“3+3” regional məşvərət formatının bu formata daxil olan ölkələrin xarici işlər nazirləri səviyyəsində İstanbulda keçirilmiş görüşü başa çatdı.
Görüşdə bir çox məsələlər müzakirə edildi və ötən sayımızda onların üzərində dayandıq. Amma hesab edirik ki, toplantının önəmini vurğulamaq üçün bir vacib məqam var. Söhbət “3+3”-ün özünü Cənubi Qafqazla bağlı məsələlərin müzakirəsi baxımından mühüm müstəvi kimi göstərməsindən gedir. Bu müstəvi xaricdəki təhdidlərə müqavimət üçün ilk növbədə bölgə ilə bağlı gərginliklərin aradan qalxmasına çalışmalıdır. Hansı gərginliklərin? Yazımızda onların müxtəlif çalarlarından söz açacağıq.
Əvvəla, onu deyək ki, “3+3” məşvərət formatı Azərbaycanın və Türkiyənin birgə təşəbbüsüdür. Platformada, eyni zamanda, İran, Ermənistan və Rusiya da iştirak edir, Gürcüstanın ona qoşulması nəzərdə tutulur. Beləliklə, üç Cənubi Qafqaz ölkəsi və regionda tarixi maraqları olan üç böyük ölkə. Platformanın şüarı da adekvatdır – region region ölkələri üçündür! XİN rəhbərlərinin İstanbul görüşü bu şüarın daha dolğun şəkildə vurğulanması ilə yadda qaldı. Hərçənd, ayrı-ayrı fraqmentlərə diqqət yetirəndə, məsələnin asan başa gəlmədiyini görmək mümkündür.
Bəli, İstanbul zirvəsinin heç də rəvan olmayan məcrada keçdiyini, gərginliklər və onları vurğulayan subliminal mesajlarla yadda qaldığını söyləyə bilərik. Cənubi Qafqazdakı gərginliyin isə bir aktiv, iki və daha çox passiv qütbü var. Aktiv qütb Azərbaycan – Ermənistan münasibətləridir. Passiv qütblərdən biri bu münasibətlər fonunda Türkiyə – Ermənistan əlaqələridir. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da həmkarları ilə İstanbuldakı görüşündən sonra verdiyi açıqlamada bildirmişdi ki, Ankara – İrəvan təmasındakı durum Bakı – İrəvan münasibətlərinin tənzimləməsindən asılıdır.
Əlbəttə, Lavrov haqlıdır. O anlamda ki, Türkiyə, Azərbaycan torpaqlarını işğal etdiyini görə, Ermənistanla quru sərhədini bağlamışdı və sərhədlər bu gün də qapalı qalmaqdadır. Hərçənd, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Türkiyə ilə sərhəddə Marqara sərhəd-buraxılış məntəqəsinin yenidən qurulması üçün işlərin aparılmasından söz açdı və bunu müsbət məqam kimi vurğuladı. Amma pozitiv anlamda başqa nə isə, demək olar ki, yoxdur. Baxmayaraq ki, erməni işğalına son qoyulub...
Əlqərəz, regiondakı gərginliyin bir aktiv, bir passiv qütbünü diqqətə çatdırdıq. Digər passiv qütbü vurğulayan məqam kimi Rusiya – Gürcüstan münasibətlərindən söz açmaq mümkündür. Məlumdur ki, Gürcüstan hazırda “3+3”-ə məhz Cənubi Osetiya və Abxaziya münaqişələrinə görə qoşulmur. Daha doğrusu, bu bölgələrin işğalı səbəbindən. Nəzərə alaq ki, sözügedən ərazilərdəki separatçı quruluşlara dəstək verən Rusiyadır. İlk baxışdan, rəsmi Tbilisinin regional platformada iştirak etməməsini doğuran amil budur. Amma hesab etmirik ki, söhbət yalnız bundan gedir.
Gürcüstan hazırda bacardıqca neytral qalmağa çalışır. O qədər neytral ki, Cənubi Qafqazla bağlı məsələlərə, bir növ, yaxın durmur. Daha doğrusu, bölgə kontekstində mümkün qədər yalnız öz maraqlarından çıxış edir. Görünür, qərb qonşumuz bu davranış üçün hansısa birləşmədə olmağı vacib saymır. Hər halda, seçim onundur. Ancaq Gürcüstanın “3+3”-də iştirakı hər zaman arzuolunandır. Həm də ona görə ki, müştərək regional hədəflər bir çox məsələlərin aradan qalxmasına səbəb ola, güzəştlər doğura bilər. O cümlədən, separatçılıqla bağlı məsələlərdə də.
Regiondakı daha bir passiv gərginlik seqmenti var ki, o da İrandır. Nəzərə alaq ki, İran mahiyyətcə hansısa prosesin passiv fiquru olmayacaq qədər böyükdür. Yəni, cənub qonşumuzdan çox şey asılıdır. Hətta, onun özünün gələcəyi də. Deyimi təsdiqləmək üçün bir neçə cəhətə diqqət yetirmək zərurəti yaranır ki, onlardan biri Tehran – İrəvan münasibətləridir.
Hazırda İravan regional platformanın məramına qarşı çıxan tərəfdir. Bu, Azərbaycanla yanaşı, Rusiyaya və Türkiyəyə əks mövqedə dayanma deməkdir. Ermənistanın, belə demək mümkünsə, böyük sipəri Qərbdir. Digər sipər isə İrandır. O İran ki, hazırda Qərbin sanksiyaları ilə üzləşən tərəfdir və ciddi şəkildə yaşam təminatlarına ehtiyac duyur. Üstəlik, kollektiv Qərbin İranın Cənubi Qafqazla bağlılığını aradan qaldırmaq yönümlü planlarının mövcudluğunu da bilirik. Yəni, “region region ölkələri üçündür” deyimi üzərindən immunitet formalaşdıracaq Tehran gələcək təhdidlərdən qoruna bilər. Rəsmi İrəvan isə Qərbin Cənubi Qafqazdakı peyki kimi “3+3”-ün təlqin etdiyi Qafqaz evi ideyasına əks mövqedə dayanan tərəfdirsə, deməli, bunun perspektivdə ehtimal olunan ən böyük ziyanının Tehrana dəyməsində təəccüblü heç nə olmamalıdır. Axı dedik ki, İran böyükdür. Böyüklərə isə böyük zərbələr dəyir.
Əminliklə deyə bilərik ki, İranın bölgəyə kənar qüvvələrin nüfuzunu yolverilməz saydığı halda, onun Ermənistanın avantürist niyyətləri baxımından sipər missiyası Qərbin bölgəyə nüfuz trayektoriyasına dəstəkdir. Rəsmi İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Daha dəqiq desək, bəyanatın 9-cu bəndinə əsasən Naxçıvana maneəsiz – heç bir gömrük və sərhəd nəzarəti olmayan yolu təmin etməkdən boyun qaçırır, ərazi bütövlüyü və suverenlik klişesi ilə manipulyasiya yolunu tutur. Bu yol, bütövlükdə, regiondakı sabitliyə təhdid mahiyyəti daşımaqdadır. Qərb çalışır ki, erməni avantürizmini diri tutmaqla, həm Rusiyanı Cənubi Qafqazdan sıxışdırsın, həm də Azərbaycana qarşı təzyiq rıçağı əldə etsin. Onun məqsədini gerçəkləşdirmək üçün irəli sürdüyü təşəbbüs isə “Dünyanın kəsişməsi”dir.
Yeri gəlmişkən, Ermənistan “Dünyanın kəsişməsi”ni “3+3”ün İstanbul görüşünün müstəvisinə də çıxardı və bu, gərginliyi şərtləndirən cəhətdir. Erməni XİN rəhbəri Ararat Mirzoyanın dediklərinə diqqət yetirək: “Regional əlaqələrin möhkəmləndirilməsinə dair baxışımız Ermənistanın baş nazirinin bir il əvvəl təqdim etdiyi “Dünyanın kəsişməsi” təşəbbüsündə aydın şəkildə əks olunub. Bu layihənin əsas məqsədi avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabellərin və elektrik xətlərinin bərpası, tikintisi və istismarı yolu ilə regionda və ondan kənarda bütün ölkələr arasında kommunikasiyaları inkişaf etdirməkdir. Bu layihənin həyata keçirilməsi üçün dörd prinsip vacibdir: bütün dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmət, habelə bərabərlik və qarşılıqlılıq. Həyata keçirilərsə, “Dünyanın kəsişməsi” yüklərin daşınmasında daha yüksək sürət və səmərəliliyi təmin edən qlobal logistik marşrutların tərkib hissəsinə çevrilə bilər”.
Bəli, Ermənistan Azərbaycanın Naxçıvana yol məsələsində irəli sürdüyü “Zəngəzur dəhlizi” təşəbbüsünə qarşı çıxmaqda israrlıdır. Deməli, Qərb Ermənistanı qlobal logistik xabın əsas fiquruna çevirmək istəyir. Ancaq Mirzoyan deyir ki, “Dünyanın kəsişməsi” “bir çox tərəfdaşlarımız tərəfindən müsbət qarşılanıb və İran onların arasında birincilərdən olub”.
Əlbəttə, İranın “Dünyanın kəsişməsi”ni bəyənməsi kimi bir durumun mütləq mənada olub-olmadığını söyləmək qeyri-mümkündür. Tehran hər zaman bəyan edib ki, regionda sərhədlərin dəyişməsinin əleyhinədir. İrəvan isə həmişə “Dünyanın kəsişməsi”ni Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasının yolverilməzliyi kontekstində tirajlayıb. Bəs bu durumda gərginliyi səngidən hansı tərəfdir? Cavab birmənalıdır – Azərbaycan.
“Dünyanın kəsişməsi”nə heç zaman yol verməyəcək Azərbaycan Ermənistanın nazı ilə oynamaq istəmir. Rəsmi Bakı Naxçıvana yol məsələsində israrlıdır və eyni zamanda, İrəvan və havadarlarının ona qarşı təcavüzkar damğası vurmasını, onların mövcud istiqamətdəki təbliğatlarına yol vermək, siyasi spekulyasiyalara imkan tanımaq istəmir. Ona görə də Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Naxçıvana yol məsələsində İranla razılaşmanı qabardır. C.Bayramov deyib ki, Azərbaycan birgə layihələrin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi, xüsusilə İran ərazisindən keçərək, Şərqi Zəngəzur iqtisadi rayonumuz ilə muxtar respublikanı birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına ümidvardır.
Deməli, qalır İranın məsələyə “hə” deməsi. Nəzərə alaq ki, bu “hə” ilə regional gərginliyin vacib qütbü aradan qalxmış olur. Ancaq digər gərginliyin başlaması istisna deyil. Axı Qərb Naxçıvana İran ərazisindən keçməklə gediləcək yolu, belə demək mümkünsə, süngü ilə qarşıladığını açıqlayıb. Məsələ barədə təfərrüatlı yanaşmanı gələn sayımızda təqdim edəcəyik.
Ə.CAHANGİROĞLU
XQ