Ölkəmizin bu sahədə yetərli təcrübəsi var
İnformasiya texnologiyalarının, proqram-texniki vasitələrin geniş inkişaf etdiyi dövrdə, eyni zamanda, qloballaşma mühitində təhsilin əyani və qiyabi formaları ilə yanaşı, distant təşkili ideyası da tez-tez eşidilir.
Xarici dövlətlərin çoxunda qəbul olunmuş məsafədən öyrətmənin tarixi İsaak Pitmanın poçt məktubları vasitəsilə Birləşmiş Krallıqda stenoqrafiyanı yaydığı 1840-cı ilə dayanır. Bu təhsil 1970-ci illərə qədər çap materiallarına əsaslanırdı. Texnologiyanın inkişafı uzaq məsafələri yaxınlaşdırıb, ünçatan, əlyetən edib. Bu gün hər kəsin istifadə etdiyi, internetə çıxışı olan kompüter, yaxud smartfon kifayət edir ki, məsafədən təhsilə qoşula biləsən.
Təhsilin onlayn forması işləyən, uzaq məsafədə yaşayan, ailəli insanlar üçün yeni imkanlar yaradır. Mütəxəssislərinin fikrincə, bu, ənənəvi formalara nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir. Beynəlxalq statistikaya görə, distant təhsil alanların əksəriyyəti yaşı 25-i ötmüş, işdən ayrılmadan peşəkar nəzəri biliklərini genişləndirmək istəyənlərdir. Azərbaycanda distant təhsil 19 iyun 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” Qanunda təsbit olunub. Sənədin 13-cü maddəsinə əsasən, ölkəmizdə əyani, qiyabi, sərbəst (eksternat) təhsil formaları ilə yanaşı, distant (məsafədən) öyrənmə üsulu da var. Lakin müvafiq zəruri prosedurlar hələ ki, işə düşməyib.
Təcrübə göstərir ki, distant təhsil ənənəvi sistemdən xeyli ucuz başa gəlir. Təhsil müəssisələri icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir. Tədrisi həyata keçirmək üçün ayrıca otaqlar və kompüterlər tələb olunmur. Mobilliyi təmin edən distant təhsilin daha bir üstünlüyü odur ki, tələbələr müstəqil məşğul olurlar.
Elm və təhsil naziri Emin Əmrullayev müvafiq açıqlamasında vurğulayıb ki, distant təhsilin bu və ya digər şəkildə tanınması üçün zəruri şərt həmin proqramın akkreditasiya olunmasıdır: “Azərbaycanda hazırda keyfiyyət təminatı almış distant tədris proqramı yoxdur. Bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə işlər görülür. Distant təhsil tədrisin yalnız formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Yəqin ki, zamanla bu istiqamətdə irəli gedəcəyik. Amma heç bir formatda distant təhsilin diplom paylanılması və ya qeyri-qanuni diplom alınmasına çevrilməsini istəmirik. Əgər bunu edəcəyiksə, dünya miqyasında qəbul olunmuş standartlar çərçivəsində etməyi düşünürük”.
Distant təhsilin ölkəmizdə tətbiqini gərəkli sayan ekspert Elçin Əfəndinin fikrincə isə, Azərbaycanda bu formanın həyata keçirilməsi gecikir: “Distant təhsil qiyabidən daha üstündür. Bu səbəbdən daha çox magistratura səviyyəsini bu formada təşkil etmək lazımdır. Magistraturada oxumaq istəyənlər, əsasən, əmək fəaliyyəti ilə məşğul olurlar. Onlar üçün hələlik ən uyğun təhsil forması qiyabidir. Amma distant təhsil ondan daha sərfəli və səmərəlidir. Distant təhsili yaradırıqsa, nəzarət mexanizmi tətbiq olunmaldır ki, hər şəxs diplomun tanınması ilə bağlı saxtakarlığa əl atmasın”.
Xatırladaq ki, ölkəmiz pandemiya dövründə artıq distant təhsil formasını sınaqdan keçirib. COVID19 zamanı ölkənin təhsil müəssisələrinin kollektivləri məsafədən tədris üzrə yetərli təcrübə qazanıblar. Mövcud imkanlar distant təhsilə keçidi sürətləndirməyə əsas yaradır.
Rizvan FİKRƏTOĞLU
XQ