II YAZI
Türküstan Muxtariyyəti ləğv edilir
1918-ci il fevralın 9-da (yeni tarixlə 22 fevral) Kokanddakı Rusiya–Asiya Bankının binasında münaqişə edən tərəflər arasında bolşeviklərin hazırladığı “Sülh müqaviləsi” imzalanır. Bununla da 72 gün yaşayan Türküstan Muxtariyyəti ləğv edilir və buna cavab olaraq milli azadlıq partizan hərəkatı yaradılır və fəaliyyətə başlayır. Bu hərəkatın üzvlərinə basmaçı deyilir. Basmaçıları ruslar quldur kimi qələmə versələr də, onlar özünümüdafiə üçün birləşən sadə insanlar idilər. Milli azadlıq hərəkatının komandirləri olan kürbaşılar yerli müsəlmanları cihada, daşnaklarla və bolşeviklərlə mübarizəyə səsləyirdilər.
Fərqanə vadisində milli azadlıq hərəkatı Kiçik Erqaş və Katta Erqaşın adı ilə bağlıdır. Baçkir kəndində daşnaklarla döyüşdə Kiçik Erqaş şəhid olandan sonra onun yerini Katta Erqaş tutur. Erqaş kurbaşı və onun 8000 döyüşçüsü müqəddəs “Quran”a and içirlər ki, son damla qanlarına qədər bolşeviklərlə mübarizə aparacaqlar. 1919-cu ilin yayında Erqaş Mərgilan uğrunda döyüşlərdə həlak olur, onun sələfi Xalxoca öz döyüşçüləri ilə birgə Madaminbekin ordusuna qoşulur.
Fərqanə Müvəqqəti Muxtar hökuməti
1919-cu il sentyabrın 22-də Fərqanə Müvəqqəti Muxtar hökuməti yaradılır. Onun tərkibinə 6 müsəlman, 8 rus daxil olur. Hökumətin başçısı və Ali Baş Komandan Madaminbek seçilir. Madaminbek Kaşqardakı Rusiya konsulunun və İngiltərənin baş konsulu Esertonun köməyi ilə dünya ictimaiyyətinə Türküstan milli azadlıq hərəkatını tanımaları ilə bağlı çağırış edir. Madaminbek Fərqanə vadisində bolşevik rejiminə və daşnaklara qarşı qüvvələri birləşdirməyə nail olur. Onlar “Türküstan türküstanlıların vətənidir. Heç kimin onu ələ keçirməyə ixtiyarı yoxdur!” şüarı altında mübarizə aparırdılar.
Basmaçılar ermənilərin nəzarəti altında olan kəndlərə tez-tez hücum edirdilər. Döyüş meydanında basmaçılarla bacarmayan erməni cəlladlar acıqlarını günahsız qadınlardan, qocalardan və uşaqlardan çıxırdılar. 1918-ci ilin dekabrında basmaçılara qarşı növbəti əməliyyat zamanı ermənilər Xanul-Abar kəndindəki bütün qadınları oğurlayıb qənimət kimi Əndican qalasına salırlar.
Ermənilərin Daşkənd qırğınları
1919-cu ildə üsyançılar Daşkəndə hücum edir, əsasən ermənilərdən ibarət olan qarnizon bu hücumda köhnə Daşkənddə yaşayan əhalini günahlandırır, qarətlər, qətllər, zorakılıqlar başlayır. Tarixçilər yazırlar ki, daşnaklar qadınları arabalara doldurub qalaya aparır, evləri yandırır, məscid və mədrəsələri dağıdırdılar. Kəndlərdə mal-qaranı, buğda taylarını özləri ilə aparırdılar. Ermənilər təkcə fiziki zorakılıqla kifayətlənmir, əhalini daim qorxu içində saxlayırdılar. Məsələn, Daşkənddə şayiə yayırdılar ki, Qırmızı ordu köhnə şəhəri məhv etmək istəyir. Əhali qorxu içində doğma evlərini tərk edib əyalətlərə qaçırdı.
Türküstanın xalq komissarlarının liderlərindən olan K.Sorokin yazırdı: “Müsəlmanların var-yoxunu əllərindən alıb özlərini öldürürlər. Bizim əsgərlər əhalini daşnaklardan qorumaq əvəzinə, onları qarət edir və qətlə yetirirlər. Xalq qorxu içində qaçır. Partiya üzvləri vəziyyəti düzəltmək üçün heç bir iş görmürdü. Müsəlman proletariat kömək üçün ruslara üz tutur, ruslar isə onlara inanmadıqlarını deyirlər. Ordu qoca-cavan demədən, hamını qırır və bununla da biz özümüz onları millətçilərə çeviririk”.
Erməni hərbi qüvvələri əsasən şəhərləri nəzarət altında saxlayırdılar. Lakin basmaçılar buraya da hücum etdikləri üçün daşnaklar qalalarda gizlənib Qırmızı ordudan kömək gözləyirdilər. Daşnaklar həmişə sovet hökumətinin yanında olacaqlarını dilə gətirirdilər. Deyirdilər ki, biz ancaq bu yolla Türküstandakı erməni diasporunu düşmənlərdən, yəni müsəlmanlardan qoruya bilərik.
Bolşeviklər ermənilərdən yalnız cəllad kimi istifadə edirdilər, əslində isə onlara hərbi işi bilən qüvvələr lazım idi. Bolşeviklər anlayırdılar ki, ermənilərin müsəlmanlara nifrəti yerli əhali arasında üsyankar qüvvələrin çoxalmasına səbəb olur. Bolşeviklər bilirdilər ki, müsəlmanların iştirakı olmadan Sovet hakimiyyətini qurmaq çətin olacaq. Artıq üsyançıların bəzi liderləri erməni qüvvələr olmasa, silahı yerə qoyacaqlarını bildirirdilər.
Türküstan kommunist partiyasının yığıncağında kommunist müsəlmanlar sovet hökumətinin “Daşnaksütyun”la əməkdaşlığını pisləyir və Fərqanədəki zorakılıqlara son qoymağa çağırırlar. Buna baxmayaraq, kommunistlər və daşnaklar əməkdaşlığa davam edirlər. 1919-cu ilin martında Türküstan şurasının fövqəladə qurultayında müsəlman nümayəndələrin irəli sürdüyü qətnamədə deyilir ki, təcili olaraq daşnak dəstələri tərksilah edilməli, Qırmızı ordu bu cinayətkar ünsürlərdən təmizlənməlidir.
Əndicanda erməni zorakılıqları
Türküstan MİK Fərqanə komissiyasının üzvü Turar Rıskulov daşnakların əsas qüvvəsinin toplaşdığı Əndicanda ermənilərin müsəlmanlar üzərində zorakılıqları haqqında Daşkəndə məlumat verir. Məlumatda bildirilir ki, Əndicandakı erməni icması qısa müddət ərzində sovet hökumətindən 800 avtomat silah alıb, icma üzvləri tamam silahlanıblar.
Beləliklə, 1919-cu il iyunun 16-da Türküstan kommunistlərinin müsəlman bürosunun konfransında ermənilərin tərksilah edilməsi haqqında əmr verilir. Fərqanə erməni icmasından silahları təhvil vermək tələb olunur. Türküstandakı Qırmızı ordu komandanlığına əmr verilir ki, daşnakları öz sıralarından çıxarsınlar. Daşnaklar silahlarını vermək istəməsələr də, Türküstan MİK-in nəzarəti altında çox sayda silah və döyüş sursatı müsadirə olunur. Qırmızı ordu “Daşnaksütyun” üzvlərinin evlərində axtarış aparır, silahları verməyənlər hərbi tribunalın hökmü ilə güllələnirlər. Türküstan KP müsəlman bürosunun birinci qurultayında elan edilir ki, Əndicanda, Kokandda və Skobelevdə daşnaklar tamamilə tərksilah olunub.
Bəzi mənbələrə görə isə daşnakların silahlarını almırlar, yalnız qeydiyyatdan keçirirlər.
Sonrakı mərhələdə Türküstanda “Daşnaksütyun” partiyasının özəklərini, guya, ləğv edirlər. Əslində isə onlara yeni bir təşkilat – “Erməni qardaşlığı” yaratmağa imkan verirlər. Belə ki, üzdə erməni silahlı qüvvələri buraxılsa da, Orta Asiyada ermənilərin nüfuzu qalmaqda davam edir.
Bir vaxtlar “Daşnaksütyun” partiyasının üzvü olan, qatil Derenik Apresyan sonralar Özbəkistan SSR Dövlət Təhlükəsizlik Xidmətinin başçısı təyin olunur. Azərbaycanda yaxşı tanıdığımız digər daşnak Levon Mirzoyan isə Qazaxıstanın rəhbəri təyin edilir, nəticə isə belədir: Levon Mirzoyanın Qazaxıstanda işlədiyi 1936–1938-ci illərdə 110 min qazax sürgün edilib, 25 min insan isə güllələnib. Bu isə başqa söhbətin mövzusudur.
SSRİ tarixində erməni millətçilərinin cinayətləri, Türküstanda müsəlmanların soyqırımı haqqında məlumat çox azdır. Bu soyqırımında müsəlmanların özlərini, yəni basmaçıları və ağqvardiyaçıları günahlandırırlar. Əsl günahkarlar isə kadr arxasındadır. Bu gün nə Ermənistan, nə insanlığa qarşı cinayətlərdə əli olan, Hayastanın leqal siyasi partiyası “Daşnaksütyun” 1918–1919-cu illərdə Türküstanda müsəlmanlara qarşı törətdikləri genosidi qəbul edir, nə də bu məsələni müzakirəyə çıxarmaq istəyirlər. Uzun illərdir Ermənistan bar-bar bağırıb dünya ölkələrindən “erməni genosidi”ni qəbul etmələrini tələb edir, lakin özünün bəşəriyyətə qarşı qanlı cinayətlərini – Azərbaycan, Şərqi Anadolu və Orta Asiyanın dinc əhalisinə qarşı soyqırımı törətdiyini boynuna almaq istəmir... Lakin o gün gələcək.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri,
Daşkənd