Gürcüstanda parlament seçkilərinə cəmi bir gün qalıb. Qələbəyə əsas namizəd olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası parlament seçkilərində konstitusiya üstünlüyünə nail olmağa ümid edir. Bir sıra televiziya kanallarının sorğusuna əsasən, ölkə əhalisinin 60 faizi də bu partiyanı dəstəkləyir. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından deputatlığa namizəd David Şerazadişvili ilə görüşdük.
– Cənab Serazadişvili, partiyanız oktyabrın 26-da geçiriləcək Gürcüstan parlamentinə seçkilərdə qalib gələcəyini bildirir. Bu əminlik haradandır?
– Oktyabrın 26-sı Gürcüstan üçün çox önəmli gündür. Bu gün ölkəmizin taleyi həll olunur. Vətənin qorunub saxlanması, ölkəmizin xilası seçicilərdən asılıdır. İnanıram ki, inamla qalib gələcək, birlikdə Gürcüstanın xoşbəxt gələcəyini təmin edəcəyik. Seçicilər müharibə, dağıntı istəmirlər. Bu yol bizim yol deyil. Biz ailə dəyərlərimizi, sülhü qorumaq istəyirik, övladlarımızın parlaq və azad bir şəraitdə yaşamaları naminə seçkilərə gedirik. Əsas məqsədimiz konstitusiya çoxluğunu əldə etməkdir. Buna nail olsaq, bir daha konstitusiya səviyyəsində ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların qorunmasını gücləndirəcək, həmçinin gürcü pravoslav kilsəsinin ölkənin əsas qanununda mühüm rolunu əks etdirməsini təmin edəcəyik.
Seçicilər ölkəmizdə sülhün qorunub saxlanılması, övladlarımızın parlaq və azad şəraitdə yaşamaları, ən əsası, müxalifətin ölkəmizi müharibə şəraitinə sürükləməsi və onların ən iyrənc siyasətlərindən biri olan LGBT təbliğatına son qoyulması naminə oktyabrın 26-da “Gürcü Arzusu – Demokratik Gürcüstan”a səs verməlidirlər. Onlar bununla öz gələcəklərinə səs vermiş olacaqlar. Ümidvaram ki, bugünkü hakimiyyət 26 oktyabrda da yüksək səs faizi yığaraq konstitusiya çoxluğunu qazanacaqdır.
– İqtidar 2008-ci il müharibəsində Saakaşvili hakimiyyətini günahlandırır. Hazırkı seçkilərdə də onlar lazımi fəallıq göstərirlər.
– Milli Hərəkat və ona yaxın olan partiyalar çox təhlükəli oyun oynayır, Qərbin tapşırıqlarını yerinə yetirərək Gürcüstanda qarışıqlıq yaratmağa çalışırlar. Müxalifət ölkəni fəlakətə – müharibəyə sürükləyir, milli dəyərlərimizi ayaq altına atmaq istəyir. Artıq bir dəfə müharibənin acı nəticəsini yaşamışıq, LGBT kimi ailə dəyərlərimizi sarsıdan yolla gedə bilmərik. Konstitusiya çoxluğu əldə etsək, Milli Hərəkat və onun kimi milli mənafelərə xəyanət edən partiyaları konstitusiya səviyyəsində qadağan etməli olacağıq. Onlar Gürcüstan əhalisinə qarşı törədilən cinayətlərə, o cümlədən, ən ağır cinayətə – müharibəyə görə cəzalandırılacaqlar. Bu barədə partiyamızın lideri Bidzina İvanişvili də dəfələrlə çıxış edib.
– Partiyanız müstəqil siyasət yeridir. Bu isə Qərbi narahat edir. Seçkidən sonra partiya anoloji siyasətini davam etdirəcəkmi?
– Hələ 2014-cü ildə Rusiyaya qarşı sanksiya təzyiqlərinin başladığı ilk dövrlərdə Gürcüstan Rusiyaya qarşı heç bir sanksiya həyata keçirməyib. Bununla yanaşı, Qərbin Rusiyaya qarşı tədbirlərində iştirakını məhdudlaşdırıb. Sonrakı dövrlərdə də ölkəmiz Rusiyaya qarşı qəbul edilmiş sanksiyalardan kənarda qalmağa çalışıb. İqtidar həmişə öz xalqının və dövlətinin maraqlarından hərəkət edib.
Son illərdə iqtidarın qəbul etdiyi iki qanun da ölkəmizin maraqlarına xidmət edir. Bu hay-küylü qanunlar da Gürcüstanı Rusiya meyillilikdə ittiham etməyə səbəb olub. Bu da “Xarici təsirin şəffaflığı” və “Xarici agentlərin qeydiyyata alınması” barədə qanunların qəbulu, həmçinin LGBT ilə mübarizə çərçivəsində atılan addımlarla bağlı idi.
Nəticədə Gürcüstanın Aİ-yə inteqrasiya prosesi dayandırıldı, ölkəmiz üçün nəzərdə tutulmuş maliyyə yardımı donduruldu. ABŞ onlarca Gürcüstan vətəndaşlarına qarşı məhdudiyyətlər və məmurlara qarşı sanksiyalar tətbiq etdi.
Halbuki, Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini tam ləğv etdi. Bu gün Gürcüstan vətəndaşları diplomatik, rəsmi, şəxsi, işgüzar, turizm, humanitar məqsədlərlə, eləcə də qısamüddətli təhsil məqsədilə hər 180 gündən 90 günədək Rusiyada vizasız qala bilərlər. Vizaların tamamilə ləğvi biznesin aparılmasını asanlaşdıracaq, xüsusən də gürcü sahibkarlar Rusiyaya səfər edə və biznes mühiti ilə sakit şəkildə tanış ola, tərəfdaşlıq qura, Rusiyada şirkətləri qeydiyyatdan keçirə biləcəklər. Viza rejiminin ləğvi Gürcüstan vətəndaşlarına qonşu ölkədə qalma müddətini pozmadan Rusiyada qanuni şəkildə iş tapmağa imkan verəcək. Bu, artıq fərqli münasibət, fərqli yanaşmadır. Belə olan halda Rusiya ilə münasibətlərimizi niyə də genişləndirməyək?!
Partiyamız seçdiyi yoldan dönmək niyyətində deyil. Qərbin neqativ reaksiyasına baxmayaraq, yoluna davam edəcək. Bizim haqlı olduğumuzu seçkinin nəticələri də göstərəcək. Qalib gələcəyimizə tamamilə əminəm. Hər halda, həm Rusiya, həm də Gürcüstanın hazırkı hakimiyyəti münasibətlərin inkişafında qərarlıdırlar. Bu da bizim haqlı olduğumuzun göstərir.
– Ekspertlərin fikrincə, Gürcüstanın Rusiyaya qarşı sanksiyaya qoşulması onun daha çox zərər görməsinə səbəb ola bilər.
– Tamamilə haqlısınız. Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Rusiya ikinci yerdədir. Bu ilin 9 ayı ərzində bu ölkə ilə xarici ticarətin xüsusi çəkisi 10,9 faiz təşkil edib. Bu dövrdə Gürcüstandan Rusiya Federasiyasına mal ixracı 522 milyon dollar (illik ifadədə 2,2 faiz artım), idxal isə 1,3 milyard dollardan çox (mənfi 3,8 faiz) təşkil edib. Beləliklə, 2024-cü ilin yanvar–sentyabr aylarında Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi 1,8 milyard dollardan çox olub. Bizim tərəfimizdən Rusiyaya sanksiyanın tətbiqi bu bazarın itirilməsi deməkdir. Bu, Gürcüstan iqtisadiyyatının çöküşü olardı. Çünki Gürcüstan malları üçün Rusiya bazarını Qərb bazarları əvəz edə bilməz. Həm Rusiya, həm də Gürcüstanın hazırkı hakimiyyətləri münasibətlərin inkişafında israrlıdırlar. Rusiya bazarı Gürcüstan üçün vacibdir. Gürcü məhsulları Rusiyada məşhurdur, onu yaxşı tanıyırlar.
Söhbəti qələmə aldı:
Pünhan ƏFƏNDİYEV
XQ