ABŞ konqresmenləri ölkəmizlə düşmənçilik edir

post-img

Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmeni ­2024-cü il oktyabrın 3-də bu ölkənin Dövlət katibi Antoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz mövqe ifadə edib. 

Konqresmenlər Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərin 29-cu görüşünə (COP29) ev sahibliyi etməsindən istifadə edərək, Ermənistanın gündəliyinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd məsələlərin irəlilədilməsinə çalışırlar. Bu, açıq-aşkar şantajdır. 

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında daha sonra bildirilib:

– Şantaj xarakterli müraciətin müəlliflərində Azərbaycana qarşı nifrət o qədər güclüdür ki, onlar azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkiliklərini, o cümlədən, bir milyondan artıq azərbaycanlının Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, həmin ərazilərin Ermənistan tərəfindən viran qoyulmasına və minalanmasına biganəliklərini heç gizlətməyə də çalışmayıblar. Müraciətin üslubu və məzmunu onun ABŞ Dövlət Departamentində tərtib edilmiş olmasına şübhə yeri qoymur. 

Biz ABŞ-dən Azərbaycana qarşı şantaj və irqi ayrı-seçkilik siyasətini, eləcə də regionda yeni münaqişə yaratmaq cəhdlərini dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik”.

Siyasət