İstanbuldan dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət
Oktyabrın 15–17-də İstanbul şəhərində “Mədəni irsin konservasiyasında gənclər – YOCOCU” IX Beynəlxalq Konfransı keçirilib. Həmtəşkilatçılardan biri “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Azərbaycan) olduğu konfransda Türkiyə, İtaliya, Azərbaycan, Yunanıstan, İspaniya, Almaniya, Rumıniya, Fransa, Portuqaliya, Avstriya, ABŞ, Xorvatiya, Rusiya, İran, Böyük Britaniya, Pakistan, Hindistan, Misir, Avstraliya və digər ölkələrdən qatılan 120-dən çox alim və gənc tədqiqatçı məruzə və posterlərlə çıxış etmişdir.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Qafar Cəbiyev konfransdakı çıxışında Azərbaycanın Qarabağ regionunda 30 il ərzində Ermənistan tərəfindən tarixi-mədəni irsimizin vəhşicəsinə dağıdılması, məhv və talan edilməsinin acı nəticələri ilə bağlı dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çağırış xarakterli çıxış etmişdir.
Professor Q.Cəbiyev demişdir:
– Biz “Miras” İctimai Birliyi olaraq, planetimizdə baş verən və bu gün də davam etməkdə olan müharibələri qətiyyətlə pisləyir və onların tezliklə dayandırılmasını istəyirik! Biz müharibələri törədənləri, onları himayə və təşviq edənləri, silah-sursatla təmin edənləri, bu işdən mənfəət güdənləri, ən çirkin üsul və vasitələrlə separatizmə dəstək olanları qınayırıq! Biz müharibələrin dağıntı və fəlakət olduğunu hər kəsin bilməsini istəyirik. Birinci və ikinci Qarabağ müharibələri bu fəlakət və məhrumiyyətləri bizə yaşatmış oldu. Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsinin işgalı və 30 il ərzində torpaqlarımızın işgal altında saxlanılması, ermənilər tərəfindən şəhər və kəndlərimizdə törədilən misli-bərabəri olmayan vandalizm aktlarının acı mənzərəsi də bizə çox yaxşı bəllidir. Erməni işğalı nəticəsində Qarabağın şəhər və kəndləri İkinci dünya müharibəsi zamanı ABŞ-nin nüvə silahından istifadə etməklə viranəyə çevirmiş olduğu Naqasaki və Xirosimada olduğundan daha dəhşətli dağıntı və fəlakətlərə məruz qalıb. Xalqımıza məxsus tarixi-mədəni irs dağıdılaraq məhv və talan edilib. Nə yazıq ki, dünyanın bir sıra dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları 30 il ərzində bütün bunları görməzliyə vurdu, Azərbaycan dövlətinin və xalqımızın sülhə çagrışları ciddi qəbul edilməlidi. Beləliklə, ölkəmiz işğal altında olan ərazilərini hərbi yolla azad etmək zorunda qaldı və hər kəsin də bildiyi kimi, Azərbaycan Ordusu bu missiyanı şərəflə yerinə yetirdi.
Artıq Qarabağımızda quruculuq dönəmi başlayıb. İnsanlar 30 illik həsrətdən sonra öz ata-baba yurdlarına dönürlər. Əfsuslar olsun ki, ABŞ, Fransa, Hindistan, Niderland, Kanada kimi dövlətlərin bəzi dairələri bundan heç də məmnun deyillərmiş! Bu dairələr işğalçı dövlət olan Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda növbəti müharibə ocağı yaratmaq yolu tutublar. Sözdə demokratiya və beynəlxalq hüquqdan dəm vuran bəzi dövlətlər və beynəlxalq təşkilatlatlar indi də utanmadan Azərbaycanı, guya ki, Qarabağdakı xristian irsini məhv etməkdə ittiham edirlər. Müharibə canilərinin siyasi məhbus kimi təqdim etməklə Azərbaycana təzyiq göstərirlər. Bizi ittiham edən, cənablar, gəlin baxın, öz gözlərinizlə görün Qarabağda mədəni irsi kimlər dağıdıb?! Görün dağıdılan irs kimə məxsusdur?! Görün ki, Bakının və Şuşanın lap mərkəzində erməni kilsələrinin bir daşına belə toxunulmayıb. Cənablar, niyə gəlmirsiniz?! UNESCO, niyə gəlmirsən?! Ona görə ki, Qarabağda görəcəkləriniz sizin riyakar bəyanat və dəyərləndirmələrinizdən tam fərqlidir.
Qarabağda ermənilər tərəfindən vandalcasına məhv və talan edilmiş mədəni irsin yalnız Azərbaycana məxsus olduğunu düşünmək yanlış olar. Bu dəyərlər, sözsüz ki, dünya mədəni irsinin ayrılmaz bir parçasıdır. Ukrayna və Yaxın Şərqdə müharibələr nəticəsində viran edilən mədəni irs də həmçinin. Beləliklə də, bəşəriyyətin minillər boyu yaratdığı, bizə əmanət etmiş olduğu tarixi-mədəni dəyərlər tankların altında qalaraq dağıdılmış, raket zərbələri və digər ən müasir silahlarla məhv edilmişdir.
Biz konfrans çərçivəsində mədəni irsin konservasiya problemlərinə dair çox sayda məruzə və çıxışlar dinlədik. Bu istiqamətdə aparılan araşdırmalar və görülən işlər, həqiqətən də, insana qəlbən rahatlıq bəxş edir. Gəlin belə bir nikbin halında ikən bir qədər gələcəyə də fokuslanaq. Bu gün dağıdılan şəhər və kəndləri kim bərpa edəcək, necə konservasiya ediləcək?! Bəşəriyyətin min illər boyu yaratdığı mədəni irs dəyərlərini gələcək nəsillər üçün yaşatmalı olduğumuz halda onların kimlər tərəfindənsə məhv edilməsinə necə dözmək olar?!
Son olaraq fikrimi azərbaycanlılara məxsus bir ibrətamiz əhvalatla bitirmək istərdim: Nadir bir tarixi binada yanğın baş veribmiş. Şər qüvvələrin obrazı kimi təqdim olunan sərçə dimdiyində quru ot gətirərək alovu daha da şiddətləndirmək, qaranquş isə dimdiyində su gətirərək yanğını söndürmək istəyirdi. Kənardan bu mənzərəni seyr edən bir aqil sərçə və qaranquşa sual edir: Siz bu əməlinizlə nə etmək niyyətindəsiniz?
Sərçə: Mən bilirəm ki, mənim gətirdiyim quru otlar onsuz da şiddətlə davam etməkdə olan yanğına o qədər də təsir etməyəcək. Mən bu hərəkətimlə onu bildirmək istəyirəm ki, o binanın sahibinə düşmənəm.
Qaranquş: Mən də anlayıram ki, dimdiyimdə gətirdiyim su qətrələri ilə belə bir yanğını söndürmək olmaz. Sadəcə onu bildirmək istəyirəm ki, mən belə bir möhtəşəm binanın yandırılmasının əleyhinəyəm.
Bizim həyəcan dolu çağrışlarımızın da amacı dünyamızda müharibələrə, dağıntılara, mədəni irsə vandal münasibətə son qoyulmasıdr. Müharibələrə son! Dağıntılara son! Mədəni irs nümunələrinə vandal münasibətə son! Gəlin hamılıqla bu cür hallara qarşı səsimizi ucaldaq, etiraz edək! Gəlin unutmayaq ki, tarix də, bəşəriyyət də yaradanları yaşadacaq, dağıdanlarısa hər zaman lənətləyəcəkdir!
XQ