Vətən müharibəsinin xronikası: 26 oktyabr

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi, təxminən, 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

• Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə bağlı Prezident İlham Əliyev xalqa müraciət edib.

Dövlətimizin başçısı müraciətində deyib: “Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Biz Qarabağ tarixini yaxşı bilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür”.

Ali Baş Komandan müraciətində, həmçinin qeyd edib ki, Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri deyib, Müntəzəm olaraq bütün məsələlərlə bağlı xalqa hesabat verib. Bu gün də məlumat verirəm, bəlkə də tam məlumat deyil. Çünki müəyyən diplomatik qaydalar var. Amma nəyi demək mümkündürsə həm Azərbaycan xalqına, həm də bütün dünyaya deyirəm. Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun! Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa, gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik.

Prezident İlham Əliyev xalqa müraciətində daha sonra deyib: “İndiki mərhələdə bizim mövqeyimiz bundan ibarətdir və biz hazırıq ki, bu məsələ hərbi-siyasi yollarla həll olunsun. Amma həll olunsun. Atəşkəs deyiblər, eybi yoxdur, qoy olsun. Ermənistan bunu pozub, hər bir pozuntunu biz qeydə alırıq, hər bir. Tapşırıq vermişəm, qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar. Bizdə bütün məlumatlar var. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır”.

• Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib. Dövlətimizin başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb. Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.

• Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib. Paylaşımda bildirilib: “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

• Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

• Ermənistan silahlı qüvvələrinin bölmələri yeni humanitar atəşkəs rejimi qüvvəyə mindikdən bir neçə dəqiqə sonra – saat 08.05-dən etibarən onu kobudcasına pozaraq Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Qubadlı və Laçın istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Tovuz, Gədəbəy və Daşkəsən rayonlarını müxtəlif növ atıcı silahlardan, minaatanlardan və toplardan atəşə tutub. Saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərinə atəş açıb. Ümumilikdə gün ərzində Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb. Canlı qüvvə ehtiyatları tükənməkdə olan düşmən döyüşlərə daha çox könüllüləri, muzdlu və əcnəbi terrorçu döyüşçüləri, o cümlədən uşaqları cəlb etməyə çalışır. Nizami ordumuz düşmənin istənilən hücum və təxribatlarının qarşısını almaq üçün döyüşə tam hazır vəziyyətdədir.

• Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Padar, Xanlıq kəndlərinin və Qubadlı şəhərinin videogörüntülərini paylaşıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi sentyabrın 27-dən oktyabrın 26-sı saat 12:00-dək ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər xəsarət alıb, 2243 ev, 90 çoxmənzilli yaşayış binası və 402 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Kiçik çavuş Rahib Həşimov döyüş tapşırığını layiqincə yerinə yetirərək düşmənin bir neçə artilleriya qurğusunu məhv edib.

XQ



Siyasət