Seçim məğlub ölkənindir
Ermənistan hakimiyyəti regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində addımlar atmaqdansa, təxribatçı hərəkətlərini davam etdirir. Torpaqlarımızı 30 il işğal altında saxlamış ölkə hazırda dünyanın müxtəlif ölkələrindən, əsasən Fransa başda olmaqla Qərb dövlətlərindən, Hindistandan silah-sursat alır, hərbi arsenalını genişləndirir. Buna paralel olaraq, şərti sərhəddə mövqelərimizin atəşə tutulması halları da səngimək bilmir.
Diqqətçəkən məqam həm də şərti sərhədin qərb hissəsində, adətən, sakitliyin hökm sürdüyü Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan eksklavı istiqamətində son vaxtlar gərginliyin artmasıdır. Azərbaycan–Ermənistan sərhədinin şərq hissəsində 1980-ci illərin sonlarından İrəvanın işğalçılıq siyasəti üzündən məlum hadisələr baş versə də, sərhədin Naxçıvan hissəsi heç zaman mübahisəli olmayıb. Son zamanlar isə Ermənistan məhz Naxçıvan istiqamətində təxribatlar törətməyə çalışır.
Sentyabrın 26-sı saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətindəki mövqelərini yenə də iriçaplı pulemyotlardan atəşə tutdu. Müdafiə Nazirliyi bununla bağlı yaydığı məlumatda qeyd etdi ki, həmin istiqamətdə ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Ermənistan tərəfi isə məlumatın yalan olduğunu sübut etməyə uğursuz cəhdlər göstərdi və bunu “dezinformasiya” adlandırdı. Baş vermiş insidenti araşdırmaq, təqsirkarları üzə çıxarmaq əvəzinə rəsmi İrəvan ənənəsinə sadiq qalaraq, bu dəfə də inkar yolunu tutdu. Qarşı tərəfin yaydığı açıqlamada deyilirdi: “Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 26-da saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin sərhəd zonasının cənub-qərb hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə yaydığı məlumat həqiqətə uyğun deyil”.
Hayastan müdafiə nazirliyi yaydığı məlumatın bundan sonrakı hissəsində yenə də, obrazlı desək, “köhnə havanı çalmağa” başladı. Yenə də rəsmi İrəvanın sərhəddə insidentlərin araşdırılması üçün ortaq komissiyanın yaradılmasına çağırış etdiyi xatırladıldı: “Yada salmaq istərdik ki, Ermənistan baş nazirinin ofisi diplomatik kanallar vasitəsilə Azərbaycan tərəfinə atəşkəs rejiminin pozulması hallarının və ya bu barədə informasiyaların araşdırılması məqsədilə Ermənistan–Azərbaycan birgə ikitərəfli mexanizminin yaradılmasını təklif edib. Lakin Azərbaycan buna hələ də cavab verməyib”.
Göründüyü kimi, qarşı tərəf sərhədyanı zonada təxribatlar törətsə də, bunun təqsirini yenə bizim üzərimizə atmağa cəhd edir. Buna görə də onlar ənənəvi tezisi təkrarlamaqla vəziyyətdən çıxmağa çalışırlar. Ermənistan hakimiyyəti atəşkəs pozuntusundakı təqsirini etiraf etmir, təqsirkarları cəzalandırmaq istəmir. Bu isə hadisənin məqsədli şəkildə törədildiyini və oxşar halların qarşıdakı dövrdə də təkrarlanacağını deməyə əsas verir.
Məsələ ilə bağlı “XQ”-yə açıqlama verən Qafqaz Tarixi Mərkəzinin direktoru, hərbi-siyasi şərhçi Rizvan Hüseynov bildirdi ki, Ermənistan–Azərbaycan şərti sərhədində atəşkəsin pozulması və təxribatların baş verməsi artıq adi hala çevrilib. Onun sözlərinə görə, hərbi ekspertlərin atəşkəsin pozulacağı və təxribatların olacağı ilə bağlı bir müddət öncə verdikləri proqnozlar özünü doğrultmaqdadır: “Təxribatların baş verməsi üçün, necə deyərlər, əsaslar var. Çünki rəsmi İrəvanın son vaxtlar yürütdüyü siyasi kurs regiona yeni oyunçuların cəlb olunmasına xidmət edir. Ermənistan Qərb ölkələrinin regionda maraqlarının təmin olunması üçün, belə deyək, dəridən-qabıqdan çıxır. Halbuki, “3+3” formatı regionda bütün məsələlərin həlli üçün ən əlverişli platformadır. Fransa və ABŞ-nin bölgədə aktivləşməsi isə Ermənistanın yeni havadarlar axtarışına çıxmasının nəticəsidir”.
Ekspert qeyd etdi ki, belə davam edərsə, Cənubi Qafqazda təhlükəli proseslərin baş verəcəyini gözləmək olar. Hazırda Suriya və Ukraynada cərəyan edən hadisələrin günün birində Ermənistanda yaşanması da istisna deyil. Regiondakı kövrək təhlükəsizlik arxitekturasını dağıdan İrəvanın siyasəti bölgədə təhlükəli proseslərin baş verməsinə şərait yaradır: “Rəsmi İrəvanın mövqeyi üzündən Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsini imzalamaq hələ də mümkün olmayıb. Belə olan təqdirdə biz, ölkəmizin Ermənistanla müharibə şəraitində olduğunu deyə bilərik. Azərbaycan üçün təhlükə Ermənistanın silahlandırılmasıdır. Qarşı tərəfin silahlandırılması diqqətimizdən yayına bilməz və ölkəmizdə haqlı olaraq təhlükəsizliklə bağlı qayğıların yaranmasına səbəb olur. Bu gün Ermənistanın mövqeyi revanşist, sülhdənqaçma mövqeyidir. Bütün bunlar hansısa məqsədlər naminə edilir”.
R.Hüseynov təxribatların sayının artacağını da istisna etmir. Çünki bu, Ermənistanın havadarları üçün əlverişli şəraitin yaranması deməkdir. O mənada ki, Bakı İrəvanın təxribatlarına cavab olaraq qəti addımlar atacaq. Bu addımlar bəlkə də cavab addımları yox, daha böyük təxribatların qarşısını almaq üçün gələcəkdə hansısa tədbirlərin görülməsi olacaq. Bunlar sərhədyanı bölgədə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün tələb olunan hansısa zəruri addımlar ola bilər. Belə olan təqdirdə, regionda arzuolunmaz ölkələr Ermənistanın təhlükəsizliyini təmin etmək adı altında beynəlxalq institutları hərəkətə gətirərək, onların çıxaracaqları qərarları hüquqi sənəd hesab edib bölgədə öz maraqlarını genişləndirməyə çalışa bilərlər. Beynəlxalq institutlar deyərkən, sözsüz ki, ikili standartlarla fəaliyyət göstərən, obyektiv olmayan və bir çox hallarda böyük dövlətlərin maraqlarına uyğun, onların sifarişləri əsasında qərarlar çıxaran təşkilatları nəzərdə tuturuq. Ermənistanın təxribatlar törətməsi havadarlarının ona hazırladığı ssenarilər əsasında baş tutur. Bu kimi halların qarşıdakı dövrdə də baş verməsi mümkündür.
Müsahibimiz qarşı tərəfin sonuncu atəşkəs pozuntusu ilə bağlı inkarçı mövqe tutmasının onlara xas yanaşma olduğunu da vurğuladı: “Onlar atəşkəsi pozduqlarını nə vaxt etiraf ediblər ki?! Ermənistan nə törətdiyi cinayətləri, nə də atəşkəsi pozmasını heç vaxt etiraf etməyib. Biz onların bu cür manipulyasiyalarla məşğul olduğunu uzun illərdir ki, görməkdəyik. Qarşı tərəf indi də atəşkəsi pozduğunu boynundan atır və Azərbaycana məqsədi, məramı bilinməyən, aydın fəaliyyət planı olmayan hansısa məchul birgə ikitərəfli mexanizm yaratmağı təklif edir. Atəşkəsi pozmaqda Azərbaycanın heç bir məqsədi və niyyəti ola bilməz. Ölkəmiz hər zaman yalnız cavab tədbirləri görüb”.
Onu da bildirək ki, regionda cərəyan edən bütün hadisələr Azərbaycanda diqqətlə izlənilir və müvafiq nəticələr çıxarılır. Prezident İlham Əliyevin sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində hərbi sahənin, hərbi sənaye kompleksinin inkişafının və sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsinin başlıca vəzifələr kimi müəyyən edilməsi proseslərin diqqətlə izlənilməsindən və nəticə çıxarılmasından irəli gəlir. Dövlətimizin başçısı bildirdi ki, dünyada gedən proseslər, Ermənistanda revanşizm meyilləri bu sahəyə daim diqqət göstərilməsini, hərbi gücümüzün artırılmasını zəruri edir. Ölkəmizin Silahlı Qüvvələri, eləcə də digər güc strukturları ərazi bütövlüyümüzü və suverenliyimizi müdafiə etmək üçün lazımi tədbirlər görməkdədirlər.
Sentyabrın 28-də isə Müdafiə Nazirliyi Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə “Gecə şəraitində düşmən obyektinə qəfil basqın” mövzusunda taktiki-xüsusi təlim keçirildiyinə dair məlumat yaydı. Məlumatda qeyd edilib ki, plana əsasən, icra olunacaq fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib. Xüsusi təyinatlılar məhdudgörmə şəraitində şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın və müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Vaxt normativinə uyğun təyin olunan yüksəklik xüsusi təyinatlılar tərəfindən ələ keçirilib, dairəvi mühafizə və müdafiənin təşkili ilə növbəti hakim yüksəkliyin tutulması üçün mobil qruplar fəaliyyətini davam etdirib. Təlim zamanı təminat-təxliyə qrupları tərəfindən yaralıların təxliyəsi və sursat təminatının çatdırılması da praktiki şəkildə məşq etdirilib. Azərbaycan Ordusunun son dövrlərdə apardığı uğurlu döyüş əməliyyatlarında qazanılan təcrübənin tətbiq edildiyi taktiki-xüsusi təlimdə verilən tapşırıqlar yüksək peşəkarlıq və səriştə ilə yerinə yetirilərək qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.
Zənnimizcə, belə bir təlimin keçirilməsi son vaxtlar silahlanmaya xüsusi diqqət yetirən və Naxçıvan istiqamətində təxribatlarının sayını artıran Ermənistana tutarlı cavab sayıla bilər. Ermənistan hakimiyyəti bilməlidir ki, Naxçıvan istiqamətində təxribatlarını davam etdirmək ona baha başa gələcək. Ümumiyyətlə, hazırda dünyanın ən güclü 50 ordusu sırasında olan ordumuz Vətən müharibəsindən sonra gücünü, döyüş qabiliyyətini daha da yüksəldib. Ötən müddət ərzində yeni silahlı birləşmələr, o cümlədən, Komando Qüvvələri yaradılıb, Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin olunacaqdır. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün deyil. İstənilən cavabı verməyə qadirik və hər zaman buna hazır olmalıyıq. Əgər Azərbaycana real təhdid olarsa, o təhdidi istənilən ərazidə məhv etmək böyük çətinlik yaratmayacaq. Şərti sərhəddə təxribatların sayını artıran rəsmi İrəvan bunu yaxşı yadda saxlamalıdır.
Səxavət HƏMİD
XQ