Yeni sənaye zonaları genişlənir

post-img

Son 10 ildə bu sahəyə 7,8 milyard vəsait yatırılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye parklarında tətbiq olunan idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində 489 milyon manat, cari ilin 9 ayında isə 28 milyon manat vəsaitə qənaət edilib.

Qurumun yaydığı məlumatda sənayeləşmə siyasətinin inkişafına mühüm töhfə verən sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunublar.

Qeyd edək ki, hazırda ölkəmizdə sənaye parklarının sayı 8 (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam, Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” və Hacıqabul Sənaye Parkı) və 4 sənaye məhəlləsi (Masallı, Neftçala, Sabirabad və Şərur) fəaliyyət göstərir.

2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 140-dan çox sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6 min 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Sənaye parklarının qarşısına innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişaf etdirilməsi, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi mühüm vəzifə kimi qoyulub. Bütün bunlarla yanaşı, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının gerçəkləşdirilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin yüksəldilməsi, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması kimi məsələlərə xüsusi önəm verilib.

Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında indiyədək bir sıra stimullaşdırıcı tədbirlər tətbiq olunub. Məsələn, Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna uyğun olaraq, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

 

İqtisadiyyat