Əsas hədəf üzv dövlətlərin birgə tərəqqisidir
Birmənalı şəkildə deyə bilərik ki, İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində Azərbaycanın yekdilliklə D-8 təşkilatına üzv seçilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin növbəti təntənəsidir. Bu uğur, eyni zamanda, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzvlüyündən başladığı yolun məntiqi davamı sayılmalıdır.
Əslində, Azərbaycanın D-8-ə üzv qəbul olunması ilə D-9-a çevrilən İqtisadi Əməkdaşlıq Təşkilatında ölkəmizin xüsusi çəkiyə malik söz sahibi olacağı şəksizdir. İndidən görünən odur ki, əlverişli coğrafi mövqeyə, geniş iqtisadi potensiala malik, transmilli nəqliyyat qovşaqlarının üstündə yerləşən, eləcə də Cənubi Qafqazın aparıcı dövləti statusunu qazanan Azərbaycanın G-8-ə üzvlüyü İƏT-in həm daxildə, həm də beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirəcək. Bu müstəvidə biz Azərbaycanın İslam dünyasında həmrəyliyin möhkəmlənməsinə, İslami dəyərlərin dünyada təbliğinə və İslamofobiya ilə mübarizədə verəcəyi önəmli töhfələrin şahidi olacağıq.
Azərbaycan yeni statusunda beynəlxalq tribunalardan narahat dünyamızın problemlərini daha ötkəm səslə bəyan edəcək, qitələr və sivilizasiyalararası əməkdaşlığın və dostluğun alternativinin olmadığını isbatlayacaq. Bakı əsas müzakirə mövzusu məhz bu dəyərlərin qorunması olduğu ən nüfuzlu beynəlxalq forum, konfrans və sammitlərə dəfələrlə evsahibliyi edib. Buradan edilən çağırışları təkcə İslam ölkələri deyil, xristian Qərb də hələ unutmayıb.
Bu da maraqlı faktdır ki, təməli 28 il bundan əvvəl İstanbulda qoyulan D-8 bu günədək genişlənməyib. İƏT-in Qahirə Sammitində Azərbaycanın üzvlüyə qəbulu ilə genişlənən təşkilatı artıq D-9 adlandırmaq olar. Danılmaz həqiqət ondan ibarətdir ki, bu, rəsmi Bakının regionda, eləcə də beynəlxalq müstəvidə yaratdığı yeni geosiyasi reallıqların təzahürü olmaqla yanaşı, Azərbaycanın həm Şərqin, həm də Qərbin “gücləri” tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməsinin isbatıdır.
Coğrafiyası üç qitəni əhatə edən, ÜDM-i 4 trilyon ABŞ dollarını aşan, 130 milyard ticarət dövriyyəsini həyata keçirən, üzvlərinin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən (1,2 milyard nəfərdən çox), nəhəng iqtisadi areala malik “İslam Səkkizliyi”nə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan yüksək etimadın nümunəsi sayılmalıdır. Bundan başqa, Azərbaycanın siyasi qüdrəti də, əlbəttə, həm D-8, həm də İƏT üçün müstəsna rol oynayacaq. Məhz rəsmi Bakının timsalında hər iki təşkilatın beynəlxalq müstəvidəki çəkisi daha da artacaq. Azərbaycanın yeni üzv kimi təşkilat daxilində oynayacağı rolu dünya liderləri də yaxşı başa düşür, müsbət qiymətləndirirlər. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın üzvlüyü ilə bağlı təbrikində qeyd etdiyi fikirlər xüsusi əhəmiyyətə malikdir: “Azərbaycanın təşkilatımıza üzv olması ilə birlikdə bu gün dünəndən daha güclüyük”.
İƏT-in XI Sammitinə evsahibliyi edən Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycanın təşkilata üzvlüyünün İslam ölkələri arasında əlaqələrdə yeni səhifənin açacağına əminliyini bildirib. İslam dünyasının iki aparıcı dövlətin liderlərinin səsləndirdikləri bu fikirlər Azərbaycanın beynəlxalq aləmdə artan danılmaz roluna verilən qiymətlə yanaşı, həm də onun D-8-in bundan sonrakı fəaliyyətinə verəcəyi töhfələrə olan inamla bağlıdır.
Başqa bir məqam isə ondan ibarətdir ki, məhz rəsmi Bakının D-8-ə üzvlüyü ilə islamafobiyaya qarşı mübarizə daha da güclənəcək. Azərbaycan onsuz da indiyə qədər bu istiqamətdə fəal işlər görürdü. İndi isə islamofobiyaya qarşı mübarizədə Azərbaycanın daha təsirli addımlar atmasına şərait yaranacaq. Bu, əlbəttə, təkcə Azərbaycan yox, D-8-in bütün üzvləri və bütövlükdə müsəlman dünyası üçün ciddi dividenddir.
Azərbaycan XİN-in ölkəmizin D-8-ə üzv qəbul olunmasına dair mətbuat üçün yaydığı məlumatında qeyd olunduğu kimi, bu hadisə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və etimadın bariz nümunəsidir. Bu formatda regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi-ticari, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyinin vurğulandığı məlumatda deyilir ki, üzvlərinin əhalisinin sayının, ümumilikdə, dünya müsəlmanlarının 60 faizini təşkil edən və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir.
Məlumatda qeyd olunur ki, ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq: “Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq”.
Beləliklə, Azərbaycanın sözügedən təşkilata üzvlüyü ilə nəinki ölkənin xarici siyasət kursunda, həm də müsəlman aləmində yeni mərhələnin başlanğıcı demək olacaq. Bu mərhələnin yekunu isə İƏT-in və D-9-un üzvü olan inkişaf etmiş müsəlman dövlətlərindən birinin BMT Təhlükəsilzik Şurasının daimi üzvü kimi müstəsna status qazanması olmalıdır. Məhz bu strateji istiqamətə yönəlik “yol xəritəsi”nın cızıldığını “Dünya beşdən böyükdür” deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, BMT strukturunda islahatların aparılması zərurətini qeyd edən Azərbaycan Prezidenti İlham Əliyevin mesajları fonunda müşahidə etmişik.
Məqsəd və hədəfləri bəlli olduğu D-9-un yolunun üzərində görünəcək maneələri, Azərbaycan daxil olmaqla, İƏT üzvlərinin qətiyyətlə aşacağına əminik.
İ.HƏSƏNQALA
XQ