I MƏQALƏ
Mən haradayam? Mən kiməm? Mən bura necə düşmüşəm? Məgər bu könüllü iş deyildirmi?
Seren KYERKEQOR
Məsuliyyətin tarixi
“Azadlıq” anlayışının siyasi kontekstdə dəbdə olduğu bir dönəmdə məsuliyyətdən və həm də dövlətçilik məsuliyyətindən danışmağın faydalılığını qəbul etmək çətindir. Ancaq “məsuliyyət” və “azadlıq” anlayışlarının fəlsəfi müqayisələri göstərir ki, onlar vəhdətdə olan fenomenlər kimi bir-birini tamamlayırlar. Hətta, belə bir fəlsəfi deyim də vardır ki, “məsuliyyət bizim azadlığımızın yeganə reallaşma üsuludur”. Başqa bir fəlsəfi fikir də mövcuddur: “məsuliyyət öz mövcudluğunun dərk olunmuş formada müəyyən edilməsi zərurətidir”.
Belə çıxır ki, “məsuliyyət azadlıq fenomenidir, başqa sözlə, azadlıq formuludur”. Bu bağlılıqda azadlıq mücadiləçisi Martin Lüterin bir kəlamına fəlsəfədə tez-tez müraciət edirlər. O demişdi ki, “bu mövqedəyəm və başqa cür bacarmıram!” Yəni M.Lüterə görə, hər hansı mövqeyin zəruriliyini anlayıb, onu seçmək və onda qətiyyətlə dayanmaq halı məsuliyyətdir! Başqa anlamda, bu, insanın “öz azadlığına cavabıdır”. Deməli, məsuliyyət insanın öz dərk olunmuş azadlığına intellekti və mənəviyyatı ilə cavabıdır!
Keçən əsrin 70-ci illərində Hans Yonas “Məsuliyyət prinsipi”ndən bəhs edirdi. Bir əsərinin adı da belədir. O, məsuliyyəti insanın mövcud olması zərurəti ilə əlaqələndirirdi. Yəni məsuliyyət özlüyündə Varlığın mahiyyətində vardır və başqa cür də ola bilməz. Bu baxımdan “məsuliyyətli varlıq” fəzilətdir. Bu, ümumi fəlsəfi təsəvvürlərdən bir qədər də irəli gedən Pol Sartr “Varlıq və heçlik” əsərinin bir bölməsi olan “Azadlıq və məsuliyyət” başlığı altında yazır ki, insan “azadlığa məhkumdur” və buna görə də “var ola bilmə üsulu kimi, o, özü və dünya qarşısında məsuliyyət daşıyır!” Buradan maraqlı nəticə çıxır – “insan hadisə yarada bilməlidir”. Yəni özünün azadlığı kontekstində məsuliyyətini dərk edərək fəal, yaradıcı, dəyişdirici və yeniləşdirici olmalıdır. Bunun yolu azadlıqdan yaranan məsuliyyəti dərk etməkdən keçir. Özü¸ cəmiyyəti və bütövlükdə, dünya qarşısında məsuliyyəti! Bu, insanın təbii və dəyişməz yaşam üsulu missiyasıdır! “Məsuliyyət azadlığımızın nəticəsidir” (S.Qolenkov).
Alman fenomenoloqu B.Valdenfels məsuliyyətin fəlsəfi izahını “Mən-özgəsi” münasibətləri kontekstində izah edir, S.Kyerkeqor isə bütövlükdə fenomenologiya aspektində qoyduğu “mən kiməm?” sualına cavab axtarışları prizmasında baxır.
Fəlsəfi idrakın mücərrədliyi fonunda daha dərinliklərə baş vurmağa ehtiyac görmürük. Çünki bizi konkret bir istiqamətdə məsuliyyət anlayışının dərki maraqlandırır. Bunun üçün öncə, “tarixi məsuliyyət” anlayşına baxaq.
Tarixi məsuliyyət
“Tarixi məsuliyyət”i fəlsəfi olaraq iki aspektdə təhlil edirlər. Birinci aspekt tarixi məsuliyyətin zaman çərçivəsində anlamı ilə bağlıdır. Burada hər bir fərdin və toplumun tarix qarşısında məsuliyyət daşıması tezisi qəbul edilir. Bu məsuliyyət faktiki olaraq tarixin müxtəlif dönəmlərində fərdi və kollektiv mövcud ola bilmə prizmasında Pol Hogenə aid edilən üç fundamental suala cavab axtarışları fonunda anlaşılır. Həmin suallar, bütövlükdə, insanlığa bəşəriyyətə və daha məhdud çərçivədə topluma və fərdlərə aiddir. Onlar aşağıdakılardır: “Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?”
Biz dövlətçilik məsuliyyəti anlayışını məhz bu sualların semantik sahəsində izah etməyə çalışacağıq.
Dövlət və məsuliyyət
Hər şeydən öncə, bu, tarixi məsuliyyətin formalarından biridir. Onun iki səviyyəsi vardır – fərdi və kollektiv. Fərdi səviyyədə dövlətçilik məsuliyyəti insanın konkret tarixi dönəmdə üzvü olduğu cəmiyyət kontekstində dövlətçilik təcrübəsinə münasibətini ifadə edir. Əgər bu təcrübəyə münasibət müsbətdirsə, fərdin dövlətçilik məsuliyyəti anlamı da müsbətdir. Əks halda neqativ anlamdan danışmaq lazım gəlir.
Kollektiv səviyyədə dövlətçilik məsuliyyəti cəmiyyətin bütöv halda mövcud dövlətçilik təcrübəsinə münasibətini ifadə edir. Bu daha mürəkkəb prosesdir və heç zaman tamamilə cəmiyyətə aid olmur. Ancaq dövlətçilik məsuliyyətini toplumun əksər hissəsi müsbət mövqedən qəbul edirsə, bütövlükdə müsbət mənada dövlətçilik məsuliyyətindən bəhs etmək olar.
Hər iki səviyyə üçün ortaq olan reallaşma mexanizmi vardır. Dövlətçilik məsuliyyətinin təməlində hər bir tarixi mərhələdə mövcud olan dövlət qarşısında məsuliyyət hissinin formalaşması dayanır. Yəni əgər dövlətçiliyə zamandankənar və ya əbədi zaman aspektində yanaşsaq, onda onun hər bir tarixi dönəmdə (real zaman kontekstində) təzahür forması mövcud olan dövlət olur. Həmin dövlətə münasibətdə pozitiv anlamda məsuliyyət duyğusu yoxdursa, bütövlükdə, dövlətçiliyə məsuliyyətli anlamla yanaşmaq mümkün olmur. Burada bir istisna da ola bilər. Konkret ifadə etsək, mövcud olan dövlətin fəaliyyətinin dövlətçilik ənənəsinə və həmin əsasda da dövlətçilik məsuliyyətinə uyğunluğun olmasına şübhə yarana bilər. O halda vətəndaşların mövcud dövlətin məhz dövlətçilik ənənəsi üzərində fəaliyyət göstərmək tələbi müsbət anlamdır və faydalı ola bilər.
Lakin toplum daxilində bütövlükdə mövcud dövlət qarşısında məsuliyyət hissi yoxdursa, bu, daxili təhlükədir. Belə bir vəziyyətin dəyişməsi zəruri tələbata çevrilir. Çünki konkret tarixi mərhələdə mövcud olan hər bir dövlət müasirdir. Həm də özündə ənənə ilə müasirliyi birləşdirir. Əgər müasir dövlətə qarşı məsuliyyət hissi yoxdursa, onda, ümumiyyətlə, dövlətə qarşı məsuliyyətli olmağa inam itə bilər.
Deməli, konkret tarixi mərhələ üçün dövlətə olan məsuliyyətli münasibətdən dövlətçiliyə olan məsuliyyətli münasibətə keçid baş verir. Bu da onu göstərir ki, hər bir tarixi mərhələdə dövlət məsuliyyəti ilə dövlətçilik məsuliyyəti vəhdətdə olur. Müasir mərhələdə mövcud olan dövlətə kollektiv məsuliyyətli yanaşma olmalıdır. Bu da cəmiyyətin müxtəlif sferalarında həmin istiqamətdə sistemli və davamlı işlərin görülməsini tələb edir.
Bu kimi ümumi fikirlərdən müasir mərhələdə dövlətçilik məsuliyyətinin müxtəlif faktorlarına baxmaq mümkündür. Hazırkı tarixi dönəmdə dövlətçilik qarşısında məsuliyyət daşımaq hər bir milli dövlətdə aktualdır. Hətta indi ictimai situasiya elə bir dinamika almışdır ki, inkişaf səviyyəsindən asılı olmayaraq dövlətçilik məsuliyyəti zəif olan toplumlar dağılmaq riski ilə üzləşirlər. Bunun iki səbəbi haqqında danışmaq olar.
Birinci, müasir mərhələdə toplumun bütövlüyünü təmin etmək strateji xarakterli zərurətdir.
İkinci, müasir mərhələdə hər bir cəmiyyətə kənardan öncədən hesablana bilinməyən və fərqli mənfi nəticələr verən kompleks təsirlər olur. Bu təsirlərin əsas hədəfi məhz dövləti və dövlətçiliyi zəiflətməkdən ibarətdir. Bunun üçün isə əsas olaraq mövcud hakimiyyəti cəmiyyət qarşısında legitmsizləşdirmək, gözdən salmaq, liderin layiqli olmadığı təəssüratını yaratmar və vətəndaşlarda öz dövlətlərinə inamsızlıq və etibarsızlıq formalaşdırmaq hədəf kimi seçilir.
Dövlətçilik məsuliyyətinə ciddi zərər verən hər iki səviyyənin nəzərə alınması çox əhəmiyyətlidir və onların vəhdəti vacibdir. Ancaq real həyatda onu təmin etmək xüsusi fəaliyyət konsepsiyasını hazırlamağı və tətbiqi mexanizmlərin inkişafını tələb edir.
Cəmiyyət və məsuliyyət
Birinci səbəb müasir cəmiyyətlərin daxili bütövlüyünü saxlamaq zərurətinin daha da aktuallaşması ilə bağlıdır. Xüsusilə, multikultural mahiyyətli cəmiyyətlərdə dövlətçilik məsuliyyəti cəmiyyətin daxili dinamikası aspektində ön plana çıxır. Dövlətçiliyin aqibəti bir çox mənalarda vətəndaşların dövlətə və dövlətçilik fəlsəfəsinə münasibətindən asılı olur. Çünki polietnik toplumlarda dövlətçilik formulunda ortaq mövqe yaratmaq ciddi fəaliyyət tələb edir. Bu aspektdə dövlətçilik məsuliyyətinin vətəndaşlarda formalaşdırılması da yaradıcı və fəlsəfi-elmi mahiyyət alır.
Onun milli ideya, milli ideologiya, mədəni identiklik, milli identiklik, siyasi identiklik və dövlət identikliyi kimi aktual mənəvi-ideoloji dəyərlərlə sıx bağlılığı aydındır. Eyni zamanda, bütün bu faktorların konkret cəmiyyətdə xüsusi məzmun alması da reallıqdır. Ona görə də həmin faktorların dövlətçilik məsuliyyəti bağlılığında araşdırılması zəruridir.
Burada ümumi tezis ondan ibarətdir ki, hər bir tarixi mərhələdə milli, siyasi, mədəni və dövlət identiklərinin qarşılıqlı münasibətləri vətəndaşların dövlətə və dövlətçiliyə məsuliyyətli münasibətlərinin məzmununu formalaşdırırlar. Onların reallaşması mexanizmi isə milli ideya və milli ideologiyanın cəmiyyətə təsir dərəcəsindən asılı olur. Çünki milli ideya və milli ideologiya faktiki olaraq toplumu birləşdirən başlıca faktorlardır. Həm də milli identiklik əsasında siyasi, mədəni və dövlət identikləri konkret məzmun alırlar. Onlar birlikdə mənəvi-mədəni sistemin tərkib hissələri kimi, cəmiyyətdə “ab-havanı” müyyənləşdrirlər. Bu səbəbdən milli, siyasi, mədəni və dövlət identiklikləri toplumsal miqyasda məsuliyyət duyğusunu formalaşdırmaqda əsas istiqamətverici və məzmunlaşdırıcı rol oynayırlar. Bu nəzəri qənaətlərin Azərbaycan üçün hələ araşdırılması lazımdır. Buna xüsusi əhatəli tədqiqat gərəkdir.
Burada ancaq məsələnin əhatəliliyi və çoxaspektliliyinə dəlalət edən bir məqamı vurğulayaq. Həqiqi mənada dövlətçilik məsuliyyətinin vətəndaşlarda formalaşdırılması gərgin və davamlı təbliğat-təşviqat prosesi ilə yanaşı, sosial mühitin yenləşməsini də tələb edir. Belə ki, insanlar dövlət məsələsində daim nəzəri təbliğatla real vəziyyəti tutuşdururlar. Burada hər hansı uyğunsuzluq vətəndaşa mənfi təsir edir.
Sosial mühitin yeniləşməsi özlüyündə mürəkkəb və çoxşaxəli yaradıcı prosesdir. Məsələ dövlət və dövlətçilik miqyasında qoyulursa, onda ilk növbədə siyasi idarəetmə institutlarının, strateji xatrakterli təşkilatların, müxtəlif icra strukturlarının və ictimai təşkilatların, siyasi partiyaların bir-biri ilə harmoniyada yeniləşməsinə nail olmaq gərəkdir.
Bu isə öz növbəsində hər bir təşkilatın özünün yeniləşmə konsepsiyasının olmasını aktuallaşdırır. Dövlətin bütün qurumlarında bu proses bir-biri ilə əlaqəli şəkildə aparılmalıdır. Ölkə başçısının müəyyən etdiyi strateji inkişaf kursu çərçivəsində hazırlanan strateji sənədlərdə həmin məqam ön planda verilir. Yəni dövlətin müxtəlif təşkilatlarının (o cümlədən, icraedici) yeniləşməsi əsasında qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyin mümkünlüyü əsaslandırılır.
Deməli. strateji xarakterli hər bir dövlət təşkilatının özünün yeniləşmə konsepsiyası olmalıdır. Bu konsepsiyaların hazırlanmasının mühüm şərtləri vardır. Birincisi, onlar müasir elmin meyarları əsasında hazırlanmalıdır. İkincisi, həmin konsepsiyalar təşkilatın fəaliyyət istiqamətlərini tam əhatə etməli və praktiki faydalı məzmuna malik olmalıdırlar. Üçüncüsü, konsepsiyalar Azərbaycanın strateji inkişaf kursunun mahiyyətinə, ruhuna və müddəlarına uyğun olmalıdır.
Bütün bu şərtlərin ödənməsi ilə ölkənin, cəmiyyətin və dövlətin strateji inkşafında elm və təhsilin aparıcı rol oynaması ehtiyacını ortaya qoyur. Bu baxımdan indiki mərhələdə toplumun mənəvi sferasının dayanıqlı olması hər bir pozucu hala qarşı səmərəli əks tədbirlər görməsi üçün iki sahəyə – elm və təhsilə xüsusi diqqət yetirilməlidir.
Bu baxımdan indi Azərbaycanda elm və təhsildə dövlətçilik məsuliyyəti hissini gücləndirə biləcək, sistemli nəzəri-konseptual aparatı və konkret praktiki-tətbiqi fəlsəfəsi, reallaşma mexanizmləri olan yeniləşmə konsepsiyaları mövcuddurmu? Mənə elm və təhsil sahəsində (başqa sferalarda çalışan təşkilatları nəzərə almırıq) AMEA-dan başqa belə bir yeniləşmə konsepsiyasına malik təşkilatın olduğu məlum deyildir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru