Eks-prezident yola düşmüş qatarın arxasınca baxır
Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisinin Rustaveli prospektində keçirilən mitinq zamanı “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının fəxri sədri Bidzina İvanişvilini Prezident Sarayına dəvət edib. Onun sözlərinə görə, İvanişvili ilə birgə oturub yeni seçkiləri müzakirə etməyə hazırdır: “Biz hara getdiyimizi bilməliyik. Mən şəxsən Bidzina İvanişvili ilə görüşməyə və yeni seçkilərin necə təyin olunacağını müzakirə etməyə hazıram. Seçkilərin tarixi dekabrın 29-dan əvvəl razılaşdırılmalıdır. Cavab gözləyirəm”.
Xatırladaq ki, bir neçə gün əvvəl S.Zurabişvili bildirmişdi ki, xaricdən də çoxları İvanişviliyə təzyiq göstərməyə hazırdır. Açıq şəkildə vurğulamışdı ki, Gürcüstana xaricdən təzyiqlər gücləndirilməlidir. Xarici dövlətlər arasında isə Fransa xüsusilə seçilir. Bunu Emmanuel Makronun Salome Zurabişvili ilə Parisdəki görüşdən sonra açıqlaması da təsdiqləyir: “Parisdə xanım prezidentlə çox mühüm söhbətim oldu. Mən xoşbəxtəm ki, onunla Gürcüstanın Avropa İttifaqına namizədliyi, eləcə də ölkənin və regionun gələcəyi barədə danışdım. Mən də öz fikrimi bildirmək istəyirəm. Demokratiya, qanunun aliliyi və inandığım dəyərlər uğrunda cəsarətli mübarizəyə dəstək verməliyik”.
Bundan sonra Makron hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə telefonla danışıb. Yelisey Sarayının bəyanatında deyilir ki, Makron həbs edilən bütün şəxslərin azadlığa buraxılmasını tələb edib və İvanişvilini sərbəst toplaşmaq və ifadə azadlığına hörmət etməyə çağırıb. Makron bu açıqlamaları ilə açıq-aydın Gürcüstanın daxili işlərinə qarışıb, ölkə rəhbərliyinə “ağıl” verməyə çalışıb. Bəs, Fransa Gürcüstandakı hadisələrə müdaxilədə niyə maraqlıdır?
Qeyd edək ki, Türkiyə və Azərbaycanın Gürcüstanla əhəmiyyətli, sıx müttəfiqlik münasibətləri var. Bu münasibətlər Qafqazda sülhə, təhlükəsizliyə, əməkdaşlığa yol açır, qarşılıqlı təhlükəsizliyə, ərazi bütövlüyünə, inkişaf və rifaha xidmət edir. Bu 3 ölkəni, hər şeydən əvvəl, Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Rəsmi Tbilisi ilə bu əməkdaşlıq regiondankənar güclərin təsirini minimallaşdırır, onların Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirməsinə imkan vermir.
Bundan narahat olan dövlətlər var. Onlardan biri də Fransadır. Bu ölkənin Türkiyə və Azərbaycana qərəzli münasibəti məlumdur. Cənubi Qafqazda regional təsir imkanlarını genişləndirmək, yeni təsir zonası yaratmaq istəyir. Nəyin bahasına olur-olsun Azərbaycanla Gürcüstan arasında dostluğu, Ermənistanla sülh danışıqlarını pozmağa çalışır. Paris bu siyasətində İrəvanı ən yaxın müttəfiqi kimi görür.
Üstəlik, Gürcüstan Qərb–Rusiya qarşıdurmasının hədəfindədir. Qərb, o cümlədən Fransa Rusiyanın Gürcüstanda mövqeyinin daha da zəifləməsində maraqlıdır. Moskva da öz növbəsində regionda Qərbin iştirakından narazıdır. Bu da böyük güclərin maraqlarının toqquşmasından xəbər verir. Deməli, Gürcüstan indiki şəraitdə Fransa üçün son dərəcə əhəmiyyətli bir istinadgahdır. Paris Cənubi Qafqazda Türkiyə və Azərbaycanın mövqeyini zəiflətmək, həm də Rusiyanın təsir dairəsini azaltmaqda maraqlıdır. Bu səbəbdən də Fransa prezidenti baş verən hadisələrə müdaxilə etməyə çalışır.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya telekanalına son müsahibəsində bu mövzuya da toxunub. Dövlət başçımız Gürcüstandakı etiraz aksiyalarından danışarkən bildirib ki, hadisələrə Fransa prezidenti müdaxilə edib: “Bu məsələdə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir, mütləq Gürcüstana da əl uzatmalıdır”. Azərbaycan rəhbəri qeyd edib ki, Gürcüstan Azərbaycan üçün çox mühüm tərəfdaş və yaxın dostdur: “Görürəm ki, Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir”.
Cənab Prezident Gürcüstanda Qərbdən maliyyələşən müxtəlif qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyini vurğulayıb: “Yenidən xarici təsir məsələsinə qayıtdıqda, məlum oldu ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Ona görə də hər hansı qurumun, istər
Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze də ölkədə baş verən hadisələrin arxasında Qərbin dayandığını vurğulayır. Onların arasında Fransa da var. Baş nazirin sözlərinə görə, ölkədəki etiraz aksiyalarını qeyri-hökumət təşkilatları vasitəsilə hakimiyyətin dəyişməsində maraqlı olan Qərb maliyyələşdirir. Qərb Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir. Bununla bağlı Kobaxidze bildirib ki, Gürcüstandakı etirazlar Ukrayna “Maydan”ı ssenarisini həyata keçirmək cəhdidir və bu, uğursuzluğa düçar olub: “Son 4 ildə biz 3 dövlət çevrilişinə cəhdin şahidi olduq. Bunlar əlaqələndirilmiş və əvvəlcədən planlaşdırılmış tədbirlərdir. Həyata keçirilməsi üçün xarici maliyyə vəsaiti cəlb edilib”.
Baş nazir daha sonra deyib: “Salome Zurabişvilinin öz vəzifəsindən getməyəcəyi və ətrafında radikal müxalifəti toplayacağı əvvəlcədən məlum idi. Bu, ölkədən kənarda yazılmış ssenaridir. Həmin adamlar Gürcüstandakı xarici agentlər sırf “Makkeyn İnstitutu”nun yazdığı senariləri icra edirlər. Bu, bir daha onu göstərir ki, radikal müxalifətin müstəqilliyi sıfırdır. Onların etdikləri bizim ölkənin maraqlarına uyğun deyil, xaricdəki sahiblərinin əmrinin icrasıdır”.
O, Salome Zurabişvilinin Prezident vəzifəsində 1 həftədən az müddətdə qalacağını, bu həftə ərzində heç nə edə bilməyəcəyini deyib: “Düzdür, avropalı bəzi siyasətçilər və rəsmilər iddia edir ki, dekabrın 29-na qədər hələ çox şeylər baş verə bilər. Amma sizi əmin edirəm ki, dekabrın 29-na kimi heç nə olmayacaq və Gürcüstanda radikal müxalifət qalib gəlməyəcək...
Gürcüstanda mövcud qanunvericiliyə əsasən, parlament seçkiləri 3 halda təyin edilir: təkrar seçkilər, Mərkəzi Seçki Komissiyası və ya Konstitusiya Məhkəməsi əvvəlki seçkilərin nəticələrini ləğv etdikdə, 4 illik səlahiyyət müddəti başa çatanda və ya parlament hökumətə etimad göstərmədikdə. Əgər Prezident buna baxmayaraq başqa səbəbə görə yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq. Bundan sonra, görək həyatına harada davam edəcək: dəmir barmaqlıqlar arxasında, yoxsa barmaqlıqlardan kənarda?”.
İ.Kobaxidze qeyd edib ki, Gürcüstan MSK seçkilərin nəticələrinə yekun vurub, Konstitusiya Məhkəməsi isə seçkilərin legitimliyini təsdiqləyib: “Ona görə də təkrar parlament seçkilərinin təyin edilməsi üçün heç bir əsas yoxdur”. Deməli, eks-prezident Zurabişvili yola düşmüş qatarın arxasınca baxır.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun məlumatlarına görə, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası 53,93 faiz səslə qalib gələrək qanunverici orqandakı 150 yerdən 89-unu qazanıb.
Pünhan ƏFƏNDİYEV
XQ