İyulun 1-də Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimi keçirilib. İki ölkənin qanunverici orqanları rəhbərlərinin və deputatlarının iştirak etdikləri tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova, forumun iki ölkənin parlamentləri üçün çox əlamətdar bir hadisə olduğunu qeyd edib. Onun sözlərinə görə, bu tədbir Azərbaycan Milli Məclisinin hər hansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur. Bu fakt parlamentlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, ilk növbədə ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir.
Çıxışında özünün Özbəkistana həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində etdiyi səfərləri məmnunluqla xatırladan spiker Sahibə Qafarova, bu ölkənin Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurları qeyd edib.
Azərbaycan və özbək xalqlarının bir-birinə ümumi tarixi köklər, milli, mənəvi və mədəni dəyərlərlə sıx bağlı olduğunu söyləyən Milli Məclisin sədri deyib ki, xalqlarımız əsrlər boyu bir-birinə qardaş kimi yanaşaraq, sülh şəraitində yaşayıblar. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra münasibətlərimiz məhz bu möhkəm təməl üzərində qurulub və sürətlə inkişaf edib.
Xalqlarımız və ölkələrimiz arasında münasibətlərin dərinləşməsində Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərini vurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistana dövlət səfəri zamanı açılışı olan Daşkənddəki Heydər Əliyev meydanı Ümummilli Liderimizin xidmətlərinin etirafı olmaqla yanaşı, həm də özbək xalqının onun şəxsiyyətinə olan ehtiramının sübutudur. O, Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildirən spiker Sahibə Qafarova deyib ki, bu gün iki ölkənin liderləri - Prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin müdrik rəhbərliyi ilə dövlətlərimiz hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etməklə yanaşı, ölkələrimiz arasında da əlaqələr daha da dərinləşib. Ölkə başçılarımız mövcud güclü siyasi və iqtisadi potensialı məqsədyönlü şəkildə xalqlarımızın, ölkələrimizin, hətta bütövlükdə bütün regionun ümumi inkişafına və gələcək firavanlığına yönəldirlər. Hazırda ölkələrimiz arasında ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini söyləyən spiker Sahibə Qafarova xatırladıb ki, Prezident İlham Əliyevin 2024-cü ilin avqustunda Özbəkistana dövlət səfəri zamanı imzalanan Müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə Azərbaycan və Özbəkistan rəsmən müttəfiq olublar. O, Prezident İlham Əliyevin bu gün Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun, Xəzər dənizinin vahid geosiyasi regiona çevrilməsi və regionlarımızda gedən müsbət proseslərin Özbəkistan və Azərbaycan arasında səmərəli əməkdaşlıqdan daha çox asılı olması haqqında fikirlərini xatırladaraq, əlavə edib ki, ötən ilin oktyabrında Azərbaycan parlamenti müttəfiqlik müqaviləsini yekdilliklə ratifikasiya edib.
Çıxışına davam edən Milli Məclisin sədri deyib ki, bu gün iki ölkənin prezidentləri arasında şəxsi etimad münasibətləri, onların mütəmadi təmasları, qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələri genişləndirən əsas amillərdəndir. Onun sözlərinə görə, regional və beynəlxalq məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür və bu, beynəlxalq strukturlarda daim qarşılıqlı dəstəkdə öz əksini tapır.
Azərbaycan-Özbəkistan münasibətlərində digər mühüm məqam kimi Özbəkistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəti və dəyişməz mövqeyini vurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycan xalqı həm ərazilərimizin Ermənistan tərəfindən işğalı illərində, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Onun sözlərinə görə, Özbəkistan Prezident Mirziyoyevin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbekin adını daşıyan məktəb tikərək, işğaldan azad edilmiş ərazilərin bərpasına töhfə verən ilk ölkə oldu. Spiker istər bu məktəbi, istərsə də işğaldan azad edilmiş Xankəndi şəhərində yaradılmış yüngül sənaye müəssisəsini xalqlarımız arasında qardaşlıq və dostluq rəmzləri kimi xarakterizə edib.
Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən birinin parlamentlərimizin qarşılıqlı fəaliyyəti olduğunu deyən parlamentin spikeri, bildirib ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, parlamentlərarası əməkdaşlığımız xüsusi məna və xarakter alır. Bu əməkdaşlıq parlamentlərimizin dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verməyə hazır olduğunu göstərir.
Son illərdə qanunvericilik orqanlarımız arasında səmərəli əməkdaşlığın nümunəsi kimi, parlament sədrlərinin çoxsaylı qarşılıqlı səfərlərini, deputatların, dostluq qruplarının və müxtəlif nümayəndə heyətlərinin görüşlərini sadalayan Sahibə Qafarovanın sözlərinə görə, “Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisinin Senatı arasında əməkdaşlıq haqqında Saziş”in imzalanması, “Yol xəritələri”nin həyata keçirilməsi, habelə beynəlxalq parlament strukturlarında davamlı qarşılıqlı dəstək, əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir. O, bu kontekstdə bugünkü forumun əməkdaşlığımızı daha da dərinləşdirmək, birgə səylərimizi xalqlarımızın və ölkələrimizin rifahına yönəltmək üçün qarşılıqlı istəyi təcəssüm etdirdiyini vurğulayıb.
Milli Məclisin sədri bu forumun səmərəli əməkdaşlıq mexanizminə çevriləcəyinə, aparılan müzakirələrin parlamentlərarası əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə verəcəyinə inamını ifadə edib.
Forumda çıxış edən Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycan parlament nümayəndə heyətini salamlayaraq, bu forumun sadəcə parlamentlərarası görüş olmadığını, əlaqələrimizin inkişafı tarixində mühüm mərhələ olduğunu bildirib. O, tədbirin Özbəkistan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində keçirildiyini və bu məqamın da forumun əhəmiyyətini bir daha göstərdiiyini söyləyib. Tənzilə Narbayeva deyib ki, forumun bu günlərdə keçirilməsi bizim parlament dəyərlərinə ümumi sadiqliyimizi və ölkələr arasında dostluğun əsas amillərindən biri kimi parlamentlərarası əməkdaşlığı gücləndirmək istəyimizi ifadə edir. O, parlamentlərarası forumun səmimi və konstruktiv fikir mübadiləsi, ümumi təşəbbüslərin inkişafı, birgə proqramların həyata keçirilməsi üçün əsas platformaya çevriləcəyinə inamını ifadə edib.
Ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsi haqqında da fikirlərini bölüşən Tənzilə Narbayeva vurğulayıb ki, Özbəkistanla Azərbaycan arasında münasibətlər həmişə ortaq tarixi, mədəni və mənəvi dəyərlər üzərində qurulub. Bu əlaqələr xalqlarımızın dostluğu, qarşılıqlı hörməti və qardaşlıq hissləri ilə daha da möhkəmlənir. O, əlaqələrimiizin yüksək səviyyədə olmasında iki ölkənin liderlərinin səylərinin və şəxsi töhfələrinin həlledici əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, məhz dövlət başçılarımızın uzaqgörənliyi, prinsipial mövqeyi ölkələrimiz arasında münasibətlərin müttəfiqlik, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini, bütün sahələrdə uğurla inkişafını təmin edib.
Senatın sədri çıxışında, həmçinin parlamentlərimiz arasında mövcud olan əlaqələr haqqında da danışaraq qeyd edib ki, parlamentlərimizin qarşılıqlı fəaliyyəti həm ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə xidmət edir, eyni zamanda, bu əlaqələr böyük beynəlxalq təşkilatlarda ölkələrimizin mövqelərinin möhkəmlənməsində də mühüm rol oynayır.
Parlament sədrlərinin çıxışlarından sonra Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumu işini sessiyalar üzrə müzakirələrlə davam etdirib.