ABŞ-nin Kaliforniya ştatında yerləşən Berkli Universitetində “Akademiya və İnnovasiya Forumu” (Academy and Innovation Forum) keçirilib.
Forum Amerika Azərbaycanlı Alimlər Şəbəkəsinin təşkilatçılığı, Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti və Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin dəstəyi, Berkli Universiteti Azərbaycanlı Tələbələr Birliyinin ev sahibliyi ilə baş tutub.
Tədbirdə ABŞ-nin müxtəlif elm və təhsil ocaqlarında çalışan azərbaycanlı alimlər, araşdırmaçılar, doktorantura tələbələri, yüksək texnologiya şirkətlərində işləyən peşəkarlar, amerikalı alimlər, startap nümayəndələri, habelə Azərbaycandan təhsil və innovasiya sahəsində mütəxəssislər iştirak ediblər.
Forumun əsas məqsədi müxtəlif sahələr üzrə azərbaycanlı elm adamları arasında körpü qurmaq, amerikalı və azərbaycanlı alimlərin qarşılıqlı əlaqələrini gücləndirmək, birgə tədqiqatlara zəmin yaratmaq, eləcə də Azərbaycan əsilli alim və mütəxəssislər arasında şəbəkələşməni genişləndirmək olub.
Açılış nitqi ilə qonaqları salamlayan Azərbaycan Alimlər Şəbəkəsinin rəhbəri, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı fakültəsinin dekan müavini Sevinc Məmmədova forumun elmi sahələrdə bilik və təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu vurğulayıb. Fərqli sahələrdən olan mütəxəssisləri qarşılıqlı fikir mübadiləsinə dəvət edib.
Silikon Vadisi Kompüter Tarixi Muzeyinin İnnovasiya və proqramlaşdırma üzrə professoru Marqorit Qonq Henkok və Corc Vaşinqton Universitetinin dekanı Maykl Fyuer forumda çıxış ediblər. Onlar müxtəlif elm sahələrindən olan alimlərin bir araya gəlməsini yüksək qiymətləndiriblər.
İki gün davam edən forumda müxtəlif panellər və “Power Talk” sessiyaları keçirilib. Panellərdə və sessiyalarda təhsildə texnologiyaların tətbiqi, innovasiya ekosistemləri, Azərbaycanda tədqiqat potensialının artırılması istiqamətində fikirlər səsləndirilib. Azərbaycanlı alim və mütəxəssislər icmanın inkişafına verdikləri töhfələr, paylaşdıqları real təcrübələr və gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.
Forumla yanaşı, Berkli Universitetinin Klubunda qonaqlar üçün ziyafət təşkil olunub və azərbaycanlı musiqiçilərin ifasında milli musiqilərimiz səsləndirilib. 100-dək iştirakçının qatıldığı tədbirin təşkilatçıları foruma dəstəyə görə tərəfdaşlarına təşəkkür ediblər.