Fransa 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın öz gücü hesabına regionda formalaşdırdığı reallıqların dəyişdirilməsi istiqamətində addımlar atır. Rəsmi Paris ölkəmizə qarşı bütün platformalarda intensiv iş aparır.
Bu prosesdə, necə deyərlər, əsas ağırlıq Fransanın müdafiə və xarici işlər nazirliklərinin üzərinə düşür. Əgər Ermənistanın silahlandırılması prosesi “Beşinci respublika”nın müdafiə qurumu tərəfindən aparılırsa, xarici siyasət idarəsi də ölkəmizə qarşı pozuculuq işlərinin siyasi təminatçısı rolunda çıxış edir.
Fransa xarici işlər naziri Jan-Noel Barrot ənənəsinə sadiq qalaraq bugünlərdə yenə Azərbaycanın əleyhinə danışıb. Ölkəsinin “France İnter” kanalına müsahibəsi zamanı bildirib ki, guya, Azərbaycan Ermənistana münasibətdə beynəlxalq hüququ pozur. Fransız nazirin ölkəmizin Ermənistana münasibətdə beynəlxalq hüququn hansı norma və prinsiplərini pozmasını nəzərdə tutduğu müəmmalıdır. Amma aydın olan bir məqam var. Bu da Ermənistanın təxminən 30 ilə yaxın beynəlxalq hüquqa, onun sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü kimi başlıca prinsiplərinə məhəl qoymamasıdır. Xüsusilə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit edilmiş ərazi bütövlüyü prinsipinin başlıca məzmunu ondan ibarətdir ki, dövlətlər bir-birinin ərazi bütövlüyünə hörmət etməlidirlər. Hər bir dövlət başqa dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hüquqazidd hərəkətlərdən çəkinməlidir.
Dövlətin ərazisi qanunsuz güc tətbiqi nəticəsində hərbi işğal obyekti ola bilməz. Ermənistan isə Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazilərini işğal etmiş, həmin ərazilərdən qeyd-şərtsiz çıxmaqla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə əməl etməmiş, üstəlik, işğal etdiyi ərazilərdə daha bir cinayət – qanunsuz məskunlaşdırma siyasəti həyata keçirmişdir. Məgər bütün bunlardan Fransa XİN başçısının xəbəri yoxdur?! Əlbəttə ki, var! Sadəcə olaraq, erməni sevgisi onların gözlərini elə tutub ki, son vaxtlar hər kəsin bildiyi həqiqətləri belə təhrif etməyə girişiblər.
Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə fransız nazirin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dair şərhində bildirib ki, Jan-Noel Barrotun müsahibə zamanı Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğunu bildirməsi bu ölkənin Azərbaycana qarşı növbəti əsassız və qərəzli münasibətinin, beynəlxalq hüquqa dayaz və səthi yanaşmasının göstəricisidir.
Azərbaycanın bütün addımlarında beynəlxalq hüququ və ədaləti əsas götürdüyünü diqqətə çatdıran XİN rəsmisi qeyd edib ki, ölkəmizin beynəlxalq hüquqa zidd davrandığını iddia etmək absurddur və Fransanın bunun əksini sübut edəcək heç bir dəlili yoxdur.
A.Hacızadənin açıqlamasının davamında bildirilib: “Maraqlıdır ki, özünü beynəlxalq hüququn təbliğatçısı və ədalətin təminatçısı kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobud şəkildə pozulmasını tənqid etməyib. Bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüz minlərlə azərbaycanlının qayıdış hüququnu heçə sayan Ermənistanı qurban kimi təqdim etmək yanlış siyasətdən xəbər verir. Dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını bir daha tələb edirik”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Parisdən verilən belə açıqlamalar hazırkı Fransa prezidentinin, hökumətinin və parlamentinin Cənubi Qafqaz və Azərbaycan siyasətini korrektə etmək fikrində olmadığını bir daha sübut edir. Onun sözlərinə görə, Fransa yenə də anti-Azərbaycan siyasətlərini davam etdirir və bununla da özlərini Cənubi Qafqazda sülh prosesindən faktiki olaraq təcrid edirlər. Çünki əsl ermənipərəst kimi çıxış etməklə, qatı anti-Azərbaycan mövqeyi ilə Cənubi Qafqazda sülh quruculuğunda Fransanın hər hansı formada iştirakı istisna olunur: “Halbuki, ötən illərdə, yəni, Emmanuel Makronun prezident seçilməsinədək Parisin də müəyyən vasitəçilik təşəbbüsləri olur, Fransa ərazisində də görüşlər keçirilirdi. İndi isə bunlar istisnadır. Çünki Azərbaycan rəsmiləri haqlı olaraq, Parisin vasitəçiliyini qəbul etməyəcək, Fransada hər hansı görüşün təşkilinə də mənfi yanaşacaqlar. Bu da Azərbaycan tərəfinin haqlı mövqeyidir”.
Fransa xarici işlər nazirinin sonuncu müsahibəsində ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə gəldikdə isə E.Şahinoğlu qeyd etdi ki, nazir yeni bir şey deməyib. Yenə də məntiqsiz, anti-Azərbaycan açıqlamalarını davam etdirib. Ermənistanın törətdiyi vəhşiliklərdən, qəsbkarlıq siyasətindən, işğal dövründə ərazilərimizi minalarla çirkləndirməsindən və digər cinayətlərdən heç bir söhbət açılmır: “Amma mina mövzusu özü də maraqlıdır. Azərbaycanın bu problemlə mübarizəsinə hətta, ABŞ və Avropa İttifaqının bəzi ölkələri də müəyyən töhfələr verirlər. Onlar minaların axtarışı üçün az da olsa, maliyyə ayırırlar. ABŞ tərəfi mina və partlamamış hərbi sursat təmizləmə işlərində iştirak etmək üçün Azərbaycana xüsusi təlim görmüş itlər verib. Çünki hər kəs, o cümlədən ABŞ və Avropa ölkələri başa düşürlər ki, həmin minaları Ermənistan ordusunun hərbçiləri və Qarabağda mövcud olmuş separatçı rejimin özünü “müdafiə ordusu” adlandıran qanunsuz hərbi birləşməsinin mənsubları basdırıblar. Bunun nəticəsində biz 44 günlük Vətən müharibəsindən sonra yüzlərlə soydaşımızı itirmişik. Yaxşı, Fransa bu qədər anti-Azərbaycan mövqedən çıxış etdiyi halda mina basdırılması mövzusunda niyə susur? Deməli, bütün bunlar ikili standartların əlamətləridir”.
E.Şahinoğlunun sözlərinə görə, belə görünür ki, Fransanın Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi yoxdur. Amma bundan itirən özləri olacaq. Zatən, Azərbaycanın Avropada dostlarının sayı da az deyil. Elə Fransanın qonşuluğunda yerləşən dövlətlər – dəniz qonşusu Böyük Britaniya və cənub-şərqindəki İtaliya da bizim dostlarımızdır. Biz onlarla əməkdaşlığı davam etdiririk. Əgər Paris bundan sonra da bu siyasəti yürüdəcəksə, Azərbaycan obyektiv səbəblər üzündən Parislə əməkdaşlığı bərpa edə bilməyəcək. Yəni, münasibətlər indiki nöqtədən tərpənməyəcək.
Politoloq İlyas Hüseynov isə dedi ki, Fransa Azərbaycana münasibətdə özünün ədalətsiz və qərəzli mövqeyini yenidən göstərməkdədir. Onun sözlərinə görə, ölkəmizə qarşı müxtəlif müstəvidə hücumlar, təhdidlər davamlı xarakter daşıyır. Eyni zamanda biz ötən dövrlərdə baş verən hadisələrlə bu gün Fransanın mövqeyini müqayisə edirik. Çünki 30 illik işğal dövründə beynəlxalq hüququn fundamental norma və prinsiplərini heçə sayan rəsmi Paris bu gün ermənilərə münasibətdə beynəlxalq hüququn pozulmasından danışır. Əlbəttə, bu da ikili standartların göstəricisidir. Digər tərəfdən, dünyanın müxtəlif bölgələrində geosiyasi maraqlarını təmin edə bilməyən, müxtəlif regionlardan açıq-aşkar şəkildə qovulan Fransa Ermənistan hesabına Cənubi Qafqazda möhkəmlənmək istəyir. Ermənistandan bir alət kimi istifadə edən Fransa bu gün Cənubi Qafqaza aqressivcəsinə, radikal düşüncə ilə soxulur və bu da neokolonial təfəkkürün göstəricisidir.
Ekspertin fikrincə, Fransa bu gün öz müstəmləkələrində də böyük problemlər yaşayır: “Xalqlar öz azadlıqları, müstəqillikləri uğrunda mübarizə aparırlar və gələcəklərini Fransadan kənarda görməyə çalışırlar. Fransanı öz bölgələrində görmək istəmirlər. Fransa isə güc tətbiq etməklə, polisin, dəyənəyin gücü hesabına müstəmləkəsi olan ərazilərdə öz varlığını sübut etməyə çalışır. Ona görə də Makron hökuməti bu gün həm erməni diasporunun sifarişlərini yerinə yetirmək, həm gələcək seçkilərdə erməni mənşəli seçicilərin səslərini qazanmaq, həm də Cənubi Qafqazda, belə deyək, maraqların bölgüsü prosesində iştirak etmək istəyir. Bu isə uğursuzluğa məruz qalır, fiaskoya uğrayır”.
İ.Hüseynov bildirdi ki, biz Vətən müharibəsindən sonrakı dövrdə Fransanın ölkəmizə Avropa İttifaqı, BMT Təhlükəsizlik Şurası, Beynəlxalq Frankofoniya Təşkilatı kimi qurumlar vasitəsilə təzyiq etməyə çalışdığını görmüşük: “Lakin bunlar heç bir nəticə verməyib. Parisin bütün məkrli addımları səmərəsiz qalıb və Azərbaycan özünün milli maraqlarını təmin edib. Düşünürəm ki, bundan sonra da Azərbaycan bütün müstəvilərdə Fransaya qətiyyətli cavab verəcək. Fransa dövləti indi nümayiş etdirdiyi mövqedən çəkinməlidir”.
Politoloq Ramiyə Məmmədova hesab edir ki, Fransanın Azərbaycanla bağlı hazırda yürütdüyü siyasət həm E.Makron hökumətinin Cənubi Qafqazda möhkəmlənmək istəyindən, həm də erməni lobbisi ilə çox yaxın əlaqələrindən irəli gəlir. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı problemlər iki dövlətin özü tərəfindən həll edilməlidir. Yəni, rəsmi İrəvan, nəhayət, başa düşməlidir ki, Cənubi Qafqazın dünyanın sabit bölgələrindən birinə çevrilməsi, Ermənistan əhalisinin sülh içində yaşaması üçün Azərbaycanla münasibətləri qaydaya salmaq başlıca şərtdir. Bunun üçün ilk növbədə sülh müqaviləsi üzrə qalan məsələlər də razılaşdırılmalıdır. Ancaq bu gün havadarları Ermənistanı başqa səmtə yönəldirlər ki, bu da İrəvan üçün yaxşı heç nə vəd etmir.
Ekspert qeyd etdi ki, Fransanın XİN başçısı ümumi danışmamalı, Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququn hansı prinsipini pozduğunu açıq şəkildə bildirməlidir. Ancaq belə bir fakt olmadığı üçün nazir ümumi danışmağa üstünlük verir: “Azərbaycan heç bir dövlətin ərazisini işğal etməyib. Əksinə, beynəlxalq hüquqa uyğun olaraq 2020-ci ildə öz ərazilərini işğaldan azad edib. Əgər fransız nazir 2023-cü ildə keçirilən antiterror tədbirlərini nəzərdə tutursa, burada da demək lazımdır ki, heç kim diskriminasiya həyata keçirərək erməniləri Qarabağın dağlıq hissəsindən qovmayıb. Onlar elə Fransa kimi xarici qüvvələrin fitnə-fəsadına uyaraq yaşadıqları yerlərdən könüllü şəkildə çıxıb gediblər. Bu gün Azərbaycan rəsmiləri yenə də beynəlxalq hüquqa söykənərək deyirlər ki, ölkəmizin qanunlarını, milli atributlarını, vətəndaşlığını qəbul edəcəkləri təqdirdə, erməni əsilli şəxslər geri qayıda bilərlər. Onların hüquqlarının qorunmasına təminat verilir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi işlər isə beynəlxalq və milli qanunvericiliyə uyğun həyata keçirilir. Nəzərə almaq lazımdır ki, burada söhbət Azərbaycan ərazilərindən gedir”.
R.Məmmədova onu da bildirdi ki, Azərbaycanın fransız xalqı ilə problemi yoxdur. Bizim tarixən normal ələqələrimiz olub: “Ermənilərin Fransada saylarının çox olmasına baxmayaraq, Paris və Bakı arasında da əlaqələr normal olub. Azərbaycanın bir çox görkəmli mütəfəkkirləri XIX əsrin sonu, XX əsrin əvvəllərində Fransadakı ali məktəblərdə təhsil alıblar. Mən Azərbaycan və Fransa xalqları arasında hansısa irsi problemlərin olduğunu düşünmürəm. Bu, sadəcə siyasi məsələdir. Söhbət ondan gedir ki, Makronun yürütdüyü siyasət Azərbaycanla münasibətlərin indiki səviyyəyə düşməsinə gətirib çıxarıb. Bəllidir ki, burada da erməni amilinin böyük rolu var”.
Səxavət HƏMİD
XQ