ATƏT-in Minsk qrupunun “dəfn mərasimi” gecikir

post-img

Deyəsən, onu “balzamlamaq” xülyasına düşənlər var 

Son vaxtlar Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri ilə bağlı süni gündəm yaratmaq cəhdləri müşahidə olunmaqdadır. Bu məqsədlə ortaya atılan məsələlərdən biri də ATƏT-in Minsk qrupunun “dirildilməsidir”. Əlbəttə ki, bunlar səmərəsiz və vaxtı çoxdan ötmüş cəhdlərdir. Bəs reallıq nədən ibarətdir? Bu qurum tam iflasa uğradı, siyasi cəhətdən çökdü. Yəni ATƏT-in Minsk qrupu özünün qürub çağını yaşamaqdadır. 
Onun “siyasi reanimasiya”dan morqa göndərildiyini beynəlxalq təşkilatlar da təsdiqləyirlər. Təkcə azərbaycanlı ekspertlər deyil, dünyanın tanınmış siyasi şərhçiləri, mötəbər araşdırma mərkəzləri də “ATƏT-in Minsk qrupu faktiki yoxdur”, “Minsk qrupu dəfn olundu” rəyi ilə razılaşırlar. Əslində, o, “süni mayalanma” yolu ilə həm də ölü doğulmuş bir təşkilat idi.
Ermənistan rəhbərliyi Bakının tarixin arxivinə göndərdiyi Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 1992-ci ildə yaradılmış Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət göndərilməsi tələbi ilə razılaşıb. Erməni mediasının  verdiyi məlumata görə, bir neçə gün bundan əvvəl baş nazir Nikol Paşinyan rəsmi İrəvanın bu addımı atmağa hazır olduğunu bildirib. Bu zaman Ermənistan hökumətinin başçısı vurğulayıb ki, münaqişə başa çatıb, ona görə də artıq onun həlli üçün yaradılmış beynəlxalq formatın mövcudluğuna ehtiyac yoxdur.
Bura qədər hər şey aydındır. Amma bununla yanaşı, rəsmi İrəvanın mövqeyində aydın olmayan bəzi məqamlar da qalmaqdadır. Xüsusilə, onun Minsk qrupunun buraxılmasını Ermənistan–Azərbaycan sülh danışıqlarının gedişatı ilə əlaqələndirməyə çalışması, yaxud bu qrupunun ləğvi ilə bağlı sülh müqaviləsinin imzalanmasından əvvəl ATƏT-ə müraciət etməyə hazır olub-olmadığı suallar doğurur. Nədənsə Ermənistan xarici işlər nazirliyi bu sualları açıq saxlamağa üstünlük verir. Fəqət, Ermənistanın “Hraparak” qəzeti hökumətdəki mənbələrə istinadən yazır ki, bu yay İrəvan Bakı ilə birlikdə Minsk qrupunun buraxılması tələbi ilə ATƏT-ə rəsmi müraciət etməyə hazırlaşır.
Bu açıqlama Ermənistanda daxili müxalifətin kəskin etirazları ilə baş nazirin üzərinə “hücumlarla” müşayiət olunur. Paşinyan hökumətinin yürütdüyü xarici siyasəti, onun Avropaya inteqrasiya kursunu tənqid edən baş nazirin keçmiş silahdaşı, xüsusi tapşırıqlar üzrə sabiq səfiri, hazırda “Çiçəklənən Ermənistan” Partiyasının lideri Edmon Marukyan Minsk qrupunun buraxılmasını “son dərəcə təhlükəli” presedent adlandırıb.
E.Marukyan hesab edir ki, “Minsk qrupunun buraxılması son nəticədə Ermənistanın mahiyyət etibarı ilə işğalçı kimi tanınmasına gətirib çıxaracaq”. Onun fikrincə,  Azərbaycan “faşist və işğalçı dövlət olduğumuzu və keçmişimizi yaxşı bildiyini nəzərə alaraq  diqqətli olmalıyıq” fikrini təbliğ edir. Guya, Minsk qrupu dünyanı “Ermənistan işğalçıdır” deməkdən çəkindirən beynəlxalq hüquqi formatdır.
* * *
“Söhbət ondan gedirdi ki, münaqişə var və onu həll etmək üçün Minsk qrupu yaradılıb. Amma Bakı münaqişənin bitdiyini iddia edir və qrupun buraxılmasını irəli sürür. Baş nazirimiz də bunu təsdiqləyir” – deyən erməni siyasətçi hesab edir ki, ATƏT-in Minsk qrupu fəaliyyət göstərməsə də, gələcəkdə onun Ermənistana “faydası dəyə bilər”. Bunları erməni ictimaiyyətinə “üfürən” Marukyanın fikrincə, qrupun ləğvindən yalnız Azərbaycan qazanır. Ermənistan isə bunun əvəzində heç nə almadan onun ləğvi ilə razılaşır. Onu da qeyd etməliyik ki, Hayastanın siyasi dairələrində Edmon Marukyanın fikrini bölüşənlər az deyil. Müxalifət düşərgəsində belə fikirlər səslənir. Paşinyan hakimiyyətinin əleyhdarları sülh sazişi imzalanana qədər qrupun, ən azı, formal mövcudluğunu qorumağa çağırırlar. Açığını deyək ki, əvvəllər Ermənistan rəhbərliyi də bu mövqedən çıxış edirdi. Amma rəsmi İrəvan Bakının təzyiqi ilə Minsk qrupunun buraxılmasına razılığını bildirdi. Beləliklə, 2020-ci ilin noyabrından sonra çıxılmaz “siyasi komaya” düşmüş ATƏT-in Minsk qrupunun “kəfənlənməsi” üçün ciddi maneə qalmayıb. Çox güman ki, yaxın aylarda Ermənistan rəhbərliyi Bakının tələbini yerinə yetirəcək. Hərçənd “utilizasiya” prosesinin nə qədər davam edəcəyini söyləmək çətindir.
Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiya da həmsədrlər formatının əhəmiyyətini itirdiyini və aradan qaldırılmalı olduğunu bildirib. Digər həmsədrlərin mövqeyi isə hələlik qeyri-müəyyən olaraq qalır. Moskva səfəri zamanı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın digər məsələlərlə yanaşı, Minsk qrupunun buraxılması məsələsini də müzakirə edəcəyi gözlənilirdi. Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirmişdi. Amma Moskvada bu barədə aydın və konkret heç nə deyilmədi. 
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov XQ-yə açıqlamasında bildirdi ki, Paşinyan komandasından uzaqlaşdırılan Edmon Marukyan siyasi cəhətdən dayaz bir siyasətçidir: “Onun ATƏT-in Minsk qrupu barədə dedikləri reallıqdan uzaqdır. Paşinyan 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatını imzalamaqla Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını boynuna götürmüş oldu. Rəsmi İrəvan ondan sonrakı açıqlama, bəyanat və hərəkətləri ilə torpaqlarımızın Ermənistan ordusu tərəfindən işğalını təsdiqlədi. İndi Minsk qrupunun varlığı, yaxud yoxluğu bu real-
lığı dəyişə bilməz. Bu qrup o zaman nə üçün yaradılmışdı? Qarabağın statusunun müəyyən edilməsindən ötrü Minsk konfransı təşkil edilsin. Yəni bir növ, münaqişənin müharibə mərhələsinə gedib çıxmasını önləmək, məsələni danışıqlar yolu ilə həll etmək məqsədini daşıyırdı. Amma Ermənistan Qarabağdan savayı yeddi rayonumuzu da işğal etmişdi. Təbii ki, belə bir şəraitdə hansısa sülh konfransının təşkil olunmasından söhbət gedə bilməzdi. Çünki işğalın nəticələrinin aradan qaldırılması istiqamətində Minsk qrupu yarım addım da atmadı”. 
İrəvanın BMT-nin 4 qətnaməsini icra etmədiyinə, bu qrupun həmsədrlərinin isə münaqişənin nəticələrinin dondurulması ilə məşğul olduğuna diqqət çəkən politoloq vurğuladı ki, onların niyyəti Laçın daxil olmaqla Qarabağı ermənilərə peşkəş etmək idi: “Xeyr, bu, baş tutmadı. Azərbaycan Ermənistan ordusunun tör-töküntüsünü öz ərazisindən süpürüb atdı. Daha nə “Dağlıq Qarabağ” adlı qurum, nə də burada erməni qalıb. Bu halda ATƏT-in Minsk qrupunun işi nədən ibarət olmalıdır? Onun yerinə yetirməli olduğu heç bir funksiyası qalmayıb. Bu səbəbdən rəsmi Bakı deyir ki, bitmiş məsələ ilə məşğul olan hansısa qurumun saxlanması, ona büdcədən vəsait ayırılması beynəlxalq hüquqa ziddir. Əgər İrəvan bu qrupun qalmasında maraqlıdırsa, deməli, yenə torpaqlatrımıza göz dikib. Minsk qrupunun ləğvi artıq gündəlikdədir və ondan qaçmaq mümkün olmayacaq. Marukyanın açıqlamasının çəkisi isə sıfıra bərabərdir”.      
* * * 
Yenidən münaqişənin keçmişinə qayıdaraq bir məqamı oxucuların diqqətinə çatdırmağı zəruri sayırıq. Ermənistanın təcavüzkar siyasətini davam etdirməsinə, məlum qətnamələri yerinə yetirməməsinə görə bu ölkəyə qarşı sanksiya tətbiq edilməsi imkanları olsa da, belə bir təşəbbüs irəli sürülmədi. Bu zaman ATƏT ya siyasi susqunluq nümayiş etdirdi, ya da formal bəyanatlar verməklə kifayətləndi. Əlbəttə ki, bu, ikili standartlar siyasətinin və selektiv yanaşmanın bariz nümunəsi idi. Axı, dünya təcrübəsində müxtəlif ölkələrə qarşı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin dərhal və qeyd-şərtsiz icrasına dair kifayət qədər nümunələr var. Məsələn, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum çəkərək onu işğal etmişdi. BMT 7 ay davam edən işğala görə İraqa qarşı sanksiyalar tətbiq etdi, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq, 1991-ci ilin fevralında “Səhrada tufan” əməliyyatına başladılar.
“Minsk qrupunun varlığı Ermənistan siyasi elitası üçün müəyyən dərəcədə müzakirə predmetinə çevrilib. Müxalifət hesab edir ki, bu qrup ləğv olunarsa bunu Paşinyanın növbəti səhvi və məğlubiyyəti kimi dəyərləndirmək lazımdır”.        Bu fikirləri Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov mövzu ilə bağlı qəzetimizə danışarkən dedi. Politoloq hesab edir ki, Rusiya Minsk qrupunun həmsədr ölkəsi kimi buna razılığını bildirib: “Deməli, ortada ABŞ və Fransa qalır. Ağ Evin yeni administrasiyasının Cənubi Qafqazla, o cümlədən Ermənistanla bağlı siyasi kursu hələ məlum deyil. Fransa Minsk qrupu olmadan da Ermənistanın yanındadır və bunu açıq nümayiş etdirir. Mövcud durumda belə bir qənaətə gəlmək mümkündür ki, məlum qrupun ləğvi məsələsi Ermənistan iqtidarı və müxalifəti arasında ona görə dartışılır ki, müxalifət bu mövzunu Paşinyanı tənqid alətinə çevirib. Fəqət onu da qeyd etməliyik ki, əslində, bu məsələdə Ermənistan baş naziri konkret qərara gəlməyib. Doğrudur, Paşinyan Bakının mövqeyi ilə razılaşır və ATƏT-in Minsk qrupuna artıq ehtiyac qalmadığını bəyan edib. İntəhası, bununla yanaşı, bəzi şərtləri irəli sürür. Guya, bu məsələ sülh danışıqlarının nəticəsindən asılı olaraq həll edilməlidir. Eləcə də digər “daha vacib” məsələlərdən sonra baxıla bilər. Dediyimiz kimi, bu məsələyə yanaşmada rəsmi İrəvanın mövqeyi tam aydın deyil.
Təbii ki, Bakı tutduğu siyasi kursu davam etdirəcək. Çünki mövqeyimiz və kursumuz kifayət qədər sağlamdır. 30 ilə yaxın Qarabağ münaqişəsini həll edə bilməyən bu qrupun bundan sonra rolu nədən ibarət olmalıdır? Düşünürük ki, həmsədrliyin formal mövcudluğu nə Ermənistana lazımdır, nə də Azərbaycana”. 
Beləliklə, ictimai-siyasi ömrünü başa vurmuş, “istismar müddəti” qurtarmış ATƏT-in Minsk qrupunun, sadəcə olaraq, “dəfn mərasimi”nin təşkilinə ehtiyac duyulur. Yoxsa, ermənipərəst “kollektiv Qərb” onu da Lenin kimi balzamlayıb sax-
lamaq fikrindədir?  

İmran BƏDİRXANLI 
XQ





Siyasət