Bugünlərdə dünya ölkələrinin nəzərləri Azərbaycana yönəlib.
İndiyədək bir çox mühüm toplantılara evsahibliyi etmiş ölkəmizdə noyabrın 11-dən etibarən dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçirilir.
Qeyd edək ki, COP hər il keçirilir. Sədrlik isə BMT tərəfindən beş region arasında rotasiya qaydasında müəyyənləşir. 2024-cü ildə COP29-a evsahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü.
Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürdü. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi. Dekabrın 11-də isə COP28-in Birləşmiş Ərəb Əmirliklərində keçirilən plenar iclasında COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olundu.
COP tədbirləri ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Hazırda Konvensiya 198 tərəfdən (197 ölkə və Avropa İttifaqı) ibarətdir. Onu da bildirək ki, digər dövlətlərin COP tədbirlərinin keçirilməsi üçün bir neçə il vaxtı olsa da, ölkəmizin 11 aydan az vaxtı var idi. Ona görə qərarın qəbulundan bir neçə gün sonra – dekabrın 15-də Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. “Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək” – deyən dövlətimizin başçısının 2024-cü il yanvarın 13-də imzaladığı sərəncamla Təşkilat Komitəsi yaradıldı. Azərbaycanın beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində zəngin təcrübəyə malik olması burada da öz sözünü dedi: COP29 beynəlxalq konfransı yüksək səviyyədə keçirilir və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.
Hesab edilir ki, COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları olacaq. Konfrans Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edəcək. Bu isə ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, havanın keyfiyyətini tənzimləyəcək. Nəticədə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək olacaq.
COP29-un ölkə iqtisadiyyatına da müsbət təsirləri gözlənilir. Konfrans nəticəsində turizm sektoru canlanacaq. Tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq, yaşıl enerjinin inkişafını təşviq edəcək. Ölkənin beynəlxalq əlaqələri, diplomatiyadakı mövqeyi daha da möhkəmlənəcək. COP29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlər üçün də vacibdir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir və bu işlər həm də Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılır.
Bəs COP29-un ölkəmizə verəcəyi iqtisadi və siyasi dividendlər barədə ekspertlər nə düşünürlər? Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov bildirdi ki, COP29 qlobal siyasətdə ən mühüm mövzuların müzakirə olunduğu platformadır. Azərbaycan hazırda bu iki ciddi məsələnin ortasındadır: “Birincisi, tədbirin ölkəmizdə keçirilməsi çox vacibdir. Azərbaycan təşkilatçılıq baxımından konfransa çox yaxşı hazırlaşıb. İkincisi, COP29 Azərbaycana qlobal siyasətə qoşulmaq, bundan sonra daha aktiv fəaliyyət göstərmək imkanı yaradacaq. Bu, artıq qlobal siyasətdə böyük təcrübənin qazanılmasıdır. Kiçik ölkə olmağımıza rəğmən artıq daha ciddi aktor kimi görünəcəyik”.
Politoloq Yeganə Hacıyeva dedi ki, əvvəla, COP tədbiri keçirən istənilən ölkənin beynəlxalq diqqəti özünə cəlb etdiyini qeyd etmək lazımdır. Onun sözlərinə görə, bunun mənfi və müsbət tərəfləri var: “Mənfi tərəflərini biz səkkiz aydan çoxdur ki, hiss etməkdəyik. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı az qala qərar qəbul olunan gündən başlayaraq qarayaxma kampaniyasına start verilib. Bunu konfransın Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev də bildirdi. Bir sıra qüvvələr ölkəmizə qarşı səfərbər olunublar. Bura həm erməni lobbisi, həm də iqtisadi və siyasi lobbi qrupları aiddir. Yəni çoxlu lobbi qrupları belə deyək, anti-Azərbaycan koalisiyasında cəmləşib. Bu, prosesin mənfi tərəfləridir”.
Müsbət tərəflərə gəldikdə isə müsahibimiz qeyd etdi ki, bu, beynəlxalq diqqəti özünə cəlb etməkdir. Beynəlxalq diqqət isə özü ilə iqtisadi dividendlər də gətirir: “İqtisadi dividendlərə nümunə kimi isə əlbəttə, turizm sektorunun inkişafını göstərmək olar. Əgər bir ölkəyə eyni vaxtda yüz minə yaxın insan səfər edirsə, bu, turizm sektorunun faydalanması deməkdir. Belə çox sayda insanın ölkəmizə axını, onların minimal xərcləmələri belə ölkəmizə kifayət qədər fayda deməkdir. Paralel olaraq, COP tədbirlərində biznes strukturları da iştirak edirlər. Biznes dairələrinin nümayəndələri bir-biri ilə tanış olurlar. Bu da özlüyündə müsbət göstəricidir. Paralel olaraq, siyasi dairələr, QHT-lər, media sektoru da COP tədbirləri çərçivəsində əlaqələr qurur, yaxud mövcud əlaqələri genişləndirirlər. Nəticədə onların beynəlxalq şəbəkəsi formalaşır. Bu da konfransın müsbət tərəfləridir. Digər tərəfdən ölkəmizin mövqeyinin möhkəmlənməsi beynəlxalq təşkilatlarda səsimizin daha aydın eşidilməsi deməkdir. Bu da COP29-un siyasi üstünlüklərindəndir”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti, siyasi şərhçi Oğuz Mirzəyevin fikrincə, Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir və həm iqtisadi, həm də siyasi sahələrdə geniş imkanlar açır: “İlk növbədə, belə bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi, ölkəmizin dünya səhnəsində artan nüfuzunun və liderlik mövqeyinin göstəricisidir. Azərbaycan, geosiyasi cəhətdən strateji mövqeyə malik olmaqla yanaşı, Cənubi Qafqaz regionunda dayanıqlı inkişaf və iqtisadi tərəqqinin aparıcı qüvvəsidir. Son illərdə ölkəmiz iqtisadiyyatın diversifikasiyası və ekoloji davamlılıq sahəsində ciddi islahatlar həyata keçirib və bu sahələrdə uğurlu nəticələr əldə edib. COP29 konfransının Azərbaycanda təşkil olunması, ölkəmizin bu istiqamətdə əldə etdiyi nailiyyətləri dünyaya nümayiş etdirmək üçün nadir fürsətlərdən biridir”.
O.Mirzəyevin sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, neft və qaz resursları ilə tanınır, lakin son illərdə dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat strategiyalarına xüsusi diqqət yetirir. COP29 ölkəmizə yaşıl texnologiyaların gətirilməsi və tətbiqi üçün mühüm platforma yaradır. Bu konfrans vasitəsilə Azərbaycan yeni xarici investisiyalar cəlb edə və enerji sektorunda innovativ layihələrə imza ata bilər. Xüsusilə, bərpa olunan enerji mənbələrinə keçid, külək və Günəş enerjisi potensialının inkişaf etdirilməsi sahəsində böyük imkanlar yaradacaq.
Müsahibimiz bildirdi ki, konfransın Azərbaycanda keçirilməsi turizm sektoruna da ciddi təsir göstərəcək. Minlərlə xarici qonağın, o cümlədən hökumət nümayəndələrinin, ekspertlərin və KİV nümayəndələrinin ölkəmizə səfəri turizm gəlirlərinin artmasına və yerli bizneslərin inkişafına səbəb olacaq. Ölkəmiz zəngin mədəni irsi, tarixi abidələri və qonaqpərvərliyi ilə tanınır və COP29 bu üstünlükləri dünya ictimaiyyətinə daha geniş tanıtmaq üçün əla fürsətdir.
Ekspert bu fikirdədir ki, Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkəmizin qlobal miqyasda mövqeyini gücləndirəcək: “Belə bir mötəbər tədbirin təşkili Azərbaycanın iqlim dəyişikliyi məsələlərinə ciddi yanaşdığını və beynəlxalq səviyyədə fəal rol oynadığını nümayiş etdirir. Bu isə Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirəcək və yeni strateji tərəfdaşlıqların qurulmasına təkan verəcək”.
O.Mirzəyev bildirdi ki, eyni zamanda, ölkəmiz regionda ekoloji liderliyini təsdiqləyərək, digər qonşu ölkələr üçün nümunəyə çevriləcək. Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı inkişaf sahəsində qabaqcıl mövqeyə sahibdir. COP29 çərçivəsində Azərbaycan öz milli strategiyalarını və dayanıqlı inkişaf layihələrini təqdim edərək, regional və beynəlxalq əməkdaşlıq üçün yeni qapılar açacaq: “Konfransın Azərbaycanda keçirilməsi, ölkəmizdə iqlim siyasətində islahatların aparılmasına və yeni ekoloji standartların tətbiqinə stimul verəcək. Azərbaycan hökuməti COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizəyə dair yeni qanunlar qəbul etməklə, beynəlxalq dəstəyi daha da artıracaq və yaşıl iqtisadiyyat sahəsində mövqeyini gücləndirəcək”.
Nəticədə Azərbaycan təkcə enerji resursları ilə deyil, həm də dayanıqlı inkişaf sahəsində apardığı islahatlar və strateji təşəbbüslərlə dünya miqyasında tanınacaq. Bu konfrans ölkəmizin beynəlxalq arenada imicini daha da gücləndirəcək və Azərbaycanın qlobal məsələlərdə fəal iştirakını təmin edəcək. Beləliklə, COP29 Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq nüfuzuna böyük töhfə verəcək, ölkəmizi iqlim dəyişikliyinə qarşı mübarizədə aparıcı rol oynayan dövlətlərdən biri kimi təsdiqləyəcək. Azərbaycan öz dayanıqlı gələcəyini təmin edərək, dünya ölkələri üçün əsl nümunə olacaq.
Politoloq Züriyə Qarayeva isə bildirdi ki, COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən böyük beynəlxalq tədbirdir və regionda ilk dəfə məhz bizim ölkədə baş tutur. Ekspert əmindir ki, bu konfrans siyasi, iqtisadi, turizm, investisiya və regional liderlik də daxil olmaqla, Azərbaycanın bir çox sahələrinə ciddi töhfələr verəcək: “COP29-un siyasi töhfələri saymaqla bitməz. Konfransın ölkəmizdə təşkili Azərbaycanın diaspor fəaliyyətinin müsbət istiqamətdə irəlilədiyini göstərir. “Yaşıl transformasiya”, “yaşıl iqtisadiyyat”, “bərpa olunan enerji” kimi məsələlərdə dünyada lokomotiv rolunu oynayan Avropa baxımından da Azərbaycan müsbət profilə sahib olacaq”.
Z.Qarayevanın sözlərinə görə, tədbirin iqtisadi töhfələrinə gəldikdə isə konfransın turizm gəlirlərinin artması ilə yanaşı, bir çox müsbət irəliləyişlərə gətirib çıxaracağını demək mümkündür. Onun fikrincə, Azərbaycan iqtisadiyyatını şaxələndirmək və bərpa olunan enerji sahəsində mərkəz kimi fəaliyyət göstərmək baxımından tədbirin əhəmiyyəti çox böyükdür. İnvestisiya mövzusunda verdiyi töhfələrə nəzər saldıqda, beynəlxalq investorların Azərbaycanı Cənubi Qafqaz regionunda sərmayə yatıracaqları ölkə kimi qəbul etdikləri göz qabağındadır.
Səxavət HƏMİD
XQ