Bu ifadəni Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində Gürcüstandakı proseslərə münasibət bildirərkən səsləndirib. Dövlətimizin başçısı diqqətə çatdırdığımız ifadə ilə qonşu ölkədə parlament seçkiləri sonrası yaşanan durumu və bunun bütövlükdə regiona təsir amplitudasını dəqiq təsvir edib.
Həqiqətən, hazırda Gürcüstan uğrunda döyüş gedir. Elə bir döyüş ki, onun Azərbaycana təsiri şübhəsizdir. Rəsmi Bakı məhz buna görə Gürcüstan amilinə böyük əhəmiyyət verir, dövlətimizin başçısı orada yaşananların göründüyündən daha geniş mahiyyət daşıdığını vurğulayır.
Qafqaz uğrunda döyüş amansızdır. Qalib gəlməyə çalışan Qərb bütün riyakarlıqları ilə Gürcüstana köklənib və onun yanaşması demokratik prinsipləri heçə saymaqdır. Qərb, nəyin bahasına olursa-olsun, gürcü iqtidarını devirmək və özünə sərfəli qüvvələri hakimiyyətə gətirmək barədə düşünür və planlarını reallaşdırmaqda israrlıdır.
Prezident İlham Əliyev müsahibəsində Gürcüstandakı vəziyyətin hazırkı məcraya düşməsinin daxili səbəblərinə aydınlıq gətirib. Bu səbəblər gözlər önündə Azərbaycanın keçdiyi yolu canlandırır. Axı indi Gürcüstanda aranı qarışdırmaq istəyənlər bir vaxtlar ölkəmizdə də “aktivlik” göstərir, vətəndaş qarşıdurmasın yaratmağa, xalq–hakimiyyət vəhdətini pozmağa çalışırdılar. Məqsədləri özlərinə sərfəli marionet iqtidar formalaşdırmaq idi. Elə bir iqtidar ki, direktivləri və əmrləri sorğu-sualsız yerinə yetirsin, istənilən an avantüra üçün alətə çevrilsin. Bir sözlə, hazırkı Ermənistan kimi bir quruluş yaratmaq eşqinə düşmüşdülər. Amma bacarmadılar və onlar indi Gürcüstanda təşəbbüsə yiyələnməklə, Ermənistanla yanaşı, bu ölkəni də təsir altına alıb saxta demokratiya tandemi formalaşdırmaq iddiasındadırlar. Tandemi Azərbaycana qarşı qoymağı, ondan regional layihələr baxımından ölkəmizə təzyiq vasitəsi kimi bəhrələnməyi düşünürlər. Əlbəttə, məqsədlərinə çatmaları mümkünsüzdür. Prezident İlham Əliyevin fikirləri də buna əminlik yaradır: “Görürəm ki, Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin”.
Azərbaycanda da vaxtilə oxşar gərginliyi formalaşdırmaq yönümlü cəhdlərin olduğunu da vurğuladıq. Məsələ üzərində bir qədər geniş dayanmaq üçün Prezident İlham Əliyevin növbəti fikirlərinə nəzər salaq: “Yenidən xarici təsir məsələsinə qayıtdıqda, məlum oldu ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.
Belə bir deyim var ki, havayı pendir ancaq tələdə olur. Yəni, xaricdən ayrı-ayrı dövlətlərin ayırdıqları qrantlar eyni mahiyyət daşıyır. Təcrübə göstərir ki, həmin qrantlar bir çox hallarda etirazçı kəsim formalaşdırmağa yönəlib ki, həmin etirazçıların çıxardıqları oyunlar dövlətlərə təzyiq vasitəsi olsun. Bu gün ABŞ Dövlət Departamentinin rəhbəri Birləşmiş Ştatların qrantlarından dağıdıcı məqsədlər naminə faydalanan, törətdiyi qanunsuz əmələ görə həbsdə olan azərbaycanlının mükafatlandırıldığını bildirib, həmin şəxsin yerinə boş stulla şəkil çəkdirərək məsələyə dramatik ton gətirirsə, belə tragikomik üsulla ölkəmizin iqtidarını anti-demokrat qismində dəyərləndirmək yolu tutursa, deməli, hər şey aydındır.
Bəli, böyük ölçüdə aydın olan budur: Azərbaycan iqtidarı ölkəmizdə Qərbin məkrli ssenarilərinin gerçəkləşməsinin qarşısını almaqda qətiyyətlidir. Azərbaycan hakimiyyəti, həmçinin ölkəni xarici qüvvələrdən asılı hala düşməməsinə prinsipial yanaşır. Prezident İlham Əliyevin bildirdiyi kimi: “İkincisi, yardım asılılıq yaratmamalıdır. Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən, nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: Sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”.
***
Gürcüstandakı durum onu deməyə əsas verir ki, bu gün ölkədə keçirilmiş qanuni seçkinin nəticələrini tanımaq istəməyənlərin, seçilmiş hakimiyyəti qəbul etməyənlərin səsi gur çıxır, onlar mərkəzi meydana axışaraq, pozuculuq fəaliyyətini gerçəkləşdirirlər. Qərb isə bu kəsimi demokratiya mücahidləri qismində qiymətləndirir. Müqayisə üçün deyək ki, Ermənistan hakimiyyətinə qarşı çıxan qüvvələr, az qala, üsyançılar olaraq qələmə verilirlər. Çünki Ermənistan hakimiyyəti Qərbpərəstdir. Budurmu ədalət? Əlbəttə, bu ədalət yox, ikili standartlar siyasətinin aşkar təzahürüdür. Yeri gəlmişkən, dünyada ikili standartlar siyasətinin gerçəkləşdirilməsində medianın gücündən istifadə, bir növ, dəb halını alıb. Qərbin ayrı-ayrı kütləvi informasiya vasitələri, eləcə də Gürcüstanın müxalif kəsiminə məxsus media orqanları elə görüntü formalaşdırırlar ki, sanki ölkədəki iqtidar qeyri-legitimdir.
Azərbaycana gəldikdə, özünü düzlük və doğruluq mücəssiməsi kimi qələmə verənlərin, əslində, qanunsuz əməllərə imza atdıqları məhkəmə qərarları ilə sübuta yetirilir. Bu, o adamlardır ki, Ermənistan üzərindəki tarixi qələbəmizə kölgə salmaq üçün saxta beynəlmiləlçilik “zəngulələri” vururdular, Azərbaycanı bütün platformalarda gözdən salmağa cəhd göstərirdilər. Belələri medianı da özlərinin məkrli niyyətləri üçün alətə çevirirdilər.
Gürcüstan kontekstində fikirlərini izah edən dövlətimizin başçısı qonşu ölkədə bu kimi məsələlərə zamanında diqqət yetirilmədiyini vurğulayıb. Hazırkı durum isə nəticədir. “Ona görə də mənə elə gəlir ki, bunun qaydaya salınması Gürcüstanda müəyyən vaxt ərzində nəzərdən qaçırılıb, bunu etdikdə isə, necə deyərlər, qatar bir az getmişdi. Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır. Biz Parisdə Məryəm Ana kilsəsindəki mərasimdə nəyin şahidi olduq? Papa Fransisk mərasimdən imtina etdi, o, əlbəttə, Makrona bu Olimpiya rüsvayçılığını bağışlamadı. Düzgün də etdi. O, Korsikaya yollandı. Necə deyərlər, sanki müəyyən bir yerindən tutaraq ağrıtmaq üçün”, – deyən Prezident İlham Əliyevin fikirləri Qərbin timsalında Fransanın Gürcüstanda, ümumən Cənubi Qafqazda reallaşdırdığı pozuculuq kursuna, obrazlı desək, sərt şapalaqdır.
***
Sonda dövlətimizin başçısının Gürcüstanda gedən proseslərə münasibət baxımından daha bir fikri üzərində dayanaq. Cənab İlham Əliyev “Ermənistanın haraya getdiyi aydındır” – deyib və bildirib ki, Ermənistan özünün üzvü olduğu və Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından de-fakto çıxıb, rəsmi İrəvan qurumdan ayrılmanın hüquqiləşdirmək üçün ABŞ Dövlət Departamentindən təlimat gözləyir. Deməli, ölkə mövqeyini müəyyənləşdirib və Qərbin Cənubi Qafqaz regionundakı peyki ampluası ilə razıdır. Ölkəmizin liderinin təbirincə yanaşsaq, Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. “Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir. O, necə olacaq? O, bizim ənənəvi Qafqaz dəyərlərinə əsaslanacaq”, – deyən Prezident İlham Əliyevin yanaşması son dərəcə konseptualdır.
Deməli, Gürcüstan Qafqaz uğrunda döyüşlərdə ona görə mühüm amildir ki, Qərb ölkəni, eyni zamanda, ənənəvi dəyərlərdən uzaqlaşdırmaq niyyətindədir. O dəyərlərdən ki, yüzilliklərdir gürcü xalqının mənəvi dünyasını təşkil edib, onun iliyinə işləyib, gürcü milli kimliyi və koloritini canlandırır. Dəyərlərdən uzaqlaşmaq yolu tutanların aqibəti isə məlumdur. Onlar dahi rus şairi Aleksandr Puşkinin dili ilə desək, kölədirlər, qorxaqdırlar, çünki ermənidirlər. Gürcüstan Ermənistan olmamalıdır və olmayacaq.
Ə.RÜSTƏMOV
XQ