Yaxud sürüşkən hay-qriqorian dövlətçiliyi üçün iflas mesajı
Rusiya qoşunlarının Ermənistanın Türkiyə və İran sərhədlərindən geri çəkiləcəyinə, onların yerini erməni hərbçilərinin tutacağına dair məlumat Cənubi Qafqazın başlıca mövzularındandır. Azərbaycan–Ermənistan sülh gündəminin aktiv fazada olduğu bir zamanda belə bir xəbərin yayılması məsələyə baxış bucağının rəngarəngliyini şərtləndirir. Heç şübhəsiz, səbəb-nəticə əlaqələri barədə düşünmək üçün əsaslar da yaranır.
Ümumən, təsəvvür var ki, Rusiyanın girdiyi bölgədən çıxması asan proses deyil. Məsələn, Krım nə qədər tarixi rus torpağı olsa da, beynəlxalq hüquq baxımından Ukraynaya məxsusdur və indiki halda Moskvanın orada reallaşdırdığı işğal kimi qiymətləndirilir. Eləcə də Donetsk və Luqanskı götürək. Hələ Cənubi Osetiya və Abxaziyanı demirik. Nisbətən Avropanın içinə doğru getsək, Moldovada – Dnestryanı bölgədə rus qoşunları qalmaqdadır.
Ruslar adlarını çəkdiyimiz ərazilərdə, faktiki olaraq, separatizmi dəstəkləməkdədirlər. Hansı tərəf haqlıdır, hansı ədalətsizdir? Mövzumuz bu deyil. Məsələyə sırf beynəlxalq hüquq prizmasından yanaşırıq ki, mahiyyətcə ona son dövrlər məhəl qoyan yoxdur və bu anlayışla Rusiyanın istədiyini etməsi problem sayılmamalıdır. ABŞ-nin vaxtilə İraqa və Əfqanıstana qoşun yeritməsi, həyata keçirdiyi işğalçılıq leqallaşdırılıbsa, niyə eyni yanaşma Kremllə bağlı olmasın? Hər halda, 1998-ci ildən bəri dayanmadan, necə deyərlər, “mənə doğru gəlməyin” mesajını verən Rusiya olub. Ancaq Qərb Moksvanın çağırışlarına əhəmiyyət verməyib və əminliklə deyə bilərik ki, hazırda davam edən Ukrayna müharibəsi bunun nəticəsidir. Sözümüz ondadır ki, Moskva maraq və mənafeləri naminə dirənməyi bacarır. Rusiyanın Ermənistandakı hərbi varlığı da ölkənin maraq və mənafe davası baxımından önəmli faktordur. Daha doğrusu, önəmli faktor sayılırdı.
Rusiyanın olduğu yeri asanlıqla tərk etməməsi reallığını nəzərə alsaq, ölkə Ermənistandan çıxmaq qərarına gəlibsə, deməli, hansısa hesablamaları var. Əlbəttə, indiki məqamda həmin hesablamalar barədə yalnız ehtimal nöqteyi-nəzərindən danışmaq mümkündür. Hərçənd, Cənubi Qafqaz müstəvisində istər yaxın keçmişdə, istərsə də hazırda yaşanan proseslərə nəzər salsaq, bəzi məqamları görmək mümkündür.
Götürək, Ermənistanın anti-Rusiya demarşlarını. 2018-ci ildən bəri bu siyasi trayektoriyada ciddi inkişaf var. 44 günlük müharibəyədək inqilabi eyforiya yaşayan baş nazir Nikol Paşinyan və komandasının üzvləri Rusiyanı aşağılamaqla məşğul idilər. Rəsmi İrəvanın anti-Azərbaycan davranışları, habelə, sülh danışıqlarının dalana dirənməsi də məhz həmin trayektoriya fonunda yaşanmışdı.
Müharibədə Rusiya Ermənistanı Azərbaycanın əlində məhvə sürüklənməkdən qurtardı. Lakin İrəvanın Kreml əleyhinə ritorikası səngimədi. Baxmayaraq ki, savaşdan sonra erməni separatizminin qaldığı Qarabağda rus hərbçiləri var idi. Aydındır ki, onların oradakı mövcudluğu heç də gerçək sülhyaratma mahiyyəti daşımırdı. Rusiya Ermənistana özünün lazımlılığını sübuta yetirmək istəyirdi. Amma bunun qarşılığında dəyər görmədi. Anti-Rusiya kampaniyasını genişləndirən Paşinyan administrasiyası Moskvanın hakim rol oynadığı və özünün də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını gözdən salmağa başladı. Durum göz önündədir. Hazırda Qarabağda erməni separatizmi yoxdur. Bölgədəki Rusiya hərbçiləri də həmçinin. Onlara ehtiyac qalmadı.
Beləliklə, Rusiyasızlığın Ermənistan üçün iki anti-lüksünü vurğulamış olduq. Birincisi, 44 günlük müharibədəki rüsvayçı məğlubiyyət, ikincisi Qarabağ itkisi, avantüranın deqredasiyası. Bunlardan Paşinyan iqtidarı nəticə çıxardımı? Əlbəttə ki, yox! Ermənistan hakimiyyətinin təmsilçiləri KTMT-nin ölkələrinin təhlükəsizliyinin təminatındakı missiyasını heçə endirdilər, İrəvanın qurumdakı fəaliyyətinin dondurulduğunu açıqladılar. Yeri gəlmişkən, bu istiqamətdə “buzların əriyəcəyinə” dair heç bir ehtimal yoxdur. Deməli, Ermənistan yenə də Rusiyaya ehtiyac duymadı.
Gələk, Rusiya hərbçilərinin paytaxt İrəvanın giriş qapısından – “Zvarnots” hava limanından çıxarılmalarına. Paşinyan aylar öncə məsələnin avqustda gerçəkləşəcəyini bildirəndə, Rusiyaya sərhədi qorumaqda kömək göstərdiyi üçün təşəkkürünü bildirmiş, demişdi ki, artıq erməni hərbçiləri lazımi peşəkarlıq vərdişlərinə yiyələniblər və öz işlərini sərbəst şəkildə görmək iqtidarındadırlar. Sanki otuz ildən artıq müddətdə bunu öyrənməyiblərmiş. Aydındır ki, Nikol Rusiya ilə növbəti dəfə məzələnirdi. Bu, Ermənistandakı rus hərbi mövcudluğuna meydan oxumaq, həmin mövcudluğun konkret səbəblərini nəzərə almamaq idi.
Əlbəttə, Rusiyanın Ermənistandakı hərbi varlığının hüquqi məcburiyyət yaradan hansısa amili istisnadır. Bunu Paşinyan yaxşı anlayır. Elə Moskvada da məsələnin fərqindədirlər. Kremldə onu da yaxşı görürlər ki, hadisələr indiki məcrada davamını tapsa, Nikol və komandasındakılar KTMT-ni və Qarabağdakı rus sülhməramlılarını aşağıladıqları kimi, rus sərhədçiləri ilə bağlı da eyni tonda danışaqcaqlar. Buna qarşı çıxacaq mexanizm yoxdursa, necə deyərlər, üzüsulu getmək daha yaxşıdır.
Üstəlik, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı heçə sayması var. O bəyanatı ki, Ermənistanı tamamilə məhvdən qurtarmışdı. Paşinyan isə bildirib ki, sözügedən sənəd ölkəsinin məğlub, Azərbaycanın isə qalib kimi rəsmiləşməsi demək deyil. Nikol bu fikri Ermənistanın üçtərəfli Bəyanatın 9-cu bəndini icra etməkdən boyun qaçırması xüsusunda dilə gətirib. Paşinyanın imzasının yer aldığı üçtərəfli Bəyanatın 9-cu bəndində isə bildirilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Söhbət üçtərəfli Bəyanatın 9-cu bəndindən düşmüşkən, Ermənistanın baş naziri son zamanlar tez-tez təkrarladığı fikri bir neçə gün əvvəl Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında da dilə gətirib: “Ermənistanın hər hansı formada, guya, üçüncü dövlətlərin onun suveren ərazisində təhlükəsizliyini təmin etməsi ilə razılaşdığı və ya hər hansı sənəddə bunun nəzərdə tutulduğu barədə bütün bəyanatlar, sadəcə, həqiqətə uyğun deyil. Öz ərazisində təhlükəsizliyin təmin edilməsi hər bir ölkənin suveren öhdəliyidir. Bu, bizim işimizdir və biz bunu etməyə zəmanət veririk”.
Bütün bu qeyd etdiklərimiz fonunda Rusiya hərbçilərinin Ermənistanın Türkiyə və İran sərhədlərindən geri çəkilməsinə dair xəbərin yayılmasında təbii qanunauyğunluq duyulmaqdadır. Vurğuladığımız kimi, Moskva Ermənistan adlı bataqlıqda qalmaq istəmir, bu, öz yerində. Digər tərəfdən, sadə məntiq var. Təxminən belə: Sərhədi özün qoruya bilirsənsə, buyur qoru.
Onu da bildirdik ki, Kremlin hansısa hesablamalarının olmaması qeyri-mümkündür. Rusiyasızlığın Ermənistan üçün 44 günlük müharibə və Qarabağ itkisi ilə nəticələndiyi reallığını, rəsmi İrəvanın yaşananlardan dərs çıxarmadığını, onun anti-Rusiya ritorikasını yüksələn xətt üzrə davam etdirdiyini nəzərə alsaq, rus qoşunlarının Ermənistandan tamamilə çıxarılmasının da hansısa fatal nəticələri barədə danışmaq mümkündür. Ortada Rusiyasızlıq nəticəsində iki fiasko yaşamış erməni dövləti və toplumu var.
Diqqətə çatdırdıqlarımızın məntiqi yekunu olaraq, bilavasitə Ermənistan və sərhəd amili üzərində dayanaq. Ortaya elementar sual çıxır: Ermənistanın nə zamansa sərhədləri olubmu? Ümumən, erməni varlığı nə vaxtsa sərhəd tanıyıbmı? Baş nazir Nikol Paşinyan da zaman-zaman səsləndirdiyi fikirlərlə soydaşları üçün sərhəd anlayışının, faktiki olaraq, nonsens mahiyyət daşıdığını vurğulayıb. Nikolun ölkəsi üçün “doğum şəhadətnaməsi” almaq ritorikası bunun sübutudur. Üstəlik, əlahəzrət tarix var və ona diqqət yetirsək, görərik ki, ermənilərin Cənubi Qafqaza köçü 1830-cu ildən sonra yaşanıb. 1849-cu ildə bölgədə erməni vilayəti yaradılıb. Bu vilayət 1918-ci
ildə mövcud olmuş dövlətin nüvəsini təşkil edib. Həmin dövlətə qədim Azərbaycan şəhəri İrəvan paytaxt kimi verilib. Sonra Azərbaycanda olduğu kimi, Ermənistanda sovetləşmə gedib. Daha sonra isə sovet Azərbaycanının torpaqlarından sovet Ermənistanına ərazi hədiyyələri olunub. Bütün bu proseslərin hərəkətverici qüvvəsi qismində çıxış edən Rusiyadır, rus faktorudur.
Bəli, rus faktorunun erməni amili ilə daimi həmahəngliyinə görədir ki, ermənilər sərhəd barədə düşünməyiblər. Həmişə hesab ediblər ki, onları qoruyan Rusiya var. Nəinki qoruyan, daha doğrusu, bəsləyən. Söhbət həm maddi-texniki və digər yollarla, həm də ərazi baxımından bəsləməkdən gedir. Axı Moskvada ermənilərin xislətinə bələdçilik var idi. Rus siyasi düşüncə tərzinin təmsilçiləri yaxşı bilirdilər ki, ermənilər imperiya maraqlarının təminatçısı qismində çıxış edib, bu maraqlar naminə hər cür yaramazlıqlara baş vurublar. Haqqında söz açdığımız ərazi hədiyyələri onlara “ayı xidmətlərinin” mükafatı olaraq verilib.
Erməni varlığı üçün azğınlıqdan uzaq yeni səhifə açmaq şansı SSRİ dağılanda yaranmışdı. Yəni, həmin vaxtadək əldə edilmiş sərhədləri özününküləşdirmək imkanı formalaşmışdı. Lakin durum dəyərləndirilmədi, ermənilər yenə əvvəlki “amplualarında” qaldılar – Azərbaycana qarşı ərazi iddiası irəli sürdülər, faciələr və işğallar törətdilər. Ancaq Azərbaycan iki yüz illik tarix ərzində ilk dəfə olaraq dirəniş göstərdi. Bu dirəniş nəticəsində otuz ilə yaxın davam etmiş Azərbaycan–Ermənistan danışıqlar prosesi başlandı. Əlbəttə, danışıqların işğalı leqallaşdırmaq məramı var idi. Ancaq reallıq bu idi ki, qana susamış xəstə toplumun təcavüzkar fəlsəfəsi davamını tapmadı. Həmişə nəsə əldə etməyə köklənmiş erməni varlığı otuz il ərzində maneə yaşadı.
Bəli, ermənilər Rusiyanın onlara heç bir kömək etmədiyini, işğalı rəsmiləşdirmək üçün əməli addımlar ata bilmədiyini gördülər və hərəkətə keçdilər – inqilab gerçəkləşdirərək, Qərbpərəst Nikol Paşinyanı hakimiyyətə gətirdilər, Moskvaya arxa çevirdilər. Diqqət yetirək, Paşinyan hakimiyyət kreslosundakı yerini möhkəmləndirən kimi, “Qarabağ Ermənistandır və nöqtə!” bəyanatını verdi, Ermənistanın müdafiə naziri isə “yeni ərazilər uğrunda yeni müharibə” şüarını irəli sürdü. Bunlar tipik erməni xislətinə uyğun davranışlar idi. Erməni düşüncə sisteminin təmsilçiləri belə qənaətə gəlmişdilər ki, Rusiyanın onlara verə bilmədiyini Qərb verəcək. Əlbəttə ki, yanıldılar.
Sonda qeyd edək ki, 44 günlük müharibədəki acınacaqlı məğlubiyyət və lokal xarakterli antiterror tədbirlərinin yekunu Qərbin erməni avantürizminin reallaşması baxımından Rusiyanın yerini tuta bilməyəcəyinin nümunələridir. Hər iki hadisənin Ermənistan üçün fiasko aqibətini doğurduğunu vurğuladıq. İndi Rusiya sərhəddəki və deməli, dövlət təfəkküründən uzaq Ermənistandakı hərbi varlığını tamamilə başa vurur və bu, İrəvanın Bakı ilə sülh mühitinin olmadığı, Qərbə arxalanaraq sürətli silahlanma yolu tutduğu bir zamanda yaşanır. Yerdə məntiqi çıxarılacaq bir nəticə qalır: Ermənistan fəlakətə, dövlətsizliyə doğru gedir. Çünki Rusiyasız Ermənistan dövlətsiz və vətənsiz ermənilər deməkdir. Yəqin, Vətənin sərhəddən başladığını vurğulamağa ehtiyac yoxdur.
Əvəz CAHANGİROĞLU
XQ