Fransa jurnalı ifadə azadlığına meydan oxumağından qalmır
Medianın xalqlar, dövlətlər arasında qarşıdurma, nifaq yaratması yolverilməzdir. Bu, jurnalist peşəsinə həssas yanaşmanın, etik prinsiplərə sadiqliyin başlıca meyarıdır. Belə məsələlərdəki həssaslıq, həmçinin bəşəri dəyərlərin qorunması baxımından da müstəsna əhəmiyyət daşıyan ictimai missiyadır. Təəssüf ki, yaşadığımız dünyada qeyd etdiyimiz məqamları nəzərə almayan, özünün qızışdırıcı mövqeyi ilə seçilən, lokal maraq və mənafelərin əsiri olan, jurnalistikanı siyasi alətə çevirən media orqanları da vardır. Onlardan biri də Fransanın “Charlie Hebdo” satirik dərgisidir.
“Charlie Hebdo” yenidən “aktivləşib” və indi də ölkəmizi COP29 müstəvisində hədəfə alıb. Bəs jurnalın yuxarıda qeyd etdiyimiz tərzdə davrandığını sübut edən faktlar nədən ibarətdir? Məsələ ondadır ki, “Charlie Hebdo”nun 2023-cü ildəki ilk sayında yayımlanmış “Pantürkizm yenə erməni meyitləri üzərində möhkəmlənmək istəyir” sərlövhəli yazısında yaşadığımız Cənubi Qafqaz regionunda gərginliyi artırmaq, Azərbaycana və Türkiyəyə münasibətdə mənfi beynəlxalq ictimai rəy formalaşdırmaq istəkləri özünü aşkar şəkildə göstərmişdi. Nəşrin yanaşması, eyni zamanda, bölgədə sülhün bərqərar olması naminə həyata keçirilən fəaliyyəti heçə saymaq idi. Diqqətə çatdıracağımız fikirlər isə o vaxt jurnalın məqaləsinə münasibət bildirən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya məxsusdur: “Charlie Hebdo” jurnalı, dinləyin. Azərbaycan ərazilərinin 20 faizinin 30 il ərzində işğalı zamanı Ermənistanın yaratdığı təhlükəni unutmusunuz. İndi Azərbaycan öz suveren ərazilərində sülhü təmin etdiyi halda siz hansı təhlükədən danışırsınız?”.
Əlbəttə, “Charlie Hebdo”-ya dinləmək yaddır. Jurnal Fransanın ermənipərəst dairələrinin mövqeyini əsas tutur və regiondakı münaqişə ocağından yeni müharibə mühiti formalaşdırmaq istəklərinin ifadəçisi qismində çıxış edir. Nəşr, ümumən, İslam dünyasına münasibətdə haqsız mövqeyi ilə seçilir ki, bu barədə söz açacağıq. İndi isə jurnalın COP29 qərəzinə nəzər salaq.
“Charlie Hebdo” COP29 məsələsində ölkəmizə qarşı hədyanlar yağdırır. Dərgi müxtəlif ermənipərət dairələrin əsirinə çevrilmiş insan hüquqları təşkilatlarının Azərbaycanla bağlı qərəzli mövqeyini öz səhifələrinə çıxarır və Bakının COP29-a evsahibliyinə kölgə salmağa çalışır, onu məsxərə predmetinə çevirir. Ən maraqlısı isə dərginin bu cür cəfəng yanaşmasını Ermənistan dövlətinə və hökumətinə yaxın media orqanlarının tirajlamalarıdır. Sonra da rəsmi İrəvan Azərbaycanla sülh müstəvisində səmimiyyətdən dəm vurur. Nə isə...
Bəli, “Charlie Hebdo” əvvəllər də qərəzli, təfriqəçi, həqarət dolu baxışlar yayıb. Manipulyativ mahiyyət daşıyan dəstxəti ilə özünü peşəkar jurnalistika prinsiplərinə meydan oxumağa kökləmiş jurnalın satira adı altında söz və ifadə azadlığından aşkar sui-istifadə cəhdlərinə qarşı zəruri ictimai reaksiya yoxdur, qanuni ölçü tədbiri götürülmür. Elə onun 2021-ci ildə Məhəmməd Peyğəmbərin (s.) karikaturasını yayımlamaqla, diqqəti özünə cəlb etməsinə də göz yumulmuşdu. Ancaq Fransanın, o cümlədən, Avropanın müsəlmanları media orqanına qarşı qəzəb və hiddətlərini bildirmişdilər. Bundan əvvəl isə...
“Charlie Hebdo”ya qarşı qəzəb və hiddətin nəticəsi idi ki, 2015-ci ilin yanvarında jurnalın redaksiyasına silahlı basqın olmuşdu. Belə ki, Paris şəhərində yerləşən baş ofisinə naməlum 2 silahlı şəxsin etdiyi hücum nəticəsində dərginin 12 nəfər əməkdaşı qətlə yetirilmişdir. Öldürülənlər arasında baş redaktor Stefan Şarbonye də var idi. Həmçinin, Jan Kabu, Bernar Verlak və Jorj Volinski kimi karikaturaçı və digər jurnalistlər də faciənin qurbanı olmuşdular.
Əlbəttə, məqsədimiz heç də bu qorxunc hadisəyə haqq qazandırmaq ola bilməz. Hər bir halda, zorakılıq və qətl yolverilməzdir. Amma yuxarıda da vurğuladığımız kimi, “Charlie Hebdo” kimi nəşrlərin mövcudluğu söz və ifadə azadlığına ləkədir. Buna rəvac verən isə Fransa hakimiyyətidir. Prezident Makron administrasiyası duruma göz yumduqca, jurnalla bağlı qanuni ölçü tədbiri götürmədikcə, üstəlik, onun yarıtmaz fəaliyyətini ifadə azadlığı baxımından əsaslandıran açıqlamalar verdikcə, vəziyyət daha da gərginləşəcək. Nəzərə alaq ki, qanunların işləmədiyi bir məmləkətdə insanlar özləri qanunsuzluğa qarşı tədbir görməyə başlayırlar. “Charlie Hebdo”nun redaksiyasına basqın bunun əyani təzahürüdür. Ən pisi isə budur ki, məsələnin bütövlükdə Avropa üçün mənfi presedent təmayülü var.
Ə.RÜSTƏMOV
XQ