Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregini kəskin tənqid edib. Baş nazir bu barədə öz Facebook səhifəsində yazıb. Məlumatı “Anadolu” verib.
Paşinyanın sözlərinə görə, katolikos subaylıq andını pozub və övladı var. Siyasətçi qeyd edib ki, Erməni Apostol Kilsəsinin qanunlarına görə, subaylıq andını pozan şəxsin katolikos olmaq hüququ yoxdur.
Hökumət başçısı II Qaregini patriarxlığı tərk etməyə çağırıb.
İyunun 27-də səhər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları arxiyepiskopu saxlamaq üçün katolikosun Eçmiədzindəki iqamətgahına gəlsələr də, dindarların və keşişlərin müqaviməti ilə üzləşiblər.
İyunun 25-də Ermənistan İstintaq Komitəsi müxalifətçi “Müqəddəs mübarizə” üzvlərinin Ermənistanda hakimiyyəti ələ keçirmək üçün terror aktları hazırlaması barədə məlumat yayıb. Hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanın və onun tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Həmin gün axşam saatlarında məhkəmə onları həbs edib.
P.ƏMİRCANOV
XQ