Məlum olduğu kimi, bu gün böyük güclər bəzi dövlətlərdən şəxsi maraqları üçün istifadə etməyə çalışırlar. Çox təəssüf ki, onlar hər zaman öz məqsədləri üçün strateji dövlətləri “yumşaq güc” vasitəsilə asılı hala salmağa və dolayısı ilə onun müstəqilliyini əlindən almağa çalışırlar.
2020-ci ilin Azərbaycanın 44 günlük Vətən müharibəsi Zəfərindən sonra böyük güclərin ölkədaxili sabitliyi pozmağa və dövlət – xalq birliyinə ziyan vurmağa çalışmaqla regionda nəzarəti ələ almaq cəhdlərinin şahidi olduq. Nəticədə Azərbaycanın apardığı xarici və daxili siyasət və sarsılmaz birlik dövlətimizi zəiflətməklə region üzərində qurulan bütün ssenariləri boşa çıxardı. Təbii ki, bu cür oxşar təzyiqlər hələ də davam etməkdədir. Son olaraq ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29-la bağlı da saxta kampaniyaların aparıldığının şahidi oluruq.
Görünür Azərbaycana qarşı cəhdlərində uğursuz olan Qərb bu dəfə hədəf olaraq Gürcüstanı seçib. Hazırda qonşu Gürcüstan Qərbin analoji təhdidi ilə üz-üzədir. Biz yaxşı başa düşürük ki, hazırda Gürcüstanda davam edən proseslər bütövlükdə ölkənin imtahanıdır və bunun nəticələri birbaşa olaraq xalqın taleyinə təsir edəcək. Həmin qara qüvvələrin Gürcüstanda ölkədaxili təsiri artırmağa və seçki öncəsi daxili qarşıdurmalar yaratmağa çalışdığını bilirik. Ancaq dövlətin və xalqın məqsədi eyni olarsa, kənar təsirlər fayda verməz.
Azərbaycan təcrübəsindən çıxış edərək əminliklə söyləyə bilərik ki, QHT – dövlət birliyi, bəlkə də, ölkədaxili ən önəmli kombinasiyalardan biridir. Gürcüstanlı həmkarlarımızın da bu cür birlik nümayiş etdirməsi, qonşu dövlətin vətəndaşları olaraq bizi çox sevindirir. Son illər hər iki dövlətin apardığı siyasətə nəzər yetirsək Azərbaycan və Gürcüstanın bir sıra vacib məsələlərdə, xüsusilə QHT-lərə və onların fəaliyyətlərinə olan yanaşmada ortaq tərəflərə sahib olduğunu görə bilərik. Əlbəttə, heç bir halda bizim Gürcüstanın daxili məsələlərinə və onun gələcəyi ilə bağlı mühüm qərarlar verməsinə təsir etmək niyyətimiz yoxdur. Lakin, rəsmi və qeyri-rəsmi mənbələrə istinadən görürük ki, Qərb öz çirkin məqsədləri üçün bəzi yerli QHT-ləri maliyyələşdirir, onları dövlətə və xalqa qarşı çıxmağa sövq edir. Buna görə də vətəndaş cəmiyyəti təşkilatları olaraq baş verən xoşagəlməz hadisələrin, gürcü xalqına olan təzyiqlərin və dövlətə qarşı olan təhdidlərin yerli QHT-lərdən istifadə olunmaqla həyata keçirilməsi bizi də ciddi şəkildə narahat edir.
Elə məhz bu proseslər fonunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq QHT həmkarlarımızla həmrəylik nümayiş etdirmək məqsədilə Gürcüstana səfər etdik. Səfər çərçivəsində çox uğurlu görüşlərimiz baş tutdu. Bu görüşlərimizdə biz vətəndaş cəmiyyəti təşkilatları olaraq, hər zaman xalqların müstəqilliyini, söz azadlığını və yüksək rifahını istədiyimizi həmkarlarımıza çatdırdıq. Keçirdiyimiz görüşlərdən sonra müşahidələrimiz onu göstərir ki, Gürcüstan dövləti müstəqil siyasət yürüdür və yerli QHT-lər də öz hökümətlərinin doğru yolda olduğunu düşünürlər.
Həmçinin, xüsusilə qeyd olunmalıdır ki, 2025-ci ilin yanvarından qüvvəyə minəcək qanuna əsasən, yerli qeyri-hökumət təşkilatlarının dövlət büdcəsindən xarici donorların verdiklərindən 2 dəfə çox maliyyə almaq imkanları olacaq. Şübhəsiz ki, bu addım ölkənin gücünün və müstəqilliyinin sarsılmazlığından xəbər verir. Biz dövlətinə, xalqına bağlı olan yerli vətəndaş cəmiyyəti nümayəndələrinin reallıqlardan çıxış edərək doğru qərar verəcəyinə inananır və ümid edirik ki, dost və qonşu ölkədə keçiriləcək parlament seçkilərində yalnız və yalnız Gürcüstan qalib gələcək.
Oğuz MİRZƏYEV,
Beynəlxalq Avrasiya Mətbuat Fondu