2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
• Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi “Twitter” səhifəsində paylaşım edib: “Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”
• Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibədə Azərbaycan Ordusunun öz missiyasını uğurla icra etdiyini və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini diqqətə çatdırıb: “Bizim əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda, bu beynəlxalq qanunlara da hörmət əlaməti kimi qəbul edilməlidir. Çünki Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur”.
Ali Baş Komandan daha sonra Ermənistanın əldə edilmiş prinsipləri pozaraq Azərbaycana qarşı yeni hücuma başladığını, ölkəmizin isə əks-hücum əməliyyatına keçib öz torpaqlarını Azərbaycan əsgərinin gücü ilə azad etdiyini bildirib. Qeyd edib ki, buna görə, sadəcə, indiki şəraitdə atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz: “Bizim tələblərimiz var. Mən bunu artıq rəsmən bəyan etmişəm. Bizə çox ciddi zəmanətlər verilməlidir. Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki, yəni cədvəli bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq. Çünki biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Bəzi vasitəçilər istəyirlər ki, sadəcə atəşkəs olsun. Atəşkəs isə 1994-cü ildən qüvvədədir. Bu illər ərzində niyə bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Təcavüzkar dövlətə sanksiyalar niyə tətbiq edilmədi? Bütün bu suallar havada qalır. Bu suallara cavab yoxdur. Bu gün Azərbaycanın şanlı ordusu öz uğurlu əməliyyatlarını keçirərkən, bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar gəlir ki, nəbadə irəliyə getməyin, ara verin. Müharibənin öz qaydaları, öz qanunları var. Hər günün öz əhəmiyyəti var, önəmi var”.
Prezident İlham Əliyev müsahibədə bildirib ki, Ermənistanın cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrimizi, dinc sakinləri atəşə tutması onun terrorçu ölkə olmasını bir daha göstərir. Yəni, bu, Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Mülki əhalini, şəhərləri vurmaq qəbuledilməzdir: “Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni, nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır. Əfsuslar olsun ki, Ermənistanın gənc nəsli də bu nifrət əsasında tərbiyə edilir. Ancaq bu, bizi yolumuzdan döndərə bilməz. Bilirsiniz, Tərtər şəhərini demək olar ki, dağıdıblar. Tərtər şəhərində bizim vətəndaşlar kişi kimi, mərd-mərdanə durublar. Deyiblər ki, öldü var, döndü yoxdur, torpağımızdan heç yerə getməyəcəyik. Nə qədər mərmi düşüb? Gün var idi ki, təkcə Tərtər şəhərinə iki min mərmi düşdü. O da balaca bir şəhərdir, böyük şəhər deyil”.
• Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2, 41-ci artilleriya alayının 2 BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 63-cü tank taborunun daha 3 tankı məhv edilib. Müdafiə Nazirliyi döyüşlərdə Ermənistan ordusunun atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və texnikalarının fotoşəkillərini yayıb.
• Aprel döyüşlərində düşmənin 6 tankını məhv etdiyinə görə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş gizir Tahir Misirxanov Vətən müharibəsinin başlanmasından bəri Ermənistan ordusunun daha 11 zirehli texnikasını sıradan çıxarıb.
2016-cı ilin Aprel döyüşlərində 6 tank məhv edərək “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş gizir Tahir Misirxanov düşmən texnikasını bu gün də məhv etməkdə davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatında igidliklə vuruşan gizir T.Misirxanov şəxsi rəşadət göstərərək bugünədək düşmənin daha 11 zirehli texnikasını sıradan çıxarıb.
Azərbaycan Ordusunun qələbələrində payı olan, ümumilikdə, 17 düşmən texnikasını məhv edən igid döyüşçümüz bundan qürur duyduğunu və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə sonadək döyüşəcəyini fəxrlə deyir.
• Səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə raket buraxılışını qeydə alıb.
Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bütün cəbhə boyu sıxışdırılan düşmən artıq bir neçə gündür Ermənistan ərazisindən Azərbaycan əhalisinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistemli şəkildə raket zərbələri endirir.
Eyni zamanda, Ermənistanın müdafiə nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir və bunun işğal olunmuş ərazilərimizdən həyata keçirildiyini bildirir. Ermənistanın bu cür məsuliyyətsiz və cinayətkar hərəkəti məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində oktyabrın 5-də saat 16:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 25-ə, xəsarət alanların sayı isə 127-yə çatıb. Bundan başqa, 316 evə və 56 mülki obyektə ciddi ziyan dəyib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan və xəsarət alan mülki şəxslərin, eləcə də infrastruktura dəyən ziyanla bağlı yeni statistika açıqlayıb.
Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən respublikamızın şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.
XQ