Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü görüşü keçirilib.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi kimi Macarıstan nümayəndələri iştirak edib. Ölkəmizi bu görüşdə iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev təmsil edib.
Tədbirdə TDT çərçivəsində bütün istiqamətlərdə əlaqələrin genişləndirilməsi, ticarət-iqtisadi sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə deyilib ki, TDT çərçivəsində yaradılan Türk İnvestisiya Fondu TDT ölkələrinin dinamik inkişafı və çiçəklənməsi üçün iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi, kapitalın, yeni texnologiyaların cəlb edilməsində ümumi istəkdən xəbər verir.
Tədbir iştirakçıları Qazaxıstanın Yaşıl Maliyyə Şurasının, eləcə də təşkilata üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması təşəbbüslərini dəstəkləyiblər.
İqtisadiyyat və ticarət nazirlərinin növbəti görüşü Qazaxıstanın Türküstan şəhərində keçiriləcək, burada Qazaxıstanın TDT ölkələri tərəfindən dəstəklənən digər təşəbbüsü olan “TURAN” xüsusi iqtisadi zonasının açılışı planlaşdırılır.