçün könüllülərə adları və soyadları yazılmış plastik döş nişanları paylamışdı. Elə təhlükəsizlik baxımından hələ yüzlərlə digər könüllüyə –plastik döş nişanları olmadığına görə – başqərargaha giriş qadağan olunmuşdu. “Orada qəribə bir enerji vardı. Baş qərargah arı pətəyinə bənzəyirdi. Təxminən altmış adam üçün nəzərdə tutulan zallarda, adətən 100-150 adam olurdu... Biz hamımız kiçik kompüterlərimizi dizimizin üstünə qoyub saytlarda namizədin təşviqatını aparırdıq...”, – deyə keçmiş könüllülərdən biri ovaxtkı təəssüratlarını bizimlə bölüşdü. Seçicilərə zəng edib onlara namizədi tərifləmək də proqrama daxil idi, eynilə Barak Obamanın kampaniyasında olduğu kimi. Bu dəryada bir damla olsa da, hər halda, xeyri dəyirdi...
Baş qərargahdakı enerji o qədər çox idi ki, bəzən onu cilovlamaqda çətinlik çəkirdilər. Kampaniyanın stresi bəzən qərargahı qabağı alına bilməyən dağ selinə çevirirdi. “Mən heç vaxt bu qədər azğınlıqla aparılan seçki kampaniyası görməmişdim!”, – deyə başqa bir könüllü etiraf edir. Bir az dincəlmək, stresi atmaq üçün könüllülər biznes məktəblərində təşkil olunan bayramlarda olduğu kimi gündə bir neçə dəfə spirtli içkilər qəbul edirlər. Çoxları hələ kokaindən də istifadə edir. Stresi bu minvalla atmaq elə bir yüksək həddə çatır ki, kampaniyanın müdiriyyəti məcbur olub narkotik maddələrin və spirtli içkilərin qəbulunu qərargahda qadağan edir. İş o qədər çoxdur, oqədər güc tələb edir ki, könüllülər yorulanda ya stolların üstündə, ya da altında uzanıb yatırlar. Hələ bu harasıdır? Bu sel kimi coşub-daşan qərargahda, hətta cinsi xəstəliklərdən və arzuolunmaz hamiləlikdən qorunmaq üçün prezervativ paylayan avtomatlar da quraşdırırlar. Belə çıxır ki, istirahət saatlarında, kampaniyanın yataq otağına çevrilmiş bəzi ofislərində, hərdən qrup orgiyaları da təşkil olunurmuş...
Eyni vaxtda bir neçə kampaniya fəaliyyət göstərir – bir rəsmi və bir neçə qeyri-rəsmi. “Hər adama ayrıca tapşırıq verilirdi, hər kəs ayrıca bir iş üçün məsuliyyət daşıyırdı... ancaq onların heç biri qlobal vizyona malik deyildilər...”, – deyə kampaniyanın üzvlərindən biri xatirələrini bizə danışır. Könüllülərlə, həmçinin kampaniyanın bir çox üzvləri ilə 4-cü mərtəbədəki Aleksandr Benalla və Lüdovik Şakerin başçılıq etdiyi təhlükəsizlik xidməti arasında o qədər də yaxın əlaqə yoxdur. Onlarla bir neçə mərtəbə yuxarıda yerləşən mətbuat xidməti arasında da əlaqə azdır. Eynilə Apple və Google arasındakı kimi. Bir-birindən fərqli qruplar olsalar da, ikisi də eyni tədqiqat və inkişaf proqramları icad edir. Burda da eyni namizəd üçün çalışan iki fərqli qrup var. Bu qədər məsuliyyətli və ağır iş görmələrinə baxmayaraq, bu könüllü mütəxəssislərin əksəriyyəti kampaniyadan maaş almır, onların çoxuna sonda heç təşəkkür də edilməyəcək...
(ardı var)