Azərbaycanın Mərakeşdəki səfirliyi Zəfər Gününü təntənəli şəkildə qeyd edib. Tədbirdə müxtəlif ölkələrin nümayəndələri, səfirlər, Azərbaycan icmasının üzvləri və mərakeşli qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan şəhidlərinə ehtiramla başlayıb. Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov açılış nitqində Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən danışıb, torpaqlarının işğaldan azad olunmasında xalqın birlik və dözüm nümayiş etdirdiyini qeyd edib. Diplomat İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi əvəzsiz liderlik xüsusiyyətlərini vurğulayıb.
Tədbirdə vətənpərvərlik ruhundakı musiqilər səsləndirilib, Zəfər Günü ilə əlaqədar fotosərgi keçirilib, Azərbaycanın mədəniyyəti, təbiəti və turizm potensialını əks etdirən videoçarxlar nümayiş olunub.