Zəfər Günü İstanbulda təntənəli konsert proqramı ilə qeyd edilib

post-img

8 Noyabr - Zəfər Günü İstanbulda təntənəli konsert proqramı ilə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunub.

Tədbirin rəsmi hissəsində çıxış edən baş konsul Nərminə Mustafayeva Qarabağ Zəfərinin Azərbaycanın şanlı tarixinə ən parlaq səhifələrdən biri kimi yazıldığını və qırx dörd günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz Qələbənin bütün Türk dünyasının qüruru olduğunu deyib.

Diplomat bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi bacarığı, Azərbaycanın qüdrətli Ordusunun gücü ilə biz tarixi torpaqlarımızı qaytardıq. Artıq dörd ildir biz bu sevinci yaşayır, şanlı Qələbəmizi qeyd edir və tarixi torpaqlarımızda bərpa-yenidənqurma işləri aparırıq. Artıq bir çox ailə öz əzəli yurd-yuvasına qayıtmağın sevincini yaşayır.

Konsul tarixi Zəfərin əldə edilməsində Türkiyənin siyasi dəstəyi və iki ölkə arasındakı sıx münasibətlərin hər gün daha da inkişaf etdiyini vurğulayıb.

Tədbir konsert proqramı ilə davam edib.

Konsertdə Xalq artistləri Mənsum İbrahimov və Natiq Şirinovun rəhbərlik etdikləri “Qarabağ” muğam və “Natiq” ritm qruplarının ifasında Azərbaycan musiqiləri səsləndirilib.

Şanlı Zəfərimizin dördüncü ildönümünə həsr olunan gecə İstanbulun ən mötəbər mədəniyyət saraylarından olan Atatürk Mədəniyyət Mərkəzinin teatr salonunda keçirilib.

Tədbirdə Türkiyənin və Azərbaycanın qardaş ölkədə fəaliyyət göstərən dövlət qurumlarının rəsmiləri, diplomatik korpusun təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.





Mədəniyyət