Elmi ideya intellektual milli sərvət kimi

post-img

II MƏQALƏ

Elə bir dövr gələcək ki, elm fantaziyanı qabaqlayacaq.
Jül VERN

Elmi ideya və “öncə Amerika” yanaşması

Elmi ideya yaratma ilə bağlı ABŞ-də artıq formalaşmış və demək olar ki, kəsintisiz bir proses məzmunu almış mənzərənin ümumi fəlsəfi obrazını müəyyən etmək olar. Birincisi, ABŞ elmi ideyanı yaradan dövlət olmaq üçün yalnız yaradıcılıq (və ya kreativlik) potensialı yüksək olan tədqiqatçılara qapı açır.

İkincisi, bu prosesi bütün dünyanın hər guşəsinə aid etməklə, onu ideya səviyyəsində bəşəriləşdirir.

Üçünçüsü, ABŞ-nin alimlərə qoyduğu şərt birmənalıdır – konkret praktiki nəticəverən nəzəri-konseptual konstrukt yaratmalısan! Bundan kənarda alim perspektivli sayılmır.

Dördüncüsü, ABŞ üçün əbədi nüfuzlu alim yoxdur – hər kəsin bir faydalılıq müddəti vardır. O bitəndən sonra, Amerikanın elmi elitası həmin şəxs haqqında yalnız nəzəri-elmi kontekstdə danışır. Ən faydalı alimin belə vəzifəsi bitəndən sonra nə özü, nə də qohumları və dostları praktiki imtiyaz görmür.

Beşincisi, ABŞ, bir qayda olaraq elmi ideyaları birbaşa milli və dövləti maraqlarına xidmətə yönəldir. Bu əsasda “amerikan müstəsnalığı” kimi özünəqapalılıq və ya özündən razılıq aurası yaradır. Yəni amerikalı alim öz vətəni və dövləti üçün çalışan yüksək dəyər daşıyıcısıdır və buna görə də alimlik ən nüfuzlu peşədir.

Nəhayət altıncısı, ABŞ daima dünyada elmi ideya yaratmaqda lider olmağa çalışır. Bunun üçün siyasi, ideoloji, təbliğati üsullarla yanaşı, cəlbediciliyi yüksəldən elmi fəaliyyət üsullarından da geniş istifadə edir. Nümunə üçün Amerikada robotların idarə edilməsini idarə edən peşəkarlar hazırlayırlar. Onlar süni intellekti idarə etmirlər, süni intellekti idarə edənlərin necə idarə olunmasını öyrənirlər. Nəyin naminə? Amerikanın liderliyi və dinamik inkişafı naminə! Onların fərdi maraqları çox arxada yerləşir, yəni “Öncə Amerika”!

Elmi ideyanın Çin üsulu

Çini dövlətçilik məsuliyyəti baxımından, ümumiyyətlə, müasir dünyanın möcüzəsi hesab etmək olar. Bu dövlət dinamik surətdə tarixi baxımdan əsas istiqamətlərdə dünyanın ön sırasına yüksələ bildi. Bu faktı indi kimsə inkar və ya gözardı edə bilməz. Bu prosesdə elm aparıcı rol oynamışdır. Məhz elm və texnologiya əsasında Çin indiki Çindir! Bu, XX əsrin sonu XXI əsrin başlanğıcı üçün çox maraqlı, öyrəniləsi və cəlbedicilik səviyyəsi yüksək olan hadisədir.

Maraqlıdır ki, Çinin bu yüksəlişin əsas faktorlarından birini Çinin elmi ideya və yeni elm yaratmaq məsələsinə özünəməxsus üsulla yanaşması təşkil edir. Çini elmi baxımdan bizim üçün cəlbedici edən əsas məqam bundan ibarətdir. Təkrar etmək istərdim: Çin XXI əsrdə elmi ideya əsasında tam mənasında və əhatəli şəkildə yüksələn yeganə dövlətdir. Hindistan elmi də yüksəlir, Yaponiya bu sahədə daha çox təcrübəsi olan dövlətdir, Cənubi Koreya yeni texnologiyalar və nəzəri tədqiqatlar aspektlərində ciddi nailiyyətlər əldə etmiş ölkədir, Sinqapur texnologiyalar möcüzəsidir. Rusiya da nəsə etməyə çalışır, Türkiyə isə konkret irəliləyişlər əldə etmişdir. Lakin Çin bütün bunlardan fərqli olaraq elmi ideyanı nəzəriyyəyə və onu da praktiki tətbiqi və innovativ konstrukta sistemli, konseptual çevirə bilən yeganə dövlətdir. Bu tezisin təməlində Çinin əldə etdiyi nailiyyətlər dayanır – hərbi, kosmik, kənd təsərrüfatı, elmi kəşflər, innovasiyalar, yeni texnologiyalar, şəhər mədəniyyətinin yüksəlişi, tibb, postsənaye kateqoriyasına aid olan infrastrukturun sürətli inkişaf etdirilməsi və başqa əhəmiyyətli sahələr üzrə Çin nümunəsindən danışmaq olar. Danışmaqla yanaşı, öyrənib tətbiq etmək də olar.

Lakin burada Çin nümunəsinin hər kəs tərəfindən reallaşa bilməyən bir incəliyi vardır. Çin keçən əsrin ikinci yarısından (daha dəqiqi XX əsrin 80-ci illərindən) Qərbin sosial, siyasi, maliyyə siyasəti, beynəlxalq əməkdaşlıq modelləri, beynəlxalq maliyyə institutları, elmi və texnoloji cəzbetmə sahəsindən uzaqlaşmaq xətti seçdi. Pekin Avropada geniş tətbiq olunan “tetçerizm” monetar siyasətinin əksinə olaraq pul kütləsini daxili bazarda idarə etmək üçün bankların böhran halında faiz artımı siyasətini qəbul etmədi. Əksinə, faizləri aşağı saldı. Müəyyən kritik müddətdən sonra bu siyasət öz müsbət bəhrəsini verdi.

Türkiyə həmin kursu XXI əsrdə tətbiq etməyə çalışdı, lakin uğursuz oldu. Niyə? Görünür, burada Türkiyənin Avropa iqtisadiyyatına bağlılıq səviyyəsi ilə Çinin bağlılıq səviyyəsi arasında ciddi fərqlər vardır – Çin uzaqlaşa bildi, Türkiyəni isə “maliyyə bataqlığına” salmağı bacardılar.

Elmi ideya aspektində də, çətin ki, postsovet məkanında kimsə Çinin ilk mərhələdə tətbiq etdiyi üsuldan yararlana bilsin. Çünki Çin kəşfiyyatı Amerika və Avropanın aparıcı elmi təşkilatlarını ideya baxımından, sözün həqiqi mənasında, “sökdü”! Ən yeni ideyalar sürətlə Çinə çatdırılır və o da sürətli tətbiq ilə Qərbin irəli getməsini əngəlləyirdi. Dünya daha ucuz, lakin eyni texnologiyaya sahib Çin məhsulları almağa üstünlük verirdi. Çin keyfiyyətdə Qərbdən geri qalsa da, qiymətinə görə daha çox maraq doğurmağa başladı. Bununla Çin tədricən elmi ideyaları çoxaldır və özü bu əsasda avtonom elmi ideya inkişafı bazasını yaratmağa çalışırdı.

XXI əsrin ikinci onilliyində bu proses o dərəcədə genişlənib və dərinləşdi ki, Qərb Çinin elmi ideyaları “oğurlaması”nı ciddi təhlükə kimi qiymətləndirməyə başladı. Lakin artıq gec idi. İki aspektdən belə idi.

Birincisi, Çin həm kəşfiyyat şəbəkəsini qloballaşdırmışdı, həm də onun yüksək texnologiyalar yaradan dövlət imici formalaşmışdı. Çindən mal alanı Pekinin hansı ideyanı, hansı Qərb ölkəsindən qanunsuz oğurladığı deyil, yeni texnologiyalılığı maraqlandırır. Buna görə də avropalı liderlərin Çinə dəfələrlə səfər etmələri Pekini dayandıra bilmədi.

İkincisi, Çin artıq həmin müddətə özünün ideya yarada bilən dövlətə çevrilməsi üçün lazım olan ideya, fəaliyyətin təşkili və praktiki tətbiq mexanizmini hazırlamışdı. Onu vurğulayaq ki, 2017-ci ildən başlayaraq Çin elmi təşkilatları, (o cümlədən Çin Elmlər Akademiyası) patent almaq üzrə dünya reytinqində aparıcı yer tutmağa başladı. 2022-2024-cü illərdə isə reytinqdə zirvəyə yüksəldi. Öz də bu, birbaşa elmi ideyaların yeniliyinə verilən və tətbiq edilən layihələrə görə, müəyyən edilən qiymətləndirmə idi.

Sual olunur: Bu keçilmiş təcrübəni başqa dövlət təkrar edə bilərmi? Bu suala cavab vermək çox çətindir. Bundan başqa, reallıq göstərir ki, Çin nümunəsindən yararlananda hər bir ölkə özünəməxsusluğunu mütləq diqqətə almalıdır.

Bəs alternativlər?

Şübhə etmirik ki, mövcuddur. Çünki hər ölkənin özünəməxsus elmi təcrübəsi və keçdiyi yol vardır. Bütün yollardan isə düzgün istifadə elmi ideya yaratmağa imkan verən məcraya ayrıca yol açır. Burada əsas seçim anı konseptual olaraq qarşıya konkret və dəqiq vəzifə qoymaq, konkret hədəf müəyyən etməkdən ibarətdir. Bunun üçün, təbii ki, elmi fəaliyyətin təşkili üçün mövcud institutlaşmanın yenilənməsi zəruridir. Burada başqa variant mümkün deyildir. Çünki əgər indiki struktur-funksional gerçəklik imkan versəydi, ölkə ideya yaradardı. O yoxdursa, deməli, elmi fəaliyyətin təşkili yeniləşməlidir.

Burada sırf idraki aspektlə sosial-mədəni və praktiki-tətbiqi aspektlərin qarşılıqlı əlaqəsinin yeniləşməsi mütləq şərtdir. Digər tərəfdən, istənilən ölkədə ideya yaradan məkana çevrilmək üçün təhsillə elmin inteqrasiyası yeniləşməlidir. Bunun üçün təhsil sistemində struktur-funksional, konseptual və praktiki-tətbiqi aspekti ciddi nəzərə alan pedaqoji yeniləşmələr həyata keçməlidir. Bir nümunə göstərək.

Hazırda Qərbdə və Uzaq Şərqin bir sıra ölkələrində, hətta, Latın Amerikasında kiçik yaşlı uşaqlarda və tələbələrdə inteqrativ, fənlərarası mahiyyətli təfəkkürün formalaşması üçün xüsusi proqramlar hazırlayır, layihələr həyata keçirirlər. Burada məqsəd həm elmi, həm də tədrisi aspektlərində yeni koqnitiv səviyyəyə nail olmaqdan ibarətdir. Hesab edirlər ki, uşaqlar və tələbələr elmlərarası yanaşma müstəvisində işləyə biləcək təfəkkürə malik olmalıdırlar ki, müasir dövrün elmi çağırışlarına adekvat yaradıcı reaksiya verə bilsinlər. Həmin çağırışlar sırasında süni intellektin layihəsini hazırlayan və onları praktiki reallaşdıra bilən kadrlar xüsusi yer tutur. Buna görədir ki, indi xaricdə kiçik yaşlarından uşaqlara yeni tədris proqramları vasitəsilə fənlərarası düşüncə formalaşdırmağa çalışırlar və tələbələrdə həmin əsasda yaradıcı təfəkkür formalaşdırmağa xidmət edən proqramlar həyata keçirirlər.

Eyni təcrübəni Azərbaycanda tətbiq etmək mümkündürmü? Məncə, zəruridir. Bunun üçün isə uyğun yeniləşmə konsepsiyası hazırlanmalı, müxtəlif təşkilatlarla geniş müzakirə olunmalı və həyata keçirilməsinə başlanmalıdır.

Azərbaycan nümunəsi

Azərbaycan qədimdən yaradıcı insanların kifayət qədər olduğu sosial-coğrafi və mədəniyyət məkanıdır. Azərbaycanın dünyaya verdiyi dahilər bunun sübutudur. Ulu öndər Heydər Əliyev də daim vurğulayırdı ki, Azərbaycan elmə yüksək qiymət verən cəmiyyətdir. İndiki mərhələdə Azərbaycan elmi və təhsili üçün nəzəri kəşflərdən praktiki tətbiqə keçidi maksimum dərəcədə sürətləndirmək əsas vəzifələrdən biridir. AMEA-nın yeniləşməsi kursunda bu məsələ dövlətçilik məsuliyyəti kontekstində elmi əsaslandırılmış formada yer almışdır. Elm və Təhsil Nazirliyinin də özünün yeniləşmə kursunu hazırlaması yerinə düşərdi. Şübhə etmirəm ki, nazirlikdə bunun öhdəsindən gələ biləcək kadr potensialı kifayət qədərdir. Təşkilatın idarə olunmasında yeniliyə istiqamətlənmə xətti də mövcuddur.

Bundan başqa, aydındır ki, maliyyə mexanizmləri də yeniləşməlidir. Maliyyə təminatı olmayanda ən gözəl elmi və təhsil ideyası belə reallaşmamış qalır. Prezident İlham Əliyevin ardcıl, inamlı və tam elmi əsaslandırılmış surətdə ölkədə həyata keçirdiyi strateji inkişaf kursu bütün bunlara imkanlar yaradır.

Əlbəttə, Azərbaycan ideya yaradan ölkəyə çevrilə bilər və bu, baş verməlidir. İndiki mərhələdə ölkənin inkişaf strategiyasının ana xətti bunu tələb edir. Azərbaycanın 2030-cu il strateji hədəfi sənəddə dəqiq ifadə olunmuşdur. Konkret olaraq, ölkənin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının Milli Prioritetləri sonucda qüdrətli dövlət və yüksək milli rifah cəmiyyəti yaratmağa imkan verməlidir. Həm dövlətin qüdrəti, həm də cəmiyyətin yüksək rifahı (fəlsəfi kontekstdə yüksək fəzilətli toplum) yalnız elmi baza üzərində inkişaf edən dövlətdə ola bilər. Söhbət elə bir inkişafdan gedir ki, elm özü bu Vətəndə yeni ideya yarada bilir. Yəni elmi ideya intellektual milli sərvətə çevrilir. Başqa yerdən alınan ideyalar üzərində davamlı, dayanıqlı və qalıcı inkişafı təsəvvür etmək çox çətindir.

Burada vurğulamaq gərəkdir ki, elmi ideyanın intellektual milli sərvətə çevrilməsi strateji xarakterli digər məqamlarla sıx bağlıdır. Yəni söhbət əgər elmi ideyanı Azərbaycanda yaratmaq vəzifəsindən gedirsə, faktiki olaraq geniş anlamda dövlətçilik qüdrətinin yüksəlməsi və fəzilətliliyin (mənəvi, əxlaqi, mədəni və intellektual xeyirxahlıq, rifah və nəciblik) inkişafı kontekstində “elmiləşmiş toplum” yaratmaqdan danışmış oluruq. Ancaq elmi ideya dövlətə, cəmiyyətə, onun insanlarına xidmət edirsə, dövlət qüdrətli və cəmiyyət fəzilətlidir.

Məsələyə məhz bu cür baxış, elmi ideyanın intellektual milli sərvətə çevrilməsinin xüsusi fəlsəfi dərkini aktuallaşdırır. O cümlədən, ümumiyyətlə, elmi ideya yaradan ölkə olmaq məqsədinin strateji aspektini təhlil etməyi ön plana çıxarır. Bu məqamlar üzərində ayrıca dayanmaq gərəkdir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət