“Zəngəzur dəhlizi  açılmalıdır və açılacaqdır”

post-img

Prezident İlham Əliyevin strateji hədəf prinsipiallığına baxış

“Dünya heç vaxt belə qalmayacaq, dünyada hər şey dəyişir. XX əsrin sonu, XXI əsrin ilk illəri bunu sübut edir və göstərir ki, dünyada çox böyük dəyişikliklər gedir. Bəli, heç bir şey bir yerdə durmur. Heç bir şey olduğu kimi qalmır. Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm”. 

Yazımıza ümummilli lider Heydər Əliyevin 13 sentyabr 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ermənistan Respublikasından olan qaçqınlar və Xocalıdan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin açılış mərasimində böyük uzaqgörənliklə səsləndirdiyi fikirlərlə başlamağımız təsadüfi deyil. Bunun səbəbinə sonda aydınlıq gətirəcəyik.

Hələlik onu bildirək ki, Prezident 
İlham Əliyevin bu il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi və cəmiyyətimizdə qətiyyət manifesti kimi qəbul edilən müsahibədə toxunduğu vacib mövzulardan biri də Zəngəzur dəhlizi idi. Hətta, Zəngəzur dəhlizinə ən vacib mövzu da deyə bilərik. Bu səbəbdən onun üzərində xüsusi dayanmağa ehtiyac duyuruq. Həm də ona görə ehtiyac duyuruq ki, Zəngəzur dəhlizi, mahiyyətcə, Qərbi Azərbaycana qayıdış ruhumuzun başlanğıc nöqtəsidir. Yeri gəlmişkən, dövlətimizin başçısı müsahibəsində qayıdış məsələsinə də geniş və dolğun münasibətini açıqladı.

Zəngəzur dəhlizi məsələsi 44 günlük müharibənin yekunlarını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli Bəyanatın doğurduğu reallıqdır. Yada salaq ki, dövlətimizin başçısı həmin gün xalqa müraciətində sənədlə bağlı təfərrüatları açıqladıqdan sonra, ölkəmizin savaşdan qazandığı ən böyük nailiyyətinin Naxçıvana yol olduğunu xüsusi vurğulamışdı: “Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, - çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, - faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi”. 

Azərbaycan və Rusiya liderləri ilə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanın imzasının yer aldığı 10 noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu bəndində göstərilir ki, “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Əlbəttə, üçtərəfli bəyanatda Naxçıvana yol Zəngəzur dəhlizi kimi dəyər qazanmır və bu, müəyyən mənada təbiidir. Zəngəzur dəhlizi ifadəsini siyasi leksikona Prezident İlham Əliyev daxil edib. Dövlətimizin başçısı ötən müddətdəki bir sıra müsahibələrində və açıqlamalarında məsələnin həm Azərbaycan, həm region, həm də bütövlükdə, dünya üçün əhəmiyyətini kifayət qədər ciddi arqumentləşdirib. Ölkəmizin lideri, eyni zamanda, Ermənistan rəhbərliyinin anti-Azərbaycan mövqeyi fonunda Zəngəzur dəhlizinə zidd yanaşmalarına münasibətdə də sərt fikirlər səsləndirib. Məsələn, Prezident Əliyev 2021-ci ildə bildirib: “Zəngəzur dəhlizini biz icra edəcəyik. Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik. İstəməsə də, zorla həll edəcəyik. Necə ki, mən demişdim müharibədən əvvəl və müharibə dövründə ki, öz xoşunuzla rədd olun bizim torpağımızdan, yoxsa zorla sizi çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun çəkilişi, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər edilib ki, bu layihə icra edilsin və beləliklə 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura Azərbaycan xalqı qayıdacaqdır”.

Bir daha deyək ki, dövlətimizin başçısının Zəngəzur dəhlizi ilə bağlı güc ritorikasından söz açmasına əsas verən haqqında söz açdığımız və 9-cu bəndini diqqətə çatdırdığımız üçtərəfli bəyanatdır. Nəzərə alaq ki, bu sənəd məğlub Ermənistanın kapitulyasiya aktıdır. Sənədin Naxçıvana yol seqmenti habelə İrəvanın otuz ilə yaxın davam etdirdiyi işğalçılığın, xalqımıza və ölkəmizə vurduğu böyük ziyanın təzminatıdır. 

***

Naxçıvana yolun Azərbaycan üçün prioritetlik dərəcəsi həmişə aktual olub. Yəni, məsələ 44 günlük müharibədən əvvəl də strateji mahiyyət daşıyıb. Fikrimizin təsdiqi üçün 2015-ci ilə qısa ekskurs edək və bildirək ki, Prezident İlham Əliyev həmin il fevralın 7-də 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə – Avropada həll olunmamış münaqişələr” mövzusunda keçirilmiş panel müzakirə zamanı torpaqlarımızın işğaldan azad olunmasının zəruriliyindən söz açmış və demişdi: “Beləliklə, danışıqlar prosesini davam etdirəcəyimizi nəzərə alaraq bu ətraf rayonların bir qisminin geri qaytarılmasına başlanılması mənzərəni dərhal dəyişəcək, hərbi əməliyyatlar dərhal dayanacaq, atəşkəs rejiminə tam riayət olunacaq. Biz artıq Azərbaycan ilə Ermənistan arasında bütün kommunikasiyaların açılacağına dair təklif irəli sürmüşük. Beləliklə, Ermənistanın bizim ərazimizdən dəmir yolu vasitəsilə Rusiyaya çıxışı olacaq. Həmçinin Türkiyə də Ermənistan ilə bütün kommunikasiyalarını açacaq. Beləliklə, biz hərbi əməliyyatların başlanması ilə əlaqədar istənilən potensial riskləri aradan qaldırmış olacağıq və etimad qurmağa başlayacağıq”.

Nəzərə alaq ki, hazırda regional kommunikasiyaların açılmasındakı başlıca halqa məhz Naxçıvana yoldur. Əlbəttə, 2015-ci ildə də Ermənistan Azərbaycanın təklifini qəbul etməmişdi, indi də müharibə məğlubu olmasına baxmayaraq, yenə köhnə “ampluasındadır”. N.Paşinyan üçtərəfli bəyanatı Ermənistanın 44 günlük müharibədəki məğlubiyyətini təsdiqləyən sənəd kimi görmədiyini açıqlayıb. Ölkəmizin isə tələbi kifayət qədər aydındır: Naxçıvana yol maneəsiz olmalıdır. Yəni, orada hansısa gömrük və sərhəd nəzarəti 
qəbulolunmazdır. Ona görə ki, bu yolun Zəngəzur dəhlizi məntiqi, eyni zamanda, qlobal Orta dəhliz layihəsinin tərkib hissəsidir. O layihənin ki, Cənubi Qafqaz müstəvisində ona cavabdeh tərəf Azərbaycandır. 

Ölkəmiz böyük kommunikasiya habında Ermənistanı hansısa söz sahibi kimi tanımır. Çünki bu tanıma gələcək üçün böyük riskdir. Heç kəs təminat verə bilməz ki, İrəvan qlobal layihənin işini pozmaq istiqamətində hansısa addımlar atmayacaq. Ermənistanın işğalçı keçmişi var və özünə bəraət qazandırmaq üçün əməli addım atmayıb, səmimi davranmayıb. 

Əsas məqamlardan biri də budur ki, Paşinyan iqtidarı 44 günlük müharibədən sonra Zəngəzur dəhlizi ideyasına qarşı “Dünyanın kəsişməsi” avantürasını irəli sürüb. Yəni, Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı üçtərəfli bəyanatı deyil, məhz bu avantüranı əsas götürməkdədir. Başlıca məqsəd bəllidir. Ölkə regionda açar fiqura çevrilmək iddiasındadır və xaricdəki havadarları mövcud istiqamətdə ona dəstəklərini əsirgəmirlər. Daha böyük məqsəd isə aydındır – 44 günlük müharibədən sonra tarixin zibilliyinə atılmış erməni məsələsini yenidən dirçəltmək, Ermənistandan region dövlətlərinə təzyiq vasitəsi kimi yararlanmaq. 

***

Bəli, Azərbaycan Zəngəzur dəhlizi ideyasının gerçəkləşməsində israrlıdır. Prezident İlham Əliyev müsahibəsində bildirib: “Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın!”.

Göründüyü kimi, dövlətimizin başçısı fikirləri ilə Zəngəzur dəhlizi məsələsini, eyni zamanda, Azərbaycan və Ermənistan arasındakı sülhün başlıca komponenti elan etdi. Bu, son dərəcə ciddi mesajdır. Ona da diqqət yetirək:  Prezident dəhliz məsələsinin üzərinə konkret hansı sualı cavablandırarkən gəldi? 

Ölkəmizin lideri Ermənistan tərəfindən artan təhdidlərə, təxribatlara, atəşkəsin pozulması hallarına münasibət əsnasında bildirdi ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir: “Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar”. 

Ermənistana havadarlarının göstərdikləri yardımlar üzərində dayanan dövlətimizin başçısı onu da bildirdi ki, ölkənin silahlanması yeni gərginliyə gətirib çıxaracaq. Prezident Əliyev, həmçinin bu silahlanmanın anti-sülh ovqatı yaratdığına diqqət çəkərək, Ermənistanın faşizm dövləti mahiyyətinin üzərində dayandı, fikrini çoxsaylı arqumentlərlə, o cümlədən, ölkənin birinci prezidentinin irqçi açıqlamalarını yada salmaqla əsaslandırdı.

Ölkəmizin lideri bildirdi ki, Ermənistanda etnik təmizləmənin qürur mənbəyi kimi qələmə verilməsi halları qalmaqdadır. Dövlətimizin başçısının fikirlərindən gəlinən qənaət budur ki, hazırda erməni revanşizmi məhz qeyd etdiyimiz tendensiyadan qidalanmaqdadır:  “Yəni, bu (faşist) ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.

Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı mövzunun üzərinə gələrkən, habelə, ölkəmizin sülh mqaviləsi ilə bağlı ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasının dəyişdirilməsi tələblərindən söz açdı, “əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik” fikrini səsləndirməklə ermənipərəstlərin, xüsusən Fransanın səylərinin mənasızlığını, ABŞ-da Soros dövrünün başa çatdığını, Yaxın Şərqdə Ermənistanın yaxın müttəfiqi olan Əsəd diktaturasının artıq tarixin zibilliyinə göndərildiyini xatırlatdı və rəsmi İrəvana hər şeyi, dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməyi, düzgün addımlar atmağı məsləhət gördü. Dövlətimizin başçısı paralel şəkildə Azərbaycanın Ermənistan üçün təhlükə mənbəyi olmadığına əminlik yaratdı. 

Bütün bunlardan sonra deyə bilərik ki, Prezident Əliyevin yuxarıdakı sitatda diqqətə çatdırdığımız fikri gündəmə gətirməsində, xüsusən, Zəngəzur dəhlizinin Ermənistanın suverenliyinə maneçilik törətmədiyini açıqlamasında dərin məntiq var. Ölkəmizin liderinin güc amilinin başlıca mahiyyət daşıdığını vurğulamasında da həmçinin. 

***

İndi isə yazımıza nə üçün ulu öndər Heydər Əliyevin 2002-ci ildəki çıxışından iqtibasla başlamağımıza aydınlıq gətirək. Tam aydındır ki, güc haqqa və ədalətə əsaslanmalıdır. Naxçıvana yolun Ermənistanın otuz illik işğalının təzminatı olduğunu bildirdik və xatırlatdıq ki, haqqımız 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda əksini tapıb. Ancaq mövcud trayektoriyada ilahi ədalət payı da var. Hesab edirik ki, Prezident İlham Əliyev müsahibəsində Qərbi Azərbaycanla bağlı sualı həm də ədalət prizmasından cavablandırdı. 

Dövlətimizin başçısı 2015-ci ildə regional kommunikasiyaların açılması məsələsində Naxçıvana yolu strateji hədəf kimi vurğuladığı, onu regional sülhün başlıca komponenti elan etdiyi kimi, hazırda Qərbi Azərbaycan məsələsinə də eyni vaciblik mahiyyəti üzrə yanaşıb: “Təbii ki, Qarabağın işğalı dövründə biz bu məsələ ilə fəal məşğul ola bilməzdik. Halbuki hələ 10 il bundan əvvəl mən bu mövzunu artıq siyasi gündəliyə gətirmiş oldum və mənim tövsiyəmlə o vaxt Azərbaycan alimləri elmi əsərlər yaratmağa başlamışlar. İrəvan xanlığı haqqında böyük elmi əsər yaradılmışdır və Qərbi azərbaycanlıların keçmişdəki yaşayışı, orada məskunlaşması, tarixi xəritələrin çap etdirilməsi. Bütün bunları biz o vaxt da elə görürdük, çünki bu, bizim haqlı istəyimiz idi. Amma yenə də deyirəm, hər şeyin ardıcıllığı var və sıra artıq gəlib çatıb ki, biz bu məsələ ilə bağlı daha ciddi məşğul olmağa başlamışıq”.

Bəli, tam qətiyyətlə bildirmək olar ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı suala cavabında qaldırdığı məsələlər Zəngəzur dəhlizi ideyasının reallaşmasının ədalət prezumpsiyasıdır. Çünki tarixi faktlar danılmazıdır. Dövlətimizin başçısı müsahibəsində onları qətiyyətlə açıqladı: “Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da Rusiya imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi. Biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləşdirildi. Ondan iki il əvvəl, əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana bağışladı və ondan sonrakı dövrdə xalqımız nə qədər əzab-əziyyət çəkib. Ona görə vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazım olmayacaq. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni, bizim tələbimiz bundan ibarətdir və mən ümid edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar”.

Əminliklə vurğulaya bilərik ki, tarixi keçmişimizə bağlılıq, onu yaşatmaq və ona sahiblənmək əzmi baxımından nümunəvilik Azərbaycan dövlətinin fəaliyyət dəst-xəttindəki başlıca meyardır. Haqq–ədalətdən söz düşmüşkən isə onu da bildirməliyik ki, üzləşdiyimiz fəlakətlərdə, o cümlədən, soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınmasında həm toplum olaraq özümüz təqsirkarıq, həm də bizi bu bəlalara mübtəla edənlər məsuliyyət daşıyırlar. Ancaq, böyük ölçüdə, kimdəsə, yaxud kimlərdəsə günah axtarmaq niyyətindən uzağıq. Prezident İlham Əliyev ötən ilin oktyabrında dahi el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında bildirmişdi ki, ədaləti bərpa etmək öz işimiz olmalıdır, “heç kim bizim əvəzimizə ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır”. 

Sonda bir daha bildirək ki, Zəngəzur dəhlizi təşəbbüsü Qərbi Azərbaycana qayıdış ruhumuzun ilk prinsipiallıq meyarı kimi çıxış etməkdədir. Prinsiplərimizə isə hər zaman sadiqik. Prezident İlham Əliyevin müsahibəsində mövzuya dair səsləndirdiyi fikirlər həm də bu sadiqliyin yenidən, özü də uca səslə bəyan edilməsi idi. Zəngəzur dəhlizi və Qərbi Azərbaycana qayıdış dəyişən dünyadan haqq və ədalət nəsibimiz olacaq və buna heç bir şübhə yoxdur.

Əvəz CAHANGİROĞLU
XQ

 





Siyasət