Əvvəli https://xalqqazeti.az/az/siyaset/201251-zefere-geden-yol
Əslində, dünyanın və elə Ermənistan siyasi elitasının da o qədər əhəmiyyət vermədiyi yaxınlaşan “tufanın ilk güclü ildırımı” iyulun 12-də çaxmışdı. Həmin gün Dağlıq Qarabağdan yüzlərlə kilometr aralıda Ermənistanla Azərbaycan sərhədində toqquşmalar baş verdi və bu 2016-cı ilin aprelindən 2020-ci ilin sentyabrına qədər tərəflər arasında baş verən ən böyük hərbi insident idi. O zaman bir çox siyasətçilər, diplomatlar və ekspertlər hadisəni yerli fövqəladə hal hesab edirdilər.
Bundan dərhal sonra iyulun 15-nə keçən gecə “Qarabağ uğrunda azadlıq müharibəsi”nə başlamaq tələbi ilə Bakıda genişmiqyaslı mitinq keçirildi. O zaman Prezident İlham Əliyev mitinqə çıxanların “xoş niyyətli” olduğunu etiraf etsə də, “heç kəsə hadisələri qabaqlamamağı məsləhət gördüyünü” dedi və əlavə etdi: “Qarabağda döyüşmək istəyirəm” deyən hər kəs şəxsi məlumatlarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etsin”. Bəziləri Prezidentin bu sözlərindən sonra gənclərin dərhal geri çəkiləcəyini düşünürdü. Ancaq belə olmadı. Cəmi bir neçə saat sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi prezidentə bildirdi ki, artıq 4 min nəfər qeydiyyatdan keçib.
Azərbaycan cəmiyyətindəki əhval-ruhiyyə, Bakıdakı mitinqdən də göründüyü kimi, ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar prosesinin dalana dirənməsi və diplomatik həllə inamın itirilməsi səbəbindən getdikcə daha radikal xarakter alırdı. Müharibədən bir neçə ay əvvəl Prezident İlham Əliyev xəbərdarlıq etmişdi: “Biz imitasiya xatirinə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək niyyətində deyilik. Hər şeyin bir mənası olmalıdır. Danışıqlar mahiyyəti üzrə aparılmalıdır. Onların mənasız olduğunu görsək, müvafiq addımlar atacağıq”.
İyunun 15-nə keçən gecə Bakıda keçirilən mitinq həm də artıq xalqın da torpaqların azad edilməsi uğrunda müharibəyə hazır olduğunun nümayişi idi və bu, ölkə rəhbərinin daha qətiyyətlə hücum əmri verməsinə güclü bir dəstək oldu.
27 sentyabr 2020-ci il səhər saat altı radələrində ikinci Qarabağ müharibəsinin ilk atəşləri açıldı. Bazar günü gecə Ermənistan qoşunları bütün təmas xətti boyunca atəş açıb 14 mülki şəxsi yaralayandan dərhal sonra, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu atışmaların qarşısını almaq üçün irimiqyaslı hücuma başladı. Konturları çoxdan çızılıb hazırlanmış “Dəmir yumruq” əməliyyatı coğrafi baxımdan bir-birindən ayrı bir neçə ərazidə eyni vaxtda həyata keçirilirdi. Mexanikləşdirilmiş döyüş qruplarına artilleriya və pilotsuz uçuş aparatları dəstək verirdi. Analitiklərin bir çoxu ilk saatlardan dərk etməyə başladı ki, bu hücum artıq improvizəyə və ya Azərbaycan rəhbərliyinin qəfil emosional qərarına əsla bənzəmir. Bu, həqiqətən, belə idi.
Bakı Moskvanın və Qərbin çoxsaylı atəşkəs çağırışlarına heç bir məhəl qoymadan öz ərazilərinin azad edilməsi uğrunda həlledici müharibəyə başladı və bütün silahlarından atəş açaraq Zəfər zirvəsinə doğru yola çıxdı.
Azərbaycanın müasir döyüş sursatlarının və bütün növ hərbi texnikanın alınmasına qoyduğu sərmayələr 44 günlük müharibədə artıqlaması ilə özünü doğrultdu: artıq əməliyyatın birinci mərhələsində Azərbaycan Silahlı Qüvvələri düşmənin zirehli döyüş maşınlarının, artilleriya atəş gücünün və hərbi hava hücumundan müdafiə vasitələrinin əhəmiyyətli hissəsini məhv edib sıradan çıxardı və bu da Ermənistanın müdafiə xətlərini daha az itki ilə yarmağa və sürətli irəliləyişə imkan verdi. Bundan əlavə, kəşfiyyat-atəş (kəşfiyyat-zərbə) konturlarından səmərəli istifadə erməni komandanlığının müdafiənin dərinliklərində canlı qüvvə və hərbi vasitələrin manevr etməsini xeyli çətinləşdirdi və müəyyən vaxtdan etibarən açıq-aydın Ermənistan qoşunlarının mənəvi-psixoloji vəziyyətinə ciddi təsir göstərməyə başladı. Zirehli maşınlara qoyulan investisiyalar da eyni dərəcədə effektiv oldu, düşmən müdafiəsinin əsas xəttinin dağıdılmasını və əməliyyatların taktiki müvəffəqiyyətinin genişlənməsini təmin etdi.
İlk günlərdən sonra aydın oldu ki, bu, müntəzəm kütləvi ordular tərəfindən aparılan müharibənin çox nadir nümunəsidir. XX əsrin sovet tipli müdafiəsinə qarşı XXI əsrin əvvəllərində yüksək dəqiqlikli Qərb silahlarından istifadənin nəticələri və nəhayət, xarici kontekstin köklü şəkildə dəyişməsi Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanı yerli müstəvidən qlobal kateqoriyaya keçirdi. Hər şey proqnozlaşdırıla bilən idi.
Münaqişənin ilk saatlarında Azərbaycan Ordusu düşmənin ön xəttinin hava hücumundan müdafiəsinin dəf edilməsi istiqamətində uğurlu əməliyyat keçirdi. Ermənistanın olduqca köhnəlmiş hava hücumundan müdafiə sistemləri və digər müdafiə qurğuları uzaq mənzilli MLRS ilə birlikdə işləyən zərbə və kəşfiyyat PUA-larının kütləvi istifadəsi qarşısında aciz qaldı.
Qondarma “Dağlıq Qarabağ təhlükəsizlik şurası”nın katibi Samvel Babayanın sözlərinə görə, “münaqişənin ilk dəqiqələrində qondarma “dqr müdafiə ordusu” hava hücumundan müdafiə sistemlərinin yarısını (daha etibarlı mənbələrə görə 60 faizini – M.S.) və artilleriyasının 40 faizini itirib”.
Münaqişənin ikinci günü, sentyabrın 29-u səhər saatlarında Ermənistan HHQ-yə məxsus Su-25 döyüş təyyarəsi tapşırığı yerinə yetirməmiş vuruldu. Bu müharibədə pilotlu təyyarələrdən fərqli olaraq, İkinci Qarabağ müharibəsinin əsl ulduzları İsrailin “Harop” zərbə PUA-ları və Türkiyənin “Bayraktar TB2” kəşfiyyat və hücum pilotsuz uçuş aparatı idi. Erməni silahlı qüvvələrinin kiçik ölçülü, aşağı sürətli hədəflərə qarşı effektiv mübarizə aparan hava hücumundan müdafiə vasitələri olmadığı üçün, pilotsuz uçuş aparatları havada dominant qüvvəyə çevrildi və təkcə kəşfiyyat və atəşin tənzimlənməsi üçün deyil, həm də Ermənistanın hərbi texnikasının birbaşa məhv edilməsi üçün ən vacib vasitə oldu. Azərbaycan Ordusunun döyüş qabiliyyəti hərbi strateqləri belə heyrətə salırdı, çünki bu, XXI əsrin yeni texnoloji müharibəsi idi və dünya hələ belə bir müharibənin şahidi olmamışdı.
İkinci Qarabağ müharibəsi zamanı dünya iki nizami ordunun döyüşündə, o cümlədən, dağlıq və meşəlik ərazilərdə PUA-lardan və idarəolunan döyüş sursatlarından geniş istifadə edildiyinin şahidi oldu. Ermənistanın hava hücumundan müdafiə sisteminin elementlərinə, o cümlədən, kifayət qədər müasir sistemlərə malik olmasına baxmayaraq, onlar nəinki qoşunları effektiv müdafiə edə bildi, PUA-ların və idarəolunan sursatların koordinasiya edilmiş uğurlu həmlələri sayəsində sıxışdırılıb məhv edildi. Faktiki olaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın pilotsuz döyüş vasitələrinin sistemli təzyiqinə tab gətirə bilmədi. Nəticədə, müharibənin ikinci həftəsinin sonuna yaxın Azərbaycanın PUA-ları, sözün əsl mənasında, hər bir atəş nöqtəsinin, hər bir zirehli texnikanın, erməni döyüşçülərinin hər bir qrupunun ovuna başladı. Bu, nəinki erməni tərəfinin ağır itkilərinə, həm də şəxsi heyətin ciddi ruh düşkünlüyünə gətirib çıxardı.
Oktyabrın 12-dən etibarən Azərbaycan Ordusunun döyüş briqadalarından biri ələ keçirilmiş mühüm yol qovşağı olan Hadrutdan döyüşə atıldı. Bu vaxtlarda Azərbaycan 12 xüsusi təyinatlı dəstəsi buradan Şuşa istiqamətinə, eyni sayda dəstə də Füzuli rayon mərkəzinə gedən yoldan hücuma başladı. Onlar sürətlə strateji yüksəklikləri və kəndləri tutur, arxalarından isə cinahların təhlükəsizliyini təmin edən və əraziyə nəzarəti möhkəmləndirən iki motoatıcı briqada hərəkət edirdi. Məhz bu iki istiqamətdə həyata keçirilən sürətli hücumlarda əldə edilən uğurlar döyüşlərin bütün sonrakı gedişatını müəyyənləşdirdi.
Oktyabrın 14–15-də əsas döyüş əməliyyatları Füzuli ətrafında cərəyan edirdi. İlk günlərdə düşmənin mərkəzdəki möhkəmləndirilmiş müdafiə istehkamlarına edilən üzbəüz hücum uğursuz olmuşdu. Amma indi Azərbaycan qoşunları bu istehkamlara arxadan yaxınlaşırdı. Onlara doğru geri çəkilən erməni silahlı birləşmələrinin qalıqları xüsusi təyinatlıların pusqularına düşüb böyük itki verir və təslim olurdular.
Oktyabrın 20-də Araz çayı boyu irəliləyən Azərbaycan Ordusu qondarma “dqr”-in nəzarətində olan ərazilərdən keçərək bilavasitə Ermənistan sərhədinə çatdı. Azərbaycan qoşun hissələri hücumu davam etdirsəydilər, bu, Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına dəhliz açmaq fürsəti verirdi. Lakin Azərbaycan qoşunları sərhədi keçməyib Qarabağın dağətəyi ərazilərini və çay boyu dərələri təmizləməyə başladı. İki gün sonra, oktyabrın 22-də Prezident İlham Əliyev Azərbaycanın İranla bütün sərhədini tam nəzarətə götürdüyünü bəyan etdi.
Artıq oktyabrın 29-da Dağlıq Qarabağın qondarma rejimi etiraf etməyə məcbur oldu ki, “birbaşa Şuşa yaxınlığında, ondan 5 kilometr aralıdakı yaşayış məntəqələri uğrunda ağır döyüşlər gedir. Şuşaya zərbə nəinki Xankəndini təhlükə altında qoyurdu, həm də o zaman qondarma respublikanı Ermənistandan təmin edən əsas damarı–Gorus–Laçın–Şuşa–Xankəndi yolunu və Laçın dəhlizini bağlayırdı. Azərbaycanın burada uğur qazanması isə Ermənistan üçün müharibədə fəlakətli məğlubiyyətə bərabər idi.
Noyabrın 5-dən Şuşa uğrunda şiddətli döyüşlər başladı. Azərbaycan xüsusi təyinatlıları bu şəhərin xilası üçün nəfəs dərmədən döyüşürdülər. Artilleriya bu qüvvələrə dəstək verə bilmədiyindən, zərbələr uzaq mənzilli MLRS və PUA-lar tərəfindən həyata keçirilirdi. 90-cı illərdə tərifi yerə-göyə sığmayan erməni ordusu Xankəndi yaxınlığında daha yüngül minaatanlarla, müasir tank əleyhinə raketlərlə belə heç bir müqavimət göstərə bilmirdi.
Həmin ərəfədə “BBC”-yə başılovlu müsahibə verən Ermənistan İctimai radiosunun keçmiş rəhbəri Mark Gevorkyan deyirdi: “Şuşa bütün Qarabağın açarıdır. Bu, birinci müharibə zamanı da belə idi, indi də belədir. Lakin o zamanlar silahların səviyyəsi tamamilə fərqli idi". Başqa necə ola bilərdi?! Siz nə gözləyirdiniz, Azərbaycan 1990-cı illərin ölkəsi olaraq qalacaqdımı?!...
Noyabrın 7-də Şuşa artıq Azərbaycan qoşunlarının tam nəzarəti altında idi və birləşmiş erməni dəstələrinin əks-hücum cəhdləri heç bir nəticə vermirdi. Döyüşün yekun akkordu Şuşa–Laçın yolunda əks-hücuma keçən erməni ordusunun böyük dəstələrindən birinin darmadağın olunması, əksəriyyətinin məhv edilməsi və bir qisminin əsir düşməsi ilə başa çatdı.
Noyabrın 8-nə keçən gecədən başlayaraq bütün Azərbaycan bu müjdəni öz Ali Baş Komandanı cənab İlham Əliyevdən eşitmək üçün gözlərini televiziya ekranlarına dikmişdi. Budur, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarnı ziyarət edib xoş xəbəri ilk olaraq onun ruhuna çatdırırlar. Sonra isə canını bu torpaqlar uğrunda qurban vermiş və hələ də ruhları sərgərdan olan Azərbaycan oğulların uyuduğu Şəhidlər xiyabanına gəldilər. Ali Baş Komandan qürur və bir qədər də kövrək səslə deyir: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!”
Çıxışının sonunda sanki bu Zəfər xəbərinin onun üçün nə qədər mühüm olduğunu təkrar dilə gətirərək nitqini bu sözlərlə bitirir: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!”
***
Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Ermənistanın ağır, sarsıdıcı məğlubiyyəti ilə başa çatdı. Döyüş meydanındakı bu ağır məğlubiyyətdən sonra Ermənistan hakimiyyəti Rusiya Federasiyasının zəmanəti ilə faktiki olaraq Azərbaycana təslim olmaq məcburiyyətində qaldı. Nəticədə nəinki 26 ildən artıq işğal altında olan Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın bütün əraziləri azad edildi, həm də Dağlıq Qarabağın, sovet dövrünün muxtariyyəti hüdudları daxilindəki əhəmiyyətli bir hissəsi, o cümlədən, Qarabağın ikinci mühüm şəhəri Şuşa öz əzəli sahibinə qayıtdı.
Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərindəki bu Zəfəri nüvə silahına malik olmayan, lakin öz milli maraqlarını təmin etmək üçün aydın xarici siyasət hədəfi müəyyən edən, böyük iradə və qətiyyətə sahib “orta regional gücün” – Azərbaycan dövlətinin imkan və resurslarını aydın göstərdi.
İkinci Qarabağ müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatsa da, münaqişəyə son qoyulmadı. Bakı bu zəfərdən dərhal sonra xəbərdarlıq etdi ki, Qarabağ erməniləri Azərbaycanın dövlət sisteminə tam inteqrasiya ilə barışmalıdırlar, onlar üçün heç bir muxtariyyətdən söhbət belə gedə bilməz. Buna baxmayaraq, Ermənistan revanşizm meyillərindən əl çəkməyib təxribatlarını davam etdirirdi. 2023-cü il sentyabrın 2-də baş nazir Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanladı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirildi. Separatçı qüvvələrin yeni bir hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Beləliklə, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il keçməsinə baxmayaraq, davam edən təxribatlar və terror aktları antiterror əməliyyatının keçirilməsini labüd edirdi.
2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə lokal xarakterli antiterror tədbirlərinə başladı və 23 saat davam edən əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü il Xankəndidə keçirilən Zəfər paradında bu əməliyyatın labüdlüyünü çox sərrast və dürüst əsaslandıraraq dedi: “Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq”.
Var olun, cənab Ali Baş Komandan! Siz 26 il sonra 100 il əvvəl hegemon dövlətlərin Azərbaycana qarşı çıxardığı daha bir ədalətsiz hökmü də dərin ağlınız, iti zəkanız, polad qətiyyətiniz və cəsarətinizlə tarixin zibilliyinə atıb, ərazi bütövlüyümüzü bərpa etdiniz. Azərbaycan var olduğu qədər Sizi xariqüladə xidmətinizi və xalqımızın qürur və ləyaqətini özünə qaytaran Zəfərinizi unutmayacaq!
Qarabağ Azərbaycandır!
Məhərrəm SƏFƏRLİ,
Həsən bəy Zərdabi mükafatçısı