Təzminat: cinayətə görə cəza, yoxsa tarixi ədalətin bərpası?

post-img

Artıq xeyli müddətdir ki, Azərbaycanda Ermənistanın işğalı və hərbi cinayətləri nəticəsində ölkəyə dəyən ziyanın müqabilində təzminat ödənilməsi məsələsi siyasi gündəmin əsas mövzularından birinə çevrilmişdir.

İşğala məruz qalmış ölkənin təzminat alması ehtimalı nə qədər realdır və bu təzminatın alınması üçün dünyada hüquqi baza və hər hansı təcrübə varmı? Bu məsələlərə aydınlıq gətirmək üçün təzminatın tarixin hansı dönəmində meydana gəldiyini və bu günə qədər hansı işğalçı ölkənin öz qurbanlarına təzminat ödədiyini araşdırmaq qərarına gəldik. Ümumiyyətlə, təzminat ilkin olaraq qalib tərəfə və ya münaqişənin qurbanlarına dəymiş zərərin ödənilməsi üçün ödənilən kompensasiya olaraq şərh edilir. Təzminatların tarixi çox qədim dövrlərə gedib çıxır, lakin XX və XXI əsrlərdə təzminatlar dünya müharibələri, müstəmləkəçilik və köləlik qurbanlarına ödənişlərlə bağlı proseslər səbəbindən xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Təzminatların tarixi və müasir dünyada onların rolu nədən ibarətdir?

Təzminatlar tarixi XX əsrə qədər

Təzminat bir konsepsiya olaraq çox qədim köklərə malikdir. Reparasiya (latınca reparatio - bərpa) sözündən dilimizə çevrilmiş təzminat müharibə nəticəsində dəymiş itkilərin kompensasiyasıdır və təcavüzkar dövlət onu qalib ölkənin xeyrinə ödəyir. Erkən tarixi dövrlərdə təzminatlar işğalçılıq müharibələrindən sonra ödənilirdi. Məsələn, Qədim Misir və Romada fəth edilmiş ölkələrdən qaliblərə xərac ödəmələri tələb olunurdu ki, buna da çox vaxt qızıl, sərvətlər və qullar daxil idi. Bu təzminat formalarından məğlub olanları cəzalandırmaq və onların üzərində nəzarəti saxlamaq vasitəsi kimi istifadə olunurdu.

1918-ci ildə Birinci Dünya müharibəsi başa çatdıqdan sonra təzminat beynəlxalq siyasətin əsas mövzusuna çevrildi. 1919-cu ildə Versal müqaviləsinə əsasən Almaniya Antanta blokuna daxil olan ölkələrə (Fransa, Böyük Britaniya və başqaları) dəymiş ziyana görə külli miqdarda təzminat ödəməli idi. Təzminatlara maliyyə ödənişləri, eləcə də sənaye və kənd təsərrüfatı məhsullarının tədarükü daxil idi. İlkin olaraq 132 milyard qızıl markası olaraq təyin edilmiş təzminat məbləği Almaniya üçün son dərəcə ağır oldu. Nəticədə Almaniyanın üzərinə qoyulmuş bu yük 1930-cu illərdə ölkədə iqtisadi qeyri-sabitliyin və faşizmin yüksəlişinin səbəblərindən birinə çevrildi.

Ancaq Almaniyanın təzminat ödəməsini asanlaşdırmaq üçün 1924-cü ildə Daues Planı, 1929-cu ildə isə Yunq Planı hazırlandı. Buna baxmayaraq, dünya iqtisadiyyatı tarixində Böyük depressiya kimi tanınan 1930-cu illərin qlobal iqtisadi böhranı nəhayət, Almaniyanın öz öhdəliklərini yerinə yetirməsini qeyri-mümkün etdi və 1932-ci ildə təzminatın ödənilməsi dayandırıldı.

İkinci Dünya müharibəsindən sonra təzminatlar

Birinci Dünya müharibəsindən fərqli olaraq daha böyük dağıntılara və insan itkisinə səbəb olan İkinci Dünya müharibəsindən sonra da təzminatlar münaqişədən sonrakı nizamlanmanın bir hissəsi oldu. Təzminatların tarixinin öyrənilməsi baxımından bu dövr daha maraqlıdır.

Almaniyanın təzminatları ödəməsi ilə bağlı danışıqlar 1945-ci ildə Yalta və Potsdam konfranslarında qərara alınıb. Versal müqaviləsindən fərqli olaraq, 1945-ci ildə təzminatlara yanaşma daha balanslı idi və bu təzminatların hesablanmasında qlobal iqtisadiyyatın bərpası zərurəti ciddi nəzərə alınmışdı. Potsdam konfransında Almaniyanın təzminatları əsasən sənaye avadanlığı və xammal şəklində ödəməsinə qərara verilmişdi. Qərarların qəbul edilməsində qalib dövlətlərin - SSRİ, Böyük Britaniya və ABŞ-ın liderləri – İosif Stalin, Uinston Çörçill və Franklin Ruzvelt (Yaltada) və Harri Trumen (Potsdamda) iştirak edirdilər.

1945-ci il fevralın 4-11-də keçirilən Yalta konfransında Sovet İttifaqı təzminatların ümumi həcminin 20 milyard ABŞ dolları məbləğində müəyyən etmək təklifi ilə çıxış etdi və bunun da 50 faizi SSRİ-nin xeyrinə ödənilməli idi. Lakin tərəflər bunu dəstəkləmədilər. Təzminatların toplanması planını hazırlamaq üçün xüsusi müttəfiq komissiyanın yaradılması qərara alındı.

Birinci Dünya müharibəsindən sonra müəyyən olunan təzminatların yalnız nağd pul şəkilində ödənilməsi qərarından fərqli olaraq, 1945-ci il 17 iyuldan avqustun 2-nə qədər Potsdamda keçirilən konfransın sənədlərində təzminatlar əsasən maddi formada (zavodlar, maşınlar, avadanlıqlar, inventarlar, habelə Almaniyanın xaricdəki investisiyaları) ifadə edilməli idi. Lakin qalib ölkələrin öz işğal zonalarından çıxara biləcəkləri alman əmlakının ümumi miqdarı dəqiqləşdirilmədi. Sonradan göstərilirdi ki, SSRİ ABŞ, Böyük Britaniya və Fransanın işğal etdiyi zonalardan sökülən texnikanın da əlavə olaraq təxminən 25 faizini alacaq. Polşanın təzminat tələblərini isə SSRİ öz payından təmin etməli idi. Ümumilikdə Polşanın 15 faiz alacağı planlaşdırılırdı. Anti-hitler koalisiyasının qalan üzvləri isə Qərbin işğal zonalarından təzminat paylarını almalı idilər.

1945-ci ilin noyabr-dekabr aylarında Parisdə keçirilən konfransda ABŞ, Böyük Britaniya və Fransa tərəfindən işğal olunmuş zonalardan təzminatların tədarük rejiminə dair razılaşmalar əldə edildi və bu, 14 yanvar 1946-cı il tarixli müqavilədə təsbit edildi. Onun iştirakçıları 19 ölkə, o cümlədən Böyük Britaniya, ABŞ, Fransa, həmçinin Albaniya, Yunanıstan, Çexoslovakiya və Yuqoslaviya idi. Paris Müqaviləsi ayrı-ayrı dövlətlər üçün təzminatların faizini müəyyən etdi və təzminatların uçotu və bölüşdürülməsinə cavabdeh olan Müttəfiqlərarası Təzminatlar Agentliyinin (baş ofisi Brüsseldə olan IARA) yaradılmasını nəzərdə tuturdu.

Lakin İkinci Dünya müharibəsindən sonra beynəlxalq səviyyədə Almaniyaya tətbiq edilən təzminatların konkret ümumi məbləği müəyyən edilməmişdir. 2000-ci ildə Almaniya Maliyyə Nazirliyi “qalib ölkələrin təzminat ödənişlərini birtərəfli qaydada qəbul etdiyini və bununla bağlı heç bir tənzimləyici qeydin olmadığını” vurğulayan bir hesabat hazırladı.

SSRİ-yə təzminat necə ödənilirdi?

Hesabatlara görə, SSRİ özünün işğal zonasından və daha sonra ADR olan alman dövlətindən 66 milyard ADR markasından (15,8 milyard dollar) artıq əmlak müsadirə etmişdir. 1990-cı illərdə Rusiya tədqiqatçıları tərəfindən Qənimətlər Baş İdarəsindən aldıqları məlumatları nəşr etdilər və bu məlumatlara görə, Almaniyadan SSRİ-yə 72 min vaqon tikinti materialı, 3 minə yaxın zavod, 96 elektrik stansiyası, 340 min dəzgah, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş mal-qara, 2,3 milyon ton taxıl aparılmışdır. Bəzi mənbələrdə qeyd edilir ki, hətta Berlindəki zooparkdan heyvanlar da daxil olmaqla hər şeyi çıxarıb aparıblar. Aparılan heyvanlar arasında Hitlerin sevimli timsahı Saturn da var idi və o, 2020-ci ildə Moskvada ölüb.

1949-cu ildə Almaniya Federativ Respublikasının yaradılmasından sonra SSRİ-yə təzminat kimi Qərb işğal zonalarından tədarük dayandırıldı. Polşa Beynəlxalq Münasibətlər İnstitutunun 2005-ci il məlumatına görə, SSRİ 1938-ci ilin məzənnəsi ilə 3,081 milyard dollar məbləğində təzminat alıb ki, bunun da 228 milyon dolları –təxminən 7,5 faizi Polşaya çatıb.

1953-cü ildə Polşa rəhbərliyi ilə razılaşdırılmaqla SSRİ ilə ADR arasında müqavilə imzalandı və bu müqaviləyə əsasən 1954-cü il yanvarın 1-dən ADR-dən alınan bütün təzminatlar dayandırıldı.

İşğal olunmuş Almaniyanın qərb sektorlarından təzminatı faktiki olaraq 1950-ci ildə başa çatdı. IARA 1959-cu ildə fəaliyyətini dayandırdı və ölkədən çıxarılan əmlakın dəyərini 1938-ci ilin məzənnəsi ilə 530 milyon dollar müəyyən etdi. Sovet mətbuatının hesablamalarına görə, ABŞ, Böyük Britaniya və Fransa işğal zonalarından təxminən 1,2 milyard dollar dəyərində avadanlıq, 277 ton (təxminən 300 milyon dollar ekvivalenti) qızıl, 200 milyon dollar dəyərində dəniz və çay gəmilərini söküb aparmışdılar. Almaniyanın təxminən 4 milyard dollarlıq xarici aktivləri bu ölkələrin nəzarətinə keçib. ABŞ və Böyük Britaniya tərəfindən ələ keçirilən alman patentləri və texniki sənədləri təxminən 5 milyard dollar dəyərində qiymətləndirilir. Amma bu, hələ Almaniyanın müharibəyə görə ödədiyi təzminatın sonu olmadı.

1952-ci ilin sentyabrında Almaniya ilə İsrail arasında Lüksemburq müqaviləsi imzalandı və 1953-cü ilin martında qüvvəyə minən bu sənədə uyğun olaraq, Almaniya hökuməti 14 il ərzində İsrail hökumətinə 1933-1945-ci illəri əhatə edən Holokost zamanı zərər çəkmiş yəhudilərə təzminat kimi 3 milyard marka, bugünkü məzənnə ilə təxminən 7 milyard avro məbləğində təzminat ödədi. Bir çox tarixçilər qeyd edirlər ki, bu, müharibə zamanı mövcud olmayan bir dövlət tərəfindən təzminatların alındığı və ödənildiyi yeganə haldır.

1960-cı ildə isə Almaniya və Yunanıstan arasında imzalanan müqaviləyə əsasən nasist işğalı illərində dəymiş ziyana görə Yunanıstan 115 milyon marka – 59 milyon avro təzminat aldı. Buna baxmayaraq, hətta son illərdə belə Yunanıstan dəfələrlə İkinci Dünya müharibəsi zamanı törədilmiş hərbi cinayətlərə görə Almaniyanın yeni təzminatlar ödəməsi məsələsini gündəmə gətirib. Yunan tərəfinin fikrincə, Almaniya 1938-ci ildə Yunanıstandan aldığı 3,5 milyard dollar (indiki məzənnə ilə təxminən 54 milyard avro) məbləğində məcburi işğal kreditin təzminatını da ödəməlidir. Lakin Almaniyanın bu məsələ ilə bağlı rəsmi mövqeyi sonuncu dəfə 2015-ci ilin martında kansler Angela Merkel tərəfindən kəskin səsləndirildi: “Təzminat məsələsi hüquqi baxımdan bağlanıb”.

1961-ci ildə faşizmin italyan qurbanlarına təzminat ödənilməsi haqqında Almaniya-İtaliya müqaviləsi bağlandı və bu müqaviləyə əsasən İtaliya hökumətinə 40 milyon marka (təxminən 20 milyon avro) ödənildi. Buna baxmayaraq, 2008-ci ildə İtaliyanın Kassasiya Məhkəməsi nasist cinayətlərinin qurbanlarının İtaliya məhkəmələrində Almaniyaya qarşı iddia qaldıra biləcəkləri ilə bağlı qərar çıxardı. Buna cavab olaraq Almaniya Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək, İtaliya məhkəmə sistemini “Almaniyanın suveren dövlət kimi yurisdiksiya toxunulmazlığına məhəl qoymamaqda” ittiham etdi. 2012-ci ilin fevralında məhkəmə Almaniyanın nasist vəhşiliklərinə görə milli məhkəmələrdə təqib olunmaqdan qanuni immunitetə malik olduğunu, hökmün qəti olduğunu və başqa orqana şikayətin mümkün olmadığını bəyan etdi.

Nasizm qurbanlarına təzminat

Almaniya işğala məruz qalan dövlətlərə təzminatlarla yanaşı, nasizm qurbanlarının müxtəlif kateqoriyalarına da təzminat ödəyir.

2000-2007-ci illərdə Almaniyada “Yaddaş, Məsuliyyət və Gələcək” Fondu fəaliyyət göstərib və bu fonddan İkinci Dünya müharibəsi zamanı Almaniyaya deportasiya edilmiş keçmiş məcburi işçilərə kompensasiyalar verilib. Ümumilikdə fond 5,2 milyard avro vəsaitə malik idi və bu vəsaitlər Almaniya hökuməti və alman müəssisələri tərəfindən köçürülmüşdü. Fondun fəaliyyəti müddətində ümumilikdə Rusiya, Polşa, Çexiya və digər ölkələrdə yaşayan 1,66 milyon insan 4,4 milyard avro məbləğində kompensasiya alıb. Ən böyük məbləği isə Almaniyaya qarşı Yəhudilərin Maddi İddiaları Konfransı adlı təşkilatı alıb – 1,149 milyard avro.

Almaniya Lüksemburq sazişi üzrə ödənişlərə əlavə olaraq, dəfələrlə Holokost zamanı müxtəlif kateqoriyadan olan qurbanlara birdəfəlik ödənişlər etmək qərarlar qəbul edib. 2011-ci ilin dekabrında Almaniya Holokost qurbanlarından 16 min nəfərə əlavə pensiya ödəməyə razılıq verib. 2012-ci ilin noyabrında keçmiş SSRİ ölkələrində yaşayan və Holokostdan sağ çıxan 80 min insana kompensasiya ödənilməsi proqramı başlayıb. Ödənişlərin ümumi məbləği təxminən 245 milyon avro təşkil edib. 2013-cü ilin mayında Qüdsdə Almaniyaya qarşı yəhudilərin maddi iddialarının təmin edilməsinə dair konfransda Almaniya 2014-2017-ci illərdə Holokost qurbanlarına dəstək verən müxtəlif qurumlara 772 milyon avro köçürməyi öhdəsinə götürmüşdü. Pulun üçdəbiri İsraildə yaşayan 56 min nəfərin sosial xidmətlərinə xərclənmişdir.

Dünyada təzminat problemləri Almaniya ilə başlamadığı kimi onunla da bitmir. Belə ki, Körfəz müharibəsi (1990-1991) başa çatdıqda, BMT Təhlükəsizlik Şurası İraqın təcavüzündən əziyyət çəkən Küveyt hökumətinə, korporasiyalarına və fərdi şəxslərə İraqdan təzminat ödənilməsinə qərar verdi. Bu qərara görə, İraqa ümumilikdə 352 milyard dollardan çox təzminat iddiası təqdim edilsə də, BMT-nin xüsusi orqanı cəmi 52,4 milyard dollar məbləğində ödənişi təsdiqlədi. Ancaq İraq hərbi işğala görə Küveytə təzminat ödəməyi 2021-ci ilə qədər başa çatdırdı. İki ölkə arasındakı razılaşmalara görə, İraq hər il neft və qaz ixracından əldə etdiyi mənfəətin 5% faizini BMT-nin xüsusi fonduna köçürür, oradan da vəsait Küveytə gedirdi.

Təzminatlarla bağlı daha bir məhkəmə qərarı Haaqada qəbul edilib. Uqanda təbii ehtiyatlarla zəngin İturi əyalətindəki münaqişələrdə roluna görə Konqo Demokratik Respublikasına 325 milyon dollar təzminat ödəməyə məcbur edilib. Zərər 1998-2002-ci illərdə baş vermiş İkinci Konqo müharibəsi zamanı vurulmuşdu. Konqo 11 milyard dollar təzminat tələb etsə də, məhkəmə 325 milyon dollar müəyyənləşdirdi.

Təzminat problemləri bu günümüzdə belə, beynəlxalq ictimaiyyətin ciddi müzakirə mövzusu olaraq qalır.

XXI əsrdə təzminatlar

XXI əsrdə təzminatlar tarixi ədalət, müstəmləkəçilik və köləliyin vurduğu zərərin ödənilməsi kontekstində yeni məna kəsb etməyə başladı. Bəzi təşəbbüslər və müzakirələrə diqqət çəkmək, Ermənistana təzminat iddialarının Azərbaycanın haqqı olduğunun təsdiqi baxımından daha çox diqqət çəkir:

Müstəmləkəçilik və köləliyə görə təzminat

– Son onilliklərdə bir çox ölkələr və ictimai təşkilatlar qulların nəsillərinə və müstəmləkə istismarı qurbanlarına kompensasiyaların ödənilməsi imkanlarını müzakirə etməyə başlayıblar. Məsələn, ABŞ-da afro-amerikalılara əsrlər boyu əsarət və sistemli təzyiqlər üçün təzminatların verilməsi fəal müzakirə olunur. Kaliforniya kimi ştatlar qulların nəsillərinə təzminat ödəmək imkanlarını öyrənmək üçün komissiyalar yaradıblar.

– Karib İcmasına (CARICOM) daxil olan Karib hövzəsi ölkələri keçmiş müstəmləkəçi dövlətlərdən, əsasən İngiltərə, Fransa və Hollandiya kimi dövlətlərdən köləlik və müstəmləkəçiliyin vurduğu ziyana görə təzminat tələb etmişlər. Hətta 2013-cü ildə CARICOM təzminat işlərini əlaqələndirmək üçün komissiya yaradıb.

– 2021-ci ildə Almaniya XX əsrin əvvəllərində Namibiyanın müstəmləkəsi olduğu vaxtlarda bu ölkədə baş vermiş Herero və Nama tayfalarının soyqırımına görə məsuliyyətini rəsmən etiraf etdi. Bu səbəbdən də AFR Namibiyadakı inkişaf layihələri üçün 1 milyard avrodan çox təzminat ödəyəcəyini vəd etdi. Bu, keçmiş müstəmləkəçi dövlətin soyqırımını tanıdığı və təzminat ödəməyə razı olduğu ilk presedentlərdən biri idi.

– Kanada və Avstraliya da yerli xalqlara assimilyasiya və torpaqların itirilməsi prosesində dəymiş ziyana görə təzminat ödəməkdə davam edir. Kanadada hökumət həm də bir əsrdən çox mövcud olmuş Hindistan yaşayış internatlarında zərər çəkmiş qurbanlara kompensasiya ödəyib.

Çağırışlar və tənqidlər

Təzminat ideyası nə qədər ədalətli görünsə də, onun həyata keçirilməsi bir çox problemlərlə üzləşir. Əsas çətinliklər təzminatın miqyasının müəyyən edilməsi, məsuliyyətin müəyyən edilməsi və vəsaitin tapılması ilə bağlıdır. Hətta Azərbaycanın işğalçı Ermənistana təzminat iddiası haqqına gəldikdə, bunun daha ciddi problemlərlə üzləşəcəyi istisna deyil. Əlbəttə, ikinci yazımızda biz bilavasitə bu məsələyə daha geniş spektrdən yanaşıb, həmin məqamları göstərəcəyik.

Bəzi tənqidçilər indiki nəsillərin əcdadlarının cinayətlərinə görə məsuliyyət daşımamalı olduğunu iddia edir. Lakin təzminatların tərəfdarları tarixi ədalətin və keçmiş səhvlərin etirafının vacibliyini vurğulayırlar.

Təzminatın dəqiq kimə ödənilməli olduğu və zərərin məbləğinin necə hesablanması məsələsi də vacibdir. Təzminatlar təkcə maddi ziyanı kompensasiya etməməli, həm də zərər çəkmiş qrupların sosial və iqtisadi vəziyyətini yaxşılaşdırmalıdır.

Təzminatlar keçmişdə vurulan zərəri etiraf edən və səhvləri düzəltməyə çalışan tarixi ədalətin bərqərar olmasıdır. Təzminatların tarixi göstərir ki, dünya ictimaiyyəti qurbanların əzablarını ədalətli şəkildə kompensasiya etməyə çalışıb və çalışır. İyirmi birinci əsrdə təzminat mövzusu xüsusilə müstəmləkəçilik, köləlik və yerli xalqların hüquqları kontekstində aktual olaraq qalır. Bu proqramların həyata keçirilməsi ilə bağlı çətinliklərə baxmayaraq, onlar tarixi ədalətin bərpasında və daha ədalətli cəmiyyətin qurulmasında mühüm rol oynayırlar.

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ







Siyasət