Paşinyan Parisə təlimata gedib

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar Qərb ölkələrinin paytaxtlarına tez-tez rəsmi və işgüzar səfərlər edir. Paşinyan və hökumətinin üzvləri Qərbdə keçirilən heç bir tədbiri qaçırmırlar. Qərbə getmək üçün ələ düşən hər fürsətdən yararlanırlar.

Məsələn, Nikol mayın 14-də Danimarkaya işgüzar səfər etmişdi. İki ay sonra – iyulun 14-də UEFA Avropa Çempionatının final oyununu izləmək üçün Berlinə getmişdi. O, ənənəsinə sadiq qalaraq, şəhərin küçələrində velosiped sürmüş, insanlarla şəkil çəkdirmiş, həyat yoldaşı ilə birgə alış-veriş etmiş və muzeyə bilet almaq üçün növbəyə durmuşdu. Bununla özünün də avropalılardan biri olduğunu nümayiş etdirməyə və onların rəğbətini qazanmağa çalışmışdı. Sentyabrın sonlarında Ermənistan baş naziri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu-York şəhərində işgüzar səfərdə olmuşdu. Oktyabrın 1-də isə ölkənin xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in İnsan ölçüsü üzrə Varşava Konfransında iştirak etmiş, orada Rusiyanın ünvanına ciddi tənqidlər səsləndirmişdi.

Halbuki, Paşinyan başda olmaqla, Ermənistan hökumətinin üzvləri Rusiyanın təşəbbüsü ilə keçirilən tədbirləri boykot etmək yolunu tutublar. Hətta, Paşinyan faşizm üzərində qələbənin 79-cu ildönümü münasibətilə Moskvada keçirilən paradda iştirakdan da imtina etmişdi. Maraqlıdır ki, Paşinyan Rusiya ilə müxtəlif platformalarda iqtisadi əməkdaşlığı genişləndirir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi xeyli artıb. Siyasi münasibətlərdə isə İrəvan Moskva ilə ciddi şəkildə məsafə saxlayır. Bir müddət öncə Rusiyanın nüvəsində dayandığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını maliyyələşdirməyəcəyini bildirən N.Paşinyan ötən ay bəyanatlarında daha da irəli gedərək, KTMT-nin Ermənistanın təhlükəsizliyinə, mövcudluğuna və suverenliyinə təhdidlər yaratdığını bildirdi. Baş nazir ümumerməni forumunda çıxışı zamanı dedi: “Biz KTMT-yə üzvlüyümüzü təkcə ona görə dondurmamışıq ki, KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öz öhdəliklərini yerinə yetirmir. Həm də ona görə ki, dondurmuşuq ki, təşkilat Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır”. Paşinyan Ermənistanın KTMT ilə münasibətlərdə “geri dönüşü olmayan nöqtəyə” yaxın olduğunu vurğulamışdı.

Nəhayət, Qərbə səfərlər silsiləsindən hələlik sonuncu dayanacaq Paris olub. Nikol oktyabrın 3-də Fransa paytaxtına işgüzar səfər edib. O, səfər çərçivəsində Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb. Görüşlə bağlı Ermənistan hökumətinin yaydığı məlumatda bildirilib ki, həmsöhbətlər Ermənistan–Fransa çoxşaxəli gündəliyinə aid məsələləri müzakirə edib, dostluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsinə yönəlmiş ardıcıl addımların davamlı şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Məlumatda deyilir: “Paşinyan dost Fransanın daimi dəstəyinin vacibliyini və Ermənistanın ikitərəfli əlaqələrin bütün sahələrinin inkişafına yönəlmiş addımlar atmağa hazır olduğunu bildirib”.

Fransa prezidenti isə Ermənistanı qeyd-şərtsiz dəstəklədiyini, həmçinin ölkəsi ilə Ermənistan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafına hazır olduğunu təsdiqləyib.

Ermənistanın baş naziri Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin müzakirəsinin nəticələrinə toxunaraq qeyd edib ki, layihənin bəndlərinin 80 faizi razılaşdırılıb və İrəvan bu əsasda saziş imzalamağa, sonra isə əlavə müzakirələri davam etdirməyə hazırdır. Paşinyan daha sonra özünü, necə deyərlər, “sülh göyərçini” kimi göstərməyə cəhd edib. O, regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində atılan addımların vacibliyini vurğulayaraq, sazişin imzalanmasının bu problemin həllinə kömək edəcəyinə əminliyini bildirib.

Görüşdə Ermənistan hökumətinin “Sülhün kəsişməsi” layihəsi ilə bağlı məsələlər də müzakirə olunub. Paşinyan vurğulayıb ki, ölkəsi suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regional kommunikasiyaları açmağa hazırdır.

Emmanuel Makron isə Ermənistanı və onun hökumətinin sülh və sabitliyə yönəlmiş addımlarını (?) dəstəklədiyini, eyni zamanda, “Sülhün kəsişməsi” layihəsini alqışladığını bildirib.

Tərəflər Ermənistan–Avropa İttifaqı əməkdaşlığı məsələlərini də müzakirə ediblər. N.Paşinyan qeyd edib ki, İrəvan Ermənistanla Aİ arasında əməkdaşlıq məsələsində dost Fransanın gələcək dəstəyinə ümid edir. O, həmçinin Aİ-nin Ermənistandakı missiyasının rolunu yüksək qiymətləndirib. Paşinyan Fransanın Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanmasında və Avropa Sülh Fondu çərçivəsində Ermənistana yardım göstərməsində mühüm rolunu vurğulayıb.

N.Paşinyan fransız həmkarı Mişel Barnye ilə də görüşüb. Ermənistan baş naziri Beynəlxalq Frankofoniya Təşkilatının növbəti sammitində də iştirak edəcək. Son vaxtlar Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən Kanada da Beynəlxalq Frankofoniya Təşkilatında təmsil olunur. Kanada Xarici İşlər Nazirliyi tərəfindən vaxtaşırı Ermənistan–Azərbaycan münasibətləri barədə bəyanatlar verilir. Rəsmi Ottava tez-tez vəziyyəti gərginləşdirən təşəbbüslərlə çıxış edir. Bu da maraqlıdır ki, Ermənistan fransızdilli ölkə olmamasına rəğmən bu təşkilatın yeganə üzvüdür. 2018-ci ilin oktyabrında İrəvanda Beynəlxalq Frankofoniya Təşkilatının XVII sammiti keçirilmişdi. Sammitdə Kanadanın baş naziri Castin Trüdo və Fransa prezidenti Emmanuel Makron da iştirak etmişdilər.

Ermənistan və Fransa Beynəlxalq Frankofoniya Təşkilatını qatı anti-Azərbaycan platformasına çevirmək cəhdlərini davam etdirirlər. Yada salaq ki, təşkilatın baş katibi bir müddət öncə İrəvanda olarkən anti-Azərbaycan ruhlu açıqlamalar vermişdi. Qarabağda erməni mədəni irsinin qorunmasının vacibliyini qabardan baş katibin Ermənistanda Azərbaycan xalqına mənsub olan mədəni irsin acınacaqlı vəziyyətinə toxunmaması isə açıq-aşkar qərəz və ikili standartların təzahürü kimi qiymətləndirilməlidir. İndi Paşinyanın belə bir təşkilatın sammitində iştirakı regionda sülh və sabitlik üçün yaxşı heç nə vəd edə bilməz.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Beynəlxalq Frankofoniya Təşkilatının əsas məqsədi fransız dilini və mədəniyyətini dünyada təbliğ etməkdən ibarətdir. Ermənistanın isə bu təşkilata heç bir aidiyyəti yoxdur: “Ermənistanı və onun baş nazirini təşkilata dəvət edən Fransa Prezidenti Emmanuel Makrondur. Təbii ki, səfər zamanı keçirilən görüşlərdə Ermənistana siyasi dəstəyin verilməsi, eyni zamanda, təbii ki, hərbi-texniki yardım göstərilməsi də gündəmdə olub və olacaq. Çünki həm Fransa, həm də Kanada bu yolda bir neçə addım atıb. Fransa İrəvanı hərbi texnika ilə təmin edir, Kanada isə Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasına qoşulub. Faktiki olaraq, Avropaya heç bir aidiyyəti olmayan bir ölkə Avropa müşahidəçisinə çevrilib”.

F.Sadıxov N.Paşinyanın səfəri zamanı hərbi-texniki əməkdaşlıq məsələsinin də gündəmdə olduğuna şübhə etmədiyini dedi: “Amma əgər onlar bununla bizi qorxutmaq istəyirlərsə, yanılırlar. Çünki əgər silahlanmadan söhbət gedirsə, bu istiqamətdə bizim də kifayət qədər geniş imkanlarımız var. Bizim siyasətimiz də kifayət qədər prinsipial və qətidir. Bizim heç bir ölkənin torpaqlarına iddiamız yoxdur. Bunu dəfələrlə bəyan etmişik. Sadəcə, əsas məqsədimiz regionda sülh yaratmaq və Ermənistanla sülh sazişi imzalamaqdır. İrəvan bu istiqamətdə normal addım atmadıqca, təqsir onların üzərində qalacaq. Məsələ ilə bağlı bizim mövqeyimiz kifayət qədər aydın və şəffafdır. Düşünmürəm ki, Beynəlxalq Frankofoniya Təşkilatı bu məsələdə Ermənistana, onun baş nazirinə hansısa ciddi yardım və dəstək verə bilsin”.

Politoloq Yeganə Hacıyeva isə dedi ki, Fransa 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın öz gücü hesabına regionda formalaşdırdığı reallıqların dəyişdirilməsi istiqamətində müəyyən addımlar atır. Onun sözlərinə görə, Paris bunun üçün müəyyən platformalar axtarır: “Fransa rəhbərliyinin siyasi, QHT, media sektoru sahəsində təsir dairəsində olan bütün platformalarda Azərbaycana qarşı “xaç yürüşü” var. Burada məsələnin yarısının arxasında Fransa daxilindəki lobbi qruplarının sifarişləri, digər yarısı isə Parisin Cənubi Qafqazdakı maraqları dayanır. Burada söhbət təkcə Cənubi Qafqazdan getmir. Çünki Cənubi Qafqaz çox böyük regionda, Şimal–Cənub, Şərq–Qərb daşımalarında həlledicidir. Fransa belə strateji regionda özünün maraqları naminə mövcud regional təhlükəsizlik arxitekturasını demontaj edir və yenisini formalaşdırmağa çalışır. Qeyd etmək lazımdır ki, Fransa bu məsələdə tək deyil. Bir sıra Qərb ölkələri də onunla əlbirdir. Bu mənada Parisin regionda fransız lisenziyalı silahların satışından tutmuş Ermənistana hədiyyə edilmiş hücum silahlarının çatdırılmasındək uzunmüddətli perspektivdə regionda risklər formalaşdırdığı ilk gündən səslənmişdi”.

Y.Hacıyeva qeyd etdi ki, artıq bu risklərin üzərinə digər faktorlar da əlavə olunmaqdadır. Nəzərə almaq lazımdır ki, İranla bağlı regionda narahatlıqlar var. Avropa İttifaqının mülki missiya adı altında Cənubi Qafqaza yerləşmiş yarımhərbi qrupu artıq regionda fərqli funksiya yerinə yetirməkdədir. Bu funksiya region ölkələrinin heç də ürəyincə deyil. Konkret olaraq Paşinyanın indiki həssas mərhələdə Fransaya səfəri regionda baş verənlərin Parislə dəyərləndirilməsi və uzlaşdırılması məqsədini daşıyır. Güman etmək olar ki, Paşinyan Parisdən birbaşa tapşırıq və təlimat almağa gedib: “Onu da deyim ki, Fransanın Ermənistanı istifadə etməsi, orada yerləşməsi ölkəni ciddi risklərlə üz-üzə qoyub. Üstəlik, burada ABŞ-nin, Kanadanın və Rusiyanın 102 saylı bazasının mövcudluğunu nəzərə alsaq, Ermənistan ərazisinin kənar qüvvələrin hərbi mövcudluğu üçün spesifik qıcıqlandırıcı platformaya çevrildiyini söyləyə bilərik”.

Müsahibimizin fikrincə, bu platformada nə vaxtsa bu qrupların bir-biri ilə bağlı fərqli ssenarisinin olmayacağı əminliyi heç kimdə yoxdur. Yəni, Kanadanın, Fransanın və ABŞ-nin Ermənistandakı hərbi qruplarının Rusiya ilə toqquşmayacağı riski heç kimdə yoxdur. Bu, Ermənistanı ciddi risklərlə üz-üzə qoyur: “Ciddi risklər qoyması Ermənistanda suallar yaradır. Paşinyan isə bu sualların aydınlaşdırılması, həm də Fransadan yeni dəstək əldə etməsi üçün Parisə yollanıb. Yekun olaraq qeyd etməliyəm ki, səfərin arxasında birmənalı olaraq Ermənistanın gələcəyi ilə bağlı Paşinyanın narahatlığı və özünümüdafiə məqsədi dayanır”.

Səxavət HƏMİD 
XQ

 





Siyasət