8432 saylı reysin faciəli aqibətinin səbəbləri və digər suallar cavabını gözləyir
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsi ilə bağlı faciə dünyanın aparıcı media subyektlərinin diqqət mərkəzindədir. İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, Bakı–Qroznı marşrutu ilə hərəkət edən AZAL-ın təyyarəsi Çeçenistan paytaxtına yaxınlaşarkən atəşə məruz qalıb. Bu versiyanı ekspertlərlə yanaşı, Qərbin yazılı və elektron mediası da təsdiqləyir.
“The Times”ın qənaəti
“8432 saylı reys, çox güman ki, raketlə vurulub. Ekspertlər pilotun dispetçerlərlə danışıqlarının Rusiyada dərc edilmiş stenoqramını öyrəndikdən və videonu izlədikdən sonra bu qənaətə gəliblər”. Böyük Britaniyanın “The Times” nəşrinin dərc etdiyi məqalədə daha sonra qeyd olunur ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer” tipli təyyarəsinin pilotları uçuşu idarəetmə sistemləri sıradan çıxdıqdan sonra yalnız dartı mühərriklərindən istifadə edərək zədələnmiş layneri qəza enişi ilə endirməyə çalışıblar.
Qəzetin eksperti yazır: “Qazaxıstandakı qəzadan əvvəlki və sonrakı videolar göstərir ki, qəlpələr təyyarənin arxa hissəsini deşərək onun qanadlarında və quyruq hissəsindəki üç paralel hidravlik sistemi sıradan çıxarıb. Qroznıda pilotlarla dispetçerlər arasındakı danışıqların stenoqramı da maraq doğurur. Onlar görmə məsafəsinin həddindən artıq zəif olması səbəbindən eniş edə bilmədikləri üçün Çeçenistan şəhərindən uzaqlaşarkən əvvəlcə quşla toqquşma zənn etdikləri “zərbə” barədə məlumat veriblər. “İdarəetmə sistemlərimiz sıradan çıxıb. Kabinəyə quş girib” – deyə pilot dispetçerə bildirib”. Müəllif iddia edir ki, danışıqların onlayn xəbər kanalında dərc edilmiş stenoqramı axıradək yoxlanılmasa da, Azərbaycan və Qazaxıstandan gələn məlumatlar təyyarənin yerdən vurulması versiyasını təsdiqləyir. Toqquşmadan yeddi dəqiqə sonra pilot bildirib: “İndi də hidravlika sıradan çıxdı”.
“The Times”ın toxunduğu digər maraqlı məqam pilotların ən yaxın hava limanına – Mineralnıye Vodıda, sonra Mahaçqalada enişə icazə istəməsi, amma onlara hava şəraitinin buna imkan vermədiyinin bildirilməsidir.
Faciənin baş vermə səbəbi, demək olar ki, şübhələrə yer qoymasa da, ortaya cavab tələb edən ciddi suallar çıxır:
1. Qroznıya yaxınlaşarkən təyyarənin pilotlarına niyə PUA-ların hücumu barədə xəbərdarlıq edilməyib?
2. Ekipajı alternativ aerodroma yönəltməyi “unudan” Qroznı Hava Limanının dispetçerlərinin diqqətsizliyinin səbəbi nədir?
3. Vurulan təyyarəyə hansı səbəbdən ehtiyat uçuş-enmə zolağından istifadəyə icazə verilməyib?
4. Pilotları “yaralanmış” təyyarəni Xəzərin üzərində uçuraraq Qazaxıstana üz tutmağa məcbur edən daha hansı səbəblər olub?
İndi bu sualların ilkin cavab versiyalarına medianın və xarici ekspertlərin şərhlərində diqqət yetirək.
Dekabrın 25-də baş verən faciədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiya vətəndaşları, müxtəlif millətlərdən və dinlərdən olan günahsız dinc insanlar həlak olublar. Əgər pilotlarımız yüksək peşəkarlıq və bacarıq nümayiş etdirməsəydilər, ölənlərin sayı daha çox ola bilərdi.
Qayıdaq hadisənin baş verdiyi məkanın və orada cərəyan edən hadisələrin üstünə. Rusiya mənbələri Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Xamzat Kadırovun mesajına əsaslanaraq qeyd edirlər ki, dekabrın 25-də birbaşa Çeçenistan ərazisində hava hücumundan müdafiə sistemləri ilə pilotsuz təyyarələr vurulub. X.Kadırovun qeydlərində aşağıdakı məzmunda bir məlumat da var: “Dronların hansısa obyekti vurması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hər şey nəzarətdədir!”. Burada diqqət yetiriləsi vacib detal Rusiya mediasının Qroznı sakinlərinin şəhərdə eşitdikləri partlayış səsləri ilə bağlı əvvəlki xəbərləri, rəsmilərin “vurulan pilotsuz təyyarələrin sayı, onların məhv edilməsi və digər təfərrüatlar barədə” qeydidir. Faciə baş verən gün Qroznıda, ümumən Şimali Qafqazdakı vəziyyəti rus mənbələri az da olsa açıqlayıblar.
“Euronews”un versiyası
Bakı–Qroznı reysinin qəzaya uğramasının səbəbi Rusiyanın “yer-hava” raketi ilə vurulmasıdır. Media qurumu müsahibinin sözlərinə görə, “raket Çeçenistanın paytaxtı üzərində səmada pilotsuz uçan aparatların fəaliyyəti zamanı buraxılıb. Onun fraqmentləri təyyarənin yanında partlayıb, gövdəsini zədələyib, sərnişinlərə və ekipaj üzvlərinə dəyib”. Reportajda daha sonra açıqlanır ki, pilotlar təcili eniş tələb ediblər, lakin Rusiyanın heç bir hava limanında enişə icazə verilməyib. Layner Xəzər dənizi üzərindən Aktauya yönəlib. Eyni zamanda, mənbə aydınlaşdırıb ki, “təyyarənin GPS naviqasiya sistemləri marşrut boyu işləməyib. Üstəlik, Rusiya tərəfinin elektron döyüş sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic vəziyyətinə düşüb”.
Xarici ekspertlərin fikirləri
Belaruslu hərbi ekspert, ehtiyatda olan polkovnik, aviasiya və pilotsuz uçuş aparatları üzrə mütəxəssis Leonid Spatkainin sözlərinə görə, “Embraer 190”-ın gövdəsində zədə izləri onu deməyə əsas verir ki, bunlar yerdən açılan atəşin nəticəsində yaranıb: “Pantsir” hava hücumundan müdafiə raket sistemi çubuqlu döyüş başlığı olan standart idarəolunan qurğudur. O, böyük təyyarələr üçün nəzərdə tutulub. PUA-lar üçün isə başqa bir silah – qəlpə başlığı olan kiçik hədəfləri məhv etmək üçün olan “KP TKB-1055” sistemindən istifadə olunur”. Ekspertin fikrincə, çox şey güman edilə bilər, mütəxəssislərdən də fərqli versiyalar eşidə bilərsiniz: “Amma yekun nəticəni rəsmi ekspertiza verməlidir. Lakin təyyarənin hava hücumundan müdafiə sistemləri ilə vurulduğu faktdır. Hər şey göz qabağındadır: Çeçenistan rəhbərliyi Ukrayna PUA-larının respublikaya bir neçə hücumundan sonra bu yaxınlarda Qroznının müdafiəsi üçün Moskvadan “Pantsir” HHM sistemini alıb. Ona görə də “Pantsir”dən atəş ən real versiyadır”.
L.Spatkainin fikrincə, Azərbaycan təyyarəsinin təsadüfən vurulmasına səbəb kimi hava şəraiti, xüsusən də duman göstərilsə də, fakt budur ki, hərbçilər, bir qayda olaraq, radar ekranlarına dəqiq nəzarət etməlidirlər: “Azərbaycan, yəqin ki, Rusiya Federasiyasına uçuşları dayandırmalıdır. Çünki, demək olar ki, istənilən təyyarə təsadüfən HHM sisteminin hücumuna məruz qala bilər. Bəli, bu ölkə müharibə vəziyyətindədir və Ukraynanın PUA-ları və raketləri uzaqlara uçur. Gecikmiş hava hücumundan müdafiə qüvvələri radarın ekranında görünən istənilən hədəfi atəşə tuta bilər”.
İsrailli hərbi ekspert, “YouTube”da hərbi-analitik kanalın müəllifi Sergey Auslender hesab edir ki, təyyarənin səmada PUA ilə toqquşma versiyası dərhal rədd edilə bilərdi. “Belə xarakterik dördbucaqlı dəliklər daha çox yerdən endirilən zərbənin izlərini xatırladır. Bu izlər Rusiyanın “Pantsir” HHM raket sistemi və ya ona bənzər zenit sistemlərinin əlamətləridir. Görünür, raket təyyarədən uzaqda havada partlayıb. Hava gəmisinin marşrutunun qəribə trayektoriyasının səbəbini soruşmağa dəyər. Qroznı hava limanının PUA-ların hücumu səbəbindən təyyarəni qəbul edə bilməyəcəyini fərz etsək belə, o bölgədə “Embraer”in enə biləcəyi digər hava limanları var idi. Məsələn, Nalçik və Vladiqafqaz hava limanlarına sərnişin təyyarəsini endirmək tamamilə mümkündür. Yəni, Aktauya marşrutundan üç dəfə yaxında Mahaçqala Hava Limanı var. Amma nədənsə 8432 saylı reysi ora da yönəltməyiblər. Pilot təkbaşına Aktauya uçmaq qərarını verə bilməsə də, buna məcbur olub. Mənim versiyam budur ki, təyyarə, sadəcə olaraq, qəsdən “uzağa” göndərilib.
Etiraf böyüklük əlamətidir
Əgər yazılan və göstərilən versiya özünün rəsmi təsdiqini taparsa, faciənin baş verməsinə görə məsuliyyət daşıyan dövlət zərərçəkən tərəfdən üzr istəməli, dəyən maddi və mənəvi ziyanı kompensasiya etməlidir. Bunu beynəlxalq hüquq və diplomatik etiket tələb edir. Bu kontekstdə Ankaranın 2016-cı ildə Rusiya təyyarəsinin vurulmasına görə Moskvadan üzr istəməsini xatırlaya bilərik. Hadisə zamanı həlak olmuş rus pilotun ailəsinə dərin hüznlə başsağlığı mesajı da, ödənilən təzminat da yadımızdadır. Təbii ki, Bakının dekabrın 25-də baş vermiş faciəyə görə adekvat addım gözləməyə haqqı var.
Ortada taleyi yarımçıq qırılmış 38 insanın ölüm faktı var. Yalnız pilotların yüksək peşəkarlığı sayəsində 29 sərnişinin həyatını xilas etmək mümkün olub. Bu məqamda Qazaxıstan nəqliyyat nazirinin müavini Talqat Lastayevin dedikləri də maraqlıdır: “Təyyarə Qazaxıstanın hava məkanına daxil olduqdan sonra Aktau Hava Limanına enmək üçün iki dövrə edib, üçüncüdə qəzaya uğrayıb. Amma pilotlar yaşayış binaları üçün heç bir təhlükə törətməyəcək qəza enişini seçiblər...”.
44 günlük Vətən müharibəsinin gedişində, 2020-ci ilin noyabrında Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Mi-24” hərbi helikopterinin vurulmasına görə üzr istəməsini yada salaq. Qarabağda aktiv hərbi əməliyyatların davam etdiyi bir vaxtda helikopterin Ermənistan–Azərbaycan sərhədinə yaxın ərazidə uçduğu məlum olub. Həmçinin uçuşun sutkanın qaranlıq vaxtında, aşağı hündürlükdə, HHM sisteminin radarlarının aşkarlama zonasından kənarda həyata keçirildiyi üzə çıxdı. Məlumatlarda o vaxta qədər həmin ərazidə Rusiya HHQ-yə məxsus helikopterlərin görünmədiyi də vurğulandı.
“Təsadüfən baş vermiş və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəli hadisə” ilə əlaqədar Bakı Moskvadan üzr istədi, həlak olan ekipaj üzvlərinin ailələrinə dərin hüznlə başsağlığı verdi və yaralananların tezliklə sağalmasını arzuladı. Eyni zamanda, Azərbaycan müvafiq təzminat ödəməyə hazır olduğunu bəyan etdi.
Beləliklə, təyyarənin şifrələnmiş özüyazan “qara qutu”larının açılması və hadisənin baş vermə səbəblərinə aydınlıq gətirəcək pilotların son danışıqları aysberqin, hələlik, görünməyən tərəflərinə də işıq salacaq.
İmran BƏDİRXANLI
XQ