“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən səhiyyə islahatları çərçivəsində yeni “Ağız və Diş Sağlamlığı Mərkəzi” yaradılacaq.
Mərkəzin yaradılmasında əsas məqsəd muxtar respublika əhalisinə göstərilən stomatoloji xidmətlərin keyfiyyətini yüksəltmək, bu xidmətlərin müasir tibbi standartlara uyğun şəkildə təşkili və əlçatanlığını təmin etməkdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən verilən məlumata görə, əvvəlki dövrdə əhaliyə göstərilən stamatoloji xidmət Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzi və özəl stomatoloji kabinetlər tərəfindən həyata keçirilirdi. Lakin bu xidmətlər müasir tibbi tələblərə uyğun deyildi. Yeni mərkəzin yaradılması ilə ağız və diş sağlamlığı sahəsində infrastruktur yenilənəcək, tibbi diaqnostika və müalicə imkanları genişlənəcək.
Məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamına əsasən yaradılan Ağız Diş Sağlamlıq Mərkəzi üçün ayrılmış binada hazırda yenidənqurma işləri aparılır. Mərkəzdə əhaliyə göstəriləcək xidmətlərin çeşidini və keyfiyyətini artırmaq məqsədilə altı ixtisaslaşmış şöbə – stomatoloji, pediatriya, cərrahiyyə, ortodontiya, ortopediya və radiologiya şöbələri fəaliyyət göstərəcək. Radiologiya şöbəsi sefolometrik rentgen cihazı ilə təchiz olunacaq ki, bu da muxtar respublikada ilk dəfə tətbiq ediləcək və dəqiq diaqnoz qoyulmasına töhfə verəcək.
Həmçinin mərkəzdə aparılacaq cərrahi müdaxilələrin effektivliyini artırmaq məqsədilə cərrahiyyə şöbəsi müasir tibbi avadanlıqlarla – elektron lazer cihazı və piezo cərrahiyyə aparatı ilə təchiz olunacaq. Bununla yanaşı, əlilliyi olan şəxslərin tibbi xidmətlərdən daha rahat şəkildə faydalana bilmələri üçün xüsusi stomatoloji kabinet də istifadəyə veriləcəkdir.
Ümumilikdə 34 funksional otağın yer alacağı binada həkim, cərrahiyyə, rentgen, sterilizasiya və texniki otaqlar fəaliyyət göstərəcək.
Təmir-tikinti işləri davam edən mərkəz binasının bu ilin sonuna doğru istifadəyə verilməsi nəzərdə tutulub.
Səbuhi HƏSƏNOV