“Nazione” partiyası Korsikaya azadlıq tələb edir

post-img

Korsikanın “Nazione” partiyası adından Petr'Anto Tomasi Ayaççoda keçirdiyi mətbuat konfransında adanın BMT-nin özünüidarə etməyən ərazilər siyahısına daxil olunması tələbini səsləndirib: “Fransa Konstitusiyasının bizə rəva bilmədiyini beynəlxalq hüquqda və Birləşmiş Millətlər Təşkilatında axtarmaq niyyətindəyik”.

P.Tomasi bəyanatı Korsika Assambleyası tərəfindən bu adanın özünüidarə etməyən ərazilər siyahısına (müstəmləkəsizləşdiriləcək qeyri-muxtar ərazilər) daxil olunmasını tələb edən vəsatətin araşdırılmasından bir gün əvvəl verib. Bu vəsatət cari ilin yanvarında Korsika Assambleyasının deputatı Jozefa Ciakometti-Piredda tərəfindən irəli sürülüb. O bildirib ki, institusional ardıcıllıq Korsika xalqının gələcəyi və torpaqlarında yaşamaq hüququ üçün həlledici elementdir.

“Nazione” partiyası adanın “müstəmləkəsizləşdiriləcək ərazi” olmasına səs vermək üçün Korsika Assambleyasına çağırış edib. Partiya bəyan edir ki, Korsikanın BMT-nin müstəmləkəsizləşdiriləcək qeyri-muxtar ərazilər siyahısına daxil olunmasını hazırda davam edən muxtariyyət prosesi ilə müqayisə etmək əbəsdir. Jozefa Ciakometti-Pireddanın fikrincə, Korsikanın müstəmləkə olduğunu və beləliklə, dekolonizasiya edilməli olduğunu söyləmək suverenliyə və müstəqilliyə dair qərar vermək hüququ baxımından dövlətlə müzakirə üçün vacib amildir.

Bildirilir ki, Korsika BMT-nin özünüidarə etməyən ərazilər siyahısına daxil olmaq üçün bütün hüquqi və siyasi tələblərə cavab verir.

XQ

Siyasət