COP29 Ermənistan üçün fürsət ola bilərdi

post-img

Görünür, sülh mühiti və iqlim problemlərinin həlli düşmənçilik “əzmi” qarşısında acizdir

“Təəssüflə qeyd edirik ki, hələ də Ermənistanın nümayəndə heyəti COP29-da iştirakla bağlı cavab verməyib”. Bunu APA-nın sualına cavabında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Cənab Hacıyev bildirib ki, ölkəmiz bütün tərəflərə dəvət göndərib: “Burada 198 tərəf iştirak edir. Azərbaycan tərəfi Konvensiyanın üzvü olan bütün tərəflər üçün şərait yaradıb. Ermənistan tərəfi qeydiyyatdan keçirilsə də, hələ də nümayəndələrinin iştirakı barədə məlumat daxil olmayıb”.

Əlbəttə, COP29 məsələsində bütün təsir rıçaqlarını işə salaraq beynəlxalq miqyasda Azərbaycana qarşı təbliğat aparan Ermənistanın dünyanın ən nüfuzlu tədbirində iştirak etməyəcəyi əvvəlcədən də bəlli idi. Yəni ilk baxışdan da belə təsəvvür var idi ki, ölkəmiz əleyhinə hədyanları tirajlayan ölkənin təmsilçilərinin Bakıya gəlməsi mümkünsüzdür. Ancaq bununla bağlı gözləntinin olduğunu vurğulamalıyıq. Elə Azərbaycan cəmiyyətində də məsələ ilə bağlı müəyyən müzakirələr gedirdi. Rəsmi İrəvan həm dünyanın, həm də ölkəmizin gözləntilərini heçə endirdi. Deməli, ölkənin rəsmilərinin Azərbaycanla sülh barədə bildirdikləri mənasızdır. Hər halda, COP29 bilavasitə barış gündəliyinin diskussiya predmetinə çevriləcəyi müstəvi olmasa da, erməni nümayəndə heyətinin tədbirdə iştirakı xoş niyyət göstəricisi kimi qiymətləndirilə bilərdi. 

Bəli, Ermənistanın COP29-da iştirak etməməsi onun, necə deyərlər, köhnə dəftəri qapatmaq istəmədiyinə işarədir. Köhnə dəftərə gəlincə, hesab edirik ki, bu mənada Prezident İlham Əliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə bağlı xalqa müraciətindəki bir məqamın üzərində xüsusi dayanmağa ehtiyac var. Zəfərimizin təkcə Ermənistanın deyil, onun arxasında duranların acı və alçaldıcı məğlubiyyəti olduğunu dilə gətirən Prezident İlham Əlyev həmin qüvvələrin qələbəmizə görə bizi bağışlaya bilmədiklərini açıqladı: “Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o, özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni?”

Bəli, Azərbaycan 44 günlük müharibə və lokal xarakterli antiterror tədbirləri ilə 200 illik erməni planını pozdu. Birmənalı şəkildə deyə bilərik ki, bu plan Qərbin və rus imperializminin müştərək məhsulu idi. Məqsəd Türk dünyasını parçalamağa yönəlmişdi və istəklərinə nail oldular da. Ermənilər prosesdə həlledici rol oynadılar. Daha doğrusu, erməni millətçilərinin türk düşmənçiliyi fonunda uydurduqları obraz öz mənfur missiyasını yerinə yetirdi. Bu obraz və onun daşıyıcıları yüz minlərlə dinc müsəlman türkünün həyatına son qoydu. 

Erməni millətçiləri “Roma papasından daha artıq katolik”liyə girişdilər. Məlum idi ki, Qərb və Rusiya Osmanlı xofunu hələ də daşıyır. Bütün mövcudiyyətləri ərzində türklərdən heç bir pislik görməyən ermənilər isə bu xofu, bir növ, özününküləşdirdilər. Müvafiq olaraq, türklərə qarşı daha azğın vasitələrə əl atdılar. Tədricən azğınlıq ideoloji müstəviyə keçdi, ardınca isə pataloji xəstəliyə çevrildi. Həm də ona görə ki, imperializm ermənilər üçün hekayə də qondardı. Söhbət “dənizdən dənizə böyük Ermənistan” xülyasından gedir. 

Ermənilər onlar üçün uydurulmuş yalanlara inanaraq və bu yalanlardan irəli gələn hərəkətləri gerçəkləşdirərək ömür sürdülər. Əslində, bir çox nailiyyətlər qazanmağı da bacardılar. 1828–1830-cu illərdən başlayaraq yaşadığımız Cənubi Qafqaz coğrafiyasına köçürülmüşdülərsə, 1849-cu ildə onlar üçün ayrıca vilayət yaradılmışdısa, 1918-ci ildə qədim Azərbaycan, türk torpaqları hesabına dövlət əldə etmişdilər. Sovet hakimiyyəti illərində ərazilərini bir qədər də genişləndirmişdilər. Ən əsası isə onlar üçün Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 

Ancaq ermənilər bunlarla kifayətlənmədilər və Qarabağ avantürasına baş vurdular. Əslində, Qarabağ ümumiləşdirilmiş hərəkat idi. Bütövlükdə, Azərbaycan ərazisinə iddia etdilər. Azərbaycanlıları Bakıya qədər qovmaq ehtirası ilə alışıb-yandılar. Torpaqlarımızı işğal etdilər. Halbuki bütün bunlar olmasaydı, rahat şəkildə yaşaya bilərdilər. Bunun üçün müəyyən bir ənənə də formalaşmışdı. Ənənəni isə özünün nəcib keyfiyyətləri, səmimiyyəti ilə məhz Azərbaycan xalqı yaratmışdı. Prezident İlham Əliyev çox doğru olaraq vurğulayır: “Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Biz nə pislik etmişdik? Onlar bizə qarşı soyqırımı törətdilər – Xocalı soyqırımını. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Mənim sözlərimə onlar yaxşı qulaq assınlar!”

Nəzərə alaq ki, istər Sovet hakimiyyəti illərində, istərsə də ondan əvvəl ermənilər Azərbaycanın digər ərazilərində də məskunlaşmışdılar, ən yüksək vəzifələrə irəli çəkilmişdilər, xüsusi imtiyazlar əldə etmişdilər. Bakının mərkəzindəki ən gözəl evlər onların idi. Daha nə istəyirdilər? – deyə soruşmayacağıq. Çünki istəklərini 1918-ci ilin Mart soyqırımında göstərmişdilər. Paytaxtımızı tamamilə özününküləşdirməyə girişərək türk-müsəlman əhaliyə qarşı olmazın qətliamlar törətmişdilər. Qarabağ və digər torpaqlarımızın otuz il ərzində işğalda qalması isə məhz həmin faciələri unutmağımızın, ümumən unutqanlığımızın nəticəsi idi. Amma yekunda düşmənçiliklərinin cəzasını verdik. İndi isə yalnız fürsət verə bilərik. İnsan kimi, dinc şəkildə, qonşu olaraq yaşamaq fürsəti. Böyük ölçüdə yanaşdıqda isə COP29-un özü də fürsət idi. Görünür, rəsmi İrəvan ondan yararlanacaq qətiyyətində deyil. 

Bəli, biz indi ermənilərə fürsət veririk və buna görə də Prezident İlham Əliyev onlara əsl düşmənlərinin kimliyini anladır. Hesab edirik ki, dövlətimizin başçısının bu fikri ermənilərin diqqətini çəkməlidir. Onlar tarixə nəzər salıb düşünməlidirlər. İradə nümayiş etdirib düşmənçilik səhifəsini bağlamalıdırlar. Bağlayırlarmı? Əlbəttə ki, yox! Beyinlərini yeritdikləri xəstə təxəyyülün təsirindən uzaq dayana bilmirlər. Qərb dairələri də bunu çox yaxşı anlayırlar. 

200 illik erməni planının pozulması onlara möhkəm yer etdiyindən, əllərinə düşən hər imkandaca avantürizmi körükləməyə qalxırlar. Bunun nəticəsidir ki, hazırda Ermənistan Azərbaycanla sülhdən uzaqdır. Ölkə reallıq hissini itirib, dövlətimizin başçısının dili ilə desək, arxasında dovşan və siçan kimi dayanmış siyasətçilərə ümid bəsləyəcək qədər rəzil və miskin duruma düşüb. 

Həqiqətən, ortada Ermənistan və erməni dövlətçiliyi adına son dərəcə acınacaqlı vəziyyət var. Tam əminliklə deyə bilərik ki, Ermənistanın nümayəndə heyətinin COP29-da iştirak etməməsi ölkənin düşdüyü həmin rəzil və miskin durumun nəticəsidir. Görünür, ölkə dovşan və siçan xislətli siyasətçilərin təsirindən qurtula bilmir. Digər tərəfdən, Ermənistan hansı üzlə COP29-a qatılsın? Otuz ilə yaxın müddətdə işğal gerçəkləşdirən ölkə həm də qəsb etdiyi ərazilərdəki ekosistemi məhvə məruz qoyub. Onun iqlimdən, iqlim təhlükəsizliyindən danışmağa, yumşaq desək, heç bir haqqı yoxdur. 

Ə.RÜSTƏMOV
XQ

 



Siyasət