Ermənistan Azərbaycandan Azərbaycana maneəsiz keçidi təmin etməlidir

post-img

Avtomobil tıxacları müasir şəhərlərin problemidir. Tıxaclar təkcə sürücüləri, sərnişinləri narahat etmir, eyni zamanda ekologiyaya, iqtisadiyyata və ümumilikdə həyat keyfiyyətinə mənfi təsir göstərir. Amma onu da qeyd etmək zəruridir ki, tıxaclara yalnız yol-nəqliyyat infrastrukturunun yetərli səviyyədə inkişaf etməməsi səbəb olmur. Avtomobillərin sayının sürətlə artması da şəhərlərdə tıxacların yaranmasına gətirib çıxarır. Yol-nəqliyyat infrastrukturu sürətlə inkişaf edən Azərbaycan paytaxtında da tıxac problemi ciddi müşahidə edilir. Baxmayaraq dövlətimiz bu sahəyə xüsusi diqqət yetirir, müəyyən amillər problemə yeni yanaşma tələb edir. Prezident İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər əminliklə deməyə əsas verir ki, Bakının tıxac problemi də həll olunacaq.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, son otuz ildə nəqliyyat sahəsində həyata keçirilən dövlət siyasəti ölkəmizin sosial-iqtisadi inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına, ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmiş tədbirləri özündə ehtiva edir. Ölkəmizdə nəqliyyat təsərrüfatının daha səmərəli təşkili istiqamətində aparılan işlər nəticəsində yükdaşımaların ümumi həcmi də artır. Ancaq bütün bunlara müsbət faktların olmasına baxmayaraq, müşavirədə dövlət başçımızın dediyi kimi, Bakı şəhərində yenə də tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Prezident İlham Əliyev bunun təbii səbəbləri arasında ölkəmizin, o cümlədən, Bakı şəhərinin əhalisinin ildən-ilə artdığını vurğuladı. Əhali artımının fonunda bir zamanlar yaradılmış şəhər yol infrastrukturu problemin öhdəsindən gələ bilmir.

Əlbəttə, böyük şəhərlərdə tıxacların varlığı ən mürəkkəb problemlərdən biri olaraq qalır və müxtəlif şəhərlər ənənəvi və innovativ yanaşmaları birləşdirərək müxtəlif yollarla bunu həll etməyə çalşırlar. Mütəxəssislərin sözlərinə görə, ən təsirli yollardan biri ictimai nəqliyyat infrastrukturunu təkmilləşdirməkdir ki, insanlar şəxsi avtomobillərdən daha çox ictimai nəqliyyat vasitələrinə üstünlük versinlər. Buraya metro şəbəkəsinin, avtobusların, trolleybusların, tramvayların genişləndirilməsi və rahat keçid qovşaqlarının yaradılması daxildir. Bəzi şəhərlərdə real vaxt rejimində trafiki tənzimləyən ağıllı nəqliyyat sistemləri də tətbiq edilir. Trafik axınını idarə etmək üçün texnologiyadan istifadə, məsələn, trafik sıxlığına əsasən siqnal müddətini dəyişən ağıllı svetoforlar da tıxacın azaldılmasına kömək edir. 

Bəzi şəhərlər öz şəhər mərkəzlərində piyada zonaları yaradır ki, bu da bu ərazilərdə avtomobillərin sayını azaldır. Bu, həmçinin velosiped infrastrukturunun inkişafına təkan verir. Bakı şəhərində bütün bu sadaladıqlarımız var. Ancaq bu bir həqiqətdir ki, Bakıda avtomobil sayı çoxdur. AYNA-nın son məlumatına görə, ölkə üzrə avtomobillərin 45 faizi Bakı və Abşeron qeydiyyatındadır. Bu isə 780 min avtomobil deməkdir. Gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir və həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər. Etiraf etmək lazım gəlir ki, bu qədər axını tənzimləmək üçün yeni yol-nəqliyyat infrastruktur layihələrinin həyata keçirilməsinə böyük ehtiyac var.

Şəhərə də bir orqanizm kimi baxmaq olar və bu bənzətmə bir çox alim, memar və şəhərşünas tərəfindən istifadə olunur. Bu yanaşma şəhərin müxtəlif hissələrinin bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğunu və bütün şəhər "orqanının" ahəngdar fəaliyyətinin saxlanmasının nə qədər vacib olduğunu anlamağa kömək edir. Küçə şəbəkələri, yollar, körpülər, metro - bunların hamısını şəhərin qan damarları kimi qəbul etmək olar. 

Bu "qan damarları"  hərəkəti təmin edir və onların normal fəaliyyəti şəhərin həyatı üçün çox vacibdir. Parklar, yaşıl sahələr və təbii ərazilər şəhərlərin sağlam olmasına, havanın təmizlənməsinə, temperaturun aşağı salınmasına kömək edir və biomüxtəlifliyin mənbəyi kimi xidmət edir. Bunu çirklənmə və ya iqlim dəyişikliyi kimi “xəstəliklərdən” qoruyan orqanizmin immun sistemi ilə müqayisə etmək olar. Amma tıxaclar zamanı zərərli qazların ətraf mühitə vurduğu ziyanı nəzərə alsaq, şəhər “orqanizminin” qorunmasının qarşımızda strateji vəzifə kimi qoyur.

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunan müşavirədə Zəngəzur dəhlizi barədə də qəti mövqeyini bir daha nümayiş etdirdi.  Dövlət başçısı vurğuladı ki, istər beynəlxalq səviyyədə, istərsə də Ermənistanla ikitərəfli təmaslarda Azərbaycan daim bir məsələni vurğulayır: Azərbaycandan Azərbaycana maneəsiz keçid təmin edilməlidir. Azərbaycandan Azərbaycana heç bir yoxlama və maneə olmadan rahat və sərbəst keçid olmalıdır. Ermənistana qarşı heç bir ərazi iddiamızın olmadığını vurğulayan dövlət başçımız diqqətə çatdırdı ki, Ermənistan Azərbaycandan Azərbaycana maneəsiz keçidi təmin etməklə öz öhdəliklərini yerinə yetirməlidir. 

Deputat yekunda qeyd edib ki, bu yanaşmada şəhərin hər bir hissəsinin digərlərindən asılı olduğunu nəzərə almaq vacibdir. Buna görə də şəhərin ahəngdar mövcudluğu və böyüməsi üçün davamlı inkişaf, bütün elementlərin tarazlığı və qarşılıqlı əlaqəsi vacibdir. Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər belə deməyə əsas verir ki, müasir şəhərlərin ağrılı probleminə çevrilmiş tıxac məsələsi qəbul olunacaq və həyata keçiriləcək yeni layihələr sayəsində öz həllini tapacaq.



Siyasət