I MƏQALƏ
KİV-ə nəzarət edən zəkaya da nəzarət edir.
Cim MORRİSON
Böyük dövlətlərin elm siyasəti
Dünya doğrudan da dəyişir. Dövlətlər iradəsini ortaya qoyur, müxtəlif yeni təsir üsullarından istifadə edərək, nüfuz dairəsini genişləndirməyə çalışırlar. Total olaraq rəqabət həm güclənir, həm də məzmun və məqsədcə yeniləşir. Bu gedişatın təkanverici güclərindən biri kimi elmi göstərirlər. Daha doğrusu, “elmi ideya kimlərdə varsa və o, yeniləşirsə, güc ondadır” düşüncəsi hakimdir. Elmin insan həyatına və o cümlədən, cəmiyyətlərin və dövlətlərin fəaliyyətinə bu dərəcədə nüfuzu keçən əsrin ikinci yarısından alimlər və siyasətçilər tərəfindən vurğulanırdı. Ancaq XXI əsrin gəlişi ilə məsələ daha da dərinləşdi və etiraf edək ki, xeyli həyəcan yaratdı. Çünki getdikcə aydın olur ki, elmi ideyadan siyasi məqsədlərlə istifadə tendensiyasının artması son dərəcə təhlükəli gedişat yaradır.
İndi Qərbdə çox sayda filosof, metodoloq və konkret elm mənsubları siyasi sistemin elmi fəaliyyəti öncədən planlaşdırılan istiqamətə yönəltdiyinin mümkün fəsadlarını intensiv surətdə araşdırırlar. Onların etirazı bundan ibarətdir: müasir elmi kəşflərdən bəhrələnən yeni texnoloji tətbiqlər faktiki olaraq, alimin birbaşa gerçəkliyi dərk etməsindən yayındırır. Virtual dünyada öncədən planlaşdırılmış qaydada elə informasiyalar şəbəkəsi yaradırlar ki, tədqiqatçı ideyanı həmin şəbəkə əsasında axtarmalı olur. Yəni bəri başdan, xüsusi məqsədlə özəl bir informasiya dünyası formalaşdırırlar və araşdırmaçı, avtomatik olaraq, həmin informasiya bazası əsasında “elmi axtarışda” olur.
Belə hallar öncəki tarixi dönəmdə olmamışdır. Əlbəttə, İ.Sina, N.Tusi, İ.Nyuton və ya A.Eynşteyn yaşadıqları dövrün informasiya-kommunikasiya potensialının verdiyi çərçivədən kənara çıxa bilməzdilər. Frensis Bekonun “Yeni Orqanon” əsərinin fəlsəfi və elmi dəyərini də məhz onun yaşadığı dövrün elmi təfəkkürünün xüsusiyyətləri izah edir. Lakin onların heç biri öncədən təşkil edilmiş və görüntü (virtual) xarakterli informasiya qaynağından yararlanmamışdır.
İndiki vəziyyətin fərqli cəhəti ondan ibarətdir ki, informasiya qaynağı xüsusi məqsədlə elmə daxil olmayan dairələr tərəfindən idarə edilir – onlar üçün nə sərf edirsə, onu virtual dünyaya yerləşdirirlər. Alimlərin və filosofların etirazları bunadır. Çünki elmi təfəkkür, faktiki olaraq, təbii qaynağından uzaqlaşır və kənardan olan diktə əsasında özünü təsdiq etməli olur. Bu prosesin qarşısı alına bilərmi? Təəssüf ki, indiki reallıq prizmasında mümkünsüz görünür. O halda müstəqil dövlət olaraq nə etmək olar?
Qərb nümunəsi
İndi məsələyə günümüzün real faklarından baxaq. Sizcə, indi tez-tez işlədilən “Amerika ideyası”, “Çin ideyası”, “Rusiya ideyası” kimi metaforların əsl mənası nədən ibarətdir? Axı ideya özlüyündə etnik və milli kökənli deyildir. Ümumiyyətlə, insan şüurunun yarada bildiyi məfhumdur, anlayışdır, “şüuri təcrübədir”. Bu keyfiyyətdə ideya etnik və ya milli ola bilməz. Ancaq yuxarıda vurğuladığımız terminlər işlədirlir və həm də çox müxtəlif kontekstlərdə beyinlərə yeridilir.
Bundan başqa, prosesin praktiki aspekti də önəmlidir. Biz müasir dövrdə elm adamları ilə bağlı aparılan siyasəti nəzərdə tuturuq. Məsələn, ABŞ, Avropa dövlətləri, Çin, Yaponiya, Sinqapur, Rusiya və başqa dövlətlər elm adamları ilə bağlı xüsusi siyasət yeridirlər. Deyə bilərəm ki, ABŞ dünyanın istənilən guşəsindən perspektivli elm adamını özünə cəlb edə bilir. Bu proses hətta II Dünya müharibəsi dövründən başlamışdı (fizik Nils Borun oğurlanıb Amerikaya aparılmasını xatırlamaq olar).
Avropa dövlətləri də xüsusi elm siyasəti yeridirlər. Dünya miqyasında təsiri olan ideyaların xeyli hissəsi Avropa mənşəlidir. Orada əsrlərdir ki, elmi kəşflərdən, yeni konseptual ideyalardan haqlı olaraq danışırlar. Avropa elmi təfəkkürü dünya elminə çox ciddi töhfələr vermişdir və bu, davam edir. Əslində, indi ABŞ-yə aid etdiyimiz elm dahilərinin böyük əksəriyyəti Avropa mənşəli insanlardır (hazırda Uzaq Şərq və Latın Amerikası kökənli alimlər də vardır). İndi Avropada elə yüksək araşdırma imkanları olan təşkilatlar və qruplar vardır ki, dünyaya nümunədir. Bunu həm həmin dövlətlərdə sosial-mədəni həyatın təşkili səviyyəsindən, həm də yeni texnologiyalar, süni intellektlər, robotlar v s. istehsalından görə bilərik.
Doğrudur, son zamanlar Avropa dövlətləri Amerika və Çin tərəfindən olan rəqabətin gərginliyindən şikayətlənirlər. Onlar buna qarşı öz tədbirlərini görmələrinin lazım olduğunu rəsmən bəyan edirlər. Nümunə üçün deyim ki, bu ilin sentyabrında İtaliyanın keçmiş baş naziri Mario Draqinin Aİ üçün geniş məruzəsi olmuşdur. Orada müəllif Avropanın rəqəmsallaşdırma, “yaşıl iqtisadiyyat” və sərmayə qoyuluşunda ABŞ və Çindən xeyli geridə qalmasını fəlakət adlandırmışdır. Bu isə birbaşa Avropada elmi ideyaya appelyasiyadır, yəni ilk olaraq elmi səmərəliliyi artırmağın önəminə vurğu edilmişdir. Rəqəmsallaşma və “yaşıl iqtisadiyyat”da geridə qalma elmi fəaliyyətin qüsurları kimi qəbul edilir. Görünür, Avropa həm elmi ideya yaradan, həm də onu çevik tətbiq edən məkan kimi ABŞ və Çindən geridə qalır.
Uzaq Şərq nümunəsi
Əsas olaraq Yaponiya, Çin, Cənubi Koreya və Sinqapur elm siyasətində bacarıqlıdırlar. Onların sırasında Çinin və Cənubi Koreyanın yeri ayrıcadır. Çin ABŞ-dən fərqli olaraq perspektivli elm adamlarını özünə cəlb edib ölkəsində çalışdırmadı. Çin elmi ideyaları oğurladı. Onun yaratdığı geniş kəşfiyyat şəbəkəsi, Qərbin dəfələrcə etirazına baxmayaraq (Angela Merkel bir neçə dəfə Çinə səfərində bu məsələni qaldırmışdı), Pekin “ideya oğrusu” olaraq qaldı. Lakin bu, bir mərhələyə qədər oldu. Çin möcüzəvi şəkildə özü ideya yaradan dövlətə çevrildi. 1998-ci ildə dünyanın aparıcı elm ölkələri sırasında ilk 10-luğa belə daxil olmayan Çin, artıq 2017-ci ilin reytinqində birinci sırada idi. Nəyin hesabına? Elmi ideya yarada bilmək hesabına. Bunu hər kəs etiraf edir.
Cənubi Koreya isə dünyaya sübut etdi ki, elmi ideya generatoru olmaq üçün heç də ərazicə böyük olmağa ehtiyac yoxdur. Əslində, İsrail bunu xeyli öncə sübut etmişdi, ancaq burada söhbət konkret olaraq Uzaq Şərqin ərazicə bir kiçik ölkəsindən gedir. Bundan başqa, İsrailin imkanları ilə Cənubi Koreyanın imkanlarını müqayisə belə etmək olmaz. Çünki yəhudilər dünyanın ən inkişaf etmiş hissəsində maliyyə, siyasət və elmi fəaliyyət baxımından aparıcı mövqedə olmuşlar və indi də elədir. Bir amerikalı Nobel mükafatçısının hansısa tərəfi yəhudilərə bağlıdır və onun etdiyi elmi kəşf dərhal İsrailin intellektual milli sərvəti funksiyasını yerinə yetirir. Əlbəttə, koreyalılar haqqında bunu demək mümkün deyildir. Həmin səbəbdən Cənubi Koreyanın elmi-texnoloji sıçrayışı bir dünya möcüzəsidir. İndi Cənubi Koreya da ideya yaradan dövlətdir.
Nümunələrin ortaq məqamı
Vurğulanan nümunələrin müqayisəsi, ən azı, iki məqam üzərində düşünməyə məcbur edir. Birincisi, Qərb və Uzaq Şərqin elmi tərəqqiyə fərqli üsullarla nail olduqlarının anlaşılmasıdır. İkincisi, bu fərqliliyə baxmayaraq, yekun nəticənin oxşar olmasıdır. Hər iki aspekt üzərində geniş dayanaq.
ABŞ çox fərqli davranır. Bu dövlət uzun müddətdir ki, kənarda olan “beyinləri oğurlayır”. Sözün həqiqi mənasında, amerikanlar bu barədə çox uğurludurlar. Məcazi mənada desək, Çin ideyanı oğurlayırsa, Amerika ideya qarışıq perspektivli beyini elə oğurlayır ki, ondan dəfələrlə yeni ideyalar ala bilir.
Belə ki, indi nadir hallarda ABŞ-də hər hansı universitet və ya elmi təşkilatın təklifindən gənc və perspektivli alim imtina etsin – dünyanın hansı guşəsində yaşamağından asılı olmayaraq, ABŞ alimləri özünə çəkir. Bəs niyə gənc araşdırmaçılar ABŞ-dən imtina edə bilmirlər? Çünki orada elmi fəaliyyət üçün dünya miqyasında nümunə ola biləcək şərait yarada bilmişlər. Həm iş yeri, həm maliyyəsi¸ həm də elmi fəaliyyətə olan münasibət dünya alimlərini ora çəkir. Təcrübə göstərir ki, bir yapon, çinli, türkiyəli və ya argentinalı, olsun ki, livanlı Amerikada özünə elmi karyera qurub Nobel mükafatçısı ola bilər. Həmin ölkələrdə dünyaya gəlmiş alimlər sırasında Nobel mükafatını alanlar vardır. Bizim fəxr etdiyimiz türkiyəli Əziz Səncər onlardan biridir. Və yaxud Türkiyədə dünyaya gəlmiş erməni kökənli Daron Əcəmoğlu (iqtisadiyyat üzrə) bu il Nobel mükafatını almışdır. Onun həyat yoldaşı da türkiyəlidir.
Burada bir məqam da vardır. ABŞ-də bir çinli Nobel mükafatı almışdır (Əziz Səncərlə eyni ildə). Lakin ona bərabər səviyyədə olan çinlilər Çində işləyərkən Nobel ala bilmirlər. Eyni zamanda, Çin faktiki olaraq, kollektiv elmi yaradıcılıqda artıq ABŞ-ni qabaqlayır. Buna baxmayaraq, bu irəliləyiş Nobel mükafatı almaqda əksini tapmır. Bu, bir paradoksdur. Görünür, burada Qərb alimlərini də narahat edən siyasətin elmə çox nüfuz etməsi ilə bağlı məqamlar mövcuddur.
Vurğuladığımız özəlliklər fonunda meydana bir sual çıxır – müxtəlif ölkələrdən olan və Nobel mükafatı alan alimlər “ideya” olaraq kimə məxsusdur? Məsələn, Ə.Səncər və ya D.Əcəmoğlunu Türkiyənin intellektual milli sərvəti hesab etmək olarmı? Burada da fərqli reallıq vardır. Ə.Səncər bir insan, türk və alim olaraq Türkiyəyə və hətta türk dünyasına çox bağlıdır. Amalı türk dünyasının elmdə ilk sıralara çıxmasıdır. Bunun üçün alim kimi əlindən gələni də edir. Ancaq bu dahi alimin elmi ideyası türklərə məxsus deyildir, Türkiyənin intellektual milli sərvəti deyil. Ə.Səncər alim kimi ABŞ-nin “ideyası”dır. D.Əcəmoğluna gəldikdə isə ümumiyyətlə, onun Türkiyəyə hansı elmi aidiyyəti olduğu məlum deyildir. Sadəcə, avtobioqrafiyasında Türkiyədə doğulduğu haqqında qeyd vardır. O heç Ermənistana da “ideya” kimi aid deyildir. D.Əcəmoğlu elm adamı və elmi ideya müəllifi kimi ABŞ-nindir.
Bunlardan hansısa etnik və mədəni yanlışlıq nəticəsi alınmasın. Məqsəd ondan ibarətdir ki, hər bir dövlətin elmi ideyanı özününkü etməsi üçün böyük anlamda həmin ideyanı özündə yaratmalıdır. Əlbəttə, bu, o demək deyildir ki, yeni ideyadan, məsələn, Ə.Səncərin elmi kəşfindən Türkiyə və ya Azərbaycan yararlana bilməz. Təbii ki, yararlana bilərik. Lakin ideya yaradan ölkə olmaq başqa şeydir. Tam olaraq, Ə.Səncərin elmi ideyası bütün incəliklərinə qədər amerikan elmi təfəkkürünə və həm də elmi fəaliyyət sisteminə “hopmuşdur”. Bu mənzərəyə, bütövlükdə, müasir amerikan elminin sistemi prizmasında baxsaq, ABŞ-də işləyən Nobel mükafatçılarının “elmi ideya” kimi həmin sistemin bir parçası olduğunu görürük. Həmin keyfiyyətdə də onların elmi ideyaları ABŞ-də yeni səviyyədə elmi ideyalar yarada bilir. ABŞ uzun müddətdir ki, bu zəncirvari prosesin üzərində bərqərar olan elmi ideyalar məkanıdır!
Elmi ideyanın Amerika variantı
Vurğuladığımız məqamlardan ABŞ üçün xarakterik olan ideya yaratmaq məkanı olmanın mexanizmi haqqında təsəvvür əldə edə bilərik. Belə görünür ki, ABŞ elmi sferada özünəxas “bəşərilik şəbəkəsi”ni qura bilmişdir. Bu dövlət həm öz daxilində elmi infrastrukturu davamlı inkişaf etdirir, həm də fərqli elmi təfəkkür sahiblərini Amerikada işlətməklə “elmi təfəkkürü” yeniləşdirir. Obrazlı desək, yaradıcılığa “yeni nəfəs verir, alimlik qanını təzələyir”. Bu da bir tərəfdən, ABŞ-ni dünya miqyasında elmi ideya yaratmaqda ön sırada saxlayır, digər tərəfdən isə sanki bütün dünyanı əhatə edən “elmi yaradıcılıq üsulunun idraki nəbzini tutur”. Bu xüsusiyyətinə görə, ABŞ elmi ideya qaynağı kimi digərlərindən, məsələn, Çin və Cənubi Koreyadan fərqlənir. Deməli, biz ayrıca Çin və ya Koreyanın ideya qaynağı olma üsulundan danışa bilərik. Sonucda bu müqayisələr Azərbaycanın elmi ideya məkanı ola bilməsi imkanını yaradır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru