Prezident İlham Əliyevin son açıqlamaları bölgədə və dünyadakı vəziyyətə konseptual baxışdır
Bütün suallara aydın və dürüst cavablar, mövzunun kontekstinin sərhədlərini aşan strateji tezislər, planetin siyasi gələcəyi ilə bağlı praqmatik–diplomatik proqnozlar və ən başlıcası, jurnalistin eşitmək istədiyi birmənalı və cəsarətli şərhlər. Bunları söyləməyə bizə əsas verən Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsindən yaranan qənaət və təəssüratlarımızdır.
Müsahibədə toxunulan məsələlər o qədər çeşidli, mövzuların coğrafiyası o qədər geniş idi ki, bütün bunları cavablandırmaq üçün təkcə xeyli vaxt deyil, həm də ciddi və hərtərəfli diplomatik hazırlıq tələb olunurdu. Rusiya teleməkanında tanınmış, peşəkar teleaparıcı Dmitri Kiselyovun həmsöhbəti – Prezident İlham Əliyev bütün sualları heç bir konspektə, əvvəlcədən hazırlanmış qeydlərə baxmadan cavablandırdı. Desək ki, təcrübəli teleaparıcının üzündə hərdən nəzərə çarpan heyrət və təəccübün bir səbəbi də cənab Prezidentimizin hazırcavablığı idi, yəqin, yanılmarıq. İndi isə mətləbə keçək. Konkret olaraq, cənab Prezidentin D.Kiselyovun Azərbaycanın Şərq və Qərbə, Rusiyaya və ABŞ–NATO-ya münasibətdə tutduğu mövqe ilə bağlı suallarına verdiyi cavablarına.
Söhbət əsnasında Rusiya–Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini müsbət qiymətləndirən İlham Əliyev jurnalistin Rusiya və NATO arasında gözlənilən müharibə riski və hadisələrin bu istiqamətdə inkişafı ehtimalında Azərbaycanın tutacağı mövqe, yürüdəcəyi siyasətlə bağlı bir qədər narahatedici sualına kifayət qədər dəqiq və əhatəli cavab verdi: “Regionumuzda və bütövlükdə, dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Amma bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, Müttəfiqlik Qarşılqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim 30 ildən artıq müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir. Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutdu. O, dəfələrlə bizim ölkəyə gəlib, amma bu səfər xüsusi idi. Bu, dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirilib. Həmin səfər çərçivəsində biz nəinki münasibətlərimizin müttəfiqlik xarakterini təsdiqlədik, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdik. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq”.
Eyni zamanda, Azərbaycan lideri sözlərinə onu da əlavə etdi ki, Azərbaycan özünəməxsus statusunu nəzərə alaraq, gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər. Yəni, həm Qərbdə, həm də Şərqdə ölkəmiz tamamilə müstəqil oyunçu kimi qəbul edilir. Bunun ardınca İlham Əliyevin söylədiyi “Ona görə ki, Azərbaycan həm Rusiyanın müttəfiqi və eyni zamanda, NATO üzvü olan yeganə ölkənin – Türkiyənin müttəfiqidir” fikri adlarını çəkdiyi tərəflərə ismarıc kimi qəbul edilməlidir.
Bu kontekstdə dövlət başçısının Bakının əvvəllər Rusiya və ABŞ hərbi rəhbərliyinin, eləcə də NATO nümayəndələri ilə görüşlərin keçirildiyi məkan olduğunu xatırlatması suala cavabın sanbalı və konkretlilili ilə yadda qaldı: “Qərbdə, Rusiyada və Şərqdə Azərbaycan kimi güvənilən ölkələr çox deyil”.
* * *
Bunun ardınca Dmitri Kiselyov təkcə Kremli deyil, eyni zamanda, Rusiya ictimaiyyətini açıq-aydın narahat edən bir sual verdi: Azərbaycanın Türkiyənin hərbi bazasına ehtiyacı varmı? İlham Əliyev suala cavabında qeyd etdi ki, Türkiyə ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannaməsində təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd olduğundan belə bazaya ehtiyac yoxdur: “İki qardaş ölkə xarici təcavüz zamanı bir-birinin köməyinə gəlməyi öhdəsinə götürür, lakin onların birliyi üçüncü ölkələrin təhlükəsizliyini təhdid etmir. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq”.
Suala cavabın ardı olaraq dövlət başçımız Qafqazda sabitliyin mühüm amil olduğunu xüsusi olaraq vurğuladı: “Bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz”.
Mövzu ilə bağlı XQ-yə açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov sözünə belə başladı: “Diplomatiyada belə bir ifadə var: Dövlətin xarici siyasəti onun coğrafiyası ilə toqquşmamalıdır. Yəni, xarici siyasət xətti formalaşdırılanda geosiyasi reallıqlar mütləq nəzərə alınmalıdır. Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi nöqtədədir. Məhz bu kontekstdən yanaşanda Bakı elə bir xarici siyasət qurmalı idi ki, bu siyasət yanlışlığa deyil, əksinə, Azərbaycanın mövqeyinin möhkəmlənməsinə və imkanlarının genişlənməsinə xidmət etsin. Prezident İlham Əliyev cavabında bu amili dilə gətirdi. Bəli, Azərbaycan qardaş Türkiyənin strateji müttəfiqidir, eyni zamanda Rusiya ilə də müttəfiqlik münasibətlərinə malikdir. Burada heç bir ziddiyyət yoxdur. Dmitri Kiselyovun Azərbaycanda Türkiyənin hərbi bazası ilə bağlı sualına cavabında cənab Prezident buna ehtiyacın olmadığını bildirdi. Biz qardaş Türkiyə ilə ildə 10-a yaxın birgə hərbi təlimlər keçiririk. Ordularımız bir-birinə, demək olar ki, tam uyğunlaşdırılıb. Amma ərazimizdə Türkiyənin hərbi kontingetntinin olmasına ehtiyac yoxdur”.
R.Musabəyov rusiyalı jurnalistin NATO ilə Rusiyanın toqquşacağı təqdirdə Azərbaycanın hansı tərəfdə olacağı barədə sualına dövlət başçımızın verdiyi cavabla bağlı bunları bildirdi: “O zaman Azərbaycan barış məkanı olacaq. Bu, olduqca vacib amildir. Onu da nəzərə almaq lazımdır ki, biz NATO ölkəsi olan Türkiyə ilə strateji müttəfiqik. Fəqət rəsmi Bakı özünün xarici siyasətini müəyyənləşdirəndə bəyan etdi ki, Azərbaycan ərazisindən qonşu ölkələrə heç bir təhlükə yaranmayacaq. Bu isə o deməkdir ki, bizim ərazidən Rusiya, İran və Gürcüstana hansısa hücumun həyata keçirilməsinə yol verilməyəcək. Təkrar edirəm, biz həm Türkiyə, həm də Rusiya ilə müttəfiqik. Amma Azərbaycan Qoşulmama Hərəkatının liderlərindən biridir. Bu amili də unutmaq olmaz. Belə balanslaşdırılmış siyasi xətti kənar təzyiqlərdən qorumaq və onu ardıcıl həyata keçirməkdən ötrü yüsək diplomatik ustalıq, olduqca dəqiq qərarlar qəbul etmək bacarığı lazımdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu vaxta kimi bunu bacarıb və düşünürəm ki, bundan sonra da bacaracaq. Məhz bu cür uğurlu siyasətin sayəsində Azərbaycan 44 günlük müharibədə hansısa xarici ölkənin Ermənistan tərəfdən müdaxiləsini neytrallaşdırdı. BMT Təhlükəsizlik Şurasında Fransanın ölkəmizə qarşı qətnamə qəbulu üçün 5 cəhdinin hamısının boşa çıxması Bakının düzgün hərbi və xarici siyasətinin bəhrəsi idi”.
* * *
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşdü: “Azərbaycan yaxın və uzaq ölkələrlə normal və ikitərəfli tərəfdaşlıq münasibətləri qurmaqda maraqlıdır. Bu zaman əsas prinsip bir-birinin daxili işlərinə qarışmamaqdır. Əlbəttə, ilk növbədə, qonşu dövlətlərlə əməkdaşlıq prioritet sayılır. Bu sırada qardaş Türkiyənin özəl yeri var. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, Rusiya ilə də tətəfdaşlıq münasibətlərimiz mövcuddur. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə ilə il ərzində on hərbi təlimin keçirilmsi faktı strateji müttəfiqliyin hansı səviyyədə olmasından xəbər verir. Eyni zamanda Rusiya ilə tərəfdaşlıq münasibətlərimiz uğurla davam edir. Doğrudur, Ukrayna müharibəsinə görə Rusiya ilə Qərb arasında münasibətlər gərgindir. Dövlərt başçımız təklif etdi ki, Azərbaycan yaxın keçmişdə olduğu kimi, yenə də Qərb və Rusiya arasında dialoq platforması rolunu oynaya bilər. Bakı NATO və Rusiyanın hərbi rəhbərliyi, ABŞ və Rusiyanın generallarının görüşdüyü yer olub. Onlar danışıqları niyə məhz Bakıda aparıblar? Cənab Prezidentin açıqladığı kimi, Azərbaycan qarşıdurmalardan qaçır, tərəfdaşlıq təşəbbüsləri ilə çıxış edir. Yəni, ölkəmiz Rusiya ilə Qərb arasında qarşıdurmanın deyil, dialoqun tərəfdarıdır. Bunun üçün əlində olan bütün imkanlardan istifadə etməyə hazırdır”.
E.Şahinoğlu dövlət başçısının müsahibəsində, həmçinin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp haqqında müsbət fikirlər söylədiyini və onun xarici siyasət kursuna ciddi korrektələr edəcəyinə ümid etdiyini bildirdi: “Bəli, Bakı Vaşinqtonla sıx əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Bir şərtlə ki, daxili işlərə qarışılmasın. Fransaya gəldikdə isə Makron iqtidarı iki ölkə arasında normal inkişaf edən münasibətləri darmadağın etdi. Ona qədər tərəfdaşlıq münasibətlərimiz yüksək səviyyədə idi. Məhrum Prezidentimiz Heydər Əliyev və sonra İlham Əliyev ilk xarici səfərlərini məhz Fransaya etmişlər. Makronun ermənipərəst siyasəti bu münasibətlərin üstündən qara xətt çəkdi”.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində Azərbaycanın bölgədə və dünyada nümayiş etdirdiyi özünəməxsus iradəsini, sülhə və əməkldaşlığa yönəlik təşəbbüslərini və xarici siyasətdə yaxın perspektiv üçün müəyyənləşdirdiyi prioritetləri dəqiq və konkret bəyan etdi. Onun bu gün bütün dünyanı narahat edən qlobal qarşıdurma ilə bağlı dedikləri isə düşündürücü və ibrəttamiz idi: “Aydındır ki, müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta, deyək ki, NATO regiondan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm ki, həm Vaşinqtonda, həm də Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin”.
Cənab Prezidentin bu tezisini həm də yazımızın məntiqi nöqtəsi saya bilərik.
İmran BƏDİRXANLI
XQ