“Qafqaz uğrunda döyüş” açıq fazaya keçir

post-img

Əvvəl Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsi, indi isə ABŞ – Ermənistan strateji tərəfdaşlıq xartiyası. Bu iki məsələ sual yaradır: Rəsmi İrəvan təmsil olunduğu və Rusiyanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalacaqmı? Axı, bir əldə iki qarpız tutmaq qeyri-mümkündür. 
Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin sonunda “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində Ermənistanın KTMT ilə bağlı son addımlarına toxunaraq demişdi ki, rəsmi İrəvan qurumdan de-fakto çıxıb. “Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi onlar çıxacaqlar”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hara getdiyi, yəni Qərbə doğru istiqamət götürdüyü aydındır. Ən başlıcası isə Prezident Əliyev fikrini “Qafqaz uğrunda döyüş” məntiqi ilə əsaslandırıb. 
Bəli, əminliklə demək olar ki, ABŞ – Ermənistan strateji tərəfdaşlıq xartiyası Qafqaz uğrunda döyüşün açıq fazaya qədəm qoymasının ilk nişanəsidir. Bu döyüş, eyni zamanda, həm sözügedən xartiya, həm də Avropa İttifaqına qoşulma ilə bağlı qanun layihəsi, İrəvanın KTMT-dən və Aİİ-dən rəsmən uzaqlaşmasının yalnız an məsələsi olduğunun təsdiqidir. 
Onu da deyək ki, Moskvada Ermənistanın Aİ-yə qoşulma prosesinə başlamaq qərarını ölkənin Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirirlər. TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib. “Onlar (Ermənistan – red.) Aİİ-dən çıxmağı planlaşdırmadıqlarını deyirlər. Bəs indiki vəziyyətin özəlliyi nədir? Uzun müddətdir ki, Ermənistanın Aİ-yə yaxınlaşması ilə bağlı danışıqlar gedir, müzakirələr aparılırdı. Lakin 2025-ci il yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlandığını elan edən qanun layihəsini dəstəkləyərək əhəmiyyətli hüquqi addım atıb. Vəziyyətin özəlliyi də budur. Bu, Ermənistan hökumətinin qərarı idi və biz bunu Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk”, – deyən Overçuk mövqeyinə aydınlıq gətirib.
Rusiya baş nazirinin müavini, həmçinin bildirib ki, növbə Ermənistan hökumətinindir. Rəsmi İrəvan isə ya belə bir məsələnin ölkənin gündəmində olmadığını, ya Aİİ-dən çıxmaq istəmədiklərini və ya planlaşdırmadıqlarını, ya da onlar üçün harada daha yaxşı olacağını dəyərləndirəcəklərini iddia edirlər: “Vəziyyətin necə inkişaf edəcəyini görəcəyik”. 
Ancaq A.Overçuk xəbərdarlığından da qalmayıb. Məsələn, o, Ermənistanın Aİ-yə can atması fonunda belə bir fikir səsləndirib: “Təəssüflər olsun ki, artıq keçən il biz görməyə başladıq ki, Aİ-yə üzvlüklə bağlı müzakirələrin təsiri altında Rusiya biznesi Ermənistanla iqtisadi əlaqələri saxlamaq və inkişaf etdirmək üçün daha ehtiyatlı davranmağa başlayıb. Gördük ki, bir sıra sahələrdə biznes fəallığı azalmağa doğru gedib”.
Əlbəttə, tam mənada demək olmaz ki, Rusiya biznesinin Ermənistanda zəifləməsi durumunu doğuran Moskvanın, yoxsa İrəvanın iradəsidir. Hər halda, birincinin belə tezlikdə yolları ayrımaq və təzyiq vasitələrini işə salmaq niyyətinin mövcudluğu bir qədər real görünmür. Digər tərəfdən, Rusiya Ermənistana təsir göstərmək qərarına gəlsə, daha çox özündəki erməni biznesini sıxar. O biznesi ki, Ermənistan ondan asılıdır. 
İndiki durumda baş nazir Nikol Paşinyan iqtidarının Ermənistandakı rus biznesinə qarşı müəyyən tədbirlər görə biləcəyini düşünmək yerinə düşər. Hərçənd, demək olmaz ki, bu tədbirlər kəsərli ­xarakter daşıyacaq. Çünki İrəvana birdən-birə malik olduğu təminat vasitələrindən imtina etmək lazımsızdır. Rusiya biznesini sıxışdırmaq daha çox Qərbə göstərmək xatirinə edilmiş xırda və əhəmiyyətsiz gedişlərdir. 
Qərbə iqtisadi baxımdan bağlanmaq alınsa və bu bağlantının əsaslı dividendləri nəzərə çarpsa, heç şübhəsiz, Ermənistan Rusiya ilə bağlı hər şeydən, o cümlədən, rus biznesindən birdəfəlik “boşanma” yolunu tutacaq. İndiki vəziyyət ər evindən küsmüş gəlinin durumunu xatırladır. Ər evi elə zənn edir ki, gəlin qayıdacaq. Gəlin isə bu düşüncədədir ki, yaxşı adaxlı tapsa, yoluna onunla davam edəcək. Bir sözlə, ortada son dərəcə miskin durum var.
***
Əslində, Ermənistan – KTMT münasibətlərinin miskin mənzərədəki payı daha böyükdür. Məsələ ondadır ki, Paşinyan iqtidarı Aİİ ilə yollarını ayırmaq barədə söz açmadığı halda, KTMT müstəvisində bununla əlaqədar açıq fikirlər səsləndirir. Baş nazir özü bildirib ki, ölkəsi qurumdakı fəaliyyətini dondurub. Səbəb KTMT-nin “Azərbaycanın işğalına” siyasi qiymət verməməsi, Ermənistandakı təsir zonasını müəyyənləşdirməməsidir. 
Bəli, məhz bunları bəhanə edən İrəvan sözügedən qurumdan çıxmaqla bağlı iddialar səsləndirir. ABŞ-nin Ermənistan üçün “boşanma” təlimatına gəlincə, bu baxımdan Vaşinqtonla İrəvan arasında imzalanmış strateji əməkdaşlıq xartiyası əsas rol oynaya bilər. Nəzərə alaq ki, xartiyada başlıca vurğu hərbi əməkdaşlıq, daha doğrusu, hərbi müttəfiqlik üzərindədir. Yəni, Ermənistan rəsmən ABŞ-nin Cənubi Qafqazdakı hərbi müttəfiqinə çevrilir. Belə bir durumda İrəvanın KTMT-dəki təmsilçiliyi nonsensdir. Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, hazırda “Vətən” Partiyasının sədri olan Artur Vanetsyan da vurğulayıb: “Janrın qaydalarına görə, Nikol Paşinyan tezliklə Ermənistanın KTMT-dən çıxdığını elan edəcək. Öz növbəsində Rusiya mahiyyətcə bildirdi ki, Ermənistanın gündəliyində Avropa İttifaqına üzvlük məsələsi ola və eyni zamanda, Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qala bilməz. Aydındır ki, Nikol Paşinyanın xarici siyasəti ölkəmizə yeni fəlakət təhlükəsi yaradan avantüra çərçivəsində davam edir. İstənilən hökumət qərarı vətənin mənafeyinə və bu qərarın nəticələrinə və nəticələrinin diqqətlə hesablanmasına əsaslanmalıdır. Bu işdə başqalarının maraqlarından irəli gələn tələskənlik göz qabağındadır. Bu, o deməkdir ki, istisnasız olaraq hamımızın əziyyət çəkəcəyi ciddi nəticələr ola bilər”.
Bəli, Aİ-yə üzvlük və ABŞ ilə strateji müttəfiqlik Ermənistan üçün ciddi nəticələr doğura bilər. Nəzərə alaq ki, bütün bunlar Prezident İlham Əliyevin haqqında söz açdığı “Qafqaz uğrunda döyüş” mövzusunun aktuallığı şəraitində baş verir. Maraq və mənafe döyüşü, bir qayda olaraq, amansız və güzəştsizdir. Paşinyan iqtidarının isə özünü balaca uşaq kimi apardığı, Ermənistanın real müstəqil dövlət maraqlarını nəzərə almadığı ortadadır. 

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət